Uşaqlar üçün təşkil edilən yay düşərgəsi başa çatıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin benefisiarları olan şəhid və qazi ailələrinin, həmçinin aztəminatlı ailələrin uşaqlarının iştirakı ilə təşkil edilən yay düşərgəsi başa çatıb.
Yay düşərgəsi 3 dəfə olmaqla, 2024-cü ilin 08-14 iyul, 29 iyul-04 avqust tarixlərində Şamaxı, 19-25 avqust tarixlərində isə İsmayıllı rayonunda keçirilib.
İsmayıllı rayonunda təşkil edilən düşərgənin növbəti günlərində Komitənin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə, xalça sexi, İvanovka kəndi, Aşıq Bayram gölünə ekskursiyalar təşkil edilib, ağac üzərində oyma sənəti ilə məşğul olan Qəhrəman Adıgözəlovun evinə gedib, ondan bu qədim peşənin sirlərini öyrəniblər. Düşərgənin son günündə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməcilik keçirilib.
Düşərgə müddətində ekspertlər tərəfindən uşaq hüquqları, şəxsi inkişaf mövzularında təlimlər, uşaqların bacarıqlarına uyğun ustad dərsləri (rəsm və rəqs) keçirilib, idman oyunları, musiqili-əyləncəli proqramlar təşkil edilib.
Qeyd edək ki, yay düşərgəsinin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin fiziki və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, onların həmyaşıdları ilə maraqlı və əyləncəli vaxt keçirməsi, yay tətilinin mənalı və yaddaqalan olması, uşaqlara yeni bacarıqların aşılanmasıdır.