Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“Ailəm könüllüləri” proqramı çərçivəsində könüllülük fəaliyyətini uğurla başa vurmuş gənclərlə görüş keçirildi

3 fevral 2026-cı il tarixində keçirilən görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Gənclər Günü münasibətilə iştirakçıları təbrik edib. O, gənclərin dövlət siyasətinin həyata keçirilməsində və insan kapitalının formalaşmasında əsas dayaq qüvvələrindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənclərin inkişafı, bilik və bacarıqlarının artırılması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli proqramlar icra olunur. Aynur Sofiyeva eyni zamanda könüllülük fəaliyyətinin gənclərdə sosial məsuliyyət hissinin artırılması, qərarvermə mədəniyyətinin formalaşması və praktik təcrübənin qazanılması baxımından mühüm rol oynadığını vurğulayıb. Aynur Sofiyeva, könüllülərin təcrübə proqramını uğurla başa vurduğunu vurğulayaraq, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib. Məzun könüllülərin bundan sonra da Komitənin fəaliyyətində aktiv iştirak edəcəyinə inamını ifadə edib. Müzakirələrlə davam edən görüşdə təəssüratlarını bölüşən könüllülər, nəzəri biliklərin təkmilləşdirilməsində, eləcə də təcrübi bacarıqların əldə olunmasında Dövlət Komitəsindəki könüllülük fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, yaradılan şəraitə və dəstəyə görə təşəkkürlərini bildiriblər. Yekunda könüllülük fəaliyyətini uğurla başa vuran gənclər sertifikatla təltif olunub.

Ətraflı
Azərbaycan və İƏT qadın hüquqları sahəsində birgə fəaliyyət perspektivlərini müzakirə edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İslam Əməkdaşlıq Təşkilatının Qadın İnkişafı Təşkilatının icraçı direktoru Afnan əl-Şueybi ilə görüş keçirib. Qahirədə “Dini və media diskursunun İƏT-ə üzv ölkələrdə qadın hüquqlarının müdafiəsi və təşviqinə təsiri” mövzusunda təşkil olunan beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə Azərbaycan ilə Qadın İnkişafı Təşkilatı arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. 2021-ci ildən fəaliyyət göstərən Qadın İnkişafı Təşkilatı haqqında məlumat verən Afnan əl-Şueybi bu platforma çərçivəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. O qeyd edib ki, mərkəzi qərargahı Qahirədə yerləşən təşkilat üzvlük coğrafiyasını genişləndirir və beynəlxalq arenada mövqelərini möhkəmləndirir.  Afnan əl-Şueybi Azərbaycanda qadın hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirləri və əldə olunan nəticələri müsbət dəyərləndirib. Dövlət Komitəsinin fəaliyyəti, reallaşdırılan layihələr və prioritet istiqamətlər barədə məlumat verən Bahar Muradova qadın hüquqlarının qorunması, gender bərabərliyinin təşviqi və qadınların ictimai-iqtisadi fəallığının artırılması istiqamətində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Dövlət Komitəsinin dəstəyi ilə qadınların sahibkarlıq fəaliyyətinin gücləndirilməsi istiqamətində bir sıra işlər görülür. Bu kontekstdə Sahibkar Qadınlar Assosiasiyası uğurla fəaliyyət göstərir. B.Muradova, həmçinin Azərbaycanın İƏT-lə müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini və təşkilatın fəaliyyətinə fəal töhfə verən üzv ölkələrdən biri olduğunu vurğulayıb. Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov iştirak edib.

Ətraflı
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən keçirilən tədbirlərin məqsədi gənclər arasında ailə dəyərlərinin qorunması və təbliğidir. Maarifləndirici görüşlər, psixoloji treninqlər formatında keçirilən tədbirlərdə gənc ailələr, gənclərlə işləyən yerli idarə və müəssiələrin əməkdaşları, Mərkəzlərin ekspert qrupunun üzvləri, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri və tələbələr iştirak edib. Tədbirlərdə çıxış edənlər Gənclər Günü münasibətilə iştirakçıları təbrik edib, ölkəmizdə gənclərlə iş sahəsində, milli-mənəvi dəyərlərin təbliği,  gənclərin ailə həyatına hazırlanması və reproduktiv sağlamlıq  istiqamətində görülən işlərdən danışıblar. Keçirilən psixoloji treninqlər interaktiv şəkildə təşkil olunub, müzakirə, situasiya tapşırıqları və sual-cavab vasitəsilə gənclərin mövzu üzrə bilik və bacarıqları artırılıb.

Ətraflı
Ağcabədidə məktəblilər üçün “Sağlam həyat, sağlam ətraf mühit” mövzusunda maarifləndirici təlim keçirilib

2 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ağcabədi regional “ASAN xidmət” mərkəzinin dəstəyi ilə  “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müvafiq bəndinə əsasən yuxarı sinif şagirdləri üçün “Sağlam həyat, sağlam ətraf mühit” mövzusunda maarifləndirici təlim keçirilib. Təlim zamanı Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev çıxış edərək, uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti və həyata keçirilən tədbirlər barədə məlumat verib. O, uşaqların inkişafı üçün sağlam və təhlükəsiz mühitdə yaşamağın vacibliyindən bəhs edib. Daha sonra Ağcabədi regional “ASAN xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov çıxışında dövlətin sağlam ətraf mühitin qorunması və əhalinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi siyasət tədbirlərindən danışıb. O, xüsusilə könüllülük fəaliyyətinin cəmiyyətin inkişafında və gənclərin fəal vətəndaş kimi formalaşmasında əhəmiyyətini qeyd edib. Sonda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Sevinc Bağırova çıxış edərək sağlamlığın qorunması, düzgün qidalanma, fiziki aktivlik və sağlam həyat tərzinin faydaları barədə şagirdlərə praktik tövsiyələr verib. Təlim interaktiv formatda keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb. Sonda mövzu ilə əlaqəli bukletlər paylanıb, xatirə şəkli çəkilib.  

Ətraflı
Azərbaycan və Pakistan arasında qadın və qızların təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Pakistan İslam Respublikasının Federal Təhsil və Peşəkar Təlim üzrə naziri Vaciha Qamar ilə ikitərəfli görüş keçirib. Görüş Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində təşkil olunan “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutub. Görüş zamanı Bahar Muradova Azərbaycan ilə Pakistan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən təhsil, sosial siyasət və gender bərabərliyi istiqamətlərində uğurla inkişaf etdiyini vurğulayıb. O, mövcud əməkdaşlığın daha da genişləndirilməsinin və institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Komitə sədri xüsusilə qızların təhsil almasının qadınların sosial-iqtisadi fəallığının artırılmasında mühüm rol oynadığını diqqətə çatdıraraq, Azərbaycanda qadın və qızların təhsilə cəlb olunması, onların bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilən dövlət proqramları və təhsil layihələri barədə ətraflı məlumat verib. Pakistanın Federal Təhsil və Peşəkar Təlim üzrə naziri Vaciha Qamar Azərbaycanın bu sahədə əldə etdiyi müsbət təcrübəni yüksək qiymətləndirib. Nazir qızların təhsilinə dəstək istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayaraq, sözügedən sahədə Azərbaycanla təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını bildirib. O, eyni zamanda qadın və qızlar üçün peşəkar təlim proqramlarının inkişaf etdirilməsinin sosial rifahın yüksəldilməsinə töhfə verdiyini qeyd edərək, bu sahədə birgə təşəbbüslərin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. Görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanları, birgə təşəbbüslərin reallaşdırılması və qarşılıqlı əlaqələrin dərinləşdirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Ətraflı
Azərbaycan və Misir arasında qadın məsələləri üzrə əməkdaşlıq müzakirə olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Misirin Qadın Məsələləri üzrə Milli Şurasının sədri Amal Əmmarla görüşüb. Qahirə şəhərində işinə başlayan “Dini və media müzakirələrindən istifadə, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən görüşdə Azərbaycan ilə Misir arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət Komitəsinin sədri İCESCO, eləcə də Türkiyə və Mərakeşlə həyata keçirilən uğurlu layihələrə toxunaraq, bu cür təşəbbüslərin Misirlə də reallaşdırıla biləcəyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Misirin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var. B.Muradova, Azərbaycanın müsəlman Şərqində ilk dünyəvi respublikanı yaratdığını xatırladıb, bu gün multikultural cəmiyyətə malik, müxtəlif dinlərin və konfessiyaların nümayəndələrinin sərbəst fəaliyyət göstərdiyi ölkə olduğunu qeyd edib. Komitə sədri Azərbaycanda ailə dəyərlərinin, qadın və uşaq hüquqlarının qorunması istiqamətində qanunvericiliyin daim təkmilləşdirildiyini, erkən evliliklərin qarşısının alındığını, qohum nikahlarının qadağan edildiyini, məişət zorakılığı ilə mübarizə istiqamətində hüquqi mexanizmlərin gücləndirildiyini bildirib. O, bütün dünyada qadınların oxşar problemlərlə üzləşdiyini diqqətə çatdıraraq, bu sahədə beynəlxalq əməkdaşlığın önəmini vurğulayıb. Həmçinin uşaqların sosial mediadan istifadəsi ilə bağlı müəyyən tənzimləmələrin vacibliyinə toxunub. Misirin Qadın Məsələləri üzrə Milli Şurasının sədri Amal Əmmar konfransın əsas məqsədlərindən birinin təcrübə mübadiləsi olduğunu qeyd edib. O, İƏT-ə üzv dövlətlərin qadın məsələləri üzrə qurumlarının rəhbər şəxslərinin 2021-ci ildə Qahirədə keçirilmiş 8-ci konfransının nəticələrinə əsasən yaradılmış Hüquq Kitabxanası və Düşüncə Mərkəzinin qadın hüquqlarını dəstəkləyən qanunvericilik təşəbbüslərinin və həyata keçirilən tədbirlərin paylaşılması baxımından əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, mərkəz İƏT ölkələri üzrə qadın hüquqları sahəsində araşdırmalar aparan tədqiqatçılar üçün də əlverişli platformadır. Amal Əmmar vurğulayıb ki, qloballaşma dövründə milli və mənəvi dəyərlərin qorunmasında medianın rolu xüsusi əhəmiyyət kəsb edir və bu sahədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədəuyğundur. Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov da iştirak edib.  

Ətraflı
Bahar Muradova Qahirədə keçirilən beynəlxalq konfransda çıxış edib

Misir Ərəb Respublikasında səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qahirə şəhərində “Dini və media müzakirələrindən istifadə və onun İƏT-ə üzv dövlətlərdə qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda keçirilən konfransda iştirak edib. Konfrans çərçivəsində təşkil olunan “Qadınların müsbət rolları barədə ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin rolu” adlı sessiyada sualları cavablandıran Bahar Muradova media, mədəniyyət və incəsənətin qadın hüquqlarının təşviqində strateji əhəmiyyət daşıdığını bildirib. Komitə sədri vurğulayıb ki, bu sahələr təkcə informasiya ötürən vasitələr deyil, həm də ictimai şüurun formalaşmasına, davranış modellərinin dəyişməsinə və gender bərabərliyinin təşviqinə xidmət edən “yumşaq güc” alətləridir. Azərbaycan təcrübəsində media və rəqəmsal platformalar vasitəsilə qadınlar ictimai, iqtisadi və siyasi həyatın fəal subyektləri kimi təqdim olunduğunu qeyd edən B.Muradova, qadın liderliyi, sahibkarlıq, sülh quruculuğu və ailədaxili tərəfdaşlıq mövzularının sistemli şəkildə ictimai gündəmə çıxarıldığını əlavə edib. B.Muradova vurğulayıb ki, media və mədəniyyət sahəsində fəaliyyətlər vahid dövlət siyasətinin tərkib hissəsi kimi koordinasiyalı şəkildə həyata keçirilir və bu yanaşma qadınların müsbət imicinin davamlı şəkildə möhkəmlənməsinə şərait yaradır. Qadınların müsbət imicinin formalaşmasının yalnız mədəni təqdimatla deyil, onların real qərarvermə proseslərində fəal iştirakı ilə mümkün olduğunu qeyd edən Komitə sədri, Azərbaycanın bu istiqamətdə ardıcıl yanaşma tətbiq edərək qızların təhsilinin təşviqini əsas başlanğıc nöqtəsi kimi müəyyənləşdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Şərqdə ilk dünyəvi qızlar məktəbinin Azərbaycanda açılması qadınların ictimai rolunun legitimləşdirilməsində mühüm mərhələ olub və bu maarifçi ənənə bu gün də davam etdirilir. Dövlət Komitəsinin koordinasiyası ilə regionlarda maarifləndirmə, erkən evlilik risklərinin azaldılması və valideynlərlə dialoq aparılır, paralel olaraq qadınların icra, qanunverici və məhkəmə hakimiyyətində təmsilçiliyinin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi həyata keçirilir. B.Muradova bildirib ki, qadın liderlərin, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın və Milli Məclisin sədri Sahibə Qafarovanın fəaliyyəti gənc nəsil üçün real rol modelləri yaradır. Eyni zamanda qadın sahibkarlığı, məşğulluq və sosial layihələr qadınların iqtisadi müstəqilliyini gücləndirir. Beynəlxalq müstəvidə isə qadınların diplomatiyada, humanitar təşəbbüslərdə və “Qadınlar, Sülh və Təhlükəsizlik” gündəliyində fəal iştirakı Azərbaycanın müasir və inklüziv imicinin möhkəmlənməsinə töhfə verir. Bahar Muradova qeyd edib ki, bu ardıcıl və sistemli model İƏT məkanında digər ölkələr üçün də uyğunlaşdırıla bilən praktik nümunə kimi dəyərləndirilə bilər. Konfrans sessiyalarla davam edib. Sonra Bahar Muradova Misir mediasının suallarını cavablandırıb.

Ətraflı
Azərbaycan Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda təmsil olunur

Fevralın 1-də Qahirədə “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.  Konfrans Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında, əl-Əzhər əl-Şərif və Misirin Qadınlar üzrə Milli Şurası tərəfindən təşkil olunub. Misirin Baş naziri Mustafa Mədbuli, əl-Əzhərin şeyxi, böyük imam Əhməd əl-Tayyib, İƏT-ə üzv dövlətlərin nazirləri, səfirlər, din xadimlərinin və digər nümayəndə heyətlərinin qatıldıqları tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. İki gün davam edəcək tədbirdə qadınların dini və ideoloji ekstremizmlə mübarizədə, eləcə də sülh və təhlükəsizlikdə rolu, qadınlarla bağlı ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin əhəmiyyəti, qadın və qızların iqtisadi hüquqları, ÜDM-ə töhfəsi və kiber zorakılıqdan qorunması mövzuları müzakirə olunacaq. Konfransın sonunda “Qahirə Bəyannaməsi”nin qəbul edilməsi gözlənilir.  

Ətraflı
Bakı şəhəri və regionlarda “Açıq qapı” günü keçirildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 28 yanvar 2026-cı il tarixində psixoloq və sosial işçilərin iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, İsmayıllı şəhəri, Ağdam rayonunun İkinci Dördyol qəsəbəsi, Goranboy rayonunun Dəliməmmədli, Hacıqabul rayonunun Kürçülü, Qəbələ rayonunun Çuxur Qəbələ, Saatlı rayonunun Sımada, Sabirabad rayonunun Nərimankənd, Zaqatala rayonunun Üçüncü Tala, Zərdab rayonunun Qoruqbağı, Göygöl rayonunun Qızılqaya kənd və qəsəbələrini əhatə edib. “Açıq qapı” günündə vətəndaşların UADM-lərin xidmətlərindən istifadə, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, aliment, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, əlil arabası ilə təmin olunma, evdə (səyyar) sosial xidmət, uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması və ünsiyyət problemi üzrə müraciətləri dinlənilib. Bundan əlavə, uşaqlarda inkişaf ləngiməsinin erkən aşkarlanması və profilaktikası məqsədilə mərkəzlərin mütəxəssisləri tərəfindən Denver II qiymətləndirmə testi tətbiq olunub. “Açıq qapı” günündə ümumilikdə 74 nəfər vətəndaşın müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Ətraflı