“Ailələrimizi tanıyaq” layihəsinin qonağı - Səfərovlar ailəsi

23 dekabr 2022

Paylaş:

“Yaşadığımız hər günə şükür edirik. Həyat gözəldir,  qoy gənclər, yeni nəsillər bu gözəllikləri görə-görə, duya-duya yaşasınlar. Vətəni, xalqı torpağı, isti ocaqlarını, əzizlərini, ailələrini,  bir–birilərini sevə-sevə yaşasınlar”.

“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Səfərovlar ailəsidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Yaqut Qəhrəmanovanın ailə ilə apardığı maraqlı müsahibəni təqdim edirik:

Həyatda hər kəs öz taleyini yaşayır. Alın yazısına inanan insan taleyi ilə barışır, həyat onun üzünə gülməsə belə. Maraqlı talelər, maraqlı ailələr. Maraqlı və dəyərli ailə ilə görüşmək ümidi ilə bir evin sahibinin qapısını döydük. Gəlişimizdən xəbərləri var idi. Əvvəlcədən  ailəyə məlumat verilmişdir.

Ailədə çox səmimi, xoş münasibətlə qarşılandıq.

Gələcəyinizi demişdiniz, amma gəlişinizin səbəbini düzü bilmirik, - deyə ev sahibi söhbətə başladı. Nə məqsədlə gəlmisiniz, çox xoş gəlmisiniz, mənim qapım hər zaman hər birinizin üzünə açıqdır.

-Şahmar müəllim, biz “Ailələrimizi tanıyaq”  layihəsi ilə bağlı ailələrdə oluruq və maraqlı taleləri araşdırırıq. İndi sözü sizə verəcəyik öz həyatınız haqqında danışacaqsınız.

-Lap yaxşı olar, uşaqlığımı da yadıma salaram.

-Elə isə siz özünüz, ailəniz barədə danışın.

- Mən, Ağdam rayon Şurabad kəndində anadan olmuşam, kəndli ailəsi necə olar? Sadə, zəhmətlə övladlarını böyüdən bir ailəm olub. Anadangəlmə görmə problemim (gözdən əlilliyi olan şəxs) olub. Amma görmə qabiliyyətindən məhrum deyiləm. Orta məktəbdə yaxşı oxumuşam, hətta  əla deyərdim. Qarmon çalmaq həvəskarı idim, həyatımın ən yadda qalan günlərindən biri məhz qarmon aldığım gün olub. Əlimdən yerə qoymurdum. Bir gün məni qarmon ifaçısı kimi toya çağırdılar. Həmin gün ailəmə ilk qazancımı gətirdim. Bütün dünya rəngləri rəngarəng çalarlar ilə sevincimə vüsət verdi. Mən ilk əməyimin bəhrəsini təqdim etdiyim gün həyatımın unudulmaz anı oldu.

-Bəs təhsiliniz?

-Əvvəl  Mədəni  Maarif  Texnikomunu bitirmişəm, daha sonra İncəsənət İnstitutunda təhsilimi davam etmişəm.

-Şahmar müəllim, ailəniz  haqqında nə deyə bilərsiz?

-Mən, həyat yoldaşım  Aybənizlə 1977-ci ildə ailə qurmuşam . 3 övladımız var. Pərviz,  Emin,  Nazənin.  Nazənin və Eminin də  anadangəlmə göz problemi var. Hər ikisi əlilliyə görə müavinət alır.

-Biz Aybəniz xanıma da söz verəcəyik.

Aybəniz xanım:  Bir daha xoş gəlmisiniz, gəlişiniz bizi çox sevindirdi.

-Xoş gördük. Sizi evimizdə görməyə çox şad olduq.

Əvvəlcə istəsəniz elə özümdən, təhsilimdən başlayım.

Mən, Ağdamda Kənd Təsərrüfatı Texnikumunu bitirmişəm. Ailə quran gündən evin bütün ağırlıqlarını öz üzərimə götürdüm. Baxmayaraq ki, bir əlimin 4 barmağı yoxdur. Həyət-baca, bağ-bağça, bostan, tərəvəz, toyuq-cücə. Dolanışığımız üçün nəyi bacarırdımsa, onu da edirdim. Çünki illərdir ki, köçkün həyatı yaşayırıq. Balalarımızın xoş həyatı, təhsili üçün Şahmarla əl-ələ verdik.

Aybəniz  xanım daha danışmadı, görünür acılı–şirinli xatirələr onu lap uzaqlara apardı, kövrəldi də.

Şahmar müəllim, biz bilmək isdəyirik ki, siz həyatınızdan razısınızmı?

-Şükür, əlbəttə, razıyam. Gözəl yaşayış şəraitimiz, nəvələrim, ağıllı övladlarım, qədirbilən həyat yoldaşım....

Heç onu demədim. Biz 12 il Bərdə rayonunda məcburi köçkün çadır şəhərciyində yaşamışıq. Şəraitimiz yaxşı deyildi, övladlarımızı daxmalarda böyütmüşük. Orta məktəbi çadır məktəblərdə  bitiriblər . Allah canını sağ eləsin, Pərviz  başımızı uca etdi.  Ali təhsil aldı. İndi də 2-ci ali təhsilini alır. Dövlət İdarəetmə  Akademiyasında oxuyur.  Ailəlidir, iki övladı var, hazırda Moskvada yaşayır və Elmi Araşdırmalar Mərkəzində işləyir.  Mən bax belə övladımla həqiqətən fəxr  edirəm.

-Şahmar müəllim, siz indi hansı övladınızla yaşayırsınız?

-Eminlə, daha doğrusu, Emin bizimlə yaşayır. O da ailəlidir, 2 övladı var. Hər ikisi də görmə qüsurludur. Şükür balalarımıza, nəvələrimizə. Nəvələrimizin isti nəvazişi dünyada hər şeydən üstündür mənə.

-Hər şey yaxşı, hər şey gözəl, heç nədən şikayətimiz yoxdur. Şükür ki, torpaqlarımız da düşmən əsarətindən azad oldu, kəndə qayıtmaq arzumuzun tezliklə reallaşacağı günlərə ümidimiz var.

-Həyatın hər üzünü görmüşük. Yaşadığımız hər günə şükür edirik. Həyat gözəldir,  qoy gənclər, yeni nəsillər bu gözəllikləri görə-görə, duya-duya yaşasınlar. Vətəni, xalqı, torpağı, isti ocaqlarını, əzizlərini, ailələrini,  bir-birilərini sevə-sevə yaşasınlar.

-Ailənizdə olduğumuz üçün çox məmnun olduq .

 -Sağ olun! Allah razı olsun. Xeyirxah işlərinizdə  biz də bir ailəniz olaraq sizə  uğurlar arzulayırıq.

Ayrıldıq. Kifayət qədər  acılar çəkmiş, problemlər yaşamış, amma həyat eşqi, yaşamaq həvəsi güclü olan bir ailənin uzun zaman xatirəmizdə qalacaq sevgiləri, xatirələri  ilə ayrıldıq.