“Ailələrimizi tanıyaq” layihəsi davam edir
Paylaş:
Layihənin növbəti qonağı Ağdam rayonundan olan Ağayevlər ailəsidir.
Əlövsət Ağayev 8 mart 1962-ci ildə Ağdam rayonunun Üçoğlan kəndində müəllim ailəsində anadan olub. Xankəndi Pedaqoji İnstitutunun riyaziyyat müəllimliyi ixtisasını bitirib. Hazırda Səfərli kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir. 41 ildir pedaqoji fəaliyyətlə məşğul olan Ə.Ağayev təhsil sahəsindəki xidmətlərinə görə müxtəlif mükafatlarla təltif edilib.
Həyat yoldaşı Adilə Ağayeva 30 sentyabr 1967-ci ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun alman-ingilis dili ixtisasını bitirib. Hazırda Səfərli kənd tam orta məktəbində İngilis dili müəllimi kimi çalışır.
35 ildən çox evli olan Ağayevlər ailəsinin 3 övladı (2 qız, 1 oğlan) və 3 nəvəsi var. Hər üç övladı ali təhsil alıb.
Ə.Ağayev: “İlk növbədə gənclərə tövsiyəm odur ki, ailə anlayışını dərk edib ailə qursunlar. Sağlam ailə sağlam gələcəyin təminatçısıdır və ailənin uzunömürlü olması üçün səbirli olmaq, bir-birini dinləmək və anlayış göstərmək vacibdir. Ailə həyatında müxtəlif mərhələlər olur və hər mərhələdə insanın səbirli olması, qarşı tərəfi başa düşməsi çox önəmlidir. Həmçinin ailədə “mən haqlıyam” düşüncəsindən daha çox “biz necə razılaşa, ortaq məxrəcə gələ bilərik” yanaşması üstün olmalıdır. Bir-birini dinləmək, incitməməyə çalışmaq və ən əsası münasibəti qorumaq istəyi ailəni uzunömürlü edir”.
A.Ağayeva: “Gənclərə tövsiyəmiz odur ki, ailə qurmağa tələsməsinlər. Bir-birlərini yaxşı tanısınlar, xasiyyətlərini, həyata baxışlarını, məqsədlərini anlasınlar. Ailə qurmaq yalnız sevgi deyil, həm də məsuliyyətdir. İnsan bu məsuliyyətə hazır olmalıdır. Qarşılıqlı hörmət, səbir və anlayış olmadan sağlam ailə qurmaq çətin olur. Ona görə də bu dəyərləri əvvəlcədən formalaşdırmaq vacibdir. Ailədə hər şey arzulanan kimi getməyə bilər, amma əsas odur ki, tərəflər bir-birinə dayaq olsun. Münasibətlər düzgün qurularsa, ailə bu çətinliklərin öhdəsindən rahatlıqla gələ bilər. Ailə qarşılıqlı sevgi, hörmət və diqqət üzərində qurulmalıdır. Bu dəyərlər qorunduğu müddətdə ailə də möhkəm və uzunömürlü olur. Maddi çətinliklər müvəqqətidir, amma mənəvi bağlar möhkəm olduqda ailə daha güclü olur. Xoşbəxt ailə təsadüfən yaranmır o, hər gün göstərilən diqqət, qayğı və sevgi ilə qurulur və qorunur”.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi