Şamaxı rayonunda uşaqlar üçün yay düşərgəsi təşkil edilir

9 iyul 2024 10:16

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ümumilikdə 66 nəfəri əhatə edən düşərgədə Komitənin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin benefisiarları olan şəhid və qazi ailələrinin, həmçinin aztəminatlı ailələrinin uşaqları iştirak edəcək.

Düşərgənin ilk günündə Komitənin Ailə məsələləri şöbəsinin Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb, düşərgənin məqsədi və təlim proqramı barədə məlumat verib.

Yay düşərgəsinin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin fiziki və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, onların həmyaşıdları ilə maraqlı və əyləncəli vaxt keçirməsi, yay tətilinin mənalı və yaddaqalan olması, uşaqlara yeni bacarıqların aşılanmasıdır.

Düşərgə müddətində uşaqlara uşaq hüquqları, şəxsi inkişaf mövzularında təlimlərin, rəqs üzrə ustad dərslərin keçirilməsi, müxtəlif idman oyunları, kino-cizgi film saatının, musiqili-əyləncəli proqramların, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməcilik, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Şamaxı Safari Parkına ekskursiyaların təşkili nəzərdə tutulur.

Qeyd edək ki, uşaqlar üçün yay düşərgəsi 3 dəfə olmaqla, 08-14 iyul, 29 iyul-04 avqust və 19-25 avqust 2024-cü il tarixlərində Şamaxı rayonunda keçiriləcək.