“Müharibədən zərər çəkən uşaq və ailələrə psixososial dəstək” layihəsi başa çatıb

26 iyul 2024 16:28

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2021-ci ildən etibarən hər il Ağdam və Goranboy rayonunun keçmiş cəbhəyani kəndlərində həyata keçirilən “Müharibədən zərər çəkən uşaq və ailələrə psixososial dəstək” layihəsinin əsas məqsədi böhran vəziyyətində olan uşaq və ailələrin psixososial rifahını yaxşılaşdırmaq,  fəaliyyət qabiliyyətini yüksəltməkdir.

Bu layihə çərçivəsində Ağdam rayon Rzalar, Mahrızlı, Goranboy rayon Qaraçınar kənd məktəbləri,  Kəlbəcər rayon  63 saylı orta məktəbində təhsil alan 100 şagırd psixoloji treninqlərdə, valideynləri isə maarifləndirici təlimlərdə iştirak ediblər.

Layihə müddətində psixoloqlar Gülnar Tağıyeva, Günay Şirinova, Nərgiz Əlizadə, Nəsimə Vəliməmmədova, Mədinə Nəsibova,  pedaqoq Südabə Həsənova uşaq və valideynlərlə iş aparıblar.

Ağdam və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə layihənin bağlanış mərasimində çıxış edənlər bu layihənin hədəflərindən, əldə olunan nailiyyətlərdən, valideynlərin maarifləndirilməsinin önəmindən danışıb, keçirilən psixoloji treninqlərin uşaqların psixoemosional vəziyyətinə, özünüqiymətləndirməsinə müsbət təsir etdiyini qeyd ediblər.

Bağlanış mərasimində layihədən bəhrələnən uşaqlara məktəbli çantası, məktəb ləvazimatları və maraqlı bədii kitablar hədiyyə edilib.