Uşaqlar üçün yay düşərgəsi İsmayıllı rayonunda davam edir

22 avqust 2024 16:21

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin benefisiarları olan şəhid və qazi ailələrinin, həmçinin aztəminatlı ailələrin uşaqlarının iştirakı ilə İsmayıllı rayonu Talıstan Forest Park istirahət mərkəzində yay düşərgəsi davam edir.

19-25 avqust 2024-cü il tarixlərini əhatə edən düşərgədə Komitənin Ağdam, Zərdab, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin benefisiarları iştirak edirlər.

Düşərgə müddətində uşaq hüquqları, şəxsi inkişaf mövzularında təlimlər, uşaqların bacarıqlarına uyğun ustad dərsləri (rəsm, əl işləri, toxumaq, taxtada oymaq və s.) keçirilib, idman oyunları, musiqili-əyləncəli proqramlar, Basqal qəsəbəsinə gəzinti, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST Evi” filialına infotur təşkil edilib.

Komitənin əməkdaşlarının müşayiəti ilə “DOST Evi”nə səfər edən uşaqlar ilkin olaraq sərgi salonu ilə tanış olublar. Onlar daha sonra “DOST Evi” filialının yaradıcılıq emalatxanalarında benefisiarların təlim prosesini izləyiblər. Bədii oyma emalatxanasında infotur iştirakçıları üçün master-klas təşkil olunub, oyma sənətinin incəlikləri nümayiş etdirilib. Uşaqlar un məmulatları və qənnadçılıq emalatxanasında təndirdə çörək bişirilmə prosesində iştirak ediblər.

Basqal qəsəbəsində isə düşərgə iştirakçıları kəlağayı sexində olub, burada uşaqlara ustad dərsi keçilib, qədim bazar meydanı, çinar ağacı, qədim hamam, məscid binaları ilə tanışlıq olub.

Həm “DOST Evi” filialına infotur, həm də Basqal qəsəbəsinə səfər iştirakçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, yay düşərgəsinin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin fiziki və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, onların həmyaşıdları ilə maraqlı və əyləncəli vaxt keçirməsi, yay tətilinin mənalı və yaddaqalan olması, uşaqlara yeni bacarıqların aşılanmasıdır.