Media
Xəbərlər

Dövlət Komitəsinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər
Oktyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Respublika Qan Bankının birgə təşkilatçılığı ilə YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib. Aksiyada Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Məqsəd talassemiya, irsi qan və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək olmaqdır.

Çində "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində seminar keçirilib
2025-ci ilin 12–29 oktyabr tarixlərində Çin Xalq Respublikası tərəfindən “Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına üzv və tərəfdaş ölkələrdən olan nümayəndələrlə inkişaf təcrübəsinin paylaşılması və əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi məqsədilə seminar keçirilib. Seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Roza Şamıyeva da iştirak edib. 14 gün davam edən seminar müddətində Pekin şəhərində 6, Çindao şəhərində 2 müəssisəyə səfər edilib. Səfər zamanı iş prosesində innovativ yeniliklərlə (robototexnikanın istifadəsi ilə) tanış olan seminar iştirakçıları “Çində əsas şərtlər və ümumi vəziyyət”, “Komanda quruculuğu”, “Korporativ mədəniyyət” mövzularında təqdimatları və Çin Xalq Respublikasının tanınmış universitet müəllimlərinin müxtəlif mövzularda mühazirələrini dinləyiblər.

Gənc jurnalistlər Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində olublar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin jurnalistika ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinə info-tur təşkil olunub. Səfərin məqsədi gənc jurnalistlərin uşaq və ailələrə sosial dəstək sahəsində həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olması, bu istiqamətdə maariflənmələrinin təmin edilməsi olub. Info-tur zamanı tələbələr Mərkəzdə göstərilən xidmətlərlə tanış olublar, icmadaxili fəaliyyət, əhali ilə aparılan işlər, həmçinin sosial dəstək mexanizmləri barədə ətraflı məlumat əldə ediblər. Gənc jurnalistlər Mərkəzin təlim və aktiv terapiya otaqları və digər texniki otaqlarda görülən işlərlə tanış olublar. Tədbir zamanı Mərkəzin fəaliyyət istiqamətləri — psixoloji və pedaqoji dəstək, fərdi məşğələlər, sosial iş, təlim və seminarların təşkili barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirməsi üzrə seminarlar davam edir
24 və 27 oktyabr 2025-ci il tarixlərində Oğuz və Daşkəsən rayonlarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən seminarlar keçirilib. Seminarların keçirilməsində məqsəd bələdiyyələrdə gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli idarəetmənin genderə həssas yanaşma, gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi və bələdiyyələrin bu sahədə maarifləndirilməsidir. Ekspert Abil Bayramov tərəfindən keçirilən seminarlarda bələdiyyə sədrləri və üzvləri iştirak ediblər. Növbəti seminarların Ağsu, Ucar və Kürdəmir rayonlarında keçirilməsi planlaşdırılıb.
“Azərbaycan Respublikasının Konstitusiyası uşaqların gözü ilə” mövzusunda görüş keçirilib
28 oktyabr 2025-ci il tarixində Bakı şəhəri Suraxanı rayonunda yerləşən 172 saylı tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının Konstitusiyası uşaqların gözü ilə” mövzusunda 9-10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. İnteraktiv müzakirələr şəklində keçən təlim zamanı Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə Konstitusiyasının tarixi, mahiyyəti, həmçinin uşaq hüquqları ilə bağlı müddəaları haqqında məktəblilərə məlumat verib. Həmçinin görüşdə Uşaq Səfirlər Məclisinin üzvləri Məclisin fəaliyyəti haqqında ətraflı məlumatı uşaqların diqqətinə çatdırıblar.

