Regionlarda qanunvericiliyə edilən son dəyişikliklərlə bağlı maarifləndirmə işləri aparılıb

22 iyul 2024 16:22

Paylaş:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsinin regionlarda təbliği məqsədilə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maarifləndirici görüşlər keçirilib. 

Görüşlərdə mərkəzlərin, idarə və müəssisələrin, yerli icra hakimiyyətləri və bələdiyyələrin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, din xadimləri, mətbuat nümayəndələri, təhsil və səhiyyə işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Çıxış edənlər layihə əsasında qanunvericiliyə ediləcək dəyişikliklərdə “erkən evlilik” anlayışının daxil edilməsi, nikaha və erkən evliliyə məcbur edilmə, 16 yaşa çatmayan şəxsin erkən evliliyinin təşkili, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə görə məsuliyyətin müəyyən edilməsi nəzərdə tutulduğunu qeyd ediblər. Bildirilib ki, Ailə Məcəlləsində edilən dəyişikliklərə görə, üzürlü səbəblərdən nikaha daxil olma yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməsi ləğv edilib. Həmçinin nikahın bağlanmasına mane olan hallar siyahısına olunan əlavəyə görə, ümumi bioloji baba və (və ya) nənəsi olan şəxslər, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyəcək. İştirakçıların nəzərinə çatdırılıb ki, qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir və qanun pozuntusuna görə cərimələr, azadlığın məhdudlaşdırılması və inzibati həbs cəzaları nəzərdə tutulub.

Görüşlərdə aparılan müzakirələr zamanı erkən evlilik hallarının insan hüquq və azadlıqlarını məhdudlaşdırması, yetkinlik yaşına çatmayanların təhsil almaqdan məhrum olması, onların fiziki və psixi sağlamlığına ciddi zərər vurulması məsələləri, həmçinin qohum nikahlarının nəticəsində doğulan uşaqlarda genetik və qan xəstəliklərinin, anomaliyaların yaranma riskinin yüksək olduğu bildirilib. Bu cür halların aradan qaldırılması, milli genofondun sağlamlaşdırılması üçün əhali arasında geniş təbliğat işinin aparılmasının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki,  “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifləri əsasında hazırlanıb. Layihənin hazırlanmasında məqsəd erkən evlilik və qohum nikahları nəticəsində yaranan problemlərin aradan qaldırılması, insan hüquq və azadlıqlarının təmin olunması, milli genofondun sağlamlaşdırılmasıdır.