Dövlət Komitəsinin sədri İsveçrə Konfederasiyasının səfiri ilə görüşdü
Paylaş:
29 iyul 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəli arasında görüş keçirilib.
Qonaqları salamlayan Komitə sədri B. Muradova, İsveçrə Konfederasiyası ilə ikitərəfli münasibətlərin qarşılıqlı maraqlara, dostluğa və əməkdaşlığa əsaslandığını qeyd edib.
Dövlət Komitəsinin qadınların iqtisadi səlahiyyətləndirilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığından bəhs edən sədr, Qadın Resurs Mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib. B. Muradova Resurs Mərkəzlərinin fəaliyyətinin dayanıqlılığının təmin olunmasının əhəmiyyətini qeyd edərək, İsveçrə Konfederasiyasının bu layihələrdə iştirakının iki ölkə arasındakı əməkdaşlığın da inkişafına təkan verdiyini diqqətə çatdırıb. Xüsusən də, işğaldan azad olunmuş ərazilərdə oxşar layihələrin davam etdirilməsi və qadınlarla müvafiq işin aparılmasının vacibliyini vurğulayıb.
Səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirən səfir Tomas Ştəli, qarşılıqlı əlaqələrin bundan sonra da səmərəli inkişaf edəcəyinə inamını ifadə edib. Gender bərabərliyi və qadınların səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı səylərin davam etdirilməsinin səfirliyin fəaliyyət istiqamətlərindən biri olduğunu və Dövlət Komitəsinin bu sahədə fəaliyyətini müsbət qiymətləndirən səfir, birgə əməkdaşlığa açıq olduqlarını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq imkanları və fəaliyyət perspektivləri müzakirə edilib.