Ailələrimizi tanıyaq layihəsinin növbəti qonağı Paşayevlər ailəsidir
Paylaş:
Ailələrimizi tanıyaq” layihəsinin bugünkü qonağı Saatlı rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Paşayevlər ailəsidir. 54 ildir birgə ömür sürən Adil Paşayev və Sədaqət Zeynalovanın 4 övladı, 9 nəvəsi və 2 nəticəsi var.Hər ikisi də artıq təqaüddədir.
Ailənin başçısı Adil Paşayev və həyat yoldaşı Sədaqət Zeynalova Saatlı rayonunda doğulublar. A.Paşayev Bakı Dövlət Universitetinin Kitabxanaçılıq ixtisasını bitirib. Saatlı rayon Mərkəzi Kitabxanasının və rayon Mədəniyyət Mərkəzinin direktoru, Saatlı Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində çalışıb. S. Zeynalova isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib və uzun illər Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıb.
Adil Paşayev: “Ailə qurmaq sadəcə iki gəncin bir-birini fiziki olaraq bəyənməsi deyil, eyni zamanda sevmək, baş verə biləcək bütün çətinliklərə sinə gərmək, kənar müdaxilələrə yol verməməkdir. Məhz bunların sayəsində ailə uzunömürlü olur. Həyat varsa orada çətinliklər, enişli-yoxuşlu yollar, söz-söhbətlər də olacaq. Bu çətinlikləri məğrurluqla dəf edəndə, qocalıb geriyə baxanda görürsən ki, sən qalibsən, həyatın qalibi”.
Sədaqət Zeynalova: “Biz çox böyük sevgi ilə ailə qurmuşuq və övladlarımızı bu sevgi ilə böyüdüb tərbiyə etmişik. Birlikdə keçirdiyimiz 54 ildə çox çətinliklərlə qarşılaşmışıq, amma danışaraq, güzəştə gedərək,bir-birimizi başa düşüb, həyatın hər bir çətinliyində əl-ələ verib xoşbəxt yuva qurmağı bacarmışıq”.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi