Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maarifləndirici görüşlər keçirilib

16 avqust 2024 16:46

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1-15 avqust 2024-cü il tarixlərində məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə Denver II qiymətləndirmə testi, psixoloji və inkişafetdirici oyunlar, eyni zamanda valideyn və bağça kollektivinin iştirakı ilə uşaqlarla ünsiyyətin düzgün qurulması, davranış formaları, uşaqların məktəbə hazırlığı mövzularında maarifləndirici görüşlər keçirilib.

Görüşlərdə mərkəzlərin əməkdaşları uşağın ünsiyyət tələbatının ailədən başladığını vurğulayaraq, düzgün ünsiyyət qurmağın uşaqda inam hissinin formalaşmasına, sosial inkişaf, özünüifadəetmə bacarığı, özünütəsdiq kimi müsbət keyfiyyətlərin yaranması və inkişafına müsbət təsirini qeyd ediblər. Uşaqlarda rast gəlinən ünsiyyət probleminin səbəbləri və həlli yolları haqqında danışaraq qeyd edilib ki, düzgün ünsiyyət üçün ilk addım dinləmək qabiliyyətinin formalaşmasıdır. Uşağı diqqətlə dinləmək, onunla göz təması qurmaq, uşağın fikirlərinə hörmət etmək düzgün ünsiyyət üçün vacib amillərdir. Bunlarla yanaşı, uşaqların məktəbə hazırlığının düzgün təşkil edilməsi mövzusunda valideynləri maraqlandıran suallar cavablandırılıb, tövsiyələr verilib.

Qeyd edək ki, ümumilikdə 100 nəfər uşaqla Denver II qiymətləndirmə testi keçirilib və testin nəticələri valideynlərlə fərdi şəkildə müzakirə olunub, müvafiq məsləhətlər verilib.