Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Məişət zorakılığından zərər çəkmiş şəxslər uzunmüddətli mühafizə orderi üçün dövlət rüsumu ödəməkdən azad edilirlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifi əsasında məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi məqsədilə qanunvericiliyə mühüm dəyişiklik edilib. 30 dekabr 2025-ci il  tarixində  Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Qanuna əsasən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa yeni 9.1.20-1-ci maddə əlavə olunub. Yeni dəyişikliklə məişət zorakılığından zərər çəkmiş şəxslər uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəməyə müraciət etdikdə dövlət rüsumu ödəməkdən azad edilirlər. Bu addım zərərçəkmiş şəxslərin hüquqi müdafiə mexanizmlərinə çıxışını asanlaşdırmaq, onların təhlükəsizliyini təmin etmək və məhkəməyə müraciət zamanı yaranan maliyyə maneələrini aradan qaldırmaq məqsədi daşıyır. Qeyd olunan dəyişiklik məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirilən ardıcıl dövlət siyasətinin tərkib hissəsi olmaqla, insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə və sosial ədalətin təmin olunmasına xidmət edir.  Ətraflı: https://president.az/az/articles/view/71237

Ətraflı
“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi

31 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. Bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Tədbir uşaqlar üçün əsl bayram ovqatında keçib. Şaxta baba və Qar qızın iştirakı ilə təşkil olunan proqram çərçivəsində uşaqlar şeirlər səsləndirib, mahnılar ifa edib, müxtəlif bədii kompozisiyalarla çıxış edərək bayram sevincini bölüşüblər. Leyla və Arzu  Əliyevalar mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, uşaqlar üçün formalaşdırılan sosial-psixoloji mühit, reabilitasiya və inkişaf yönümlü xidmət modelləri ilə maraqlanıb, mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumat alıblar . Onlar uşaqlarla səmimi ünsiyyət quraraq onların istək və arzuları ilə maraqlanıb, bayram sevincini bölüşüblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan, valideyn himayəsindən məhrum və risk qrupuna aid uşaqların təhlükəsiz, sağlam və qayğı ilə əhatə olunan mühitdə reabilitasiyasını, sosial adaptasiyasını və cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə fəaliyyət göstərir. Qeyd olunub ki, uşaqların psixososial rifahının gücləndirilməsi və onların gələcək müstəqil həyata hazırlanması mərkəzin əsas prioritetləri sırasındadır. Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub, onların Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayramları səmimi təbriklərlə qeyd edilib. Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, uşaqlar üçün formalaşdırılan sosial və psixoloji mühit, reabilitasiya və inkişaf yönümlü xidmət modelləri barədə ətraflı məlumat alıblar. Həmçinin mərkəzin fəaliyyətinin gücləndirilməsinə yönəlmiş dəstək mexanizmləri və uşaqların gündəlik ehtiyaclarının təmin olunması məsələləri də diqqət mərkəzində olub. Tədbir çərçivəsində Leyla və Arzu  Əliyevalar Azərenerji Səhmdar Cəmiyyəti tərəfindən mərkəzin ehtiyacları nəzərə alınaraq hədiyyə edilən avtomaşına da baxış keçiriblər. Qeyd olunub ki, nəqliyyat vasitəsi mərkəzin fəaliyyətinin operativliyinin artırılmasına, uşaqların müxtəlif reabilitasiya və sosial xidmətlərə çıxışının daha səmərəli təşkilinə töhfə verəcək. Yekunda belə mərkəzlərin işinin gücləndirilməsi və fəaliyyət şəbəkəsinin genişləndirilməsi barədə  fikir mübadiləsi aparılıb.

Ətraflı
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə regionlarda tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, İsmayıllı, Qəbələ, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Rayon İcra Hakimiyyətləri və sosial tərəfdaşların dəstəyi ilə mərkəzlərdə, təhsil müəssisələrində musiqili-əyləncəli, uşaqların yaradıcılıq qabiliyyətini inkişaf etdirən tədbirlər keçirilib, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olan, o cümlədən mərkəzlərin benefisiarı olan ailələrə səfərlər edilib, ailələrin qayğıları ilə maraqlanılıb. Tədbirlərdə uşaqlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edilib, onlar üçün bədii, musiqili-əyləncəli proqramlar təşkil edilib, bayram hədiyyələri təqdim edilib.

