Bahar Muradova “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllülük fəaliyyətini uğurla başa vurmuş gənclərlə görüşüb
Paylaş:
Görüş iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, könüllülük fəaliyyətinin gənclərin bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində rolunu vurğulayıb. Sədr artıq bir neçə ildir ki, Komitə tərəfindən könüllülük proqramının həyata keçirildiyini və ötən ildən başlayaraq proqram çərçivəsində bir sıra yeniliklərin tətbiq olunduğunu, həmçinin müəyyən standartların və qaydaların qəbul olunduğunu bildirib.
B.Muradova qeyd edib ki, könüllülük proqramı Prezident cənab İlham Əliyevin Sərəncamı əsasında ölkə üzrə daha geniş vüsət alıb və proqram çərçivəsində gənclər dövlət və ictimai həyata, ölkədə baş verən proseslərə fəal şəkildə cəlb olunur, cəmiyyət həyatına töhfə verirlər.
Proqram çərçivəsində gənclərin həm də yeni bacarıq və səriştələr qazandığını vurğulayan sədr, bu hərəkatı gənclərin həyatında növbəti bir mərhələ adlandırıb, onların tərcümeyi-halının vacib hissəsinə çevrildiyini qeyd edib.
B. Muradova bütün sahələrdə, xüsusilə də Komitənin fəaliyyət sahəsinə uyğun təhsil alan gənclərin, şəffaf şəkildə proqrama qoşulmaq imkanı olduğunu və “Ailəm” könüllüləri proqramının artıq Azərbaycanda brendə çevrildiyini vurğulayıb. Könüllülərin Komitənin müxtəlif layihə və tədbirlərində iştirakını xatırladan sədr, vaxtlarının səmərəli keçdiyini, burada topladıqları təcrübənin gələcək fəaliyyətlərində onlara fayda verəcəyinə inandığını bildirib.
Çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, könüllülük proqramının növbəti mərhələsinin uğurla başa çatdığını qeyd edib. Proqram çərçivəsində könüllülərin 4 ay ərzində 50-ə yaxın tədbirdə fəal iştirak etdiyini diqqətə çatdıran A.Sofiyeva, onların bundan sonra da Komitənin fəaliyyətində aktiv iştirak edəcəyinə inamını ifadə edib.
Daha sonra “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllülük fəaliyyətini uğurla başa vurmuş gənclər təqdimatla çıxış edərək, proqram çərçivəsində fəaliyyətləri barədə geniş məlumat veriblər.
Tədbir zamanı fikirlərini bölüşən könüllülər, ilkin biliklərin təkmilləşdirilməsi, eləcə də təcrübə əldə olunması baxımından könüllülük fəaliyyətinin əhəmiyyət kəsb etdiyini qeyd ediblər və yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.
Görüş müzakirələrlə davam edib və sonda könüllülük fəaliyyətini uğurla başa vuran gənclər sertifikatla təltif olunub.