1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü regionlarda qeyd edilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bədii-əyləncəli tədbirlər keçirilib.
Yerli icra hakimiyyətləri və sosial tərəfdaşların dəstəyi ilə reallaşdırılan tədbirlərdə UADM-lərin və müvafiq qurumların əməkdaşları, mərkəz ekspertləri, sosial həssas təbəqəyə aid ailələrdən olan uşaqlar, benefisiarlar, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri, könüllülər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də böyük sevgi ilə qeyd edildiyi bildirilib, gələcəyimiz olan uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz, hərtərəfli qayğı ilə əhatə olunması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının dövlət uşaq siyasətinin başlıca prinsiplərindən olduğu vurğulanıb.
Uşaqlar bacarıqlarını nümayiş etdirib, rəsm çəkib, müxtəlif oyunlar oynayıb və animatorların iştirakı ilə əyləniblər. Sonda onlara hədiyyələr təqdim edilib.
Eyni zamanda mərkəzlərin əməkdaşları uşaqlara hüquq və vəzifələrini izah edib, həmçinin ekoloji mövzuda maarifləndirici söbhətlər aparıblar.