Ətraflı
İnformasiya məhsullarının istehsalçıları və yayıcıları üçün XƏBƏRDARLIQ

İnformasiya məhsullarının istehsalçıları və yayıcılarının nəzərinə çatdırırıq ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3-cü maddəsinə əsasən, informasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz. İnformasiya məhsulunun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən müstəqil şəkildə və ya Qanunun 4-cü fəslinə müvafiq olaraq ekspertin iştirakı ilə həyata keçirilir. İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması həmin Qanuna əsasən hazırlanmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli, 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na uyğun olaraq  aparılır. Uşaqların ziyarət etməsi və ya olması qadağan olunmayan yerlərdə, o cümlədən uşaqların informasiya məhsullarına girişi mümkün olan ictimai yerlərdə uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının inzibati, texniki proqram vasitələri tətbiq edilmədən yayılmasına yol verilmir. Eyni zamanda bildiririk ki, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması halları AR İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur (fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir). Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 31-5 – 31-11-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar aşkarlandıqda müvafiq qurumlar adından nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən protokol tərtib edilir. Uşaqların zərərli informasiyadan qorunması məsələsinin əhəmiyyətini nəzərə alaraq, informasiya məhsulu istehsalçıları və yayıcılarından qanunvericiliyin tələblərinə məsuliyyətlə  yanaşmağı, həssas olmağı xahiş edirik. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun icrasında ictimai nəzarətin önəmini vurğulayaraq, hər kəsi bu istiqamətdə aparılan dövlət siyasətinə töhfə verməyə çağırırıq. Uşaqları zərərli informasiyadan qoruyaq! Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Maddə 388-2. Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması

Ətraflı
“Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilib

  Azərbaycan Respublikasında gender bərabərliyinin təmini sahəsində həyata keçirilən tədbirlərin davamı kimi yeni “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilmişdir.   Milli Fəaliyyət Planında qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Milli Fəaliyyət Planın hədəfləri - beynəlxalq təcrübədən yararlanmaqla gender bərabərliyinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi,  gender bərabərliyinə dair dövlət siyasətinin həyata keçirilməsi üzrə qurumlararası əlaqələndirmə mexanizminin yaradılması, qadınların ictimai-fəallığının artırılması, əmək bazarında gender fərqlərinin aradan qaldırılması, təhsil müəssisələrində gender bərabərliyinin tədrisi, gender bərabərliyini təbliğ və təşviq edən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin göstərilməsi, qadınların rəqəmsal savadlılığının artırılması, sosial cəhətdən həssas qrupdan olan qadınların tibbi, psixoloji, sosial və hüquqi yardımlara çıxış imkanlarının genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan qadınların sosial-iqtisadi ehtiyaclarının müəyyənləşdirilməsi, gender bərabərliyi mədəniyyətinin təbliğində və cinsi mənsubiyyətə görə ayrı-seçkiliklə mübarizədə medianın rolunun artırılması, qadınların iqlim dəyişiklikləri ilə mübarizə üzrə fəaliyyətə cəlb olunmasıdır. Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı

Ətraflı
Uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir

  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə müvafiq dövlət qurumları ilə birgə uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir. 2025-ci ilin aprel ayından etibarən Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə paytaxtın Səbail, Nəsimi, Nərimanov və Nizami rayonu ərazisində fəaliyyət göstərən əyləncə mərkəzlərinə və oyun zallarına baxış keçirilib. Monitorinq zamanı uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələbləri barədə sahibkarlara tövsiyələr verillib, “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici vəsait təqdim olunub.  Hal-hazırda paytaxtın digər rayonları üzrə birgə monitorinqlərin keçirilməsi davam edir.  

Ətraflı
Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb

25 dekabr 2025-ci il tarixində BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyevanın Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüş keçirilib. Qonağı salamlayan Bahar Muradova Azərbaycanın BMT və onun qurumları ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, ailə, qadın və uşaq hüquqlarının qorunması sahəsində həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayaraq, bu əməkdaşlığın ölkədə sosial siyasətin inkişafına mühüm töhfə verdiyini qeyd edib. BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisiVladanka Andreeva isə Azərbaycandakı fəaliyyəti dövründə əldə etdiyi təcrübədən məmnunluq duyduğunu bildirib, bu illərin onun peşəkar və şəxsi həyatında dəyərli iz buraxdığını vurğulayıb. O, Azərbaycan tərəfi ilə qurulan tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. B.Muradova Komitənin gələcək dövrdə də BMT ilə əməkdaşlığa xüsusi önəm verəcəyini, birgə təşəbbüslərin davamlı olmasının prioritetlər sırasında yer aldığını bildirib. O, Vladanka Andreevanın Azərbaycanda həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirərək, ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı ötən illər ərzində BMT-nin Azərbaycan ofisi ilə Dövlət Komitəsi arasında formalaşmış uğurlu əməkdaşlıq modeli və bu əməkdaşlığın Azərbaycan Hökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” əsasında davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı
“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində görkəmli pedaqoq Səidə İmanzadənin xatirəsi anılıb

