Salyan rayonunda erkən nikah və qohumlar arasında nikahlarla mübarizə mövzusunda təlim keçirilib
Paylaş:
4 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Salyan rayonunda “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd reproduktiv sağlamlığın qorunması, erkən və qohumlar arasında nikahın yaratdığı fəsadlar və qızların təhsildən yayınmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsidir.
Salyan rayonu İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov tədbir iştirakçılarını salamlayaraq, erkən nikahların qarşısının alınması sahəsində görülən işlərdən danışıb.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova erkən nikah və təhsildən yayınmanın fəsadları və aradan qaldırılması yolları, qadınlara qarşı, o cümlədən məişət zorakılığı ilə mübarizə, bu sahədə yerli və beynəlxalq qanunvericilik, həmçinin Komitənin sözügedən istiqamətlərdə həyata keçirdiyi layihələr barədə məlumat verib.
Açılışdan sonra mövzuya dair video-çarx nümayiş olunub.
Daha sonra Salyan Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri, həkim-ginekoloq Fidan Xankişiyeva və Salyan 1 saylı Mediasiya Təşkilatının mediatoru, hüquqşünas Tariyel İsgəndərov təlimə başlayıblar.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, növbəti təlimlərin Cəlilabad və Xaçmaz rayonlarında keçirilməsi nəzərdə tutulub.