"Ailələrimizi tanıyaq” layihəsi davam edir

15 iyul 2026 11:33

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır.

 

 Layihənin bugünkü qonağı İsmayıllı rayonunun Xanagah kəndinin tanınan ailələrindən olan Fətəliyevlər ailəsidir.

 

Vəzirxan Fətəliyev 1951-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini bitirib. Müəllim kimi əmək fəaliyyətinə başlayıb, sonra İsmayıllı Dövlət Qoruğunda elmi işlər üzrə direktor müavini, direktor vəzifəsində və Rayon İcra Hakimiyyəti başçısının Xanagah kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi kimi  fəaliyyətini davam etdirib. Bu illər ərzində kəndin ictimai həyatında fəal iştirak edib, sakinlərə daim dəstək göstərib, nümunəvi davranışı ilə icmada hörmət qazanıb.

Həyat yoldaşı Məsmə Fətəliyeva 1951-ci ildə ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsini bitirib. 35 illik pedaqoji təcrubəsi olan Məsmə xanım ömrünü gənc nəslin təlim, tərbiyəsinə həsr edib.

50 ildən artıq evli olan Fətəliyevlər ailəsinin 4 övladı (1 qız, 3 oğlan), 9 nəvəsi  var.

 

Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik.

 

- Xoşbəxt evliliyin sirri nədədir?

 

V.Fətəliyev: “Xoşbəxt evliliyin əsas şərti düzgün seçim etməkdir. İnsan həyat yoldaşını seçərkən diqqətli olmalı və  seçdiyini yaxşı tanımalıdır. Əsasən öz seçimini özü etməli və bu qərarı məsuliyyətlə verməlidir. Ailə qurarkən qarşı tərəfin ailəsini də yaxşı tanımaq vacibdir. Qohumluq və ailə mühiti gələcək münasibətlərə birbaşa təsir edir. Buna görə də insan yalnız seçdiyi şəxsi deyil, onun ailəsini də yaxından tanımalıdır”.

M.Fətəliyeva: “Xoşbəxt evliliyin əsas sirri düzgün seçim üzərində qurulan ailə və qarşılıqlı anlaşmadır. Tərəflərin bir-birini dinləməsi və hörmət etməsi ailədə sağlam münasibətlərin formalaşmasına şərait  yaradır.

 

 - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?

 

V.Fətəliyev: “Belə vəziyyətlərdə münasibəti qorumaq üçün bir-birinə anlayışla yanaşmaq və bağışlamağı bacarmaq vacibdir”.

M.Fətəliyeva: “Ailədə hər zaman mehriban münasibəti qorumağa çalışmışam, bir-birimizə hörmət və diqqətlə yanaşmışıq. Daim aramızda səmimiyyət olub, can deyib, can eşitmişik”.

 

           - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?

 

V.Fətəliyev: “İlk növbədə valideyn özü nümunə olmalıdır. Mənim fikrimcə valideynin davranışı və həyat tərzi uşağın tərbiyəsində əsas rol oynayır və uşaq gördüyünü mənimsəyir.Uşaqlar daim nəzarətdə saxlanılmalı və diqqətdən kənar qalmamalıdır. Övladlarımız evləndikdən sonra da valideynləri olaraq öz təcrübəmizi onlarla bölüşməli, dəstəyimizi, qayğımızı davam etdirməliyik.

M.Fətəliyeva: “Vətənə layiqli övlad yetişdirmək üçün uşaqlara düzgün tərbiyə vermək əsas şərtdir. Uşağın tərbiyəsində həm ana-ata qayğısı, həm də müəllim yanaşması mühüm rol oynayır. Mən övladlarıma hər zaman həm bir müəllim kimi düzgün yol göstərməyə, həm də bir ana kimi sevgi, qayğı göstərməyə çalışmışam”.

 

 - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?

 

         V.Fətəliyev: “Bizim ailədə valideyn-övlad münasibətləri qarşılıqlı hörmət və açıq ünsiyyət üzərində qurulub. Mən övladlarımla daim söhbət etmişəm, problemləri birlikdə müzakirə edərək həll etmişik”.

 

 - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.

 

V.Fətəliyev: “Geriyə baxdıqda təəsüflənirəm, kaş ki, övladlarmın təhsilinə daha çox diqqət ayırardım. Mən qoruqda işlədiyim üçün uşaqlara kifayət qədər vaxt ayıra bilməmişəm. Bu səbəbdən də müəyyən peşmanlıq hissi keçirirəm. Kaş daha çox yanlarında ola bilərdim”.

M.Fətəliyeva: “Mən də müəllim işlədiyim üçün həm iş, həm də ev məsuliyyəti məni çox məşğul edib. Bəzən övladlarımın təhsilinə və gündəlik qayğılarına istədiyim qədər vaxt ayıra bilməmişəm. Ən çox bunun peşmançılığını yaşayıram”.

 

          - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?

 

- Birinci növbədə gənclər zərərli vərdişlərdən uzaq durmalıdırlar. Ailə qurmaq məsuliyyətdir. Sevgi ilə yanaşı, qarşılıqlı hörmət və məsuliyyət də olmalıdır. Gənclər bir-birinə sevgi və səbir göstərməli, çətinliklərin öhdəsindən birlikdə gəlməyi öyrənməlidirlər. Sağlam ailənin əsası elə buradan başlayır.

 

Hörmətli Fətəliyevlər ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.