Dövlət Komitəsində görüş keçirilib
Paylaş:
8 avqust 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) Gürcüstan üzrə ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb.
Qonaqları salamlayan sədr müavini S.Qəhrəmanova bildirib ki, bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların sosial, iqtisadi və siyasi həyatda iştirakçılığının artmasına yönələn siyasət uğurla həyata keçirilir.
Gender bərabərliyinin təmin edilməsi ilə bağlı qanunvericilik istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumatları diqqətə çatdıran S.Qəhrəmanova Komitənin hər il “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı Milli Məclisə hesabat verdiyini bildirib.
Bələdiyyələrdə yaradılan Gender Komissiyalarının fəaliyyətinin əhəmiyyətindən danışan sədr müavini əlavə edib ki, bu komissiyalar risk qrupundan olan ailələri müəyyən edərək, bilavasitə həmin ailələrdə gender münasibətlərinin formalaşmasına töhfə verir.
Sədr müavini qadın hüquqlarının təmin olunması və sosial, iqtisadi və ictimai-siyasi həyatda iştirakçılığının artırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışaraq, qanunvericiliyin daim təkmilləşdirildiyini qeyd edib. Qanunvericiliyə edilmiş son dəyişiklikləri diqqətə çatdıran S.Qəhrəmanova, Dövlət Komitəsi tərəfindən eyni zamanda qadınların hüquqlarının təmin olunmasına yönələn yeni sənəd layihələrinin hazırlandığını qeyd edib.
Komitənin qadınların iqtisadi səlahiyyətləndirilməsi istiqamətində beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığından bəhs edən S.Qəhrəmanova, həyata keçirilmiş layihələr çərçivəsində ölkənin müxtəlif regionlarında Qadın Resurs Mərkəzlərinin yaradıldığını, yüzlərlə qadının bu prosesə cəlb olunduğunu, sahibkara çevrildiyini söyləyib.
Səmimi qəbula görə təşəkkürünü bildirən BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) Gürcüstan üzrə ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava qarşılıqlı əlaqələrin bundan sonra da səmərəli inkişaf edəcəyinə inamını ifadə edib.
Gender bərabərliyinin və qadınların səlahiyyətlərinin gücləndirilməsinin təmin edilməsinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas məsələlərdən biri olduğunu qeyd edən BMT rəsmisi, Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirərək, səylərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb, birgə əməkdaşlığa açıq olduqlarını qeyd edib.
Görüş zamanı qadınların ictimai-siyasi həyatda fəal iştirakı, onların dövlət idarəçiliyində təmsilçiliyi, iqtisadi cəhətdən gücləndirilməsi, məişət zorakılığı ilə mübarizə istiqamətində mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə hər iki tərəfdən rəsmi şəxslər iştirak edib.