Uşaqların VI Ümumrespublika Forumuna hazırlıq məqsədi ilə “Biz gələcəyik” adlı yay düşərgəsinə start verildi
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 11-17 avqust 2024-cü il tarixində Quba şəhərində “Biz gələcəyik” adlı növbəti yay düşərgəsinə start verilib.
Ümumilikdə 5 komanda üzrə 42 nəfərdən ibarətUşaq Səfirlər Məclisinin üzvləri, könüllülər və fəalların iştirakı ilə Quba Olimpiya İdman Kompleksində baş tutacaq düşərgə uşaqların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, komanda ilə işləmə bacarıqları, eləcə də liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədi daşıyır.
Düşərgənin açılışında çıxış edən Dövlət Komitəsinin əməkdaşları Könül Tağızadə və Rafiq Mahmudov VI Ümumrespublika Uşaq Forumu ərəfəsində keçirilən yay düşərgəsinin xüsusi əhəmiyyətini qeyd edərək, Dövlət Komitəsinin daim uşaqların özlərini ifadə edə biləcəkləri sağlam platformalar yaratdığını və onların inkişafı üçün çoxsaylı tədbirlər keçirdiyini vurğulayıblar.
Düşərgənin ilk günü Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu ilə bağlı məlumatlandırma sessiyası keçirilib. Sessiyada çıxış edən Uşaq Səfirlər Məclisinin kordinatorları və ötən V Ümumrespublika Forumunun aparıcıları Əsmər İsmayılova və Nurlan Cəbrayılzadə foruma hazırlıq prosesindən və şəxsi təcrübələrindən söz açıblar. Günün sonunda forum materiallarını özündə əks etdirən videoçarx izlənilib.
Qeyd edək ki, yeddi gün ərzində davam edəcək düşərgədə uşaqlara fərdi bacarıqlarının inkişafı, asudə vaxtın səmərəli təşkili, uşaq hüquqları və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji tarazlıq kimi mövzular üzrə təlimlər keçiriləcək, ekskursiya və əyləncəli oyunlar təşkil ediləcək. Sonda iştirakçılar sertifikatlarla təltif ediləcəklər.