“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Dosti-zadələr ailəsidir

28 avqust 2026 11:34

Paylaş:

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Bakı şəhəri Xəzər rayonundan olan Dosti-zadələr ailəsidir.

 Onları yaxından tanıyaq.

 Oqtay Dosti-zadə 1948-ci ildə anadan olub. Bakı-Sənaye texnikumunun Avtomobilin texniki qulluğu və istehsalı fakültəsini bitirib,45 il nəqliyyat sahəsində fəaliyyət göstərib. 1955-ci il təvəllüdlü Səmayə Dosti-zadə isə ömrünü övladlarının təlim-tərbiyəsinə həsr edib. Hazırda hər ikisi də təqaüddədir. 

52 ildir birgə ömür sürən Dosti-zadələrin 4 övladı və 7 nəvəsi var. Övladlarının hər biri ali təhsillidir və ölkəmizin inkişafı üçün çalışırlar.

 Ailə ilə müsahibəmizi Sizə təqdim edirik:

 - Xoşbəxt evliliyin sirri nədədir?

 - O.Dosti-zadə: “Xoşbəxt ailənin təməlində qarşılıqlı hörmət, etibar, səbir və anlayış dayanır. Bir-birimizi dinləməyə, çətin anlarda dəstək olmağa və problemləri birlikdə həll etməyə çalışırıq. Bu illər ərzində sevgi ilə yanaşı, bir-birimizi anlamağı, dinləməyi və çətin günlərdə bir-birimizə dayaq olmağı bacardıq. Ailədə "mən" yox, "biz" anlayışı ön planda olmalıdır.

 - Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll  edirsiniz?

- S.Dosti-zadə: “Fikir ayrılıqları hər ailədə olur. Əsas məsələ onu necə həll etməkdir. Biz heç vaxt incikliyi uzatmamışıq. Problemləri sakit şəkildə müzakirə edir, bir-birimizi dinləyir və ortaq qərara gəlməyə çalışırıq. Hər zaman qarşılıqlı ünsiyyət quraraq fikirlərimizi bölüşmüşük. Hörmət olan yerdə hər problemin həlli tapılır.

 - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?

 - Övladın tərbiyəsi ailədən başlayır. Vətəninə, dövlətinə layiqli vətəndaş yetişdirmək üçün uşağın qəlbində hələ kiçik yaşlarından vətən sevgisinin toxumu səpilməlidir. Ona öyrədilməlidir ki, vətən sadəcə yaşadığın torpaq deyil, şəhid qanı ilə yoğrulmuş müqəddəs əmanət, bayrağımız, dilimiz və kimliyimizdir. Uşaqar dürüst, məsuliyyətli və ədalətli olmaq kimi dəyərlərlə böyüdülməli, insanlara və dövlətinə faydalı olmağın ən böyük şərəf olduğu aşılanmalıdır. Valideyn ilk növbədə öz davranışı, əməyi və Vətənə olan sevgisi ilə övladına nümunə olmalıdır. Çünki uşaqlar eşitdiklərindən daha çox gördüklərini mənimsəyirlər. Vətənini sevən, onun uğurlarına sevinən, çətin günündə yanında olmağı bacaran övladlar yetişdirmək hər bir ailənin müqəddəs borcudur. Güclü ailələr güclü cəmiyyətin, güclü cəmiyyət isə qüdrətli dövlətin təməlidir.

 Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?

 - Ailəmizdə münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. Övladlarımızın fikirlərinə hörmətlə yanaşır, onlarla açıq ünsiyyət qurmağa çalışırıq. Biz övladlarımızı həm sevgi, həm də məsuliyyət hissi ilə böyütmüşük. Onların fikirlərinə həmişə hörmət etmişik, eyni zamanda düzgün yolu göstərməyə çalışmışıq. Bu gün də münasibətlərimiz  bu formada tənzimlənir.

 - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri etmək istərdiniz? Nəyisə etmədiyinizə görə təəssüf hissi keçirirsiniz?

 - Ümumilikdə övladlarımızın tərbiyəsindən razıyıq. Bununla belə, bəlkə də onlarla daha çox vaxt keçirməyə və maraqlarını daha yaxından dəstəkləməyə çalışardıq. Hər biri zəhməti ilə öz həyat yolunu qurub. Bəlkə də işlərin çoxluğundan bəzi vaxtlar onlarla daha çox vaxt keçirə bilməmişik. İndi geriyə baxanda düşünürük ki, həmin anlar daha çox olsaydı, daha gözəl olardı. Övladlarımızla keçirdiyimiz hər bir an böyük xoşbəxtlikdir.

 Ailə qurmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

 - Ailə qurmaq istəyən gənclərə ilk tövsiyəmiz budur ki, həyat yoldaşını seçərkən yalnız qəlbinizin səsinə deyil, ağlınızın və vicdanınızın səsinə də qulaq asın. Sevgi ailənin ən gözəl başlanğıcıdır, amma onu yaşadan hörmət, etibar, səbir və məsuliyyətdir. Həyat yolunu birlikdə addımlayacağınız insanı dəyişdirməyə çalışmayın, onu olduğu kimi qəbul etməyi və anlamağı öyrənin. Çünki əsl ailə bir-birini dəyişən deyil, bir-birini tamamlayan insanların qurduğu ocaqdır.

 Əziz gənclər, ailə həyatında elə günlər olacaq ki, hər şey istədiyiniz kimi alınmayacaq. O zaman inciklikləri susqunluqla böyütmək əvəzinə, səmimi söhbətlə həll etməyə çalışın. Unutmayın ki, danışılan problem həllini tapar, danışılmayan problem isə zamanla ürəklər arasında görünməz divarlar yaradar. Heç vaxt ailənizdə hörməti və etibarı itirməyin. Biz 52 illik ailə həyatımız boyunca öyrəndik ki, xoşbəxt ailənin sirri böyük möcüzələrdə deyil, hər gün göstərilən kiçik qayğılarda, bir xoş sözdə, bir anlayışlı baxışda, çətin anlarda əl-ələ verməkdə gizlidir. Bu illər bizə sübut etdi ki, ailə iki insanın birlikdə yaşaması deyil, iki qəlbin eyni amal uğrunda ömür boyu bir-birinə dayaq olmasıdır. Bütün gənclərə sevgi ilə başlayan, hörmətlə möhkəmlənən, etibarla qorunan və ömür boyu xoşbəxtlik gətirən nümunəvi ailələr qurmağı arzu edirik.

 “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində fikir və təcrübələrini bizimlə paylaşdıqlarına görə Dosti-zadələr ailəsinə təşəkkürümüzü  bildirir, onlara möhkəm cansağlığı və xoşbəxt ömür arzu edirik. Qeyd edək ki, layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri geniş ictimaiyyətə tanıtmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir.