Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı şəhid Elvin Abdurahmanovun ailəsidir

11 mart 2026 10:06

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Qəbələ rayonunun sayılıb-seçilən, nümunəvi ailələrindən olan, şəhid Elvin Abdurahmanovun ailəsidir.

Ailənin başçısı Əbülfəz Abdurahmanov 1964-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. Həmin qəsəbənin orta məktəbində təhsil alıb, Ağdaş Kənd Təsərrüfatı Texnikumunun aqronomluq ixtisasını bitirib. Əvvəllər Əmirvan kənd bələdiyyəsinin sədri olub, hazırda fərdi təsərrüfatla məşğuldur.

Həyat yoldaşı Elmira Abdurahmanova 1973-cü ildə Əmirvan kəndində anadan olub. Həmin kəndin tam orta məktəbində təhsil alıb, Əmirvan kənd Mədəniyyət klubunda mədəni təşkilatçı kimi çalışır.

34 ildir birgə ömür sürən bu ailənin 3 övladı (oğlu), 1 nəvəsi var.

Ailənin böyük oğlu Məcnun Abdurahmanov Əmirvan kəndində anadan olub. Bakı Mühəndislik Universitetinin kompüter mühəndisliyi ixtisasının bakalavr pilləsini, Estoniyanın Tartu Universitetinin eyni ixtisas üzrə magistratura pilləsini bitirib.

Kiçik oğlu Elçin Abdurahmanov Azərbaycan Dövlət İqtisad Universitetinin kompüter mühəndisliyi ixtisasını bitirib. Ailəlidir bir övladı var.

Ortancıl oğlu, şəhid Elvin Abdurahmanov 1 oktyabr 1996-cı ildə Əmirvan kəndində anadan olub. Əmirvan kənd tam orta məktəbində təhsil alıb. O, uşaqlıqdan  idmana xüsusi maraq göstərib. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində  müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin oktyabrın 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Azərbaycan bayrağı”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunması” və “Füzulinin azad olunması” medalları ilə təltif edilib.

Əbülfəz Abdurahmanov: “Elvin kiçik yaşlarından vətən sevgisi ilə böyüb, hər zaman torpağa, bayrağa və dövlətə sədaqət göstərib. O nümunəvi övlad olmaqla yanaşı, həm də vətənpərvər gənc idi. Əziz gənclər! Bilin ki, vətəni sevən ailələrdən doğulan övladlar heç vaxt əyilməz. Uşağa vətəni sevməyi demək kifayət deyil, bunu yaşatmaq lazımdır. Bayrağa hörmət, torpağa bağlılıq, dövlətə sədaqət gündəlik davranışdan başlayır”.

Elmira Abdurahmanova: “Ailədə milli-mənəvi dəyərlərin  qorunması vacibdir. Biz evdə həm böyüyə hörməti, həm də kiçiyə qayğını əsas prinsip seçmişik. Bu dəyərlər uşaqların xarakterini formalaşdırır. Ailədə birlik və qarşılıqlı dəstək həyatın çətin anlarında ən böyük dayaqdır. Əgər bir-birinizi dəstəkləyirsinizsə, həyatın bütün  sınaqları asanlaşır. Hər iki tərəf bir-birini başa düşməli və ailəni qorumağı əsas məqsəd bilməlidir. Ailənizi qoruyun, dəyərlərinizi yaşadın”.

 

Hörmətli Abdurahmanovlar ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.