Regionlarda valideyn və müəllimlərin iştirakı ilə maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 20 oktyabr - 20 noyabr Uşaq Hüquqları Aylığı çərçivəsində Bakının Xəzər rayonu, Goranboy, Göygöl, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında maarifləndirici görüşlər keçirilib. Rayon İcra Hakimiyyətləri yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının, rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun əməkdaşları, valideynlər və müəllimlərin iştirak etdiyi tədbirlərin keçirilməsində məqsəd ailə və məktəbdə uşaqlara yanaşma üsulları, yaranan problemlər, yol verilən səhvlər və aradan qaldırılması yollarının müzakirə edilməsidir. Tədbirlərdə çıxış edənlər valideyn-uşaq-müəllim münasibətlərindən irəli gələn problemlər, onların aradan qaldırılması yolları barədə danışıblar. Görüşlərdə, həmçinin qeyd olunub ki, uşaqların təlim və tərbiyəsində yaş və fərdi xüsüsiyyətlərin nəzərə alınması, məktəb və ailə mühitinin balanslaşdırılmış, təhlükəsiz və dəstəkləyici olması vacibdir. İştirakçılar onları narahat edən məsələlərlə bağlı fikirlərini bildiriblər, valideyn, məktəb və uşaq üçbucağındakı münasibətlər sisteminin qarşılıqlı anlaşma və əməkdaşlıq formatında qurulmasının vacibliyini vurğulayıblar.
“Xeyirxahlıq ailədən başlayır” adlı təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailə könüllüləri” layihəsi çərçivəsində “Xeyirxahlıq ailədən başlayır” adlı təlim keçirilib. Təlimin keçirilməsində məqsəd ailələr arasında könüllülük fəaliyyətini təşviq etməklə ailə institutuna sosial və psixoloji dəstək göstərmək, həmçinin ailə dəyərlərinin möhkəmləndirilməsinə dair yeni təşəbbüsləri formalaşdırmaqdır. Təlimdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, “Ailə könüllüləri” layihəsi sadəcə bir təşəbbüs deyil, dərin ictimai əhəmiyyət daşıyan bir hərəkatdır. Bu layihə ailə dəyərlərinin, milli-mənəvi ənənələrin qorunub saxlanmasına və cəmiyyətdə ailənin rolunun güclənməsinə mühüm töhfə verəcək. Paytaxt və bölgələri təmsil edən könüllü ailələr və sosial məsələlər üzrə mütəxəssislərin iştirak etdiyi təlimdə könüllülük mədəniyyəti, çətin həyat şəraitində olan ailələrə dəstək mexanizmləri, eləcə də ailədaxili münasibətlərdə effektiv ünsiyyət mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.

