“Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirilib

4 iyun 2024 16:06

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin,  Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət ailə siyasəti artıq milli strategiya kimin formalaşmaqdadır.

Qeyd edib ki, məişət zorakılığı vətəndaş  cəmiyyətinin əsaslarına ciddi zərbə vurur və zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir.

Çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu, qanunvericilikdə də öz əksini tapıb. O, həmçinin məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasında müvafiq qurumlar qarşısında qoyulmuş vəzifələr və bununla bağlı görülmüş işlər barədə məlumat verib. Məişət zəminində baş verən zorakılıq hallarının hər bir insanı narahat etdiyini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışıb.

O, bu istiqamətdə bələdiyyənin imkanlarından istifadə olunmasının vacibliyini vurğulayıb, məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik işin aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun fəaliyyət göstərdiyini qeyd edib. 

Bildirib ki, məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edə bilərlər: O, “Belə müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində bələdiyyələrin nəzdində yaradılmış Komissiyalar rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu, həmçinin hüquq-mühafizə orqanları ilə birgə iş aparır”-deyə əlavə edib.

Daha sonra qısametrajlı video çarx nümayiş edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.