Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
İnternet təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir keçirilib

18 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindənBakı şəhəri 172 nömrəli tam orta məktəbdə internet təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarının təşviqi, kibertəhlükələr barədə məlumatlılığın artırılması və sağlam rəqəmsal vərdişlərin formalaşdırılması olub. Görüşdə Dövlət Komitəsinin əməkdaşları Rafiq Mahmudov və Ləman Mahmudova çıxış edərək, iştirakçılara internet resurslarından düzgün və məqsədyönlü istifadə, şəxsi məlumatların qorunması, kibercinayətkarlıq halları, onlayn zorakılıq (kiberbullinq) və sosial şəbəkələrdə etik davranış qaydaları barədə ətraflı məlumat veriblər. Tədbir çərçivəsində şagirdlərin sualları cavablandırılıb, onlara gündəlik rəqəmsal fəaliyyətlərində diqqətli olmaları, şübhəli hallarla qarşılaşdıqda valideynlərə və müəllimlərə müraciət etmələri tövsiyə edilib.  

Ətraflı
“Vətənpərvərlik və milli ruh” mövzusunda tədbir keçirilib

  18 fevral 2026-cı il tarixində Oğuz şəhər E. Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü liseydə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın müvafiq bəndinə uyğun olaraq yuxarı sinif şagirdləri üçün “Vətənpərvərlik və milli ruh” mövzusunda tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Qəmzə Süleymanova tədbirin məqsədi və əhəmiyyəti barədə danışaraq, gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasının vacibliyini vurğulayıb. Daha sonra Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Anar Əliyevin anası Kişvər Əliyeva çıxış edərək, gəncləri dövlətə sədaqətli, birliyə bağlı və milli dəyərlərə sahib çıxan vətəndaşlar olmağa çağırıb. Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev gənclərin milli ruhda formalaşmasında düzgün vətəndaş mövqeyinin əhəmiyyəti və məsuliyyətli davranış modeli barədə danışıb. O,  çıxışında ana dilinin və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyinə də diqqət çəkib. Daha sonra Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nicat Kərimov çıxış edərək, gənclərin könüllülük və sosial təşəbbüslərdə iştirakının milli ruhun möhkəmlənməsinə xidmət etdiyini bildirib. Tədbir zamanı Dövlət Komitəsinin Uşaq Səfirlər Məclisinin Oğuz rayon nümayəndələri də öz fəaliyyətləri barədə məlumat veriblər. Tədbir interaktiv formatda davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Ətraflı
“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində dəyirmi masa keçirilib

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində  “Həyatının memarı- Sən özünsən” adlı layihə çərçivəsində dəyirmi masa  keçirilib. Gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən tədbirdə Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqu, müəllim heyəti və tələbələri iştirakı edib. Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova çıxış edərək, sağlam həyat tərzinin insanın fiziki və psixoloji inkişafına müsbət təsirindən danışıb, gənclərin zərərli vərdişlərə meyilliliyinin qarşısının alınmasının vacibliyini qeyd ediblər. Müzakirə formatında davam edən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, balanslı qidalanma, gündəlik fiziki aktivliyin artırılması, stressin idarə olunması və zərərli vərdişlərin fəsadları barədə geniş fikir mübadiləsi aparılıb,təklif və tövsiyələr dinlənilib. Tədbirin sonunda mövzuyla bağlı maarifləndirici kitabçalar mərkəzin kitabxanasına təqdim olunub.  

Ətraflı
Bakı şəhəri və regionlarda “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici görüşlər keçirilib.

9-16 fevral 2026-cı il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici görüşlər keçirilib. Təhsil müəssisələrində keçirilən görüşlərdə müəllimlər, şagirdlər, Uşaq Səfirlər Məclisinin nümayəndələri iştirak edib. Görüş zamanı Mərkəzlərin əməkdaşları və ekspert qruplarının üzvləri olan tibb işçiləri tərəfindən uşaqlara sağlam həyat tərzinin prinsipləri barədə ətraflı məlumat verilib, fiziki aktivlik, sağlam qidalanmanın faydaları, zərərli vərdişlər və sosial media asılılığı barədə danışılıb. İnteraktiv şəkildə keçirilən tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb.

Ətraflı
Bakı şəhəri Xəzər rayonu və regionlarda növbəti “Açıq qapı” günü keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə  Dəstək Mərkəzləri tərəfindən növbəti “Açıq qapı” günü keçiriləcək. “Açıq qapı” günü 25 fevral 2026-cı il tarixində, saat 10:00-dan 13:00-dək psixoloq və sosial işçilərin iştirakı ilə Bakı şəhəri Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının qəsəbə və kəndlərində səyyar şəkildə keçiriləcəkdir. “Açıq qapı” gününün keçirildiyi məkanlar barədə məlumatı almaq üçün aşağıdakı linkə keçid edin.    https://family.gov.az/storage/news/April2025/news_22_os1DwjOV48.pdf

Ətraflı
Şamaxı rayonunda uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda təlim keçirilib.

16 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı rayon “ASAN xidmət” mərkəzində “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın müvafiq bəndinə əsasən yuxarı sinif şagirdləri üçün uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda təlim keçirilib. Açılış nitqi ilə çıxış edən Şamaxı rayon “ASAN xidmət” mərkəzinin əməkdaşı Hilal Mürsəlov tədbirin məqsədi, gənclərin hüquqi baxımdan maarifləndirilməsinin əhəmiyyəti və bu sahədə vətəndaş məsuliyyəti barədə danışıb. Daha sonra Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev çıxış edərək, zorakılığın növləri, uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti, mövcud qanunvericilik aktları və bu sahədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Şamaxı rayon Polis Şöbəsinin baş inspektoru, polis mayoru Ceyhun Rüstəmov hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə görülən profilaktik tədbirlər, hüquqi məsuliyyət və mövcud cəza mexanizmləri barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb. Tədbir zamanı Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Şamaxı rayon nümayəndələri də bu istiqamətdə öz fəaliyyətlərindən danışıblar. Tədbir interaktiv formatda keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.  

Ətraflı
Dövlət Komitəsinin 2025-ci ildəki fəaliyyətinə dair kollegiya iclası keçirilib

13 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda 2025-ci il ərzində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr, eləcə də qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul edilib. Gündəliyə uyğun olaraq 2025-ci ildə fəaliyyətin yekunlarına dair məlumatla çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, reallaşdırılan layihələrdən danışıb, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən tədbirlər barədə məlumat verib, hazırlanan təhlilləri və bir sıra statistik göstəriciləri diqqətə çatdırıb. B.Muradova ötən il 3 mühüm sənəd layihəsinin təsdiqləndiyini, 5 normativ hüquqi akt layihəsinin hazırlanaraq razılaşdırılmaq üçün göndərildiyini bildirib. 2024–2026-cı illər üzrə Kommunikasiya Strategiyasının Tədbirlər Planının icrası, uşaq hüquqlarının təmin edilməsi vəziyyəti və erkən, eləcə də qohum nikahlarının mənfi nəticələrinə dair maarifləndirmə qaydasının icrası üzrə 2024-cü il ərzində görülmüş işlərə dair ümumiləşdirilmiş hesabatların aidiyyəti üzrə təqdim edildiyini vurğulayıb. B.Muradova, erkən evlilik risk xəritəsi, yeniyetmələr arasında intihar hallarına təsir edən faktorlar, ailə institutuna sosial-iqtisadi təsirlər və yeniyetmələrin hüquq düşüncəsini araşdıran 4 analitik təhlilin hazırlandığını, eləcə də 17 uşaq müəssisəsində monitorinqin aparıldığını əlavə edərək, nəticələri haqqında danışıb. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən Dövlət Komitəsinin 2024-cü il üzrə illik məlumatının Milli Məclisə təqdim olunduğunu bildirən sədr, sənədin müzakirə edilərək qəbul olunduğunu və 200-dən çox təşkilata göndərildiyini deyib. Əlavə edib ki, məişət zorakılığı üzrə monitorinq və əlaqələndirmə mexanizmləri gücləndirilmiş, 2023-cü illə müqayisədə 30% daha çox mühafizə orderi verilib. O qeyd edib ki, ötən il uşaq hüquqları üzrə komissiyanın katibliyi yaradılmış, sahə üzrə institusional koordinasiya artırılmış, eyni zamanda mediasiya, yerli özünüidarəetmə orqanları və ali təhsil müəssisələri ilə əməkdaşlıq genişləndirilmişdir. Qadın və gender məsələləri sahəsində atılan mühüm addımlardan danışan sədr, qadınların səlahiyyətləndirilməsi, bilik və bacarıqlarının artırılması sahəsində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. O, qızların təhsilinə dəstək layihələrindən söz açıb, layihə çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”, “Sən tək deyilsən” şəhid xanımlarına dəstək layihəsi və “Arzumuz var” proqramının icra edildiyini, 5 il ərzində 294 nəfər iştirakçının layihələrdən faydalandığını bildirib. Dövlət Komitəsinin beynəlxalq əməkdaşlıq sahəsində aktiv fəaliyyətinə diqqət çəkən sədr, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirildiyini qeyd edib, beynəlxalq tədbir və platformalarda irəli sürülən təşəbbüslərdən danışıb. CEDAW və Uşaq Hüquqları Komitələrinin tövsiyələrinin icrası üzrə işçi qrupları ilə koordinasiyanın gücləndirildiyini söyləyib. Çıxışının sonunda B.Muradova, Komitəyə daxil olan vətəndaş müraciətləri, eləcə də Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti, keçirilən açıq qapı günləri haqqında illik göstəriciləri açıqlayıb. İclasda Naxçıvan MR-nın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək, görülən işlərdən danışıb. O, bu sahədə dövlət siyasətinə uyğun olaraq Naxçıvanda həyata keçirilən tədbir və layihələr barədə məlumat verib. R. Seyidova, ötən il ərzində ölkədə müvafiq sahədə qəbul edilmiş normativ hüquqi sənədlər, həmçinin dövlət proqramlarından irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra statistik göstəriciləri diqqətə çatdırıb. R. Seyidova, “Konstitusiya və Suverenlik İli” çərçivəsində əhali arasında ailə, qadın və uşaq məsələləri ilə bağlı geniş təbliğatın, həmçinin münaqişəli ailələr, eləcə də çətin həyat şəraitində olan insanlarla iş aparıldığını bildirib. İclasın gündəliyində olan ikinci məsələ Komitənin 2026-cı ilin birinci yarısı üzrə İş Planına dair qarşıda duran vəzifələrə həsr olunub. Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva təqdimatla çıxış edərək plan çərçivəsində nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bildirib ki, ailə dəyərlərinin təşviqi, gender bərabərliyinin təminatı, uşaqların müdafiəsi, bu sahələrdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və ictimaiyyətlə əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur. İclasda həmçinin “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiqi ilə bağlı məsələlərin icrası müzakirə olunub. Komitə sədrinin müavini Sədaqət Qəhrəmanova məsələ ilə bağlı görüləcək işlər barədə məlumatı təqdim edib. S. Qəhrəmanova bildirib ki, 2026–2028-ci illər üzrə Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı gender bərabərliyinin təmininə dair hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsini, qadınların sosial-iqtisadi fəallığının artırılmasını və ayrı-seçkiliyə qarşı mübarizənin gücləndirilməsini hədəfləyir. Qeyd olunub ki, sənəddə təhsil, məşğulluq, iqlim dəyişiklikləri və media sahələrində gender yanaşmasının tətbiqi, həmçinin mərkəzi və yerli səviyyədə əlaqələndirmə qruplarının fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur. Gündəlikdəki növbəti məsələ “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” adlı konfransın keçirilməsi ilə bağlı olub. Komitə sədrinin müavini Aynur Sofiyeva konfransın məqsəd və gözlənilən nəticələri barədə çıxış edib, qarşıya qoyulan hədəflərdən danışıb. Sədr müavini strateji prioritetlərin formalaşdırılmasının vacibliyinə toxunub, bu sahədə siyasətlərin yeni mərhələyə keçidinə diqqət çəkib. O, konfransın sistemli, multidissiplinar və gələcəyə yönəlik fəaliyyətə töhfə verəcəyini qeyd edərək, konfransın təşkili ilə bağlı hazırlıq işlərinin başladığını və bu məqsədlə İşçi qrupun yaradıldığını deyib. İclasın növbəti məsələsi olan “Dayanıqlı inkişaf naminə AQEM məkanında qadınların səsinin gücləndirilməsi” adlı beynəlxalq konfrans və AQEM Qadınlar Şurasının ilk iclasının keçirilməsi də müzakirə edilib. Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Nurəddin Babazadə tədbirin əhəmiyyəti və təşkilati məsələlər barədə məlumat verib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışı zamanı Dövlət Komitəsinin fəaliyyətini və ötən dövr ərzində görülən işləri yüksək qiymətləndirib. O bildirib ki, Komitə yarandığı gündən etibarən ailə institutunun qorunması, qadın hərəkatının gücləndirilməsi və uşaq hüquqlarının müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirir. Qeyd olunub ki, qurum öz fəaliyyətində digər dövlət və qeyri-dövlət strukturlarını da prosesə cəlb edir, onlarla birgə genişmiqyaslı layihələr həyata keçirir. Kollegiya iclasının yekununda Dövlət Komitəsinin sədri Bahar Muradova qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin olunmasının vacibliyini vurğulayaraq, qəbul edilmiş qərarların ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin və müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətin daha da intensivləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb. AZƏRBAYCAN RESPUBLİKASI AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN 2025-Cİ İL ÜZRƏ HESABATI

