Media
Xəbərlər
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı”nın hazırlanması məqsədilə ilkin müzakirələr keçirilib
7-10 iyul 2025-ci il tarixlərində BMT-nin Uşaq Hüquqları Komitəsinin eksperti Sofia Kladze və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru, yerli ekspert Kəmalə Aşumova ilə birgə müvafiq dövlət qurumlarının əməkdaşlarından ibarət işçi qrupun üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı”nın hazırlanması məqsədilə ilkin müzakirələr aparılıb. Görüşlər zamanı, fəaliyyət planına daxil edilmiş tədbirlər ətrafında müzakirələr aparılıb, iştirakçı qurumların əlavə təklif və rəyləri nəzərə alınaraq sənədin təkmilləşdirilməsi istiqamətində razılaşdırılmış məsələlər müəyyən edilib.

9 iyul diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
Bu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür. Diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğur diləyirik!

Bahar Muradova “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransda çıxış edib
“Həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm icra mexanizmlərinin formalaşdırılması, həm də mətbuat işçiləri üçün yaradılan əlverişli şərait baxımından Azərbaycan mətbuatı özünün ən yüksək inkişaf səviyyəsinə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə çatmışdır.” Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans çərçivəsində təşkil olunan “Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri” panel sessiyasında çıxışı zamanı səsləndirib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin media sahəsində həyata keçirdiyi islahatlar azad və peşəkar medianın formalaşmasında mühüm rol oynayıb. Ulu öndər mətbuat nümayəndələrinə daim xüsusi diqqət və qayğı ilə yanaşırdı. Onun mətbuata münasibəti hər zaman aydın, qəti və ictimaiyyətə açıq idi. Heydər Əliyev mətbuatın azad, obyektiv, məsuliyyətli və peşəkar fəaliyyət göstərməsini ölkənin demokratik inkişafının əsas şərtlərindən biri kimi dəyərləndirirdi. Komitə sədri qeyd edib ki, cəmiyyət inkişaf etdikcə, mətbuat sahəsində də tərəqqi özünü göstərir. Demokratik dünyanın və demokratik düşüncəli insanların kəşf etdiyi və arxasında dayandığı ən önəmli nailiyyətlərdən biri mətbuatdır. Mətbuatın yaranması, keçdiyi yol və əldə etdiyi uğurlar barədə danışarkən nəzərə almaq lazımdır ki, əgər müstəqilliyimizin tarixi 100 ildən bir qədər artıqdırsa, mətbuatımızın yaranma tarixi onu da qabaqlayır. Bu baxımdan,müstəqil dövlətlərin qurulması, inkişaf etməsi həm də elə mətbuatın əldə etdiyi nailiyyətdir. B. Muradova diqqətə çatdırıb ki, Heydər Əliyev milli kimliyin qorunmasında ailə dəyərlərinin mühüm rol oynadığını xüsusi vurğulayırdı. O, Azərbaycan ailə dəyərlərinə böyük önəm verir, ailəni cəmiyyətin, dövlətin və xalqın əsas nüvəsi hesab edirdi. Ulu öndərin fikrincə, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində medianın üzərinə böyük məsuliyyət düşür. Bu səbəbdən də Heydər Əliyev jurnalistlərə yalnız informasiya ötürən deyil, eyni zamanda ailə dəyərlərinin təbliğatçısı, daşıyıcısı və qoruyucusu olmağı tövsiyə edirdi. Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə baş tutan panel sessiyada Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusman, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov və əməkdar jurnalist Vüqar Rəhimzadə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının tarixi inkişaf yoluna verdiyi töhfələr, söz və ifadə azadlığının təmin olunması, eləcə də media nümayəndələrinin peşəkarlığının artırılması sahəsində göstərdiyi müstəsna xidmətlərini diqqətə çatdırıblar.

