“İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusu üzrə panel müzakirələr baş tutub
Paylaş:
Şuşada keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusu üzrə panel müzakirələr baş tutub.
Qurani-Kərimdə qadın və kişinin bərabər hüquqlu olmasına dəlalət edən nümunələri səsləndirən G. İsmayılov klassik islam intibahı dövrü ilə müasir islam coğrafiyasında yaşayan qadınların həyatını müqayisəli təhlil edərək, mühüm məlumatları diqqətə çatdırıb. O, VIII-XIII əsrlərdə müsəlman qadınların əldə etdikləri üstünlüklərdən danışıb. Müasir müsəlman qadınlarının təhsil, səhiyyə və iqtisadi cəhətdən vəziyyətini dəyərləndirərək, Azərbaycan qadınlarının xüsusilə təhsildəki uğurlarından bəhs edib. Sədr müavini İslam coğrafiyasında təhsil səviyyəsi yüksək olan 19 islam ölkəsi arasında Azərbaycanın 99% göstərici ilə yer aldığını qeyd edib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva “Qarabağın quruculuğunda və dayanıqlı inkişafında qadınların rolu” mövzusu üzrə çıxış edib. O qeyd edib ki, dövlət rəhbərliyi işğaldan azad olunmuş ərazilərin bərpasına xüsusi önəm verir. Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar, qəbul edilmiş fərmanlar işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi, sosial həyatın inkişafına böyük dəstək verir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadınların cəmiyyətdəki rolunun artırılmasına olduqca böyük müsbət təsir göstərir. N. Qaracayeva işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, ekoloji təşəbbüslər və yaşıl enerjinin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Milli etnik kontekstdə qadın hüquqları və gender bərabərliyi" mövzusunda təqdimatla çıxış edərək, İslamın qadına qazandırdığı hüquq və azadlıqlar, müsəlman ölkələrində qadına münasibət, Azərbaycanda qadına münasibət, gender bərabərliyi kimi məqamlara toxunub.
Cəmiyyətin formalaşması və inkişafında qadının əhəmiyyətli roluna diqqət çəkən deputat digər müsəlman ölkələrində qadınlara olan münasibətdən bəhs edərək, Azərbaycanı müsbət nümunə kimi təqdim edib. Azərbaycanda ailə institutunun önəmindən bəhs edən C. Məmmədov qeyd edib ki, Ailə Məcəlləsinə edilən son dəyişikliklər ölkəmizdə ailə modelinin inkişafına, sağlam nəslin yetişməsinə, düzgün ailə münasibətlərinin qurulmasına öz töhfəsini verəcək.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “Şuşanın tarixində qadınların rolu" mövzusunda çıxış edərək qeyd edib ki, Şuşa Azərbaycan xalqının tarixinə adları yazılmış dövlət xadimlərinin, sərkərdələrin, şairlərin, xanəndələrin, bəstəkarların vətənidir. XIX əsrdən başlayaraq cəmiyyətin inkişafı qadınların da təhsil almasına siyasi və ictimai həyatda iştirak etməsinə, yaradıcılıqla məşğul olmasına şərait yaratmışdır.
O, təqdimat vasitəsilə Şuşada unikal mədəniyyət mərkəzinin formalaşmasında bir sıra görkəmli qadınların rolu haqqında məlumatları diqqətə çatdırıb.
“İnsan və ətraf mühit münasibətlərinə islami baxış” mövzusunda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı bildirib ki, İslamın ekologiyaya və ətraf mühit problemlərinə münasibətinin bir neçə konkret aspekti mövcudur. Bu müddəaların da hər biri özünün nəzəri mənbəyi “Qurani-Kərim”də, təcrübi xassələri isə Peyğəmbərin (s) hədislərində özünü büruzə verir. Hər şeydən əvvəl, bütün bizi əhatə edən aləm və ekosistem Allahın yaratdığı və kainatın əşrəfi adlandırdığı insan üçündür. İnsan isə bu kainatı açıq bir kitab kimi oxumağı, onu kəşf etməyi, qorumağı və şükür etməyi bacarmalıdır.
“Əhməd Ağaoğlu” İctimai Birliyinin sədri Nigar Axundova isə, öz növbəsində, Əhməd bəy Ağaoğlunun müsəlman cəmiyyətində qadınlara olan münasibətindən söz açıb.
Əhməd bəy Ağaoğlunun zəngin irsi, geniş ictimai fəaliyyəti barədə məlumatların daha geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə yaradılan "Əhməd Ağaoğlu Araşdırmalar Mərkəzi" İctimai Birliyinin fəaliyyəti barədə məlumatı diqqətə çatdıran Nigar Axundova Birliyin qarşısına böyük məqsədlər qoyduğunu deyib.
Azərbaycan əsilli Ağaoğlular nəslinin Türkiyə ictimai və siyasi həyatında böyük xidmətləri olduğunu qeyd edən N.Axundova, Əhməd bəyin Şuşada dünyaya gələn böyük qızı Sürəyya xanımın Türk dünyasının ilk qadın vəkili olaraq Türkiyəni bütün dünyada, bir sıra beynəlxalq qurumlarda layiqincə təmsil etdiyini vurğulayıb. Qeyd olunub ki, Sürəyya xanım Kimsəsiz Çocuqlar Evi yaradıb, həmçinin uşaqlara təqaüdlərin verilməsi ilə bağlı Fondun yaradılması təşəbbüsü ilə çıxış edib.
Konfrans müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.