Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə görüşüb

25 oktyabr 2024 18:01

Paylaş:

Cari ilin 5 dekabr tarixində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində Uşaq Səfirlər Məclisi üzvlərinin dövlət orqanları rəhbərləri ilə görüşləri təşkil edilib.

Məclis üzvlərinin ilk görüşü Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə keçirilib. Görüş zamanı T.Musayev Forumun uşaqların həyatında əhəmiyyətli hadisə olduğunu və onların gələcək inkişafına təkan verdiyini bildirib. Həmçinin, tədbirin ekologiyaya həsr olunmasını yüksək qiymətləndirərək, təmiz ətraf mühitin insanların sağlamlığına müsbət təsirindən bəhs edib.

Daha sonra Teymur Musayev Forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Sonda səmimi görüşə görə cənab nazirə təşəkkür edən uşaqlar dövlətimizin onlara olan qayğısını hər zaman hiss etdiklərini bildiriblər.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2009-cu ildən etibarən Azərbaycan Uşaqlarının Forumlarını keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə həmin ildən başlayaraq uşaqların həyatında əhəmiyyətli hadisə olan Forumların keçirilməsi artıq ənənə halı alıb.

Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Keçirilən Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir. Belə ki, Forumlar uşaqların iştirakı ilə uşaqlar tərəfindən idarə olunan bir tədbirdir.