Bahar Muradova BMT-nin Uşaq Hüquqları Komitəsinin eksperti ilə görüşüb
7 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə BMT-nin Uşaq Hüquqları Komitəsinin eksperti Sofi Kiladze arasında “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı”nın müzakirəsinə həsr olunmuş görüş keçirilib. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri, qarşıda duran prioritet istiqamətlərin müəyyənləşdirilməsi və uşaq məsələlərinə dair fəaliyyət planının hazırlanması zamanı beynəlxalq təcrübənin və dəstəyin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Peşəkar mütəxəssislərin tövsiyələrinin sənədin hazırlanması prosesinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib. Komitə sədri sənədin hazırlanması zamanı milli dəyərlərlə beynəlxalq öhdəliklərin uzlaşdırılmasının gələcək nəslin təhlükəsiz və sağlam inkişafına töhfə verəcəyini bildirib. O, ekspertlərin dövlət qurumları, o cümlədən Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə birgə keçiriləcək görüşlərinə diqqət çəkərək bildirib ki, uşaqların iştirakı ilə sənədin hazırlanması onların öz hüquqlarına dair fikir bildirməsi baxımından önəmlidir və prosesə daha obyektiv yanaşmanı təmin edəcək. Görüş zamanı ekspert Sofi Kiladze uşaq məsələləri üzrə fəaliyyət planının hazırlanmasında beynəlxalq tövsiyələrin nəzərə alınmasının, eləcə də real və həyata keçirilə bilən hədəflərin müəyyən edilməsinin uğurlu nəticələrə yol açacağına inandığını bildirib. Ekspert, milli-mənəvi dəyərlərin nəzərə alınmasının və ümumi məqsəd ətrafında mövqelərin uzlaşdırılmasının əhəmiyyətini vurğulayıb. Müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafına diqqət çəkən Sofi Kiladze, bu sahədə etik və hüquqi məsələlərin, xüsusilə də fərdi məlumatların qorunmasının önəmini qeyd edib. O əlavə edib ki, süni intellekt təkcə risklər deyil, həm də təhsil sahəsində bütün uşaqlara bərabər bilik və imkanlar təqdim etmək baxımından yeni fürsətlər yaradır. O, həmçinin bu sahədə hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq çərçivəsində uğurlu fəaliyyətdən bəhs edib. Görüşdə yerli ekspert qismində “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova da iştirak edib. Tərəflər ortaq dəyərlərə əsaslanan davamlı əməkdaşlığın inkişaf etdirilməsinin regionda sabitlik və sosial rifah üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Balakəndə vətəndaş qəbulu keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 iyul 2025-ci il tarixində, saat 10:00-da YAP-ın Balakən rayonunda yerləşən inzibati binasında vətəndaşları qəbul edəcək. Qəbulda Balakən və Zaqatala rayon sakinlərinin müraciətlərinə baxılacaq.

“Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Astara rayonuna təşkil olunub
Dövlət Komitəsinin təşəbbüsü ilə regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və öz maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə həyata keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Astara rayonuna təşkil olunub. 2-4 iyul 2025-ci il tarixlərində Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Ojakəran, Səncərədi, Şuvaş, Kakalos və Siyətük kəndlərində ümumilikdə 125 uşağın iştirakı ilə “Uşaq hüquqları”, ”Liderlik bacarıqları”, eyni zamanda “İnternet təhlükəsizliyi” mövzularında təlimlər keçirilib. Dövlət Komitəsinin əməkdaşı Könül Tağızadə, mütəxəssis Ülkər Nəcməddinova və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Təlimlərin sonunda uşaqlara “İnternetdə təhlükəsizlik qaydalarına riayət et” adlı maarifləndirici əlfəcinlər, həmçinin bədii kitablar hədiyyə edilib.

