“Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində yekun səfər Qax rayonuna təşkil olunub
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində yekun səfər Qax rayonuna təşkil olunub.
Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qum, İlisu, Ağçay, Əmbərçay və Qaşqaçay kəndlərində, 125 uşağın iştirakı ilə “Uşaq hüquqları” və “Uşaq inkişafı” mövzularında təlimlər keçirilib.
Təlimlər zamanı Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb.
Təlimlərin sonunda uşaqlara hüquqlarla bağlı maarifləndirici çap materialları paylanılıb, həmçinin bədii kitablar hədiyyə olunub.
Qeyd edək ki, bundan öncə 5-7 iyun tarixlərində Cəlilabad rayonunun Zopun, Vənlik, Fətullaqışlaq, Oğrubulaq və Komanlı kəndlərinə, 11-13 iyun tarixlərində Daşkəsən rayonunun Bayan, Quşçu, Xoşbulaq, Qabaqtəpə kəndlərinə və Daşkəsən qəsəbəsinə, 10-12 iyul 2024-cü il tarixlərində Quba rayonunun Qımılqazma, Rustov, Püstəqasım, Təngəaltı və Birinci Nügədi kəndlərinə, 24-26 iyul tarixlərində Tovuz rayonunun Ağbulaq, Çatax, Böyük Qışlaq, Çeşməli və Qəribli kəndlərinə səfərlər təşkil edilmişdir. Layihə çərçivəsində təşkil edilən görüşlərdə ümumilikdə 600-dən çox uşaq iştirak edib.