Axtar
Xəbərlər

“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Abdullayevlər ailəsidir
Aidə Abdullayeva 1967-ci ildə Saatlı rayonunda ziyalı ailəsində anadan olub. 1984-1987-ci illərdə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) ali təhsil alıb. İnstitutu bitirdikdən sonra Saatlı şəhər Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb, 39 ildir ki, həmin məktəbdə pedaqoji fəaliyyət göstərərək gənc nəslin formalaşmasına töhfə verir. Həyat yoldaş İlham Abdullayev 1959-cu ildə Şuşa şəhərində anadan olub. Xalq Təsərrüfatı İnstitutunu bitirib, Aqrar Təsərrüfat və Statistika İdarəsində çalışıb. 2018-ci ildə vəfat edib. Abdullayevlər ailəsinin 2 övladı, 5 nəvəsi var. Hər iki övladı ali təhsil alıb. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik: Xoşbəxt evliliyin sirri nədədir? - Xoşbəxt evlilik yalnız birlikdə gülməkdən ibarət deyil, eyni zamanda çətin günlərində bir-birinin yanında olmaqdır. Biz yeni ailə quran zaman aramızda çox böyük sevgi olub və övladlarımızı sevgi ilə böyütmüşük. Lakin buna baxmayaraq çətinliklərimiz də olub ki, həmin çətinliklərin öhdəsindən birlikdə gəlmişik. Bir-birimizə daim hörmət etmişik. Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə məsələni necə həll edirsiniz? - Ailənin təməlində etibar, səbir və qarşılıqlı dəstək dayanmalıdır. Çalışmışıq ki, kənar söz-söhbətlər bizim ailəmizə mənfi təsir göstərməsin. Hər zaman bir-birimizə etibar etmişik, dəstək göstərmişik və səbirli olmuşuq. Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? - Hər şey tərbiyədən asılıdır. Uşağa vətən sevgisini, ailə dəyərlərini körpəlikdən aşılamaq lazımdır. Övladları o ruhda tərbiyə etmək lazımdır. Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? - Heç vaxt övladlarımıza ata-ana qorxusu ilə yaxınlaşmamışıq, onlara onu hiss etdirməmişik. Çalışmışıq övladlarımız bizimlə dost olsun, kənara yox bizə güvənsinlər. Bunlarla yanaşı tərbiyəni hər şeydən vacib bilmişik. Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri etmək istərdiniz? Nəyisə etmədiyinizə görə təəssüf hissi keçirirsiniz? - Sevindirici haldır ki, geriyə dönüb baxanda təəssüf hissi keçirmirəm. Bu gün övladlarımız müsbət keyfiyyətləri ilə seçilirlər, verdiyimiz tərbiyəni öz ailələrinə də ötürürlər. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görürsünüz? - Gənclərimiz bir-birinin hörmətini saxlasınlar, qarşılıqlı sevsinlər, öz sevgilərini qorumağı bacarsınlar. Çətinliklərə qarşı birgə mübarizə aparsınlar, istər xoş gündə, istərsə də çətin günlərdə əl-ələ tutmağı bacarsınlar. Hörmətli Abdullayevlər ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.

“Ailələrimizi tanıyaq” layihəsi davam edir
İsmayıllı rayonunun Mican kəndində doğulmuş Şəfaqət Rəsulov və Mingəçevir şəhərində anadan olmuş Leyla Rəsulova ömürlərinin böyük hissəsini təhsil sahəsinə həsr ediblər. Hər ikisi Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirərək uzun illər İsmayıllı rayonunun müxtəlif məktəblərində müəllim kimi fəaliyyət göstəriblər. Şəfaqət Rəsulov müəllimliklə yanaşı, rayon təhsil şöbəsində metodist, metodik kabinetin müdiri və müdir müavini, daha sonra isə İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifələrində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətinə görə 2008-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Həyat yoldaşı Leyla Rəsulova da uzun illər riyaziyyat müəllimi kimi çalışaraq rayonun təhsil həyatına öz töhfəsini verib. Yarım əsrdən artıqdır birgə ömür sürən Rəsulovlar ailəsi bu gün həm də möhkəm ailə dəyərləri, zəhmətsevərlik və təhsilə bağlılığın nümunəsi kimi diqqət çəkir. Beş övlad, yeddi nəvə sahibi olan ailədə təhsilə verilən önəm ənənəyə çevrilib. Övladlarından ikisi ali təhsil alıb, nəvələrindən üçü isə ali məktəblərə yüksək nəticə göstərərək qəbul olunub. Rəsulovlar ailəsinin həyat yolu uzun illər pedaqoji fəaliyyət, ailə dəyərlərinə sədaqət və gələcək nəslin təhsilinə göstərilən diqqətin vəhdəti ilə səciyyələnir. Bu baxımdan onların ailə modeli cəmiyyətdə sağlam və nümunəvi ailə dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Ailə ilə müsahibəmizi sizə təqdim edirik: - Xoşbəxt evliliyin sirri nədədir? Ş.Rəsulov: “Xoşbəxt ailənin təməli qarşılıqlı hörmət və sevgidən əlavə, tərəflərin bir-birinə şəxsi nümunə ola bilməsindədir. Əgər insan öz davranışları ilə ailəsinə örnək olmağı bacarırsa, həmin evdə mütləq xoşbəxtlik olar. Hər bir uğurlu kişinin arxasında güclü bir qadın dayanır. Hesab edirəm ki, bizim 50 illik evliliyimiz və birgə keçdiyimiz yol bu fikrin ən gözəl, nümunəvi təsdiqlərindən biridir”. L.Rəsulova: “Həyatın müəyyən məqamlarında güzəştə getməyi bacarmaq və çətinliklər qarşısında dözümlülük nümayiş etdirmək ailənin uzunömürlü olması üçün ən vacib şərtdir”. - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Ş.Rəsulov: “Hər bir ailədə fərqli baxışların və anlaşılmazlıqların olması təbiidir. Belə məqamlarda əsas çıxış yolu tərəflərin bir-birini təmkinlə dinləməsi və güzəştə getməyi bacarmasıdır. Münasibətlərdə hər iki tərəf eyni anda emosional davranmamalı, biri gərgin olduqda digəri mütləq anlayış və sakitlik nümayiş etdirməlidir”. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? Ş.Rəsulov: “Övladın cəmiyyət üçün layiqli bir vətəndaş kimi formalaşmasında ən təsirli vasitə valideynin şəxsi təcrübəsi ilə ona örnək olmasıdır. Uşaqların tərbiyəsi onlara verilən tərbiyədən, böyüdükləri mühitdən və həyatdan qazandıqları təcrübələrdən asılıdır”. - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? Ş.Rəsulov: “Ailəmdə münasibətləri təzyiqlə deyil, qarşılıqlı hörmət və anlayış üzərində qurmağa çalışıram. Övladlarımın şəxsi sərhədlərinə hörmət edir, qərarlarında onlara seçmək hüququ tanıyır və hər bir problemi ünsiyyətlə həll edirəm. Ailədə qorxu deyil, güvən mühiti hakim olmalıdır və bizim ailə olduğumuz gündən bu mühit var”. - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz. Ş.Rəsulov: “50 illik iş həyatım var. Təbii ki, bunu işə daha çox vaxt sərf etməklə nail olmuşam. Buna görə də ailəyə və övladlarıma bu bölgüdə az vaxt düşüb. İndi geri dönüb baxanda işin gərginliyindən övladlarıma çox vaxt ayıra bilmədiyimə görə az da olsa təəssüf hissi keçirirəm. İndi mən və Leyla xanım təqaüddəyik, nəvələrimizə daha çox vaxt ayırmaqla o boşluğu doldurmağa çalışırıq”. - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Ş.Rəsulov: “Ailə qurmağa hazırlaşan gənclər ilk növbədə maddi meyarlara deyil, mənəvi dəyərlərə üstünlük verməlidirlər. Onlar həyatın çətinliklərindən qorxmamalı, dözümlü və səbirli olmalı, hər bir addımı həmişə birlikdə məsləhətləşərək atmalıdırlar.” L.Rəsulova: “Gənclərə məsləhətim odur ki, qarşılaşdıqları hər bir problemdə bir-birlərinə arxa-dayaq olmağı bacarsınlar. Həm atalar, həm də analar övladlarının qarşısında bir-birinin nüfuzunu və hörmətini daim uca tutmalıdırlar. Ən əsası isə, uşaqlarını düzgün formalaşdırmaq üçün valideynlər özləri də pedaqoji və mənəvi cəhətdən daim inkişafda olmalıdırlar”. Hörmətli Rəsulovlar ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.

“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Dosti-zadələr ailəsidir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Bakı şəhəri Xəzər rayonundan olan Dosti-zadələr ailəsidir. Onları yaxından tanıyaq. Oqtay Dosti-zadə 1948-ci ildə anadan olub. Bakı-Sənaye texnikumunun Avtomobilin texniki qulluğu və istehsalı fakültəsini bitirib,45 il nəqliyyat sahəsində fəaliyyət göstərib. 1955-ci il təvəllüdlü Səmayə Dosti-zadə isə ömrünü övladlarının təlim-tərbiyəsinə həsr edib. Hazırda hər ikisi də təqaüddədir. 52 ildir birgə ömür sürən Dosti-zadələrin 4 övladı və 7 nəvəsi var. Övladlarının hər biri ali təhsillidir və ölkəmizin inkişafı üçün çalışırlar. Ailə ilə müsahibəmizi Sizə təqdim edirik: - Xoşbəxt evliliyin sirri nədədir? - O.Dosti-zadə: “Xoşbəxt ailənin təməlində qarşılıqlı hörmət, etibar, səbir və anlayış dayanır. Bir-birimizi dinləməyə, çətin anlarda dəstək olmağa və problemləri birlikdə həll etməyə çalışırıq. Bu illər ərzində sevgi ilə yanaşı, bir-birimizi anlamağı, dinləməyi və çətin günlərdə bir-birimizə dayaq olmağı bacardıq. Ailədə "mən" yox, "biz" anlayışı ön planda olmalıdır. - Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? - S.Dosti-zadə: “Fikir ayrılıqları hər ailədə olur. Əsas məsələ onu necə həll etməkdir. Biz heç vaxt incikliyi uzatmamışıq. Problemləri sakit şəkildə müzakirə edir, bir-birimizi dinləyir və ortaq qərara gəlməyə çalışırıq. Hər zaman qarşılıqlı ünsiyyət quraraq fikirlərimizi bölüşmüşük. Hörmət olan yerdə hər problemin həlli tapılır. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? - Övladın tərbiyəsi ailədən başlayır. Vətəninə, dövlətinə layiqli vətəndaş yetişdirmək üçün uşağın qəlbində hələ kiçik yaşlarından vətən sevgisinin toxumu səpilməlidir. Ona öyrədilməlidir ki, vətən sadəcə yaşadığın torpaq deyil, şəhid qanı ilə yoğrulmuş müqəddəs əmanət, bayrağımız, dilimiz və kimliyimizdir. Uşaqar dürüst, məsuliyyətli və ədalətli olmaq kimi dəyərlərlə böyüdülməli, insanlara və dövlətinə faydalı olmağın ən böyük şərəf olduğu aşılanmalıdır. Valideyn ilk növbədə öz davranışı, əməyi və Vətənə olan sevgisi ilə övladına nümunə olmalıdır. Çünki uşaqlar eşitdiklərindən daha çox gördüklərini mənimsəyirlər. Vətənini sevən, onun uğurlarına sevinən, çətin günündə yanında olmağı bacaran övladlar yetişdirmək hər bir ailənin müqəddəs borcudur. Güclü ailələr güclü cəmiyyətin, güclü cəmiyyət isə qüdrətli dövlətin təməlidir. Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? - Ailəmizdə münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. Övladlarımızın fikirlərinə hörmətlə yanaşır, onlarla açıq ünsiyyət qurmağa çalışırıq. Biz övladlarımızı həm sevgi, həm də məsuliyyət hissi ilə böyütmüşük. Onların fikirlərinə həmişə hörmət etmişik, eyni zamanda düzgün yolu göstərməyə çalışmışıq. Bu gün də münasibətlərimiz bu formada tənzimlənir. - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri etmək istərdiniz? Nəyisə etmədiyinizə görə təəssüf hissi keçirirsiniz? - Ümumilikdə övladlarımızın tərbiyəsindən razıyıq. Bununla belə, bəlkə də onlarla daha çox vaxt keçirməyə və maraqlarını daha yaxından dəstəkləməyə çalışardıq. Hər biri zəhməti ilə öz həyat yolunu qurub. Bəlkə də işlərin çoxluğundan bəzi vaxtlar onlarla daha çox vaxt keçirə bilməmişik. İndi geriyə baxanda düşünürük ki, həmin anlar daha çox olsaydı, daha gözəl olardı. Övladlarımızla keçirdiyimiz hər bir an böyük xoşbəxtlikdir. Ailə qurmaq istəyən gənclərə nə tövsiyə edərdiniz? - Ailə qurmaq istəyən gənclərə ilk tövsiyəmiz budur ki, həyat yoldaşını seçərkən yalnız qəlbinizin səsinə deyil, ağlınızın və vicdanınızın səsinə də qulaq asın. Sevgi ailənin ən gözəl başlanğıcıdır, amma onu yaşadan hörmət, etibar, səbir və məsuliyyətdir. Həyat yolunu birlikdə addımlayacağınız insanı dəyişdirməyə çalışmayın, onu olduğu kimi qəbul etməyi və anlamağı öyrənin. Çünki əsl ailə bir-birini dəyişən deyil, bir-birini tamamlayan insanların qurduğu ocaqdır. Əziz gənclər, ailə həyatında elə günlər olacaq ki, hər şey istədiyiniz kimi alınmayacaq. O zaman inciklikləri susqunluqla böyütmək əvəzinə, səmimi söhbətlə həll etməyə çalışın. Unutmayın ki, danışılan problem həllini tapar, danışılmayan problem isə zamanla ürəklər arasında görünməz divarlar yaradar. Heç vaxt ailənizdə hörməti və etibarı itirməyin. Biz 52 illik ailə həyatımız boyunca öyrəndik ki, xoşbəxt ailənin sirri böyük möcüzələrdə deyil, hər gün göstərilən kiçik qayğılarda, bir xoş sözdə, bir anlayışlı baxışda, çətin anlarda əl-ələ verməkdə gizlidir. Bu illər bizə sübut etdi ki, ailə iki insanın birlikdə yaşaması deyil, iki qəlbin eyni amal uğrunda ömür boyu bir-birinə dayaq olmasıdır. Bütün gənclərə sevgi ilə başlayan, hörmətlə möhkəmlənən, etibarla qorunan və ömür boyu xoşbəxtlik gətirən nümunəvi ailələr qurmağı arzu edirik. “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində fikir və təcrübələrini bizimlə paylaşdıqlarına görə Dosti-zadələr ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və xoşbəxt ömür arzu edirik. Qeyd edək ki, layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri geniş ictimaiyyətə tanıtmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir.

“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı şəhid mayor Sübhi Mürsəliyevin ailəsidir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq, müsbət ailə nümunələrini geniş ictimaiyyətə çatdırmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir. Layihənin növbəti qonağı İsmayıllı rayonunun tanınmış ailələrindən biri, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan mayor Sübhi Mürsəliyevin ailəsidir. Ailənin başçısı Balamirzə Mürsəliyev 1954-cü ildə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Coğrafiya-geologiya fakültəsini bitirib. Təyinatla bir müddət Leninqradda (indiki Sankt-Peterburq) işlədikdən sonra vətənə qayıdaraq əvvəlcə ixtisası üzrə Bakı şəhərində fəaliyyət göstərib, sonra Qurbanəfəndi kənd məktəbində ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub, həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edib. B.Mürsəliyev 2020-ci ildə vəfat edib. Həyat yoldaşı Cəmilə Əkbərova-Mürsəliyeva 1954-cü ildə Tərtər rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini bitirib. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan SSR Dövlət Plan Komitəsində mühəndis-proqramçı kimi əmək fəaliyyətinə başlayıb. Sonra Qurbanəfəndi kənd məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirib. Hazırda təqaüddədir. Cəmilə xanım həyat yoldaşı B.Mürsəliyevlə tələbəlik illərində tanış olub, 1977-ci ildə ailə həyatı qurublar. Onlar yalnız savadlı pedaqoqlar deyil, eyni zamanda nümunəvi ailə başçıları kimi tanınıblar. Vətənə və dövlətə layiq övladlar böyüdərək cəmiyyətə faydalı insanlar yetişdiriblər. Mürsəliyevlər ailəsinin 5 övladı, 14 nəvəsi var var. Şəhidlik zirvəsinə ucalan mayor Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də dünyaya göz açıb. Kiçik yaşlarından hərb sənətinə böyük maraq göstərən Sübhi rayon üzrə keçirilən atıcılıq yarışlarında dəfələrlə uğur qazanaraq mükafatlara layiq görülüb. Məktəb illərindən onun Vətənə bağlılığı, vətənpərvərliyi ailəsinin, müəllimlərinin və onu tanıyan hər kəsin diqqətini çəkib. Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev Vətən müharibəsində Suqovuşan uğrunda gedən ağır döyüşlərdə böyük qəhrəmanlıqla iştirak edib, Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalaraq adını Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yazdırıb. Sübhi Mürsəliyev yalnız döyüş meydanındakı şücaəti ilə deyil, ailəsinə bağlılığı və yüksək insani keyfiyyətləri ilə də yadda qalıb. Həyat yoldaşı İlahə Mürsəliyeva hazırda Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbəsidir, 3 övladları var. Cəmilə Əkbərova-Mürsəliyeva: “Xoşbəxt ailənin sirri var-dövlətdə deyil, yalnız sevgidədir. Hətta ən ağır işi belə yüngülləşdirən məhz sevgidir. Ailədə valideyn-övlad münasibətləri qarşılıqlı hörmət və anlayış əsasında qurulmalıdır. Mən hesab edirəm ki, ailədə valideynlər əsas qərarverici rolunda olsalar da, uşaqların da fikirlərinə hörmətlə yanaşılmalıdır və onların düşüncələri dinlənilməlidir. Hər bir uşaq ailədə bir şəxsiyyət kimi qəbul olunmalı, onun yaşı və mövqeyi nəzərə alınmalıdır. Böyüklərə hörmət, kiçiklərə qayğı prinsipi qorunmaqla yanaşı, ailə daxilində səmimi dialoq və anlaşma mütləqdir. Vətənə, dövlətə layiqli övladların yetişməsində valideynlərin rolu və ailə mühiti çox önəmlidir. Uşaqlara kiçik yaşlarından vətən sevgisi və vətənpərvərlik hissi aşılanmalıdır. Həyat yoldaşımla birlikdə övladlarımıza hər zaman vətənpərvərlik ruhunu aşılamağı, haqsızlığa qarşı susmamağı öyrətməyə çalışmışıq”.

"Ailələrimizi tanıyaq” layihəsi davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Layihənin bugünkü qonağı İsmayıllı rayonunun Xanagah kəndinin tanınan ailələrindən olan Fətəliyevlər ailəsidir. Vəzirxan Fətəliyev 1951-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini bitirib. Müəllim kimi əmək fəaliyyətinə başlayıb, sonra İsmayıllı Dövlət Qoruğunda elmi işlər üzrə direktor müavini, direktor vəzifəsində və Rayon İcra Hakimiyyəti başçısının Xanagah kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi kimi fəaliyyətini davam etdirib. Bu illər ərzində kəndin ictimai həyatında fəal iştirak edib, sakinlərə daim dəstək göstərib, nümunəvi davranışı ilə icmada hörmət qazanıb. Həyat yoldaşı Məsmə Fətəliyeva 1951-ci ildə ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsini bitirib. 35 illik pedaqoji təcrubəsi olan Məsmə xanım ömrünü gənc nəslin təlim, tərbiyəsinə həsr edib. 50 ildən artıq evli olan Fətəliyevlər ailəsinin 4 övladı (1 qız, 3 oğlan), 9 nəvəsi var. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik. - Xoşbəxt evliliyin sirri nədədir? V.Fətəliyev: “Xoşbəxt evliliyin əsas şərti düzgün seçim etməkdir. İnsan həyat yoldaşını seçərkən diqqətli olmalı və seçdiyini yaxşı tanımalıdır. Əsasən öz seçimini özü etməli və bu qərarı məsuliyyətlə verməlidir. Ailə qurarkən qarşı tərəfin ailəsini də yaxşı tanımaq vacibdir. Qohumluq və ailə mühiti gələcək münasibətlərə birbaşa təsir edir. Buna görə də insan yalnız seçdiyi şəxsi deyil, onun ailəsini də yaxından tanımalıdır”. M.Fətəliyeva: “Xoşbəxt evliliyin əsas sirri düzgün seçim üzərində qurulan ailə və qarşılıqlı anlaşmadır. Tərəflərin bir-birini dinləməsi və hörmət etməsi ailədə sağlam münasibətlərin formalaşmasına şərait yaradır. - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? V.Fətəliyev: “Belə vəziyyətlərdə münasibəti qorumaq üçün bir-birinə anlayışla yanaşmaq və bağışlamağı bacarmaq vacibdir”. M.Fətəliyeva: “Ailədə hər zaman mehriban münasibəti qorumağa çalışmışam, bir-birimizə hörmət və diqqətlə yanaşmışıq. Daim aramızda səmimiyyət olub, can deyib, can eşitmişik”. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? V.Fətəliyev: “İlk növbədə valideyn özü nümunə olmalıdır. Mənim fikrimcə valideynin davranışı və həyat tərzi uşağın tərbiyəsində əsas rol oynayır və uşaq gördüyünü mənimsəyir.Uşaqlar daim nəzarətdə saxlanılmalı və diqqətdən kənar qalmamalıdır. Övladlarımız evləndikdən sonra da valideynləri olaraq öz təcrübəmizi onlarla bölüşməli, dəstəyimizi, qayğımızı davam etdirməliyik. M.Fətəliyeva: “Vətənə layiqli övlad yetişdirmək üçün uşaqlara düzgün tərbiyə vermək əsas şərtdir. Uşağın tərbiyəsində həm ana-ata qayğısı, həm də müəllim yanaşması mühüm rol oynayır. Mən övladlarıma hər zaman həm bir müəllim kimi düzgün yol göstərməyə, həm də bir ana kimi sevgi, qayğı göstərməyə çalışmışam”. - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? V.Fətəliyev: “Bizim ailədə valideyn-övlad münasibətləri qarşılıqlı hörmət və açıq ünsiyyət üzərində qurulub. Mən övladlarımla daim söhbət etmişəm, problemləri birlikdə müzakirə edərək həll etmişik”. - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz. V.Fətəliyev: “Geriyə baxdıqda təəsüflənirəm, kaş ki, övladlarmın təhsilinə daha çox diqqət ayırardım. Mən qoruqda işlədiyim üçün uşaqlara kifayət qədər vaxt ayıra bilməmişəm. Bu səbəbdən də müəyyən peşmanlıq hissi keçirirəm. Kaş daha çox yanlarında ola bilərdim”. M.Fətəliyeva: “Mən də müəllim işlədiyim üçün həm iş, həm də ev məsuliyyəti məni çox məşğul edib. Bəzən övladlarımın təhsilinə və gündəlik qayğılarına istədiyim qədər vaxt ayıra bilməmişəm. Ən çox bunun peşmançılığını yaşayıram”. - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? - Birinci növbədə gənclər zərərli vərdişlərdən uzaq durmalıdırlar. Ailə qurmaq məsuliyyətdir. Sevgi ilə yanaşı, qarşılıqlı hörmət və məsuliyyət də olmalıdır. Gənclər bir-birinə sevgi və səbir göstərməli, çətinliklərin öhdəsindən birlikdə gəlməyi öyrənməlidirlər. Sağlam ailənin əsası elə buradan başlayır. Hörmətli Fətəliyevlər ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.
"Ailələrimizi tanıyaq” layihəsi davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq, müsbət ailə nümunələrini ictimaiyyətə çatdırmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir. Növbəti qonağımız Hacıqabul rayonunun Rəncbər kəndindən olan Salmanovlar ailəsidir. 41 ildir birgə ömür sürən Salmanovlar ailəsinin 4 övladı və 7 nəvəsi var. Övladlarının hər biri ali təhsil alaraq müxtəlif sahələrdə çalışır və ölkəmizin inkişafına öz töhfələrini verir. Ailənin başçısı Sübhəli Salmanov uzun illər riyaziyyat müəllimi kimi fəaliyyət göstərib və hazırda təqaüddədir. Həyat yoldaşı Qızqayıt Salmanova isə ömrünü övladlarının təlim-tərbiyəsinə həsr edib. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik: - Xoşbəxt evliliyin sirri nədədir? S.Salmanov: “Keçmişlə müqayisədə bu gün ailə münasibətlərində ciddi dəyişikliklər müşahidə olunur. Əvvəllər böyüklərin məsləhəti və həyat təcrübəsi ailələrin möhkəmlənməsində əsas rol oynayırdı. Müasir dövrdə isə gənclər daha çox sərbəstliyə üstünlük verirlər və bu təbii haldır. Lakin sərbəstlik təkbaşına möhkəm ailə üçün kifayət etmir, ailənin dayanıqlılığı sevgi, hörmət, sayğı və qarşılıqlı anlaşma kimi dəyərlər üzərində qurulur." Q.Salmanova: “Ailədə qarşılıqlı anlayış, səbir və güzəşt çox vacibdir. Çətinliklərlə birlikdə mübarizə apardıqda ailə daha da möhkəmlənir”. “Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?” Ailə daxilində fikir ayrılıqları olduqda çalışırıq ki, heç birimiz öz mövqeyimizi qarşı tərəfə məcburi şəkildə qəbul etdirməyək. Hər kəs öz fikrini sərbəst ifadə edir, daha sonra isə ailənin mənafeyinə uyğun, daha məntiqli və səmərəli qərar birgə qəbul olunur. Fikrimizcə sağlam ailə münasibətlərinin əsasında qarşılıqlı dinləmək, hörmətlə yanaşmaq və ortaq məxrəcə gələ bilmək dayanır. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? Q.Salmanova: “Məncə, hər şey ailədən başlayır. Uşağa kiçik yaşlardan düzgün tərbiyə,Vətən sevgisi, zəhmətsevərlik, böyüyə hörmət, kiçiyə qayğı aşılanmalıdır. Valideyn öz davranışı ilə övladına nümunə olmalıdır. Evdə sevgi, qarşılıqlı hörmət və sağlam ailə mühiti varsa, belə bir mühitdə böyüyən övlad da gələcəkdə Vətəninə, dövlətinə və cəmiyyətinə faydalı insan olur”. - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? S.Salmanov: “Biz həmişə çalışmışıq ki, övladlarımızla münasibətlərimiz qarşılıqlı hörmət və etimad üzərində qurulsun. Onlara fikirlərini sərbəst ifadə etmək imkanı yaratmış, eyni zamanda məsuliyyət hissini də aşılamışıq. Hesab edirəm ki, valideyn övladına təkcə nəsihət verməklə deyil, öz davranışı ilə də nümunə olmalıdır. Səmimi ünsiyyət və qarşılıqlı anlayış valideyn-övlad münasibətlərinin sağlam inkişafı üçün ən vacib amillərdəndir”. Q.Salmanova: “Valideyn-övlad münasibətləri ailənin ən həssas və ən dəyərli tərəfidir. Mən həmişə çalışmışam ki, övladlarımı sevgi ilə böyüdüm, eyni zamanda onlara düzgün yolu göstərim. Hesab edirəm ki, uşağı təkcə tərbiyə etmək yox, onu dinləmək və fikrinə hörmətlə yanaşmaq da çox vacibdir. Valideyn övladına qayğı göstərdikcə, övlad da ailənin dəyərlərini mənimsəyərək böyüyür”. “Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz?” S.Salmanov: “Hər bir valideyn zaman keçdikcə öz həyatına dönüb baxır və düşünür ki, bəzi məqamlarda fərqli davrana bilərdi. Mən də bu gün baxanda düşünürəm ki, övladlarımla daha çox vaxt keçirmək, onlarla daha çox söhbət etmək olardı. Lakin övladlarımızı vicdanlı, zəhmətsevər və cəmiyyətə faydalı insanlar kimi yetişdirməyə çalışmışıq. Hesab edirəm ki, ən vacib məsələ onlara düzgün tərbiyə və sağlam mənəvi dəyərlər aşılamaqdır. Bu istiqamətdə əlimizdən gələni etdiyimiz üçün rahatlıq hissi keçirirəm”. “Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?” Ailə qurmaq istəyən gənclərə tövsiyəmiz odur ki, ailəyə təkcə sevgi ilə deyil, həm də böyük məsuliyyət hissi ilə yanaşsınlar. Bir-birlərini dinləməyi, hörmət etməyi və güzəştə getməyi bacarsınlar. Unutmasınlar ki, möhkəm ailə bir gündə yaranmır, qarşılıqlı etimad, səbir və anlayış sayəsində illər ərzində formalaşır. “Ailənin qorunması və uzunömürlü olması üçün gənc ailələrə hansı məsləhətləri verərdiniz?” Gənc ailələr ailə həyatını qarşılıqlı hörmət, etimad və anlayış üzərində qurmalıdırlar. Fikir ayrılıqları sakit və düşünülmüş şəkildə həll olunmalı, səbirli olmalı və bir-birinə güzəştə getməyi bacarmalıdırlar. Ailənin uzunömürlü olması gündəlik diqqət, qayğı və qarşılıqlı dəyər verməkdən asılıdır. Hörmətli Salmanovlar ailəsinə səmimi söhbətə və dəyərli fikirlərini bizimlə bölüşdüklərinə görə təşəkkür edir, onlara möhkəm cansağlığı, ailə səadəti və uzun ömür arzulayırıq.

Ailələrimizi tanıyaq” layihəsi davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq, müsbət ailə nümunələrini geniş ictimaiyyətə çatdırmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir. Bu layihə çərçivəsində müxtəlif bölgələrdə yaşayan, uzunömürlü və möhkəm ailə münasibətləri ilə seçilən ailələrin həyat təcrübələri, ailə dəyərlərinə baxışları və gənc nəslə tövsiyələri ictimaiyyətlə bölüşülür. Növbəti qonağımız Hacıqabul rayonundan olan Gözəlovlar ailəsidir. 49 ildir birgə ömür sürən Gözəlovlar ailəsinin 3 övladı və 7 nəvəsi var. Övladları ali təhsil alaraq müxtəlif sahələrdə fəaliyyət göstərir və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ailənin başçısı Əlisafa Gözəlov uzun illər Dəmiryol İdarəsində və “Azərpoçt” müəssisəsində çalışıb, hazırda təqaüddədir. Həyat yoldaşı Gülüstan Almazova isə uzun illər təhsil sahəsində müəllim, direktor müavini və direktor kimi fəaliyyət göstərib. Gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülən G.Almazova hazırda təqaüddədir. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik: - Xoşbəxt və uzunömürlü evliliyin sirri nədədir? G.Almazova: “Uzunömürlü və xoşbəxt ailə həyatımızın əsas sirri qarşılıqlı anlaşma, hörmət və güzəştə getməyi bacarmağımızdadır”. Ə.Gözəlov: “Biz hər zaman bir-birimizi dinləmiş, fikir və qərarlarımıza anlayışla yanaşmışıq. Yəni sözün əsl mənasında, birimizin sözü digərimiz tərəfindən qəbul olunub və dəyərləndirilib”. Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Əlbəttə, hər bir ailədə olduğu kimi, bizim ailədə də zaman-zaman fikir ayrılıqları və anlaşılmazlıqlar baş verir. Lakin biz bu hallarda emosiyalara qapılmadan, sakit və qarşılıqlı hörmət çərçivəsində məsələləri müzakirə etməyə üstünlük veririk. Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır ? G.Almazova: “Övladların vətənə, dövlətə layiqli insan kimi yetişməsi ilk növbədə ailədən başlayır. Mən həmişə çalışmışam ki, uşaqlarıma nəzarət edim. Onların tərbiyəsi, davranışı, kimlərlə ünsiyyətdə olmaları daim diqqətimdə olub. Eyni zamanda, uşaqlara düzgün dəyərlər aşılamaq, onlara zəhmətkeşliyi, böyüyə hörməti, kiçiyə qayğını öyrətmək çox vacibdir. Hesab edirəm ki, sevgi, nəzarət və düzgün tərbiyə birlikdə olduqda, övladlar cəmiyyət üçün faydalı və layiqli vətəndaş kimi yetişirlər”. Valideyn-övlad münasibətlərini ailənizdə necə tənzimləmisiniz? Ə.Gözəlov: “Övladlarımı sərtliklə yox, daha çox söhbət və nəsihətlə tərbiyə etməyə üstünlük vermişəm. Onların fikrinə də dəyər vermişik, amma düzgün yol göstərməyi də unutmamışıq. Hesab edirəm ki, valideyn-övlad arasında hörmət, etibar və səmimi münasibət olduqda ailə daha möhkəm olur”. G.Almazova: “Valideyn-övlad münasibətləri ailənin ən həssas və ən vacib tərəfidir. Mən bu məsələyə hər zaman ciddi yanaşmışam. Həm evdə, həm də işimdə qazandığım təcrübə mənə göstərib ki, uşaqlarla münasibət təkcə nəzarət deyil, eyni zamanda düzgün istiqamət vermək və onları dinləmək deməkdir”. Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki bugünə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz? Düzünü desək, bu gün geriyə baxdıqda övladlarımızın tərbiyəsi ilə bağlı xüsusi bir təəssüf hissi keçirmirik. O dövrün imkanları və şəraiti daxilində bacardığımız qədər düzgün tərbiyə verməyə, onlara yol göstərməyə çalışmışıq. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Ailə qurmaq istəyən gənclərə ən əsas məsləhətimız odur ki, tələsik qərar verməsinlər və bir-birini yaxşı tanımağa vaxt ayırsınlar. Ailə təkcə sevgi üzərində yox, həm də qarşılıqlı hörmət, səbir və anlayış üzərində qurulmalıdır. Ailənin qorunması və uzunömürlü olması üçün gənc ailələrə hansı məsləhətləri verərdiniz? Gənc ailələrə ən böyük məsləhətimiz odur ki, ailəni qorumağın əsasını qarşılıqlı hörmət, səbir və anlayış təşkil edir. Ailə qurmaq təkcə birlikdə yaşamaq deyil, həm də bir-birinə dayaq olmaq, çətin gündə də, xoş gündə də bir komanda kimi hərəkət etmək deməkdir. Sevgi ilə yanaşı, hörmət və etibar da daim qorunmalıdır. Hörmətli Gözəlovlar ailəsinə fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

