Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolu müzakirə edilib

1 mart 2024 09:26

Paylaş:

1 mart 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması” mövzusunda konfrans keçirilib.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, tədbir iştirakçılarını salamlayıb və konfransın vacib mövzuya həsr olunduğunu bildirib. Ötən ilin tarixi hadisələrlə yadda qaldığını vurğulayan Komitə sədri, Azərbaycanın öz gücü, qətiyyəti və iradəsi ilə Qarabağ problemini həll etdiyini, ölkəmizin regionun güclü dövləti olaraq əsas məqsədinin təhlükəsizlik və sülh olduğunu bütün dünyaya elan etməkdir. O, ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu hədəflərdən bəhs edərək əlavə edib ki, bu hədəflər uğrunda bütün cəmiyyət səfərbər olmasını, Azərbaycanın tərəfdaşları ilə birlikdə həm regionda, həm də dünyada gedən proseslərə öz töhfəsini verməli və əldə etiyi qələbəni qoruyaraq, gələcəyə daşımalı olduğunu qeyd edib.

Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğuna diqqət çəkən Komitə sədri, konfransın məqsədinin müvafiq sahədə öhdəlikləri yerinə yetirmək istiqamətində imkan və səyləri birləşdirmək, vətəndaş cəmiyyətinin fəallığını artırmaq, eyni zamanda sülh, əmin-amanlıq və yaşıl dünya üçün birgə çalışmaq olduğunu bildirib.

Çıxış edən Milli Məclisin İnsan Hüquqları Komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Qarabağın işğaldan azad edilməsindən sonra yeni bir mərhələyə qədəm qoyulduğunu qeyd edib. Azərbaycanın yeni strateji hədəfinin və siyasi istiqamətinin ekoloji tarazlığın bərpası, yaşıl enerji siyasəti olduğunu diqqətə çatdıran Z.Oruc, COP29 sammitinin ölkəmizdə keçirilməsini tarixi bir fürsət kimi qiymətləndirib. Beynəlxalq tədbirlərə ev sahibliyi etməyin böyük siyasi iradə tələb etdiyini deyən millət vəkili, belə tədbirlərin həqiqətlərin dünyaya çatdırılması baxımından  önəmini vurğulayıb. Ekologiyanın qorunması sahəsində vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələrdən söz açan deputat, səyləri birləşdirərək birgə əməkdaşlığın təbiətin mühafizəsi naminə vacib rol oynayacağını bildirib.

Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Zəkiyyə Mustafayeva, çıxışında müasir dünyada baş verən iqlim dəyişikliklərinin təşkilatlar qarşısında yeni hədəflər qoyduğunu diqqətə çatdırıb. Ölkədə qida təhlükəsizliyinin, eləcə də istehlakçı hüquqlarının təmin olunması sahəsində həyata keçirilən tədbirlərdən söz açan Z.Mustafayeva, vahid sağlamlıq konsepsiyası haqqında məlumat verib. Tədbirin mövzusunun əhəmiyyətinə diqqət çəkən Agentlik rəsmisi, qida təhlükəsizliyi, insan, heyvan və bitki sağlamlığının qorunması istiqamətində dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətinin rolunun artırılmasının vacib olduğunu deyib.

 Konfrans “Qərbi Azərbaycana qayıdış: Qadın və uşaq hüquqlarının təminatı” və  “İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə Azərbaycanın rolu” mövzusunda panel iclaslarla davam edib.

Bahar Muradovanın moderatoru olduğu Qərbi Azərbaycana qayıdış mövzusunda birinci paneldə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədr müavini Sevinc Fətəliyeva, Regional İnkişaf İctimai Birliyi, Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin layihə koordinatoru Şəhla Talıbzadə, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Telli Pənahqızının çıxışları dinlənilib.

Panelçilər Qərbi Azərbaycanda, eləcə də Qarabağda illərdir törədilən mədəni və ekoloji terror barədə məlumat verib, bu gün işğaldan azad edilən ərazilərdə ekologiyanın bərpası istiqamətində həyata keçirilən layihələrdən danışıblar. Eyni zamanda Qərbi Azərbaycana qayıdış məsələsinin bugün əsas hədəf olduğu, bu sahədə vətəndaş cəmiyyəti ilə əməkdaşlığın önəmi qeyd edilib.

 “İqlim Dəyişmələrinə qarşı Qlobal Mübarizədə Azərbaycanın Rolu” mövzusunda ikinci panel Zahid Orucun moderatorluğu ilə baş tutub. Müzakirələrdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, deputat Nigar Arpadarai, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, İDEA İctimai Birliyinin Layihələrlə iş üzrə şöbəsinin müdiri Zərxanım Ağayeva iştirak ediblər.

Qeyd edilib ki, Azərbaycan üçün yeni bir istiqamət olan ekoloji tarazılıq və iqlim təhlükəsizliyinin təmin edilməsi bu gün aktual məsələlər sırasındadır. COP29 sammitinin ölkəmiz üçün önəmini vurğulayan panelçilər bu konfransda səslənəcək fikirlərin və tezislərin gələcək tədqiqatlar üçün əhəmiyyətli material olacağını, qəbul ediləcək qərarların bütün ölkələrə təsir edəcəyini diqqətə çatdırıblar. Eyni zamanda bildirilib ki, Azərbaycan bu gün iqlim dəyişikliklərinə qarşı mübarizədə aparıcı rol oynayır.