Qəbələ rayonunda tələbələr üçün “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu üzrə Yay Təlim Proqramı təşkil edilir

31 iyul 2024 17:39

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən 5 günlük proqramda ali təhsil müəssisələrinin jurnalistika, media və kommunikasiya ixtisası üzrə təhsil alan tələbələri iştirak edir.

29 iyul - 02 avqust 2024-cü il tarixlərini əhatə edən təlimin ilk günündə Dövlət Komitəsinin əməkdaşları açılış nitqi ilə çıxış edərək, proqramın məqsədi və gündəliyi, eləcə də media nümayəndələri ilə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat veriblər.

Təlimin ikinci günündə Azərbaycan Mətbuat Şurasının üzvü, media üzrə ekspert Müşfiq Ələsgərli ailə, qadın və uşaq məsələləri üzrə mövcud trendlər və mövzuların təsnifatlaşdırılması, media platformaları arasında fərqlər, etik davranış kodeksində ailə, qadın və uşaq problemləri mövzusunun işıqlandırılması üzrə prinsiplər, informasiyanın etik standartlarını müəyyən edən milli və beynəlxalq sənədlər, uşaqlardan müsahibə götürməyin on əsas şərti, məişət zorakılığı barədə məlumat hazırlamağın düzgün qaydaları və digər mühüm məlumatları diqqətə çatdırıb.

Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Sevil Rəsulzadə “Uşaq hüquqlarının müdafiəsi: milli və beynəlxalq standartlar” mövzusunda təqdimatla çıxış edərək, uşaq hüquqlarının pozulması halları ilə mübarizə, uşaqların müdafiəsi istiqamətində mövcud hüquqi sənədlər, media nümayəndələrinin öhdəlikləri, eləcə də “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verib.

Təlim qrup tapşırıqları və interaktiv müzakirələrlə davam edib.

Günün yekununda tələbələr üçün Qəbələ Dövlət Tarixi-Bədii Qoruğuna, eləcə də Qəbələ Arxeoloji Mərkəzinə infotur təşkil edilib. Tələbələr qoruğun Səlbir və Qala ərazilərinə səfər edərək, arxeoloji qazıntılar aparılan sahələrlə, Qəbələnin qədim tarixi ilə tanış olublar. Daha sonra Nic kəndində yerləşən Müqəddəs Yelisey adına Cotari Kilsəsi ziyarət edilib.

Təlimin üçüncü günündə Komitənin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə media tura təşkil edilib. Təlimin dördüncü günündə 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Komitə əməkdaşı tərəfindən “Nitq mədəniyyəti və ana dilindən düzgün istifadə" mövzusunda təlim keçirilib.

Qeyd edək ki, Yay Təlim Proqramı “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyasının” Fəaliyyət Planına uyğun olaraq, təşkil edilib.