Regionlarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib

10 iyun 2024 10:51

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 3-7 iyun 2024-cü il tarixlərində mərkəzlər, təhsil müəssisələri və istirahət parklarında məktəblilər arasında ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə mərkəzlərin əməkdaşları, məktəblərin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Maarifləndirmə tədbirlərində ekspertlər tərəfindən uşaqlara ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, yaşıllıqların bərpası, eləcə də ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbiri haqqında ətraflı məlumat verilib.

Müəllimlərin dəstəyi ilə uşaqlar tərəfindən quşlar üçün yuvalar düzəldilib, ağacların gövdələri əhənglə rənglənib, çiçəklər suvarılıb, şagirdlər təbiət mövzusunda rəsmlər çəkib, şeirlər, mahnılar səsləndirib, müxtəlif oyunlar oynayıblar.