Bahar Muradova UNESCAP-ın icraçı katibi ilə görüşüb
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb. Görüşdə növbəti ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Xankəndində keçirilən Zirvə görüşünün əhəmiyyətini qeyd edərək, bu mühüm tədbirdə A.Alişahbananın fəal iştirakını yüksək qiymətləndirib. O, çıxışında Asiya və ona yaxın regionlarda gedən iqtisadi, sosial və digər proseslərin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı zəruri etdiyini vurğulayıb, Azərbaycanın bu istiqamətdə fəal mövqe sərgilədiyini diqqətə çatdırıb. Komitə ilə BMT-nin bir sıra regional qurumları arasında əməkdaşlıqdan söz açan sədr, Təşkilatın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində səmərəli işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulayıb. 2026-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan növbəti beynəlxalq tədbirdə iştirakın Dövlət Komitəsi üçün önəmi qeyd edilib, bu kimi təşəbbüslərin Azərbaycanın uğurlarını beynəlxalq tərəfdaşlarla bölüşmək baxımından mühüm platforma olduğu bildirilib. İcraçı katib A.S.Alişahbana Azərbaycan ilə UNESCAP arasında uzunmüddətli yüksək səviyyəli tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. Qadınların iqtisadi səlahiyyətləndirilməsinin ESCAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən katib, sürətlə dəyişən və rəqəmsallaşan dünyada qadınlar üçün yeni bacarıqların əldə edilməsinin əhəmiyyətindən danışıb. Növbəti ildə keçiriləcək 82-ci sessiyada da bu məsələlərin diqqət mərkəzində olacağını vurğulayaraq, Komitənin yaxından iştirakının mühüm töhfə verə biləcəyini deyib. Görüş zamanı Azərbaycanın regionda və beynəlxalq platformalarda artan rolu yüksək qiymətləndirilib, BMT missiyasına verdiyi töhfələr, xüsusilə də BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-a uğurlu ev sahibliyi və məhsuldar sədrliyi məmnunluqla xatırlanıb. Tərəflər iştirakçı ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də iqlim dəyişikliyi, qadın və uşaq məsələlərinə dair ortaq layihələrin icrası perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Regionlarda erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 30 iyun - 4 iyul 2025-ci il tarixlərində rayon mərkəzləri, kənd və qəsəbələrdə mərkəzlər, rayon icra hakimiyyətləri, rayon polis şöbələrinin əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, psixoloqlar, mərkəzlərin ekspert qrupunun üzvləri, icma sakinlərinin iştirakı ilə erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi, bu sahədə qanunvericiliyə edilən dəyişikliklər barədə əhalinin məlumatlandırılması məqsədilə tədbirlər keçirilib. Tədbirlərdə çıxış edən ekspertlər qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması barədə məlumat veriblər. Müvafiq sahədə qanunvericiliyə edilən dəyişikliklərin cari ilin 1 iyul tarixindən qüvvəyə mindiyini iştirakçıların diqqətinə çatdırıblar. Tədbirlərdə həmçinin erkən evlilik və qohum evliliklərin zərərlərindən danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Quba rayonunda uşaq iştirakçılığının təmin olunması istiqamətində təlim proqramları təşkil edilib
Quba rayonunda uşaq iştirakçılığının təmin olunması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində 1 iyul 2025-ci il tarixində təlim proqramları təşkil edilib. Təlimlər Uşaq Səfirlər Məclisinin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonları üzrə regional nümayəndələri və fəalları üçün “Konstitusiya və Suverenlik İl”i çərçivəsində “Uşaq iştirakçılığı”, “Uşaqlar üçün təhlükəsiz internet mühiti. Mövcud təhlükələr və hüquqi aspektlər”, “Zərərli vərdişlərin uşaqların orqanizminə təsiri”, “Erkən nikahın fəsadları”, “Rəqəmsal Təhlükəsizlik” mövzularında keçirilib. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova “Uşaqdan-uşağa” layihəsi haqqında məlumat verərək, uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət uşaq siyasətini həyata keçirən Dövlət Komitəsi uşaqların birbaşa iştirakçılıq prosesinə dəstəyi və şəbəkələşməsini təmin etməyi əsas məqsəd kimi müəyyən edib. Günümüzün aktual məsələlərinin uşaqlara aşılanması, onların bu proseslərdə iştirakçılığının təmin edilməsi diqqət edilməsi vacib məqamlardandır uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyeva dövlət qurumlarının dəstəyi ilə keçirilən “Hüquqlarınla Parla!” layihəsi ilə bağlı geniş məlumat verib və uşaqlara uğurlar arzulayıb. Daha sonra “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov çıxış edərək, təşkilat haqqında iştirakçıları məlumatlandırıb. Uşaqların cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməsini təmin etməyi əsas məqsədi kimi müəyyən edən Platformanın günün tələblərinə cavab verən və uşaqların fərdi inkişafına töhfə olan müasir mühiti formalaşdıracağını bildirib. Uşaq Səfirlər Məclisinin üzvləri Fatimə Fətəliyeva və Tərlan Əhədzadə uşaq iştirakçılığı, məclisin fəaliyyəti, uşaq hüquqları ilə bağlı məlumat veriblər. Onlar uşaqların inkişafında rol oynayan ailə və cəmiyyət faktorlarından söz açaraq bildiriblər ki, uşaqlar öz üzərində işləməyi və təsiretmə bacarıqlarını formalaşdırmalıdır. Təlimlərin davamı olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdir müavini Lalə Məmmədova, Quba rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis baş leytenantı Aynur Şahbazova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Tədqiqat və inkişaf şöbəsinin müdiri Təbriz Cəfərov öz təqdimatları ilə çıxış edib və uşaqları maraqlandıran sualları cavablandırıblar. İnteraktiv şəkildə davam edən təlimdə iştirakçılar komandalar quraraq, keçirilən təlimlərdən öyrəndikləri bilikləri intellektual oyun vasitəsilə daha da möhkəmləndiriblər. Qalib gələn komandaya simvolik hədiyyələr təqdim olunub. Yekunda uşaqlar fəal iştiraklarına görə sertifikatlarla təmin olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi