Ailələrimizi tanıyaq” layihəsinin qonağı Ağdam rayonundan olan Məmmədovlar ailəsidir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır.
Növbəti qonağımız Ağdam rayonundan olan Məmmədovlar ailəsidir.
Rayonun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Məmmədovlar ailəsi Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində yaşayırlar.
Ailə başçısı Vaqif Məmmədov və həyat yoldaşı Zərqələm Nəsirova 45 ildən çoxdur ki, birgə ömür sürürlər. Bu evlilikdən 2 övladları və 5 nəvələri var. V.Məmmədov tarix müəllimidir, 45 illik əmək fəaliyyətinin 20 ilini məktəb direktoru kimi fəaliyyət göstərib, Z.Nəsirova 45 il kənd icra nümayəndəliyində mühasib işləyib. Hal-hazırda hər ikisi təqaüddədirlər.
Məmmədovların oğlu Vüsal dövlət qulluqçusu, gəlini Samirə həkim, qızı Zabilə dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərirlər. 2 nəvəsi ali təhsilli, kiçik nəvələri isə məktəblidirlər. Vaqif Məmmədov pedaqoji fəaliyyətə Xocavənd rayonunda başlayıb, Ağdam rayonunun Güllücə kəndində direktor müavini və direktor kimi fəaliyyətini davam etdirib.
Bu zəhmətkeş, uzun və nümunəvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik.
Hörmətli Vaqif müəllim və Zərqələm xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə, səmimi və mehriban qarşıladığınıza görə təşəkkürümüzü bildiririk.
Siz hal-hazırda məcburi köçkün qəsəbəsində yaşayırsız. Əvvəlcə istərdik ki, özünüz haqqında bizə məlumat verəsiniz, keçmiş həyatınızdan danışasınız. Ömür kitabınızı vərəqləsəniz bizə hansı incilərdən söhbət aça bilərsiz?
Ömür kitabını vərəqləyəndə 30 illik köçkünlük həyatının çətinlikləri, məşəqqətləri yada düşür. İşlədiyim Güllücə məktəbinin fəaliyyətini çadır siniflərdə davam etdirməsi, o ağrı-acılı günlər ağır xatirə kimi gözümün önündən keçir və təəssüflənirəm. Allaha şükür ki, qəlbimizdəki nisgil, gözümüzdəki həsrət bitdi. Torpaqlarımız müzəffər ordumuz tərəfindən düşmən tapdağından azad olundu.
İstərdik ki, 45 ildən çox davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Vaqif müəllim, əvvəlcə Sizdən başlayaq.
Xoşbəxtlik nisbi anlayışdır. Xoşbəxtliyi qazanmaq üçün insan çox əziyyətdən keçməli olur. Ailədə xoşbəxt olmaq üçün ailə üzvlərinin təmkinli olması, ailədə səmimiyyət, mehriban olmaq, bir-birinə güzəştə getməyi bacarmaq, diqqət və qayğı göstərmək lazımdır. Ailə özü nümunə, digər gənc ailələrə örnək olmalıdır.
Ailələr unikaldır, bir-birini təkrar etmir. Hər bir ailənin özünəməxsusluğu var. Ailədə bəzən ailə üzvləri arasında söz-söhbət, anlaşılmazlıqlar olur. Belə problemlərlə qarşılaşarkən bunu necə həll etmisiniz?
Ailə kiçik bir dövlətdir. Kişi ailənin başçısı, qadın ailənin yaraşığıdır və ailənin idarə edilməsində rolu böyükdür. Mənə elə gəlir ki, ailədə ər-arvad bir-birinə güzəştə getməlidir. Bizim ailədə də söz-söhbət olub. Həmin anda səbr edib, söhbətdən kənara çəkilmişəm. Bəzən də həyat yoldaşıma məkanını dəyişməsini təklif etmişəm ki, ailəmdə olan gənc oğlumla gəlinim bizdən nümunə götürsün. Səbrli, təmkinli olmaq lazımdır.
Biz daim istəyirik ki övladımız tərbiyəli, təhsilli olsun. Əsl vətəndaş olub vətənini sevsin, qorusun, dövlətinə bağlı olsun, onun milli-mənəvi dəyərlərinə hörmətlə yanaşsın. Vətənə, dövlətə layiqli övlad yetişdirmək üçün nə etmək lazımdır?
Vətəni uşaqlara tanıda bilsək onlar vətəni sevəcəklər. Gənclik bu gün bizə sübut etdi ki, vətəndaş olub vətəni sevmək tamam başqa şeydir. Mən xatirələr kitabı yazıram. Həmin kitabda gənclərimizdən də yazıram. Tarix dərsindən 3 alan uşaqlar müharibə vaxtı döyüşlərdə vətənpərvərlikdən 5 aldılar. Təkcə bizim kəndin 32 şəhidi var. Bu o deməkdir ki həqiqətən biz vətənini sevən, lazım gələrsə vətən üçün canından keçən əsl vətəndaşlar yetişdirmişik.
Vaqif müəllim Sizin bir oğlunuz var və onunla birgə yaşayırsız. Bəzən gənclər sərbəst olmaq istəyir, özləri müstəqil öz ailələrini idarə etmək istəyirlər. Elə övladlar olur ki valideynlə məsləhətləşmir, valideyndən asılı olmaq istəmirlər. Siz valideyn-övlad münasibətlərini ailənizdə necə tənzimləmisiniz?
Yaxşı bilirəm ki, özün nümunə olmasan heç kimə heç nə öyrədə bilməzsən. Ailədə ağsaqqala, ağbirçəyə hörmət etmək lazımdır. Fikirləşirəm ki, gənclərin müstəqil olması, müasir zamanla uyğunlaşması təbiidir. O ailə xoşbəxtdir ki, onun ağsaqqalı, ağbirçəyi var. Böyüklərə evdə hörmət, ehtiram olmalıdır. Gənc ailələr heç olmasa 5 il böyüklərlə yaşasalar, onların təcrübəsindən yararlansalar yaxşı olar.
Yeni ailə quranlara nə tövsiyəniz var?
25 yaşdan sonra ailə qurmaq lazımdır. Birinci təhsil almaq lazımdır, ikinci ailə qurmaq üçün işin, yaşayış şəraitin olmalıdır. Gənclərə ailə münasibətlərində səbrli olmağı, bir-birinə qarşılıqlı hörmət və dəyər verməyi tövsiyə edirəm.
Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Məmmədovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.