25 dekabr 2025-ci il tarixində “Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Maarifçilik yolunda davamlı irs: Səidə İmanzadə-115” adlı tədbir keçirilib. Görkəmli pedaqoq, Əməkdar müəllim Səidə İmanzadənin anadan olmasının 115 illiyinə həsr olunan tədbirin məqsədi onun pedaqoji irsinin təbliği, eləcə də gənc qızların təhsilinin dəstəklənməsi, maarifçilik ənənələrinin təşviqidir. Öncə Bakı–Qrozni marşrutu üzrə uçuş həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev, Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa diqqət çəkib, “Qızların Təhsilinə Dəstək” layihəsinin əhəmiyyətinə toxunub. Bu təşəbbüsün illər keçdikcə bəhrəsinin daha aydın hiss olunacağını bildirib. E.Babayev, Səidə İmanzadənin Azərbaycan təhsil tarixində önəmli yer tutduğunu, siyasi və mədəni həyatda mühüm rol oynadığını və fəaliyyətinin bu gün də aktual olduğunu vurğulayıb. Rektor S.İmanzadənin BDU-nun nüfuzlu müəllimlərindən biri kimi bu gün də xoş xatirələrlə yad edildiyini, elmi və maarifçilik fəaliyyətinin, xüsusilə də gənclər üçün dəyərli nümunə olduğunu qeyd edib. Çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan cəmiyyətinin intellektual və mənəvi inkişaf tarixində qadınların xüsusi yeri olduğunu vurğulayıb, qadınların təhsili və tərəqqisi, cəmiyyətdə rolunun dəyişməsi, siyasi proseslərə qatılması üçün çalışan maarifçi qadınları xatırlayıb. Hənifə Məlikova-Zərdabi kimi qadınların irsinin bu gün də aktuallığını qoruduğunu qeyd edən Komitə sədri, bu ideyaların hazırda dövlət siyasəti və konkret layihələr vasitəsilə davam etdirildiyini deyib. Qızların təhsilinin cəmiyyətin davamlı inkişafında mühüm rol oynadığını bildirən sədr, artıq beş ildir həyata keçirilən “Qızların Təhsilinə Dəstək” layihəsi haqqında danışıb. Layihənin regionlarda yaşayan, sosial baxımdan həssas ailələrdən olan qızların ali təhsilə çıxış imkanlarını genişləndirərək, qadın təhsilinin cəmiyyətin inkişafında həlledici rolunu dəstəklədiyini bildirib. BDU-nu elm və təhsil məbədi adlandıran B.Muradova, həm də layihənin ən fəal tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb. Görüşün təyyarə qəzasının ildönümünə təsadüf etməsinin xüsusi rəmzi məna daşıdığını qeyd edən sədr, Milli Qəhrəman Hökumə Əliyevanın timsalında fədakarlığın qadınlara xas yüksək mənəvi keyfiyyət olduğunu vurğulayıb. Maarifçi qadınların mirasını dəyərlər sistemi kimi qiymətləndirən sədr, S.İmanzadənin pedaqoq, alim və ictimai xadim kimi fəaliyyətinin maarifçi qadınların ümumi irsinin parlaq təcəssümü olduğunu deyib. Bu irsin qorunmasının və gənc nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.B.Muradova bu gün layihə iştirakçılarının maarifçi qadınların ideya davamçıları kimi əldə etdikləri bilik və imkanları cəmiyyətin inkişafına yönəltməli olduqlarını diqqətə çatdırıb. Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan qadınının tarixən ağlı, zəkası, fədakarlığı və vətənpərvərliyi ilə seçildiyini qeyd edib. O, Ümummilli lider Heydər Əliyevin qadınların cəmiyyətin inkişafında rolunun gücləndirilməsinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Hicran Hüseynova S.İmanzadənin, qızların və qadınların təhsili naminə böyük səylər göstərdiyini bildirib, onun elmi fəaliyyətindən və qadın hərəkatının inkişafına verdiyi töhfələrdən bəhs edib. Səidə İmanzadənin tələbələri olmuş Milli Məclisin deputatı Anar İsgəndərov və tarix elmləri doktoru, professor İradə Hüseynova onun nümunəvi pedaqoq, müəllim kimi müsbət keyfiyyətlərindən, yetirdiyi nəslin cəmiyyətə verdiyi töhfələrdən bəhs ediblər. Çıxışlarda S.İmanzadənin Azərbaycan maarifçiliyində və elm tarixində mühüm rolu vurğulanıb, zəngin elmi-pedaqoji fəaliyyəti, mənalı ömür yolu, milli təhsilin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib, şəxsiyyətinin bu gün də gənclər və elm adamları üçün nümunə olduğu qeyd edilib. S.İmanzadəyə həsr olunmuş “Nura boyanmış ömür” kitabının müəllifi, yazıçı-jurnalist Xeyrulla Ağayev gənclərə, elm adamlarına nümunə olan bu mənalı ömür yolundan, onun elmi fəaliyyətindən, qazandığı uğurlardan danışıb. Bildirib ki, S. İmanzadə BDU-nun tarix fakültəsinin dekanı olarkən xalqımızın ümummilli lideri Heydər Əliyev bu fakültədə təhsil almış, onun sevimli tələbəsi olmuşdur. O,  S. İmanzadəni xalqın taleyində müstəsna rol oynamış, qadınların azadlığı, tərəqqisi uğrunda fəadakarlıq göstərmiş ziyalı adlandırıb. Sonda çıxış edən Mübariz İmanzadə anası haqqında xatirələrini bölüşüb, tədbirin təşkilinə görə minnətdarlığını bildirib. Müzakirələr zamanı çıxış edən alim və ziyalılar S.İmanzadənin gənc nəslin formalaşmasında, xüsusilə qadınların təhsil və ictimai fəallığının artırılmasında göstərdiyi xidmətləri vurğulayıblar.  