Ətraflı
Komitə əməkdaşı Şərq Tərəfdaşlığının Gender Bərabərliyi üzrə İşçi Qrupunun onlayn iclasında iştirak edib

11 fevral 2026-cı il tarixində Şərq Tərəfdaşlığının Gender Bərabərliyi üzrə İşçi Qrupunun onlayn formatda 5-ci iclası keçirilib. İclasda  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı, işçi qrupunun üzvü Sədaqət Rəhimova iştirak edib. İclas texnologiya vasitəsilə həyata keçirilən gender əsaslı zorakılıq hallarının müzakirəsinə həsr olunub. İclasda çıxış edən S.Rəhimova mövzu ilə bağlı ölkə üzrə mövcud müsbət məqamları iştirakçıların diqqətinə çatdırıb. Dövlət Komitəsi tərəfindən hazırlanmış “Gender Bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiqi və hədəfləri haqqında məlumat verib.  

Ətraflı
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib

Parlamentin 10 fevral 2026-cı il tarixində keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Uşaq hüquqları haqqında" yeni hazırlanmış qanunun layihəsini Milli Məclis ilk oxunuşda qəbul edib. Plenar iclasın gündəliyinə salınan Uşaq hüquqları haqqında yeni qanun layihəsi müzakirəsi zamanı bildirilib ki, "Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 iyun tarixli 3914 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2023-cü il tarixli 524s nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının yeni qanun layihəsi hazırlanmışdır. Öncə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova layihə barədə məlumat verərək vurğulayıb ki, hazırda qüvvədə olan mövcud qanun 5 fəsil və 45 maddədən ibarət idisə, yeni layihədə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub. Daha sonra yeni qanun layihəsi millət vəkillərin müzakirəsinə təqdim edilib. Əvvəlcə komitə iclaslarında layihənin müzakirələri keçirilən komitə sədrləri çıxış edərək fikirlərini səsləndiriblər.  Qeyd olunub ki, yeni layihə yalnız uşaq hüquqlarını bəyan etmir, eyni zamanda onların reallaşdırılması, müdafiəsi, monitorinqi və bərpası mexanizmlərini ətraflı şəkildə tənzimləyir. Layihədə ilk dəfə anlayışlar sistemi formalaşdırılır ki, bu da hüquq tətbiqi zamanı mövcud boşluqların aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin uşağın üstün mənafeləri prinsipi hüquqi mexanizmə çevrilir. Bildirilib ki, yeni layihədə uşağın üstün mənafeləri ayrıca maddədə konkret təminatlarla müəyyən edilir. Uşağa aid qərar qəbul edilməzdən əvvəl araşdırmanın aparılması, uşağın fikrinin öyrənilməsi, mümkün mənfi təsirlərin əvvəlcədən qiymətləndirilməsi məcburi hüquqi öhdəlik kimi təsbit olunur. Həmçinin diqqətə çatdırılıb ki, yeni layihədə zorakılıq formaları fiziki, psixoloji, cinsi, cismani cəza, etinasızlıq, internet zorakılığı və s. olmaqla təsnif edilir. Zorakılıq əlamətlərinin aşkar edilməsi zamanı müəllimlərin, tibb işçilərinin, sosial xidmət əməkdaşlarının bildirmə öhdəliyi təsbit olunur. Zorakılığa məruz qalmış uşağın tibbi, psixoloji, sosial reabilitasiyası dövlətin birbaşa öhdəliyi kimi müəyyən edilir. Mövcud qanundan fərqli olaraq, yeni qanun layihəsində "erkən evlilik" ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyət yaradır. Həmçinin, çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur. Qeyd edək ki, yeni layihədə hər bir uşağın fikir və söz azadlığı, eyni zamanda, uşağın məlumat almaq, əldə etmək azadlığı haqqında ayrıca maddələr qeyd olunur. Uşaq və ailə münasibətlərinə gəldikdə isə, yeni qanun layihəsinə görə, valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan olunur. Eyni zamanda uşaq inzibati və məhkəmə icraatında birbaşa iştirak hüququna malik subyekt kimi tanınır. Uşaqyönümlü prosedurlar, yaşa uyğun izahat, hüquqi yardım, nümayəndə ilə təminat ayrıca maddələrlə tənzimlənir. Bu yanaşma uşaq ədalət sistemi konsepsiyasına tam uyğundur. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Yekunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, yeni qanunun ilk oxunuşdan qəbul edilməsinə və müsbət yanaşmaya görə təşəkkürünü bildirib. 

Ətraflı