“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Quliyevlər ailəsidir
Paylaş:
Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir.
Layihənin növbəti qonağı Hacıqabul rayonundan olan Quliyevlər ailəsidir. Ağalar Quliyev və həyat yoldaşı Rəfiqə xanım 46 ildir ki birgə ömür sürürlər. Ağalar Quliyev 17 noyabr 1945-ci ildə Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olub. 1962-1968-ci illərdə Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb. 1968-ci ildən Hacıqabul rayon Dəmiryol Xəstəxanasında işləyib, 1973-cü ildən həmin xəstəxanaya baş həkim təyin edilib. Həyat yoldaşı Rəfiqə Həmzəyeva 1954-cü il mayın 24-də Mingəçevirdə anadan olub, 1971-1978-ci illərdə Tibb Universitetində mamalıq-ginekologiya ixtisası üzrə təhsil alıb, təhsilini bitirdikdən sonra Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında ginekoloq olaraq fəaliyyət göstərib, 3 ildir təqaüddədir.
Quliyevlərin bu evlilikdən 3 övladı (bir qız, iki oğlan), 6 nəvəsi var. Hər üç övlad ali təhsillidir.
İndi isə bu zəhmətkeş, uzun və nümunəvi ömür yolu olan ailə ilə müsahibəmizi təqdim edirik.
- Hörmətli Ağalar müəllim və Rəfiqə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 46 ildir davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Rəfiqə xanım, əvvəlcə Sizdən başlayaq.
- Belə deyək ki, xoşbəxt ailənin sirri ondadır ki, ailədə ər-arvad arasında hər zaman həmrəylik olmalıdır. Bəzən olur ki, ailədə kiçik mübahisələr düşür. Çox vaxt uşaqlarla bağlı olur bu mübahisələr. Bu zaman hər iki tərəf elə davranmalıdır ki, ana ya atanın fikri səhv olsa belə övladların yanında bir-birilərinə irad bildirməsinlər.
- Ağalar həkim, bu mövzuda Siz nə deyə bilərsiz?
- Əsas ailədə hörməti, mehribanlığı qorumaq lazımdı. Biz kişilərin borcudur ki, həyat olan, həyatın təməli olan qadınlarımızı hər zaman qoruyaq, onların həssas qəlbini sınmağa yol verməyək.
- Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?
- Hər zaman bir-birimizin fikirlərinə hörmətlə yanaşmışıq. Elə ev yoxdur ki, orada problem olmasın. Əsas odur ki, valideynlər bir-birlərini dinləmə mədəniyyətinə sahib olsunlar. Bəzən olub ki, müəyyən məsələlərdə Ağalar müəllim mənim fikrimlə razılaşmayıb, amma bilirsiniz ki, qadın zəkası iti olur, elə halda fikrimi ona elə çatdırmışam ki, sanki onun öz fikridir, beləcə razılaşıb (gülür).
- Ağalar həkim Sizcə vətənə, dövlətə layiqli övladlar yetişdirmək üçün nə etmək lazımdır?
- Onu deyim ki, mən dağ rayonunda dünyaya gəlmişəm. Mənim valideynlərim sadə kənd adamları olublar. Onlardan hər zaman gördüyüm Allaha inam və sədaqətlə həyat sürmək olub. Bildiyiniz kimi Vətən sevgisi imandandır, bircə gün Vətənin keşiyində durmaq bütün dünyadan və dünyanın içində var olan hər şeydən daha üstün və xeyirlidir. Mənə valideynlərimdən miras qalan bu nəsihəti hər zaman övladlarıma aşılamışam, nəinki övladlarıma hətta gündəlik həyatımda və işlədiyim kollektivdə belə gəncləri bu amala doğru xidmət etməyə səsləmişəm. Bunun nəticəsidir ki, övladlarımın hər üçü istər vətəndə, istərsə də vətəndən xaricdə dövlətə, vətənə sədaqətlərini tutduqları vəzifələri ilə layiqincə nümayiş etdirirlər.
- Rəfiqə xanım, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz?
- Övladlarımla aramızda hər zaman səmimi, mehriban ünsiyyət olub. Onların səhvləri ilə doğruları ilə çalışmışam ki, hər zaman yanlarında olum. İşimin gərgin olmasına baxmayaraq bir ana kimi daima onların gündəlik qayğılarını ən öndə məsələm hesab etmişəm. Mən onlara uşaq kimi deyil, şəxsiyyət kimi yanaşmışam. Bu istər abituriyent dönəmlərində ixtisas seçimində olsun, istərsə ailə quranda, yaxud da başqa məsələlərdə.
- Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Etmədiyinizə görə təəssüfləndiyiniz hər hansı bir məqam varmı?
- Əsla elə bir “kaş”larım yoxdur. Məncə təməldə düzgün təlim-tərbiyə olduqda insan geriyə dönüb heyiflənməz, əksinə zəhmətinin bəhrəsini görüb daha da qürur hissi duyar.
- Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
- Ailə kiçik dövlətdir və bu dövləti quran da kişi və qadındır. Onlar sağlam düşüncəli, möhkəm iradəli olmalıdır ki, ailə də möhkəm olsun. Ailə qurarkən qohumluq əlaqələri genişləndiyinə görə hər addımı atanda onları da düşünmək lazımdır. Əsas zahiri görünüş deyil, şəxsi keyfiyyətlərdir. Xüsusilə cütlüklər bir-birini düzgün anlamalıdırlar.
Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Quliyevlər ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.