“Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans çərçivəsində 3 istiqamətdə panel müzakirələri təşkil edilib

31 may 2024 17:05

Paylaş:

Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyevanın moderatorluğu ilə “Erkən uşaqlıq dövrü: sosial inkişaf” mövzusunda keçirilən I paneldə Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Məftunə İsmayılova, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova, Türkiyə Spastik Uşaqlar Vəqfi, uşaq inkişafı üzrə mütəxəssis Nazan Özen, “JOY” Uşaq İnkişaf Mərkəzinin psixoloq-mütəxəssisi Lalə Vəliyeva iştirak edib.

Panel zamanı ailələrdə valideyn və uşaqların reabilitasiyasının önəmi, vaxtında və düzgün müdaxilənin vacibliyi, uşaq qaynar xəttinin fəaliyyəti, uşaqların sosial bacarıqlarının inkişafı, sosial və emosional ünsiyyətin əhəmiyyəti, çətin həyat şəraitində yaşayan uşaqların sosial vəziyyətinin qiymətləndirilməsi istiqamətində müzakirələr aparılıb.

“Erkən uşaqlıq dövründə təhsil” mövzusunda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulovanın moderatorluğu ilə baş tutan II paneldə “Birgə və Sağlam” İB-nin sədri Aytən Eynalova, Türkiyə Spastik Uşaqlar Vəqfi, Ozel Egitim uzmanı Mehmet Ala, erkən uşaq inkişafı üzrə mütəxəssis Nurlana Məmmədova və bloger Nərmin Fərzəliyeva çıxış ediblər.

Çıxışlar zamanı uşaqların erkən yaşda təhsilə cəlb edilməsinin önəmindən bəhs edilib, həmçinin təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəqədər təhsilin vacibliyi vurğulanıb. Xüsusilə autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların inkişafının dəstəklənməsi məqsədilə həyata keçirilən layihələrin önəmindən bəhs edilib.

Son paneldə isə “Erkən inkişaf dövrü: erkən müdaxilə” mövzusu müzakirə edilib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini, "Azərbaycan QHT- Alyans"ının sədri Nabil Seyidovun moderatorluğu ilə keçirilən paneldə Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Türkiyə Spastik Uşaqlar Vəqfi, fizioterapevt-mütəxəssis Özge Karanlık, “Fizioterapiyanın İnkişafına Kömək” İB-nin sədri Nuranə Abdullayeva çıxış ediblər.

Müzakirələrdə erkən uşaqlıq dövründə inkişafla bağlı əldə olunmuş nailiyyətlər, bəsləyici qayğı sistemi, müvafiq sahədə səhiyyə sisteminin əlçatanlığı, tibbi avadanlıqların müasir standartlara uyğunlaşdırılması, hamiləlik və erkən doğuş zamanı yaranan risklər və onların qarşısının alınması yolları, preventiv tədbirlər haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Daha sonra iştirakçıların sualları cavablandırılıb.

Yekun nitqi ilə çıxış edən Komitənin sədr müavini Aynur Sofiyeva mövzunun aktuallığını diqqətdə saxlayan bütün tədbir iştirakçılarına, xüsusilə də moderator və panelistlərə təşəkkürünü bildirib. O, erkən uşaqlıq dövrünün inkişafı üzrə mütəxəssislərin bacarıqlarının artırılması baxımından vacib sayılan bu kimi mövzulara həsr olunan tədbirlərin davamlı olacağına diqqət çəkib. A. Sofiyeva həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları arasında koordinasiyanın gücləndirilməsinin daha effektiv nəticələrin əldə edilməsinə töhfə verəcəyini vurğulayıb.

Sonda xatirə fotosu çəkilib.