Ətraflı
Bahar Muradova Azərbaycan Din Xadimlərinin II Forumunda çıxış edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 24 dekabr 2025-ci il tarixində “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxış edib.   Komitə sədri bildirib ki, din və dövlət münasibətlərinin balanslı şəkildə, konstitusion əsaslar üzərində qurulması cəmiyyətin sabitliyini, multikultural harmoniyanı və insan ləyaqətinə hörməti təmin edir. Azərbaycanın tarixən müxtəlif dinlərin və mədəniyyətlərin sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşadığı unikal məkan olduğunu qeyd edən Bahar Muradova  bildirib ki, Konstitusiyada təsbit edilən dünyəvi dövlət modeli, dini etiqad azadlığının təmin olunması və dövlətin bütün dinlərə bərabər, ədalətli münasibəti bu ənənənin hüquqi əsasını təşkil edir. Bu model bu gün regional və qlobal miqyasda maraqla öyrənilən və uğurlu nümunə kimi dəyərləndirilir. B. Muradova vurğulayıb ki, Azərbaycan Din Xadimlərinin II Forumunun keçirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq ölkədə dövlət–din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişaf etdirilməsinə, dünyəvilik və vicdan azadlığı kimi fundamental dəyərlərin qorunmasına verilən yüksək önəmin bariz ifadəsidir. Ölkə başçısının müəyyən etdiyi dövlət siyasətinin mərkəzində məhz güclü ailə, sağlam mənəviyyat və sosial ədalət dayanır. Komitə sədri əlavə edib ki, mənəvi gücün əsas dayaqlarından biri qadının iqtisadi cəhətdən gücləndirilməsidir və bu harmoniyanın formalaşmasında dini icmaların, din xadimlərinin, maarifləndirici sözün və düzgün təqdim olunan dini dəyərlərin rolu xüsusi əhəmiyyət daşıyır.“Müasir dövrdə qadınlar bir sıra çağırışlarla üz-üzədirlər. Ailə və ictimai həyat arasında balansın qorunması, informasiya məkanında mənəvi təsirlər, sosial təzyiqlər və yanlış dini yozumlar bu çağırışların əsasını təşkil edir. Bu nöqtədə dini icmaların üzərinə böyük məsuliyyət düşür”, – deyə Bahar Muradova qeyd edib. Azərbaycanda mövcud dəyərlər sisteminin qadını hörmət edilən, qorunan, inkişaf edən və qərar verən şəxsiyyət kimi təqdim etdiyini vurğulayan Komitə sədri bildirib ki, multikulturalizm və dini dözümlülük bu dəyər sisteminin mühüm tərkib hissəsidi. Onun sözlərinə görə, həqiqətlərin düzgün izahı və təbliği dini liderlərin mənəvi missiyasıdır. Qadınların ailə və cəmiyyət qarşısında üzərlərinə düşən missiyanı uğurla yerinə yetirməsi təkcə hüquqi mexanizmlərlə deyil, həm də mənəvi və ictimai dəstək tədbirləri ilə mümkündür və bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Komitə sədri bildirib ki, birgə həyata keçirilən təşəbbüslər çərçivəsində ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadınlara qarşı zorakılığın dini dəyərlərə zidd mahiyyətinin izahı, uşaqların sağlam mənəvi mühitdə böyüməsinin təşviqi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür: “Azərbaycan beynəlxalq aləmdə qadın hüquqlarının qorunması, tolerantlıq və dinlərarası dialoq sahəsində nümunəvi ölkə kimi tanınır və bu uğurun arxasında dövlət siyasəti ilə yanaşı, cəmiyyətin bütün institutlarının, o cümlədən dini icmaların məsuliyyətli mövqeyi dayanır” – deyə o çıxışına əlavə edib. Konfransın davamında dünyəvilik və vicdan azadlığı kimi konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.  

Ətraflı