“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı – 2025” təqdim olunub
27 oktyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı – 2025”in təqdimat mərasimi keçirilib. Öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Mərasim “Gənc qızların təhsilinə dəstək” layihəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Daha sonra rəsmi çıxışlar dinlənilib. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan dövlətinin qadınların və qızların təhsilinə göstərdiyi diqqətin ölkənin sosial və iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. B.Muradova qeyd edib ki, xalqımızın uzun illər boyu yaratdığı ənənələr bu gün də davam etdirilir. Dövlətimizin əldə etdiyi uğurlar Prezident İlham Əliyevin və onun ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil, mədəniyyət və humanitar sahələrə göstərdiyi diqqətinin nəticəsidir. Komitə sədri təşkilatçılar və tərəfdaşlarla birgə, həmçinin milli sahibkarların dəstəyi ilə həyata keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsinin artıq 5 ildir icra olunduğunu və bu müddətdə 238 gənc qızın proqramdan yararlandığını deyib. Eyni zamanda layihənin daha çox gənc qız arasında populyarlaşdığı və ölkənin bütün regionlarından müraciətlərin daxil olduğunu vurğulayan sədr, iştirakçıların ölkəmizin 57 rayonunu və 16 şəhərini təmsil etdiyini diqqətə çatdırıb. B.Muradova, layihə təqaüdçüləri arasında mühəndislik, texnologiya və informasiya elmləri sahələrinə qəbul olanların sayının xeyli artdığını söyləyib. Bildirib ki, qızların kompüter, neft-qaz, informasiya təhlükəsizliyi, data analitikası və kimya mühəndisliyi kimi ixtisasları seçməsi cəmiyyətimizdə qeyri-ənənəvi peşələrə gənclərin, xüsusilə qızların cəlb olunmasında uğurlu nəticələrin göstəricisidir. Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev, qadınların cəmiyyətdə rolunun onların təhsildə inkişafı ilə sıx bağlı olduğunu bildirib. Nazir qeyd edib ki, qızların təhsilə cəlb olunması yalnız fərdi deyil, həm də ictimai maraqlara xidmət edir və bu istiqamətdə atılan addımlar güclü gələcəyin əsasını qoyur. O, ali təhsilli qadınların sayının artmasının uşaqların təhsilinə, gələcək inkişafına, eləcə də cəmiyyətin və ölkənin tərəqqisinə müsbət təsir göstərdiyini söyləyib. Təhsilin İnkişaf Fondunun İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən İlqar Bayramlı bildirib ki, bu il “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” çərçivəsində 93 tələbə qız təqaüd dəstəyi almaq imkanı əldə edib. O, layihənin icrası dövründə ümumilikdə 300-ə yaxın tələbənin bu proqramda iştirak etdiyini deyib. Əlavə edib ki, indiyədək Fond tərəfindən həyata keçirilən təqaüd proqramlarına 3 mindən çox müraciət daxil olub və 400-dən artıq tələbə qız bu layihələrdə iştirak edib. İ. Bayramlı, Fondun bu təşəbbüsünü həm strateji bir hədəf, həm də böyük məsuliyyət kimi qiymətləndirildiyinu vurğulayıb. Mərasimdə təqaüd proqramının iştirakçısı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi Duyğu Əsgərli də çıxış edərək layihənin gənc qızların təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Proqram çərçivəsində qazandığı bilik və təcrübələrdən bəhs edib, təşkilatçılara təşəkkürünü bildirib. Mərasimdə təqaüd proqramına seçilən tələbələrə sertifikatlar təqdim olunub və bədii hissə ilə tədbirə yekun vurulub. Qeyd edək ki, təqaüd proqramının məqsədi həssas təbəqədən olan, eyni zamanda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənc qızların təhsilinə dəstək vermək, onların sosial rifahına və elmi inkişafına töhfə verməkdir. Proqram çərçivəsində seçilən tələbələrə aylıq təqaüdlər təqdim olunacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir
Növbəti qonağımız Hacıqabul rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Quliyevlər ailəsidir. Vahid Quliyev və həyat yoldaşı Şamama Rəhmanova 44 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 3 qız övladı və 4 nəvələri var. Onlar öz uğurlu ailələri ilə Azərbaycan ailə modelini bir daha layiqli şəkildə nümayiş etdirirlər. Milli-mənəvi dəyərlərimizi qoruyub saxlayan, ailə dəyərlərinə sadiq yaşam tərzi ilə seçilən Quliyevlər ailəsinin gənclərə ünvanladığı dəyərli tövsiyələr hər birimiz üçün örnək və ilham mənbəyidir. Vahid Quliyev Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Metallurgiya fakültəsini bitirdikdən sonra təyinat üzrə Şirvan şəhərində zavodda mühəndis, sahə rəisi, sex rəisi vəzifələrində çalışıb. Müharibə iştirakçısıdır, 4 medalla təltif olunub. Şamama Rəhmanova 36 il Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbində kimya müəllimi kimi fəaliyyət göstərib. Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ş.Rəhmanova 04.10.2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Vahid Quliyev: “Ailədə birlik olarsa o ailə hər zaman xoşbəxt olar, hər iki tərəf bağışlamağı bacarmalıdır. Səhvsiz insan yoxdur, kin saxlamaq əvəzinə bir-birini anlamaq, bağışlamağı bacarmaq lazımdır”. Şamama Rəhmanova: “Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün uşaqlarda elmə, biliyə maraq yaradılmalı, onların potensialı düzgün istiqamətləndirilməlidir”.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi