Qadın hüquqları və gender bərabərliyi sahəsində Azərbaycan ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Paylaş:
Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti oktyabrın 22-də BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) Cenevrədəki nümayəndəlik ofisinin rəhbəri Adriana Quinyones və "UN Women"in Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb.
Görüşdə Azərbaycan ilə BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin Cenevrədəki nümayəndəlik ofisi arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Bu əməkdaşlığın bir sıra sahələri əhatə etdiyi, gender bərabərliyi və qadınların hüquqları ilə yanaşı, onların iqtisadi müstəqilliyi, məşğulluq məsələləri ilə bağlı bir sıra birgə layihələrin həyata keçirildiyi qeyd olunub.
Nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycanın BMT Qadınlar Təşkilatının Cenevrədəki Nümayəndəlik ofisi ilə əməkdaşlığın bundan sonra daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.
Qeyd edilib ki, Azərbaycanda qadınların hüquqlarının qorunmasına, xüsusilə həssas təbəqədən olan qadınların problemlərinin həllinə böyük diqqət yetirilir, regionlarda müvafiq dəstək və resurs mərkəzləri fəaliyyət göstərir. Ölkəmizdə qadınların hüquq və azadlıqlarının təmin olunması, gender bərabərliyi sahəsində dövlət və parlament səviyyəsində ardıcıl tədbirlər reallaşdırılır, qanunvericilik bazası daha da təkmilləşdirilir, mütərəqqi qanunlar qəbul edilir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın hüquqları və gender bərabərliyi ilə bağlı vacib qanunların qəbul edildiyini diqqətə çatdırıb, bu sahədə dövlət və parlament arasında nümunəvi əməkdaşlıqdan söz açıb. O, Azərbaycanın sahədəki təcrübəsinə bir sıra ölkələr tərəfindən böyük maraq göstərildiyini qeyd edib.
Söhbət zamanı Azərbaycanda qadınların iqtisadi fəallığının artırılması, xüsusilə onların kənd təsərrüfatında uğurlu fəaliyyətinin təmin edilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, ölkəmizdə qadınların bilik və bacarıqlarının artırılması, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün maliyyə resurslarına çıxış imkanları asanlaşdırılır, qadın sahibkara aşağı faizli kreditlər ayrılır. Bu sahədə görülən işlər uğurlu nəticələr verir. Belə ki, Elektron Kənd Təsərrüfatı Sistemində qeydiyyatda olan 683 mindən çox fermerin 26 faizini qadın fermerlər təşkil edir.
Həmçinin işğaldan azad olunan ərazilərin minalarla çirkənlədirilməsinin Qarabağda və Şərqi Zəngəzurda digər sahələrlə yanaşı, insanların, xüsusən qadınların sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə ciddi maneə olduğu da vurğulanıb.
B.Muradova Bakıda keçiriləcək COP29 çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə 21 noyabr - Gender Bərabərliyi Günü münasibətilə beynəlxalq tədbirin keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycanın Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını vurğulayan Komitə sədri həmin tədbirdə iştirak etmək üçün ICESCO-nun Baş katibinin də dəvət olunduğunu bildirib.