“Həyatının memarı – sən özünsən” layihəsi çərçivəsində görüş keçirilib

28 oktyabr 2024 12:55

Paylaş:

25 oktyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Həyatının memarı – sən özünsən” layihəsi çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə müəllimlərlə maarifləndirici görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Xumarə Xəlilova, tədbirin məqsəd və əhəmiyyətindən bəhs edib. Çıxış edən Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Daha sonra görüşün eksperti Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva “Narkomaniyaya yox deyək!” adlı təqdimatla çıxış edib, zərərli vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışıb.

Sonda “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Əlvida mənim dostum” qısametrajlı filmi izlənilib və mövzuya aid maarifləndirici materiallar paylanılıb.