Media
Xəbərlər
Salyan rayonunda erkən nikah və qohumlar arasında nikahlarla mübarizə mövzusunda təlim keçirilib
4 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Salyan rayonunda “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində məqsəd reproduktiv sağlamlığın qorunması, erkən və qohumlar arasında nikahın yaratdığı fəsadlar və qızların təhsildən yayınmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsidir. Salyan rayonu İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov tədbir iştirakçılarını salamlayaraq, erkən nikahların qarşısının alınması sahəsində görülən işlərdən danışıb. Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova erkən nikah və təhsildən yayınmanın fəsadları və aradan qaldırılması yolları, qadınlara qarşı, o cümlədən məişət zorakılığı ilə mübarizə, bu sahədə yerli və beynəlxalq qanunvericilik, həmçinin Komitənin sözügedən istiqamətlərdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Açılışdan sonra mövzuya dair video-çarx nümayiş olunub. Daha sonra Salyan Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri, həkim-ginekoloq Fidan Xankişiyeva və Salyan 1 saylı Mediasiya Təşkilatının mediatoru, hüquqşünas Tariyel İsgəndərov təlimə başlayıblar. Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, növbəti təlimlərin Cəlilabad və Xaçmaz rayonlarında keçirilməsi nəzərdə tutulub.
Dövlət Komitəsi tərəfindən ölkədə mətbu nəşrlərin satışını həyata keçirən bir sıra kitab mağazalarına səfərlər təşkil olunub
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun icrasına nəzarət məqsədilə təşkil edilən səfərlərdə ekspertlər tərəfindən nəşrlərin müvafiq yaş kateqoriyasına uyğun işarələnmə vəziyyəti təhlil edilib, informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.
“Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət ailə siyasəti artıq milli strategiya kimin formalaşmaqdadır. Qeyd edib ki, məişət zorakılığı vətəndaş cəmiyyətinin əsaslarına ciddi zərbə vurur və zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu, qanunvericilikdə də öz əksini tapıb. O, həmçinin məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasında müvafiq qurumlar qarşısında qoyulmuş vəzifələr və bununla bağlı görülmüş işlər barədə məlumat verib. Məişət zəminində baş verən zorakılıq hallarının hər bir insanı narahat etdiyini vurğulayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışıb. O, bu istiqamətdə bələdiyyənin imkanlarından istifadə olunmasının vacibliyini vurğulayıb, məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik işin aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edə bilərlər: O, “Belə müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində bələdiyyələrin nəzdində yaradılmış Komissiyalar rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu, həmçinin hüquq-mühafizə orqanları ilə birgə iş aparır”-deyə əlavə edib. Daha sonra qısametrajlı video çarx nümayiş edilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
ASCO-nun əməkdaşları üçün maarifləndirici görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları üçün maarifləndirici görüş təşkil olunub. İştirakçılara gender bərabərliyi, ailə dəyərləri, gender əsaslı zorakılıqla mübarizə, qadınlara qarşı ayrı-seçkilik, iş yerində qısnama və digər mövzularda məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Görüşdə ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktorun gender məsələləri və xüsusi həssas qruplarla iş üzrə müavini Bəhriyyə Həsənova-Qasımova, Dövlət Komitəsinin Gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova və Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə çıxış edib.
“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə birgə “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir. Layihənin məqsədi gənc qızların şəxsi inkişafına təkan vermək və eyni zamanda fəallığının artırılmasıdır. Layihə çərçivəsində ölkəmizdə müxtəlif sahələrdə uğur qazanmış qadınlarla regionlarda yaşayan gənc qızlar arasında TEDx formatında görüşlər keçirilib. TEDx formatında Sumqayıt, Mingəçevir şəhərlərində və Masallı rayonunda təşkil olunan görüşlərdə ekspert qismində Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının rəhbəri Nigar Ələsgərova, Yüksəliş Müsabiqəsinin qalibləri Ülkər Məlikova və Nərgiz İsmayılova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova, Etika Akademiyasının rəhbəri Günel Səfərova çıxış edib. Görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Regional İnkişaf İctimai Birliyinin (RİİB), icra hakimiyyəti aparatının nümayəndələri də çıxış edib. Məlumat üçün bildiririk ki, layihə çərçivəsində 19 aprel 2024-cü il tarixində Quba və Xaçmaz rayonlarında, 26 aprel 2024-cü il tarixində Gəncə şəhərində və Şəmkir rayonunda, 2 may 2024-cü il tarixində Zaqatala rayonunda, 16 may 2024-cü il tarixində Şəki şəhərində və Qax rayonunda görüşlər baş tutub. Görüşlərdə hər şəhər və rayondan 200 nəfər olmaqla 2000 nəfər gənc qız və qadın iştirak edib. Layihənin 2025-ci ildə də davam etdirilməsi nəzərdə tutulub.
"Böyük qayıdış: uşaqlar üçün yeni dövrün başlanğıcı" konfransı keçirilib
Aynur Sofiyeva: “Sevindiricidir ki, bizim gələcəyimiz əmin əllərdədir” Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin (AİUP), Uşaq Səfirlər Məclisinin (USM) birgə təşkilatçılığı, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Böyük qayıdış: uşaqlar üçün yeni dövrün başlanğıcı” adlı konfrans keçirilib. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM İnnovasiya Mərkəzində baş tutan konfransda AUİP və USM üzvləri, Məclisin regional nümayəndələri, eləcə də Qarabağ regionundan olan fəal uşaqlar iştirak ediblər. “Bütöv Azərbaycan üçün” devizi altında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Ümumilli Lider Heydər Əliyevin, eyni zamanda torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Komitənin yetişdirdiyi uşaqların bu gün təşkilatlana bildiyi üçün qürur duyduğunu, ilk tədbirləri münasibətilə AUİP üzvlərini təbrik edib və sağlam təməl üzərində qurulan təşkilatın Azərbaycan cəmiyyətində mühüm rol oynayacağını, ətrafına uşaqları, gəncləri toplayacağını deyib. Bu gün milli-mənəvi dəyərlərimizi qorumağın vacibliyini qeyd edən sədr müavini, onu gələcək nəsillərə ötürməyin önəmini vurğulayıb. 2009-cu ilin “Uşaq ili” elan olunması ilə ilk dəfə uşaq forumunun keçirildiyini xatırladan sədr müavini, daha sonra ənənəvi hal alan forumlarda Komitənin bütün respublikadan fəal uşaqları ətrafına toplaya bildiyini vurğulayıb. O, Uşaq Strategiyasının qəbul olunmasının dövlətin uşaqlara qayğısının bariz göstəricisi olduğunu, Strategeyinın icrası üzrə Milli Fəaliyyət Planının qəbul edilməsinin uşaq huquqlarının təmin olunması istiqamətində koordinasiyanın yaranmasına səbəb olduğunu qeyd edib. 4 ili tamam olan Uşaq Səfirlər Məclisini Komitənin uğurlu layihəsi adlandıran A.Sofiyeva Məclisin fəaliyyətindən, əldə etdiyi uğurlardan danışıb, üzvləri təbrik edib. Böyük Zəfər qazandıqdan sonra hər baxımdan yeni bir dövrə qədəm qoyulduğunu qeyd edən A.Sofiyeva, işğaldan azad olunmuş torpaqlara qayıdış prosesinin hər birimizin, o cümlədən gənclərin üzərinə böyük məsuliyyət və vəzifələr qoyduğunu söyləyib. Əlavə edib ki, tədbirin də məqsədi bu mövzuda uşaqların fikir və təkliflərini eşitməkdir: “Dövlət tərəfindən işğaldan azad olunan ərazilərin bərpası istiqamətində böyük işlər görülür və bu prosesdə hər bir Azərbaycan vətəndaşının rolu olmalıdır. Bu prosesdə siz də öz sözünüzü deməlisiniz”. Çıxışının sonunda uşaqları bu gün münasibətilə təbrik edən A. Sofiyeva onlara arzularını və tövsiyələrini çatdırıb. "Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin sədri Müslüm Məmmədov qonaqları və uşaqları salamlayıb, konfransın keçirilməsində dəstəyinə görə Dövlət Komitəsinə təşəkkür edib. Dövlət uşaq siyasətindən ilhamlanaraq Qarabağa qayıdışda AUİP-in töhfə verəcəyinə inandığını bildirib. Qeyd edib ki, Platforma bundan sonra da daha çox uşağı ətrafına toplamaq üçün ardıcıl layihələr həyata keçirəcək. "Ümidli Gələcək" Gənclər Təşkilatının sədri Kəmalə Aşumova AUİP ilə hər zaman əməkdaşlıq etməyə hazır olduğunu, təşkilatın üzvlərinin bacarıq və istedadı ilə gələcəkdə birgə uğurlu layihələrə imza atılacağına, poblemlərin həllinin tapılacağına inamını ifadə edib. O, uşaqların cəmiyyətdəki çatışmazlıqlara özünəməxsus baxışı olduğunu qeyd edərək əlavə edib ki, belə platformalar vasitəsilə uşaqların cəmiyyətin inkişafı üçün arzu və istəklərini çatdırması, uşaqdan-uşağa prinsipi ilə onların öz yaşıdlarına səslənməsi çox önəmlidir. K.Aşumova sonda uşaqları təbrik edərək, uğurlar arzu edib, gələcəkdə təkcə ölkədə deyil, hüdudlarımızdan kənarda da təmsil olunacaqlarını söyləyib. Konfrans panel müzakirə sessiyası ilə davam edib. Sessiya zamanı uşaqların böyük qayıdış prosesində reallaşdırıla biləcək təklifləri və sualları səsləndirilib. Tədbir müzakirə ilə davam edib.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Mənim kitabxanam” layihəsi başa çatıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar arasında mütaliə bacarıqlarının inkişaf etdirilməsi, kitaba və məktəbə sevginin aşılanması məqsədilə 2024-cü ilin aprel-may aylarında “Mənim kitabxanam” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində Komitənin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin benefisiarları olan, eyni zamanda təhsildə fərqlənən, sosial cəhətdən həssas təbəqədən və aztəminatlı ailələrdən olan 110 məktəbli üçün oxu guşəsi (kitab rəfi və yazı masası dəsti, kitablar və dəftərxana ləvazimatları) yaradılıb. Qeyd edək ki, layihənin icrası müddətində Mərkəzlərin fəaliyyət göstərdiyi rayonların məktəbliləri arasında “Ən sevdiyim kitab” onlayn-müsabiqə də keçirilib. Müsabiqənin şərtlərinə əsasən qalib gələn və fərqlənən iştirakçılara da oxu guşəsi hədiyyə edilib.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü regionlarda qeyd edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bədii-əyləncəli tədbirlər keçirilib. Yerli icra hakimiyyətləri və sosial tərəfdaşların dəstəyi ilə reallaşdırılan tədbirlərdə UADM-lərin və müvafiq qurumların əməkdaşları, mərkəz ekspertləri, sosial həssas təbəqəyə aid ailələrdən olan uşaqlar, benefisiarlar, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri, könüllülər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də böyük sevgi ilə qeyd edildiyi bildirilib, gələcəyimiz olan uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz, hərtərəfli qayğı ilə əhatə olunması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının dövlət uşaq siyasətinin başlıca prinsiplərindən olduğu vurğulanıb. Uşaqlar bacarıqlarını nümayiş etdirib, rəsm çəkib, müxtəlif oyunlar oynayıb və animatorların iştirakı ilə əyləniblər. Sonda onlara hədiyyələr təqdim edilib. Eyni zamanda mərkəzlərin əməkdaşları uşaqlara hüquq və vəzifələrini izah edib, həmçinin ekoloji mövzuda maarifləndirici söbhətlər aparıblar.
“Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans çərçivəsində 3 istiqamətdə panel müzakirələri təşkil edilib
Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyevanın moderatorluğu ilə “Erkən uşaqlıq dövrü: sosial inkişaf” mövzusunda keçirilən I paneldə Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Məftunə İsmayılova, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova, Türkiyə Spastik Uşaqlar Vəqfi, uşaq inkişafı üzrə mütəxəssis Nazan Özen, “JOY” Uşaq İnkişaf Mərkəzinin psixoloq-mütəxəssisi Lalə Vəliyeva iştirak edib. Panel zamanı ailələrdə valideyn və uşaqların reabilitasiyasının önəmi, vaxtında və düzgün müdaxilənin vacibliyi, uşaq qaynar xəttinin fəaliyyəti, uşaqların sosial bacarıqlarının inkişafı, sosial və emosional ünsiyyətin əhəmiyyəti, çətin həyat şəraitində yaşayan uşaqların sosial vəziyyətinin qiymətləndirilməsi istiqamətində müzakirələr aparılıb. “Erkən uşaqlıq dövründə təhsil” mövzusunda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulovanın moderatorluğu ilə baş tutan II paneldə “Birgə və Sağlam” İB-nin sədri Aytən Eynalova, Türkiyə Spastik Uşaqlar Vəqfi, Ozel Egitim uzmanı Mehmet Ala, erkən uşaq inkişafı üzrə mütəxəssis Nurlana Məmmədova və bloger Nərmin Fərzəliyeva çıxış ediblər. Çıxışlar zamanı uşaqların erkən yaşda təhsilə cəlb edilməsinin önəmindən bəhs edilib, həmçinin təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəqədər təhsilin vacibliyi vurğulanıb. Xüsusilə autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların inkişafının dəstəklənməsi məqsədilə həyata keçirilən layihələrin önəmindən bəhs edilib. Son paneldə isə “Erkən inkişaf dövrü: erkən müdaxilə” mövzusu müzakirə edilib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini, "Azərbaycan QHT- Alyans"ının sədri Nabil Seyidovun moderatorluğu ilə keçirilən paneldə Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Türkiyə Spastik Uşaqlar Vəqfi, fizioterapevt-mütəxəssis Özge Karanlık, “Fizioterapiyanın İnkişafına Kömək” İB-nin sədri Nuranə Abdullayeva çıxış ediblər. Müzakirələrdə erkən uşaqlıq dövründə inkişafla bağlı əldə olunmuş nailiyyətlər, bəsləyici qayğı sistemi, müvafiq sahədə səhiyyə sisteminin əlçatanlığı, tibbi avadanlıqların müasir standartlara uyğunlaşdırılması, hamiləlik və erkən doğuş zamanı yaranan risklər və onların qarşısının alınması yolları, preventiv tədbirlər haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb. Daha sonra iştirakçıların sualları cavablandırılıb. Yekun nitqi ilə çıxış edən Komitənin sədr müavini Aynur Sofiyeva mövzunun aktuallığını diqqətdə saxlayan bütün tədbir iştirakçılarına, xüsusilə də moderator və panelistlərə təşəkkürünü bildirib. O, erkən uşaqlıq dövrünün inkişafı üzrə mütəxəssislərin bacarıqlarının artırılması baxımından vacib sayılan bu kimi mövzulara həsr olunan tədbirlərin davamlı olacağına diqqət çəkib. A. Sofiyeva həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları arasında koordinasiyanın gücləndirilməsinin daha effektiv nəticələrin əldə edilməsinə töhfə verəcəyini vurğulayıb. Sonda xatirə fotosu çəkilib.