“Ailələrimizi tanıyaq” layihəsi davam edir
Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə böyük önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihəmizin növbəti qonağı Göygöl rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Həsənovlar ailəsidir. Nazim Həsənov 1950-ci ildə Goranboy rayonunda anadan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunda baytar feldşeri ixtisası üzrə təhsil alıb, uzun illər Pənahlılar kəndində baytar həkimi kimi çalışıb. Eyni zamanda atçılıqla da məşğul olub. Həyat yoldaşı Raya Məmmədova 1952-ci ildə Göygöl rayonunda anadan olub. Ali təhsillidir. Kirovabad (Gəncə) Pedaqoji Məktəbində rəsmxət və rəsm müəllimliyi ixtisası üzrə təhsil alıb. Uzun illər Pənahlılar kənd orta məktəbində rəsmxət müəllimi kimi fəaliyyət göstərib. Bununla yanaşı, xalçaçılıq sənəti ilə də məşğul olub. 50 ildən artıqdır birgə ömür sürən Həsənovlar ailəsinin 6 qız övladı, 16 nəvəsi və 4 nəticəsi var. Övladlarının hər biri ailə həyatı qurub və hazırda böyük, mehriban bir ailə olaraq həyatlarını davam etdirirlər. Nəvələrinin əksəriyyəti ali təhsil alıb, bir qismi isə artıq müxtəlif sahələrdə əmək fəaliyyətinə başlayıb. - Xoşbəxt ailənin sirri nədədir? Nazim Həsənov: “Xoşbəxt ailənin əsas sirri qarşılıqlı anlayış, hörmət və bir-birini dinləməkdir. Ailədə mehribanlıq və səbir olduqda bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür. Eləcə də ailədə anlaşılmazlıqların həlli üçün sakit şəkildə müzakirə aparmaq, düzgün ünsiyyət çox vacibdir. Hər kəs bir-birini dinləməli və ortaq qərara gəlməlidir”. - Ailədə valideyn-övlad münasibətləri necə qurulmalıdır? Raya Məmmədova: “Övladlarımıza düzgün tərbiyə vermək, onların təhsilinə diqqət yetirmək və daim valideyn nəzarətində saxlamaq vacibdir. Ailədə valideyn-övlad münasibətləri hərzaman qarşılıqlı hörmət və qayğı üzərində qurulmalıdır. Uşaqların fikrinə hörmət edilməli,eyni zamanda onlara məsuliyyətli olmaq aşılanmalıdır”.

“Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində sağlam və möhkəm təməllər üzərində qurulan, milli-mənəvi dəyərləri yaşadan nümunəvi ailələr ictimaiyyətə təqdim olunur. Layihənin əsas məqsədi ailə dəyərlərinin təbliği və gənc nəslin bu dəyərlər ruhunda formalaşmasına töhfə vermək, nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Layihənin növbəti qonağı Bakı şəhərinin Xəzər rayonunda yaşayan Məmmədovlar ailəsidir. Şamil Məmmədov 1951-ci ildə anadan olub. Aviasiya Texniki Kolleci və Azərbaycan Texniki Universitetini bitirib. 58 il “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində çalışıb, "Mülki aviasiya sahəsində xidmətlərə görə" medal ilə təltif olunub, hazırda təqaüddədir. Həyat yoldaşı Zümrüd Hüseynova 1944-cü ildə anadan olub. Rusiya Dövlət Aqrar Universiteti - Moskva Timiryazev Kənd Təsərrüfatı Akademiyasının "Torpaqşünaslıq və aqrokimya" fakültəsində təhsil alıb, Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunda elmi işçi kimi çalışıb. Hazırda təqaüddədir. 55 ildir evli olan Məmmədovlar ailəsinin 3 övladı, 5 nəvəsi, 3 nəticəsi var. Övladları müxtəlif peşələrdə çalışaraq ölkəmizin rifahına öz töhfələrini verirlər. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik: - Xoşbəxt evliliyin sirri nədədir? Ş.Məmmədov: “Məncə, xoşbəxt ailənin əsasını qarşılıqlı anlayış və güzəşt təşkil edir. Ən vacibi isə həyat yoldaşı ilə dost ola bilməkdir. Sevgi və hörmət zamanla qorunub saxlanarsa, ailə daha da möhkəmlənir. Biz də həyat boyu qarşılaşdığımız çətinlikləri səbir və anlayışla aşmağa çalışmışıq. Hər zaman övladlarımıza nümunə olmağa və sağlam ailə mühiti yaratmağa çalışırıq”. - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Z.Hüseynova: “Təbii ki, hər bir ailədə müəyyən anlaşılmazlıqlar olur. Əsas məsələ bu hallarda bir-birini dinləməyi bacarmaqdır. Biz ailədə hər kəsin fikrinə hörmətlə yanaşırıq və problemləri qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışırıq. Eyni zamanda, ailə üzvləri arasında etimadın olması bütün çətinliklərin daha asan aradan qalxmasına kömək edir”. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? Əvvəlcə valideyn özü övladına düzgün nümunə olmalıdır. Vətən sevgisi ailədən başlayır və bu hiss uşaqlara doğru şəkildə aşılanmalıdır. İnsan üçün ən dəyərli anlayışlardan biri vətəndir. Əgər insan vətənini sevirsə, onun inkişafı üçün çalışar. Vətənsiz insan küləklə sovrulan yarpaq kimidir, hara gedəcəyini özü belə bilməz. Vətən insanın həyatında əvəzolunmaz dəyərə malikdir. İnsan harada yaşamasından asılı olmayaraq, vətəninə bağlılığı ilə güclü olur. Bizi biz edən, kimliyimizi formalaşdıran ən vacib amillərdən biri məhz vətənimizdir. Buna görə də əsas məqsədimiz bu sevgini övladlarımıza təbliğ etmək və onların da bu dəyərlərlə böyüməsinə nail olmaqdır. - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? Övladlarımızla münasibətimizin əsasını qarşılıqlı hörmət və səmimi ünsiyyət təşkil edir. Biz çalışırıq ki, onlara təkcə valideyn kimi deyil, həm də dost kimi yanaşaq. Hesab edirik ki, valideyn səbirli və anlayışlı olmalı, övladının fikirlərinə dəyər verməlidir, çünki onlarda öz müstəqil ailələrinin idarəçisidirlər. Məhz bu yanaşma ailə daxilində sağlam münasibətlərin formalaşmasına şərait yaradır. - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz. Geriyə baxdıqda düşünürük ki, bəlkə də övladlarımızın duyğularını daha rahat ifadə etmələri üçün daha çox imkan yarada bilərdik. Uşaq üçün ən vacib şeylərdən biri özünü təhlükəsiz və rahat hiss etməsidir və bu hissi ilk növbədə ailəsindən almalıdır. Ev onun üçün güvən və rahatlıq məkanı olmalıdır. Eyni zamanda, düşünürük ki, uşaqlara daha çox sərbəstlik vermək, onların öz təcrübələrini qazanmasına imkan yaratmaq vacibdir. Bəzən səhv edərək öyrənmək də inkişafın bir hissəsidir. Valideyn olaraq əsas məqsəd uşağa hörmətlə yanaşmaq, onu incitməmək, fikirlərini dinləmək və onunla keyfiyyətli vaxt keçirməkdir. Gənc valideynlərə də məhz bu məqamlara diqqət etməyi tövsiyə edərdik. - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Ailə qurmağa hazırlaşan gənclərə tövsiyəmiz odur ki, münasibətlərində hər zaman anlayışlı və səbirli olsunlar. Sevgi və hörmət ailənin ən möhkəm dayaqlarıdır. Sağlam ailə dərin köklərə malik bir ağac kimidir, kökləri nə qədər möhkəm olsa, o qədər uzunömürlü olar. Əgər tərəflər bir-birinə qarşı dürüst və sadiq olarsa, belə ailə uzunömürlü və möhkəm olar. Sevginin olduğu yerdə gözəllik və harmoniya da olur. Qəlbində sevgi olan ailə hər zaman işıq saçan bir nümunəyə çevrilir. Fikir və təcrübələrini bizimlə paylaşdığına görə Məmmədovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt ömür arzu edirik.

“Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir
Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir. Layihəmizin növbəti qonağı Ağdam rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Qarayevlər ailəsidir. Cəlil Qarayev 1953-cü ildə Ağdam rayonunun Güllücə kəndində müəllim ailəsində anadan olub. Bakı İncəsənət İnstitutunu və Moskva Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1994-cü ilə qədər Güllücə kənd Mədəniyyət Evində rəssam kimi fəaliyyət göstərib, kəndin mədəni həyatında fəal iştirak edib. Həyat yoldaşı Şəfiqə Qarayeva 1960-cı ildə Ağam rayonunun Güllücə kəndində anadan olub, orta təhsillidir, 2025-ci ilədək Güllücə kənd Mədəniyyət evində texniki işçi kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir. 48 ildir evli olan Qarayevlərin bu evlilikdən 6 övladı, 12 nəvəsi var. Övladları müxtəlif peşələrdə çalışaraq ölkəmizin rifahına öz töhfələrini verirlər. Qarayevlər ailəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi zamanı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur olaraq 1994-cü ildə Bərdə rayonu ərazisində yerləşən çadır şəhərciyində məskunlaşıblar. Bütün çətinliklərə baxmayaraq, C.Qarayev sənətindən uzaq düşməyib, rəsm əsərləri yaratmağa davam edib. Əsərləri bu gün də mütəmadi olaraq müxtəlif sərgilərdə nümayiş olunur. Rəssamlıqla məşğul olmaq, tar alətində ifa etmək onun üçün daxili dünyasını ifadə etməyin, insanların qəlbinə yol tapmağın bir yoludur. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yaşatmaq məqsədilə onların portretlərini kətan üzərində işləyərək təmənnasız şəkildə ailələrinə təqdim edən C.Qarayev qeyd edib ki, “Bu işi mən özüm üçün sadəcə bir sənət nümunəsi deyil, vətəndaşlıq borcu, mənəvi məsuliyyət hesab edirəm. Düşünürəm ki, bu yolla şəhidlərimizin əziz xatirəsinə kiçik də olsa töhfə verirəm və bu, mənə dərin mənəvi rahatlıq, qürur hissi bəxş edir”. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik. - Xoşbəxt evliliyin sirri nədədir? - Xoşbəxt evliliyin sirri qarşılıqlı hörmət, etibar və anlayışdadır. Sevgi ailənin təməlidir, amma uzunömürlü olması üçün səbirli olmaq, bir-birini dinləmək və anlayış göstərmək vacibdir. Biz ailədə ‘”mən” yox, “biz” anlayışını ön planda tuturuq.Ailə həyatında müxtəlif mərhələlər olur və hər mərhələdə insanın səbirli olması, qarşı tərəfi başa düşməsi çox önəmlidir. Həmçinin ailədə “mən haqlıyam” düşüncəsindən daha çox “biz necə razılaşa bilərik” yanaşması üstün olmalıdır. Bir-birini dinləmək, incitməməyə çalışmaq və ən əsası, münasibəti qorumaq istəyi ailəni uzunömürlü edir. - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? - Hər ailədə olduğu kimi bizim ailəmizdə də bəzən fikir ayrılıqları olur. Bu, həyatın təbii bir hissəsidir. Əsas məsələ bu vəziyyəti necə idarə etməkdir. Biz çalışırıq ki, əsəbi halda qərar verməyək. Sakitləşdikdən sonra məsələni müzakirə edirik. Hər kəs öz fikrini açıq şəkildə bildirir və qarşı tərəfi dinləyir. Çox vaxt ortaq bir məxrəcə gəlmək mümkün olur. Ona görə də ailədə açıq və səmimi ünsiyyət çox vacibdir. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? - Biz uşaqlara yalnız sözlə deyil, öz davranışımızla da tərbiyə veririk. Onlara diqqət, qayğı və sevgi göstərərək onların özünəinamını artırmışıq. Hər uşaq fərqlidir, buna görə fərdi yanaşma da çox önəmlidir. Uşaq ilk tərbiyəni ailədə alır və valideynin davranışı onun üçün ən böyük nümunə olur. Uşaqlara kiçik yaşlarından vətən sevgisi, dövlətə bağlılıq, milli dəyərlərə hörmət aşılanmalıdır. Bunun üçün valideyn özü də bu dəyərləri yaşatmalıdır. Eyni zamanda, uşağın təhsili, dünyagörüşü və ətraf mühitlə düzgün münasibəti də çox vacibdir. Yalnız savadlı deyil, həm də vətəninə faydalı, məsuliyyətli və vicdanlı vətəndaş yetişdirmək əsas məqsəd olmalıdır. - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? - Münasibətlər qarşılıqlı hörmət və etibar üzərində qurulub. Biz uşaqlara sərt nəzarət etmək əvəzinə, düzgün istiqamət göstəririk. Biz çalışmışıq ki, uşaqlarla münasibətlərimiz qorxu üzərində deyil, etibar üzərində qurulsun. Uşaqlar bilməlidir ki, istənilən məsələdə gəlib valideyni ilə danışa bilərlər. Onların fikirlərinə hörmətlə yanaşırıq, eyni zamanda düzgün istiqamət verməyə çalışırıq. Nəzarət var, amma bu nəzarət sərt qadağalar şəklində deyil, daha çox izah və yönləndirmə formasındadır. - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? - Gənclərə tövsiyəmiz odur ki, ailə qurmaq qərarını düşünülmüş şəkildə versinlər. Sevgi kifayət deyil, hörmət, uyğunluq və məsuliyyət hissi vacibdir. Həyat yoldaşını yaxşı tanımaq, məqsədləri və gözləntiləri bölüşmək önəmlidir. Ailə qurmaq bir ömürlük qərardır və tələskənlik olmamalıdır. Qarşılıqlı hörmət, səbir və anlayış olmadan sağlam ailə qurmaq çətin olur. Ona görə də bu dəyərləri əvvəlcədən formalaşdırmaq vacibdir. Hörmətli Qarayevlər ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.

