“Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildi

25 iyul 2024 14:31

Paylaş:

Təcrübə göstərirdi ki, məişət zorakılığı qurbanlarının böyük əksəriyyəti maliyyə baxımından asılı olan və ya  şəxsi gəlirləri olmayan şəxslər idi. Qanunvericilikdə aztəminatlı şəxslərin dövlət vəsaiti hesabına hüquqi  yardımla təmin olunması nəzərdə tutulmuş olsa  da, vahid mexanizmin olmaması zərər çəkmiş şəxsin hüquqi müdafiəsini zəiflədirdi.

Azərbaycan Respublikasının Milli Məclisinin 23 fevral 2024-cü il tarixli iclasında qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən məişət zorakılığından zərər çəkmiş şəxsə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur. Sözügedən Qanunla dövlət hesabına pulsuz hüquqi yardım göstərilməsi qaydasının Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi müəyyən edilmişdir. “Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı 23 iyul 2024-cü ildə təsdiqlənmişdir.

Qaydaya əsasən dövlət vəsaiti hesabına hüquqi yardım dedikdə məişət zorakılığından zərər çəkmiş şəxsə onun tərəfindən əvəzi ödənilmədən göstərilən hüquqi xidmət nəzərdə tutulur. Qaydaya hüquqi yardımın növləri və formaları, göstərilməsi şərtləri, bununla bağlı məlumatlandırma və maliyyələşdirilməsi mənbələri ilə bağlı müddəlar daxil edilmişdir.

Qaydada dövlət yardım mərkəzlərimüvafiq ərazi üzrə yerləşən vəkil qurumlarında və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər dövlət vəsaiti hesabına hüquqi yardım göstərən subyektlər kimi müəyyən edilmişdir.

Qaydaya əsasən hüquqi yardımın aşağıdakı növləri nəzərdə tutulmuşdur:

1.sənədlərin əldə edilməsinə kömək göstərilməsi;

2. zərər çəkmiş şəxsə hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün şifahi və ya yazılı hüquqi məsləhətlərin verilməsi;

3. zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi;

4. ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi.

Qaydada hüquqi yardımın aşağıdakı formaları nəzərdə tutulmuşdur:

1.    Dövlət yardım mərkəzləri tərəfindən göstərilən sosial hüquqi xidmət

2.    Dövlət vəsaiti hesabına vəkil tərəfindən göstərilən hüquqi xidmət.

 

Hüquqi yardım göstərilməsi üçün müraciət olunması:

-cinayət işləri üzrə icraat zamanı cinayət prosesini həyata keçirən orqana;

-mülki, inzibati mübahisələrə dair və ya inzibati xətalara dair işlər üzrə vəkilə və ya məhkəməyə

-zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi istisna olmaqla, digər yardım növləri üzrə sosial hüquqi xidmət göstərilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumuna, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin müvafiq “DOST” mərkəzinə və ya Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət edilə bilər.Məhz bu halda hüquqi yardımın vəkil tərəfindən göstərilməsi Vəkillər Kollegiyasının qərarı əsasında həyata keçiriləcək.

 

Hüquqi yardım göstərilməsi üçün aşağıdakı sənədlərdən ən azı biri əsasdır:

1.məişət zorakılığına məruz qalmış şəxsə verilən qısamüddətli və yaxud uzunmüddətli mühafizə orderi;

2. cinayət prosesini həyata keçirən orqanın şəxsin məişət zorakılığı ilə bağlı cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması barədə qərarı;

3. məişət zorakılığı ilə bağlı şikayət üzrə zərər çəkmiş şəxslə bağlı yerli icra hakimiyyəti orqanının qərarı;

4. məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin arayışı;

5. məişət zorakılığı ilə bağlı məlumat bankının məlumatı

 

Məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda nəzərdə tutulmuş sənədlər təqdim edilmədən, zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin müraciəti əsasında hüquqi yardım göstərən subyektlər tərəfindən həyata keçirilir.

Hüquqi yardım göstərilməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılması hüquqi yardım  göstərən subyektlər, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

“Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildi