Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində tədbirlər

Regionlarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 3-7 iyun 2024-cü il tarixlərində mərkəzlər, təhsil müəssisələri və istirahət parklarında məktəblilər arasında ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə mərkəzlərin əməkdaşları, məktəblərin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Maarifləndirmə tədbirlərində ekspertlər tərəfindən uşaqlara ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, yaşıllıqların bərpası, eləcə də ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbiri haqqında ətraflı məlumat verilib.

Müəllimlərin dəstəyi ilə uşaqlar tərəfindən quşlar üçün yuvalar düzəldilib, ağacların gövdələri əhənglə rənglənib, çiçəklər suvarılıb, şagirdlər təbiət mövzusunda rəsmlər çəkib, şeirlər, mahnılar səsləndirib, müxtəlif oyunlar oynayıblar.

Keçid linki: https://family.gov.az/az/news/regionlarda-yasil-dunya-namine-hemreylik-ili-cercivesinde-maariflendirme-tedbirleri-kecirilib

                                                                                         ***

“İqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” mövzusunda məktəblilər arasında ümumrespublika layihə müsabiqəsi davam edir

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Sənaye Korporasiyası, ADA Məktəbi, Azərbaycan Mühəndislik Akademiyasi və “AzerGold” QSC-nin dəstəyi ilə həyata keçirilən “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində məktəblilər arasında ümumrespublika layihə müsabiqəsi elan edilib.

VI-IX sinif şagirdləri üçün nəzərdə tutulan müsabiqədə hər məktəb 5 əsas və 3 ehtiyat olmaqla 8 nəfərdən ibarət bir komanda ilə təmsil oluna və yalnız bir layihə təqdim edə bilər.

Hazırlıq mərhələsində komandalar təlim və vebinarlar vasitəsilə müsabiqənin qaydaları, layihə mövzuları və istiqamətləri, layihənin strukturu və digər şərtləri barədə ətraflı məlumatlandırılacaqlar. (Müsabiqənin keçirilmə qaydaları haqqında link vasitəsitəsilə ətraflı məlumat ala bilərsiniz.)

Müsabiqədə iştirak etmək istəyən məktəblər link-dən istifadə edərək qeydiyyatdan keçməlidir. Qeydiyyat cari ilin 10 iyun tarixinədək davam edəcək.

Təşkilat Komitəsi tərəfindən təqdim olunan layihələr iqlim dəyişikliyinin ətraf mühitə və uşaqların sağlamlığına mənfi təsirlərinin azaldılmasına zəmin yaradılması, nəzərdə tutulan fəaliyyətlərin real və icrasının mümkünlüyü, problemin həllində yaradıcı və innovativ yanaşmalara üstünlük verilməsi, layihə yekunlaşdıqdan sonra fəaliyyətlərin davamlılığının təmini, maliyyə səmərəliliyi və digər meyarlar əsasında qiymətləndiriləcək və ən uğurlu 5 layihə qalib elan olunacaq. Qalib komandalara layihənin icrası üçün büdcə məbləğində pul mükafatı veriləcək.

Keçid linki: https://family.gov.az/az/news/iqlim-deyisikliyinin-usaqlarin-saglamligina-tesirleri-movzusunda-mektebliler-arasinda-umumrespublika-layihe-musabiqesi-davam-edir

                                                                                          ***

Şamaxı rayonunda uşaqlar üçün yay düşərgəsi təşkil edilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ümumilikdə 66 nəfəri əhatə edən düşərgədə Komitənin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin benefisiarları olan şəhid və qazi ailələrinin, həmçinin aztəminatlı ailələrinin uşaqları iştirak edəcək.

Düşərgənin ilk günündə Komitənin Ailə məsələləri şöbəsinin Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb, düşərgənin məqsədi və təlim proqramı barədə məlumat verib.

Yay düşərgəsinin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin fiziki və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, onların həmyaşıdları ilə maraqlı və əyləncəli vaxt keçirməsi, yay tətilinin mənalı və yaddaqalan olması, uşaqlara yeni bacarıqların aşılanmasıdır.

Düşərgə müddətində uşaqlara uşaq hüquqları, şəxsi inkişaf mövzularında təlimlərin, rəqs üzrə ustad dərslərin keçirilməsi, müxtəlif idman oyunları, kino-cizgi film saatının, musiqili-əyləncəli proqramların, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməcilik, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Şamaxı Safari Parkına ekskursiyaların təşkili nəzərdə tutulur.

Qeyd edək ki, uşaqlar üçün yay düşərgəsi 3 dəfə olmaqla, 08-14 iyul, 29 iyul-04 avqust və 19-25 avqust 2024-cü il tarixlərində Şamaxı rayonunda keçiriləcək.

Keçid linki:  https://family.gov.az/az/news/samaxi-rayonunda-usaqlar-ucun-yay-dusergesi-teskil-edilir

                                                                                        ***

Göygöldə “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib

Göygöl şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 19 iyul 2024-cü il tarixində Uşaq Səfirlər Məclisinin Göygöl, Daşkəsən, Goranboy, Samux, Xocalı, Kəlbəcər rayonları, Gəncə və Naftalan şəhərləri üzrə regional nümayəndələri və fəalları üçün “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib.

İştirakçıları salamlayan Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət uşaq siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların birbaşa iştirakçılıq prosesinə dəstəyi və şəbəkələşməsini təmin etməyi əsas məqsəd kimi müəyyən edib. Günümüzün aktual məsələlərinin uşaqlara aşılanması, onların bu proseslərdə iştirakçılığının təmin edilməsi diqqət edilməsi vacib məqamlardandır: “Bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bizləri qeyd edilən məsələ ətrafında daha təəssübkeş olmağa vadar edir. Bunun üçün bizlər ilk olaraq gələcəyimiz olan uşaqlarımızın maarifləndirilməsindən başlamalı, onların ekoloji tərbiyəsi prosesinə öz töhfəmizi verməliyik. Şəhər və rayonlarımızda keçirilən tədbir və təlimlərimizin bu məqsədə xidmət edir”.

Çıxış edən “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov yeni yaranan təşkilat haqqında iştirakçılara məlumat verib. Uşaqların cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməsini təmin etməyi əsas məqsədi kimi müəyyən edən Platformanın günün tələblərinə cavab verən və uşaqların fərdi inkişafına töhfə verən müasir mühiti formalaşdıracağını deyib: “Hazırda bizlər dünyamiqyaslı tədbir olan COP29-a ev sahibliyi edən ölkənin vətəndaşları və sizlər gələcəyi olan uşaqlar olaraq bu prosesə birgə öz töhfəmizi verməli, hər birimiz üzərimizə düşən öhdəliyi yerinə yetirməliyik. Bizlər sizlərin inkişafını, siz uşaqlar isə ölkəmizin yaşıl gələcəyinin inkişafını təmin etməlisiniz” – deyə bildirib.

Uşaq Səfirlər Məclisinin koordinatoru, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin sədr müavini Əsmər İsmayılova Platformanın fəaliyyət istiqamətləri və vəzifələri barədə təlim iştirakçılarına məlumat verib.

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri İnci Hüseynli və Əliəkbər Babayev yaşıl dünya naminə həmrəyliyin və bütöv bir ilin bu istiqamətdə tədbirlərə və maarifləndirməyə həsr edilməsinin vacib olduğunu qeyd ediblər. Müasirləşən dünyada müsbət dəyişikliklərin mənfi fəsadları da bərabərində gətirdiyini, bunun yalnız birgə səylərin nəticəsində həll oluna biləcəyini deyiblər. Uşaq səfirlər həmçinin dövrün ekoloji problemlərinə toxunaraq qlobal istiləşmə, onun insanlarla bərabər flora və faunaya təsirindən söz açıblar. Su, od, torpaq və hava – təbiətin dörd ünsüründən yola çıxaraq çirklənmənin formaları və onların bu ünsürlərə təsiri nəticəsində baş verən fövqəladə hadisələri ətraflı şəkildə izah ediblər.

İnteraktiv şəkildə davam edən təlimin gedişində iştirakçılar üçün ekoloji problemlər və uşaqlıq dövründə maairfləndirmənin formalarına dair intellektual oyun keçirilib.

Yekunda uşaqlara fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, təlim proqramı “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təşkil edilib.

Keçid linki: https://family.gov.az/az/news/goygolde-ekoloji-maariflendirmeden-baslayan-yasil-gelecek-movzusunda-telim-proqrami-teskil-edilib

                                                                                    ***

Uşaqlar üçün təşkil edilən yay düşərgəsi başa çatıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin benefisiarları olan şəhid və qazi ailələrinin, həmçinin aztəminatlı ailələrin uşaqlarının iştirakı ilə təşkil edilən yay düşərgəsi başa çatıb.

Yay düşərgəsi 3 dəfə olmaqla, 2024-cü ilin 08-14 iyul, 29 iyul-04 avqust tarixlərində Şamaxı, 19-25 avqust tarixlərində isə İsmayıllı rayonunda keçirilib.

İsmayıllı rayonunda təşkil edilən düşərgənin növbəti günlərində Komitənin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə, xalça sexi, İvanovka kəndi, Aşıq Bayram gölünə ekskursiyalar təşkil edilib, ağac üzərində oyma sənəti ilə məşğul olan Qəhrəman Adıgözəlovun evinə gedib, ondan bu qədim peşənin sirlərini öyrəniblər. Düşərgənin son günündə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməcilik keçirilib.

Düşərgə müddətində ekspertlər tərəfindən uşaq hüquqları, şəxsi inkişaf mövzularında təlimlər, uşaqların bacarıqlarına uyğun ustad dərsləri (rəsm və rəqs) keçirilib, idman oyunları, musiqili-əyləncəli proqramlar təşkil edilib.

Qeyd edək ki, yay düşərgəsinin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin fiziki və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, onların həmyaşıdları ilə maraqlı və əyləncəli vaxt keçirməsi, yay tətilinin mənalı və yaddaqalan olması, uşaqlara yeni bacarıqların aşılanmasıdır.

Keçid linki: https://family.gov.az/az/news/usaqlar-ucun-teskil-edilen-yay-dusergesi-basa-catib

                                                                                        ***

Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolu adlı tədbir

1 mart 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması” mövzusunda konfrans keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirin məqsədi müvafiq sahədə öhdəlikləri yerinə yetirmək istiqamətində imkan və səyləri birləşdirmək, vətəndaş cəmiyyətinin fəallığını artırmaq, eyni zamanda sülh, əmin-amanlıq və yaşıl dünya üçün birgə çalışmaqdır.

Keçid linki: https://family.gov.az/az/news/ekoloji-tarazligin-ve-insan-huquqlarinin-teminati-sahesinde-vetendas-cemiyyetinin-rolu-muzakire-edilib

                                                                                            ***

Uşaq Səfirlər Məclisinin regionlarda “Yaşıl dünya naminə həmrəylik ili”  layihəsi

Azərbaycan Respublikası Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar, Uşaq Səfirlər Məclisinin nümayəndələri və fəalları tərəfindən “Yalnız bir dünya” layihəsi icra edilir.

Layihəyə iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə prosesinə uşaqların da öz töhfələrini verməsi, iştirakının təmin olunması və təşəbbüskarlıq bacarıqlarının inkişafı, bununla bərabər ətraf mühitin mühafizəsi, dünyanın qorunması və bu istiqamətdə təkliflərinin reallaşdırılması üçün əlverişli bir platforma yaradılması məqsədilə start verilib.

Layihə çərçivəsindəşəhər və rayonlarda ağacəkmə aksiyaları, təlimlər keçirilib,  500-ə yaxın uşaq iştirak edib.

Qəbələ, Kürdəmir,  Beyləqan, Gədəbəy, Balakən, Tovuz, Qax, Quba, Şamaxı Cəlilabad, Zaqatala, İsmayıllı, Zərdab rayonlarının, Sumqayıt, Gəncə, Naftalan, Lənkəran şəhərlərinin, eləcə də Xocalı, Cəbrayıl və Qubadlıdan olan nümayəndə və fəalları ekologiya, iqlim dəyişiklikləri, ekoloji mədəniyyət mövzularında müxtəlif təlim, müsabiqə, debat, iməclik və ağacəkmə aksiyaları həyata keçiriblər.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar tədbir və təlimlər davam edir.

Keçid linki: https://family.gov.az/az/news/bahar-muradova-4-cu-dayaniqli-inkisaf-meqsedleri-dialoqunda-acilis-nitqi-ile-cixis-edib