“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Adıgözəlovlar ailəsidir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı İsmayıllı rayonunun tanınan ailələrindən olan və bu il evliliklərinin 50-ci ildönümünü qeyd edən Adıgözəlovlar ailəsidir. Qəhrəman Adıgözəlov 1956-cı ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olub. Orta təhsillidir. O, ata-baba ənənəsini davam etdirərək oyma ustası kimi fəaliyyət göstərir və bu sənəti layiqincə yaşadır. Onun yaratdığı sənət əsərləri bir sıra muzeylərdə qorunur və nümayiş etdirilir. Buna nümunə olaraq “Cavanşir portreti”ni göstərmək olar ki, həmin əsər hazırda Milli Azərbaycan Tarixi Muzeyinin qiymətli eksponatları sırasında nümayiş etdirilir. Q.Adıgözəlov eyni zamanda həvəskar şair və saz ustasıdır. O, 4 kitabın müəllifidir. Yaradıcılığında vətənpərvərlik, ailə dəyərləri, milli-mənəvi irs və mənəvi zənginlik kimi mövzulara geniş yer verir. Həyat yoldaşı Şəfiqə Adıgözəlova 1956-cı ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olub. Orta təhsillidir. Uzun illər xalçaçılıqla məşğul olub. 25 may 1976-ci ildə ailə həyatı quran Adıgözəlovların 4 övladı (2 oğlan, 2 qız), 8 nəvəsi var. Adıgözəlovların övladları, həmçinin 8 nəvəsindən 3-ü yüksək nəticələr göstərərək ali məktəbə qəbul olublar və hazırda təhsillərini davam etdirirlər. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik. - Xoşbəxt evliliyin sirri nədədir? Q.Adıgözəlov: “Xoşbəxt ailənin sirri yalnız qarşılıqlı hörmət, məhəbbət və sevgidədir. Əgər sən o adama hörmət qoyursansa, onu həqiqətən bir insan kimi sevirsənsə ondan başqa heç nəyə ehtiyac yoxdur”. Ş.Adıgözəlova: “Xoşbəxt evliliyin sirri qarşılıqlı hörmət və səbirdədir. Ailə qurmaq asandır, onu qoruyub saxlamaq isə zəhmət istəyir. Hər iki tərəf bir-birini anlamağa çalışmalıdır”. - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Q.Adıgözəlov: “Bilirsiniz, hər şeyi səbir həll edir. Qarşı tərəfə haqsızlıq etmək olmaz. Bəzi məsələlərdə güzəştə getmək mütləqdir. Əks halda insan xoşagəlməz nəticələrlə qarşılaşmalı olar”. Ş.Adıgözəlova: “Ailədə fərqli fikirlərin olması normaldır. Əsas məsələ onu necə həll etmək, ortaq məxrəcə gəlməkdir. Biz çalışmışıq ki, əsəbi halda qərar verməyək. Əvvəlcə sakitləşirik, sonra oturub danışırıq. Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Bəzən güzəştə getmək də lazımdır. Çünki ailədə qalib gəlmək yox, birlikdə qalmaq vacibdir”. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? - Bu məsələdə valideynlər birbaşa məsuliyyət daşıyırlar. Hər bir valideyn övladının tərbiyəsi ilə ciddi şəkildə maraqlanmalıdır. Uşağın hər bir davranışına, o cümlədən təhsilinə valideyn cavabdehdir. Əgər laqeyd münasibət olarsa və ya tərbiyədə boşluqlara yer verilərsə gələcəkdə ciddi problemlər yarana bilər. - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? - Biz ailədə hər zaman hörmət və anlayışı əsas götürmüşük. Uşaqlarımızı həm sevgi ilə böyütmüşük, həm də məsuliyyət hissini aşılamışıq. Çalışmışıq ki, onları dinləyək, fikirlərinə dəyər verək. Evdə qərarlar məsləhətləşmə yolu ilə verilib. Böyük-kiçik yeri bilinib, amma eyni zamanda uşaqlar özlərini sərbəst ifadə edə biliblər. - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz. - Geri dönüb baxanda düşünürük ki, bəlkə də uşaqlarımıza daha çox vaxt ayıra bilərdik. O vaxtlar həyat çətin idi, əsas məqsədimiz onları dolandırmaq, yaxşı yaşatmaq idi. Amma indi anlayırıq ki, uşağa ən çox lazım olan diqqət və söhbətdir. Ancaq bunlara baxmayaraq, biz uşaqlarımızdan çox razıyıq, onlar istədiyi peşəyə yiyələniblər. Gözəl ailə həyatı qurublar, gözəl övladlar tərbiyə edirlər. - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Q.Adıgözəlov: “Gənclərin özündən çox şey asılıdır. Ailə qurmaq məsuliyyət tələb edir. İlk olaraq həyatını bölüşəcəyin insanı seçərkən onunla aralarında olan uyğunluğa fikir verilməlidir. Bundan başqa, ailənin möhkəm, uzunömürlü olması üçün sevgi, hörmət, qayğı hissinin olması vacib məsələdir. Gənclər ailə həyatı qurarkən tələsməməli, yüz ölçüb bir biçməlidirlər”. Ş.Adıgözəlova: “Gənclərə məsləhətimiz odur ki, ailə qurmağa tələsməsinlər. Bir-birini yaxşı tanısınlar, xarakterlərini, düşüncələrini anlasınlar. Ailə yalnız sevgi ilə yox, həm də məsuliyyətlə qurulur. Həyat həmişə asan olmur. Çətin günlərdə səbirli olmaq, bir-birinə dayaq durmaq vacibdir. Hörmət və etibar olmadan ailə uzunömürlü olmaz. Mən bugünkü gənclərə də elə övladlarımın ailəsi kimi ailə sahibi olmağı, onlar kimi ailəcanlı olmağı arzu edirəm”. Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə nümayəndələri Nazlı Mirzəliyeva və Ruhəngiz Qasımovanın da iştirakı ilə Adıgözəlovlar ailəsinə etdiyimiz ziyarətdən xoş təəssüratlarla ayrılırıq. Hörmətli Adıgözəlovlar ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.

“Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir
Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir. Layihəmizin növbəti qonağı Sabirabad rayonundan olan, ziyalı və nümunəvi həyat tərzi ilə seçilən Məhərrəmovlar ailəsidir. Sevil Məhərrəmova 25 mart 1951-ci ildə Sabirabad rayonunda doğulub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rus dili və ədəbiyyatı ixtisasını bitirib. 1974-cü ildən Sabirabad rayonu Qalağayın kənd tam orta məktəbində rus dili müəllimi kimi çalışıb. Hazırda təqaüddədir. Həyat yoldaşı Səmid Məhərrəmov 1946-ci ildə Sabirabad rayonunda anadan olub. Bakı Neft-Energetika Texnikumunu bitirib və energetika müfəttişi olaraq çalışıb. 1991-ci ildə vəfat edib. Məhərrəmovlar ailəsinin 4 övladı (3 qız və 1 oğlan) və 7 nəvəsi var. Övladlarının hər biri ali təhsillidir və bu gün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, qazandıqları bilik və təcrübələrlə cəmiyyətin inkişafına töhfə verirlər. Həyatını gənc nəslin təlim və tərbiyəsinə həsr etmiş, nümunəvi ömür yolu olan Sevil Məhərrəmovanın dəyərli fikirlərini sizlərə təqdim edirik. Sevil xanım xoşbəxt evliliyin sirrinin qarşılıqlı hörmət, səbir və anlayış olduğunu bildirib: “Hər iki tərəf bir-birini dinləməyi və dəstəkləməyi bacarmalıdır. Çətin anlarda birlikdə qərar vermək münasibətləri daha da möhkəmləndirir. Sevgi və səmimiyyət isə bu bağın əsasını təşkil edir. Ailə daxilində anlaşılmazlıq olduqda sakit şəkildə danışmağa üstünlük veririk. Hər kəs öz fikrini sərbəst ifadə edir və qarşı tərəfi dinləməyə çalışır. Əsas məqsəd problemi böyütmək yox, həll etməkdir”.Uşaqların tərbiyəsi ilə bağlı: “Vətənə layiqli övlad yetişdirmək üçün ilk növbədə düzgün tərbiyə və mənəvi dəyərlər vacibdir. Uşaqlara vətənpərvərlik, dürüstlük və zəhmətkeşlik aşılanmalıdır. Onların təhsilinə və inkişafına daim diqqət yetirilməlidir. Valideyn nümunəsi isə bu yolda ən güclü təsirdir. Ailəmizdə valideyn-övlad münasibətləri qarşılıqlı hörmət üzərində qurulub. Uşaqların fikirləri nəzərə alınır və onlarla açıq ünsiyyət saxlanılır. Eyni zamanda, qaydalar və məsuliyyət hissi də aşılanır. Sevgi ilə yanaşı, intizam da qorunur”. Ailə qurmaq istəyən gənclərə tövsiyəsi: “Gənclərə bir-birini yaxşı tanımağı tövsiyə edərdim. Qərar vermədən əvvəl ortaq dəyərlərin uyğunluğunu nəzərə almaq vacibdir. Maddi deyil, mənəvi uyğunluq daha önəmlidir. Qarşılıqlı hörmət və səbir ailənin təməlidir. Birlikdə vaxt keçirmək və ortaq məqsədlər müəyyənləşdirmək ailəni möhkəmləndirir. Hər iki tərəf ailənin davamlılığı üçün məsuliyyət hiss etməlidir”. Hörmətli Məhərrəmovlar ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.

Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı şəhid Elvin Abdurahmanovun ailəsidir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Qəbələ rayonunun sayılıb-seçilən, nümunəvi ailələrindən olan, şəhid Elvin Abdurahmanovun ailəsidir. Ailənin başçısı Əbülfəz Abdurahmanov 1964-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. Həmin qəsəbənin orta məktəbində təhsil alıb, Ağdaş Kənd Təsərrüfatı Texnikumunun aqronomluq ixtisasını bitirib. Əvvəllər Əmirvan kənd bələdiyyəsinin sədri olub, hazırda fərdi təsərrüfatla məşğuldur. Həyat yoldaşı Elmira Abdurahmanova 1973-cü ildə Əmirvan kəndində anadan olub. Həmin kəndin tam orta məktəbində təhsil alıb, Əmirvan kənd Mədəniyyət klubunda mədəni təşkilatçı kimi çalışır. 34 ildir birgə ömür sürən bu ailənin 3 övladı (oğlu), 1 nəvəsi var. Ailənin böyük oğlu Məcnun Abdurahmanov Əmirvan kəndində anadan olub. Bakı Mühəndislik Universitetinin kompüter mühəndisliyi ixtisasının bakalavr pilləsini, Estoniyanın Tartu Universitetinin eyni ixtisas üzrə magistratura pilləsini bitirib. Kiçik oğlu Elçin Abdurahmanov Azərbaycan Dövlət İqtisad Universitetinin kompüter mühəndisliyi ixtisasını bitirib. Ailəlidir bir övladı var. Ortancıl oğlu, şəhid Elvin Abdurahmanov 1 oktyabr 1996-cı ildə Əmirvan kəndində anadan olub. Əmirvan kənd tam orta məktəbində təhsil alıb. O, uşaqlıqdan idmana xüsusi maraq göstərib. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin oktyabrın 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Azərbaycan bayrağı”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunması” və “Füzulinin azad olunması” medalları ilə təltif edilib. Əbülfəz Abdurahmanov: “Elvin kiçik yaşlarından vətən sevgisi ilə böyüb, hər zaman torpağa, bayrağa və dövlətə sədaqət göstərib. O nümunəvi övlad olmaqla yanaşı, həm də vətənpərvər gənc idi. Əziz gənclər! Bilin ki, vətəni sevən ailələrdən doğulan övladlar heç vaxt əyilməz. Uşağa vətəni sevməyi demək kifayət deyil, bunu yaşatmaq lazımdır. Bayrağa hörmət, torpağa bağlılıq, dövlətə sədaqət gündəlik davranışdan başlayır”. Elmira Abdurahmanova: “Ailədə milli-mənəvi dəyərlərin qorunması vacibdir. Biz evdə həm böyüyə hörməti, həm də kiçiyə qayğını əsas prinsip seçmişik. Bu dəyərlər uşaqların xarakterini formalaşdırır. Ailədə birlik və qarşılıqlı dəstək həyatın çətin anlarında ən böyük dayaqdır. Əgər bir-birinizi dəstəkləyirsinizsə, həyatın bütün sınaqları asanlaşır. Hər iki tərəf bir-birini başa düşməli və ailəni qorumağı əsas məqsəd bilməlidir. Ailənizi qoruyun, dəyərlərinizi yaşadın”. Hörmətli Abdurahmanovlar ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.

“Ailələrimizi tanıyaq”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı İsmayıllı rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən və ömürlərini elmə, təhsilə, gənc nəslin təlim-tərbiyəsinə həsr edən Əsədovlar ailəsidir. Hümbət Əsədov 1950-ci ildə İsmayıllı rayonunun Tağlabiyan kəndində ziyalı ailəsində dünyaya göz açıb. H. Əsədov Tağlabiyan kənd orta məktəbi və Şamaxı Pedaqoji Texnikumunu bitirib. O, uzun illər rayonun Mingə və Tağlabiyan kənd məktəblərində müəllim kimi çalışıb, sonralar rayon Təhsil şöbəsində fəaliyyətini davam etdirib. Lətifə Əsədova 1954-cü ildə İsmayıllı rayonunun Tağlabiyan kəndində anadan olub. O,Tircan kənd tam orta məktəbini vəAzərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. L.Əsədova uzun illər məktəbdə coğrafiya müəllimi işləyib, hal-hazırda təqaüddədir. 50 ildir evli olan Əsədovların bu evlilikdən 6 övladı (qız), 13 nəvəsi (3 qız, 10 oğlan) var. Bütün qızları ali təhsillidir, onlardan biri həkim, digərləri müəllimdirlər. Lətifə Əsədova:“Biz həmişə çalışmışıq ki, həyatda daim xalqımıza xidmət edək. Bu gün də çalışırıq ki, dostlarımıza, qonşularımıza, doğmalarımıza xoş niyyətimiz və rəftarımızla yadda qalaq. Bir ziyalı kimi həmişə nümunə olaq”. Hümbət Əsədov: “Xoşbəxt evlilik üçün ilk növbədə düzgün seçim etmək lazımdır. Elə insanla ailə qurmalısan ki, səninlə həmdəm olsun, səni başa düşsün.

Ailələrimizi tanıyaq layihəsinin növbəti qonağı Paşayevlər ailəsidir
Ailələrimizi tanıyaq” layihəsinin bugünkü qonağı Saatlı rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Paşayevlər ailəsidir. 54 ildir birgə ömür sürən Adil Paşayev və Sədaqət Zeynalovanın 4 övladı, 9 nəvəsi və 2 nəticəsi var.Hər ikisi də artıq təqaüddədir. Ailənin başçısı Adil Paşayev və həyat yoldaşı Sədaqət Zeynalova Saatlı rayonunda doğulublar. A.Paşayev Bakı Dövlət Universitetinin Kitabxanaçılıq ixtisasını bitirib. Saatlı rayon Mərkəzi Kitabxanasının və rayon Mədəniyyət Mərkəzinin direktoru, Saatlı Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində çalışıb. S. Zeynalova isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib və uzun illər Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıb. Adil Paşayev: “Ailə qurmaq sadəcə iki gəncin bir-birini fiziki olaraq bəyənməsi deyil, eyni zamanda sevmək, baş verə biləcək bütün çətinliklərə sinə gərmək, kənar müdaxilələrə yol verməməkdir. Məhz bunların sayəsində ailə uzunömürlü olur. Həyat varsa orada çətinliklər, enişli-yoxuşlu yollar, söz-söhbətlər də olacaq. Bu çətinlikləri məğrurluqla dəf edəndə, qocalıb geriyə baxanda görürsən ki, sən qalibsən, həyatın qalibi”. Sədaqət Zeynalova: “Biz çox böyük sevgi ilə ailə qurmuşuq və övladlarımızı bu sevgi ilə böyüdüb tərbiyə etmişik. Birlikdə keçirdiyimiz 54 ildə çox çətinliklərlə qarşılaşmışıq, amma danışaraq, güzəştə gedərək,bir-birimizi başa düşüb, həyatın hər bir çətinliyində əl-ələ verib xoşbəxt yuva qurmağı bacarmışıq”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir
Növbəti qonağımız Hacıqabul rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Quliyevlər ailəsidir. Vahid Quliyev və həyat yoldaşı Şamama Rəhmanova 44 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 3 qız övladı və 4 nəvələri var. Onlar öz uğurlu ailələri ilə Azərbaycan ailə modelini bir daha layiqli şəkildə nümayiş etdirirlər. Milli-mənəvi dəyərlərimizi qoruyub saxlayan, ailə dəyərlərinə sadiq yaşam tərzi ilə seçilən Quliyevlər ailəsinin gənclərə ünvanladığı dəyərli tövsiyələr hər birimiz üçün örnək və ilham mənbəyidir. Vahid Quliyev Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Metallurgiya fakültəsini bitirdikdən sonra təyinat üzrə Şirvan şəhərində zavodda mühəndis, sahə rəisi, sex rəisi vəzifələrində çalışıb. Müharibə iştirakçısıdır, 4 medalla təltif olunub. Şamama Rəhmanova 36 il Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbində kimya müəllimi kimi fəaliyyət göstərib. Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ş.Rəhmanova 04.10.2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Vahid Quliyev: “Ailədə birlik olarsa o ailə hər zaman xoşbəxt olar, hər iki tərəf bağışlamağı bacarmalıdır. Səhvsiz insan yoxdur, kin saxlamaq əvəzinə bir-birini anlamaq, bağışlamağı bacarmaq lazımdır”. Şamama Rəhmanova: “Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün uşaqlarda elmə, biliyə maraq yaradılmalı, onların potensialı düzgün istiqamətləndirilməlidir”.
Arxiv
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi