“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Məhərrəmovlar ailəsidir

10 avqust 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Növbəti qonağımız ailə dəyərlərinə sadiq, övladlarını böyüklərə hörmət ruhunda böyüdən və ən əsası hər həftəsonunu “Ailə günü” kimi dəyərləndirən Məhərrəmovlar ailəsidir.

Ailənin başçısı Fərhad Məhərrəmov hazırda ABAD-çı kimi fəaliyyət göstərərək narşərab və narşərab tərkibli məhsulların istehsalı ilə məşğuldur. Aytən Məhərrəmova isə sahibkar qadın kimi öz əl işlərinin miqyasını genişləndirərək, yaxın vaxtlarda biznesə başlamış və bu sahədə uğurlar qazanmaqda davam etməkdədir. Ailənin 1 qız övladı, 2 oğlan övladı var. Məhərrəmovlar ailəsi ilə apardığımız maraqlı müsahibəni diqqətinizə təqdim edirik.

Hörmətli Fərhad müəllim və Aytən xanım, ilk növbədə dəvətimizi qəbul etdiyiniz üçün təşəkkürümüzü bildiririk. Əvvəlcə istərdik ki, 20 ilə yaxındır ki, davam edən uğurlu evliliyinizin açarı nədir sualını cavablandırasınız. Aytən xanım, əvvəlcə sizdən başlayaq.

Biz də öz növbəmizdə layihənin qonağı kimi bizi dəvət etdiyinizə görə sizə minnətdarıq. Sualınıza gəldikdə isə bildirmək istəyirəm ki, uzunömürlü və bir-birinə dəstək olan ailənin qurulması üçün birinci növbədə hörmət və dostluq münasibətləri olmalıdır. Hətta bu məfhumlar sevgidən də üstündür deyə bilərik. Biz ailə qurmaq qərarına gəldikdə universitetdə oxuyurdum və yoldaşımı həqiqətən də ailə dəyərlərinə qiymət verən insan kimi tanıdım. Bilirdim ki, onunla hara getsəm güvəndə olacam. Əsas amil bir-birinə güvənməkdir, uyğunluqdur. Əlbəttə ki, sosial durum da vacib məsələdir. Ailə təminatlı olmalıdır ki, müəyyən çətinliklərdən qoruna bilsin. Çünki ilkin mərhələdə gənc ailədə kövrək bir bağlantı olur. Kövrək bağlantını qıran amillər çox ola bilər. Arzu edirəm ki, hər bir ailənin ilkin növbədə başçısı özünə uyğun bir peşəni seçə bilsin, kifayət qədər məvacib evinə gətirə bilsin. Digər tərəfdən də qarşılıqlı hörmət, simpatiya, sevgi və münasibət, bunlar öz rolunu əhəmiyyətli formada göstərir.

Fərhad müəllim, karyera yolunda tərəflərin bir-birinə dəstəyinin vacibliyini necə qiymətləndirirsiniz?

Yoldaşım qadın olaraq kifayət qədər böyük yükü çiyinlərində saxlayıb. Mən ailənin sosial təminatını həyata keçirərkən, o da ailəmizdə uşaqlarımızın sağlam böyüməsi, yaxşı təlim-tərbiyəsi ilə yaxında məşğul olur, bizə aid olan hər şeyə - əyin başımızdan tutmuş evdə yeməyimizin daim hazır olmasına, isti ocağımıza qədər hamısına diqqət yetirib. Tamamilə özünü bu işlərə həsr edib. Bu da, dəstəyin 80 faizi deməkdir. Yəni 100 faizlik olan ailə bağlantılarında 80 faizi məhz dəstək təşkil edir. O zaman ailə başçısının da fikri digər məqamlarda qalmır, öz işindən yayınmır, tutduğu istiqamətlə də gedə bilir. Gənc ailələr də hər zaman bir-birilərinə dəstək olmalı, bütün məsələlərdə səbr nümayiş etdirməlidirlər.

Hazırda sahibi olduğunuz biznes sahəniz barədə ətraflı məlumat verməyinizi istərdik. Fərhad müəllim, elə sizinlə davam edək.

Bizim hər birimizin özünəməxsus profilimiz var. Mən uzun müddət korporativ sahədə çalışmışam. İqtisadiyyatın müəyyən qolları ilə müxtəlif sahələrdə - bank, istehsal, turizm sahələrində fərdi qaydada çalışmışam. Lakin daha çox maliyyə sektorunda fəaliyyət göstərmişəm. Hər zaman özüməməxsus olan bir işi yaratmaq və onunla məşğul olmaq haqqında düşünmüş, özümü inkişaf etdirmək və təcrübə qazanmaq üçün səy göstərmişəm. Fəaliyyət göstərdiyim biznes sahələrində təbii ki, uğurlarla bərabər uğursuzluqlar da olub. Bu gün isə əsas biznes istiqamətimiz daha çox Ailə biznesi – “ABAD”çı olaraq çalışırıq. Partnyorumla birlikdə birbaşa narşərab və narşərab tərkibli məhsulların istehsalı ilə məşğuluq.

Nəyə görə bu sektoru seçmisiniz?

Çünki daha çox nara bağlı olan bir məhsuldur. Nar da Azərbaycan toprağının strateji məhsullarından biridir. Digər məsələ isə həm daxili bazarda, həm də xarici bazarda öz məhsullarımızı tanıtmaq istəyidir. ABAD-a öz növbəmizdə təşəkkür edirik ki, bazarın satış tərəfində olan çətinlikləri aradan qaldırdı və bizim kimi ailələr üçün çalışır. Öz məhsullarımızı böyük şəbəkələrə belə vermişik. Bizim üçün çox pozitiv məqamdır. Sahibkarlıq o qədər kövrək bir sahədir ki, buistiqamətin qırılması hər an baş verə bilər. Həm risklər, həm maliyyə səbəbləri, həm bazar dəyişikləri ilə bərabər, həm də insan sağlamlığı ilə bağlı olan məqamlarda bu, baş verə bilər. Kiçik sahibkarlıq da elə bir məfhumdur ki, bu sahədə istiqamətlər tez-tez dəyişə bilər. Korporativ sahədə bunu etmək bir qədər çətindirsə, kiçik sahibkarlıqda həm vəsait qoyuluşu xırda olduğu üçün, həm insanların fərdi xüsusiyyətləri daha çox istifadə olunduğu üçün bu məsələlələr tez-tez dəyişə bilər.

Aytən xanım, istərdik siz də biznesə olan marağınızın necə yaranması haqqında məlumat verəsiniz.

İlk növbədə, biznesə başlamağımda mənə daim dəstək olan həyat yoldaşıma təşəkkür edirəm. Bu işi başlayarkən əvvəlcə hobbi kimi yanaşırdım. Uşaqlıqdan bitkiləri sevirdim, onlar haqqında oxumaq, onlarla məşğul olmaq məni çox maraqlandırırdı. Əsasən də ev bitkiləri haqqında araşdırmalar etməyi xoşlayırdım. Sonra “instagram”da blog kimi kiçik bir səhifə yaratdım. Bitkilərə qulluq, onlar haqqında məsləhət xarakterli videolar hazırlamağa başladım. Rəfiqəm də bacardığım bu işlə professional məşğul olmağı tövsiyə etdi. Yoldaşım da dəstək oldu, yol göstərdi, biznesmen olaraq mənə dəstək verdi. ABAD-ı məsləhət gördü. ABAD da işlərimi gördü bəyəndi və dəstək oldu. İnsan özünə məqsəd qoymalıdır. Qorxursansa heç başlama. Adaptasiya olduqda hər şeyi yoluna qoymaq olur.

“Sahibkarkıq çox kövrəkdir və onu qoruya-qoruya aparmaq lazımdır” -deyən F. Məhərrəmov qeyd edib ki, biznesə başlamaq üçün bir neçə amil lazımdır.

Birinci gərək məşğul olacağın iş barəsində təəssüratın olsun. Daha sonra müəyyən etməlisən ki, mənim buna hansısa bir töhfələrim olarmı?! Biznesə başlamaq istəyən gənc ailənin maliyyə imkanları, dəstəyi olmalıdır. Müəyyən fondlar yaxud təşkilatlar yaradılmalı, biznes ideyası olan gənc ailələrə vəsaitlər ayrılmalı, konsultasiya xidmətlərinin göstərilməsi təmin edilməlidir ki,  ailələr də bu işə başlamaq üçün ayağa qalxa bilsinlər. Sahibkarlıq elə bir şeydir ki, burada sırf ideyalar üzərində hər şeyi qura bilməzsən. Bunun üçün ideyalar bankı olmalıdır. İdeyadan reallaşmağa böyük bir məsafə var ki, o yol qət olunmalıdır və o yolun üzərində çətinliklər də olur.

Övladlarınızın da sizin kimi sahibkar olmasını istərdinizmi?

Hər kəs özünə uyğun peşəni yaxud istiqaməti seçməlidir. Ola bilər ki, bir neçə istiqaməti seçərək fəaliyyət göstərsin. Övladlarımızı məcbur etmək istəməzdim. Amma əlbəttə ki, davamçı olaraq hansısa bir işlərin bir qismindən əl tutmaları yaxşı olardı. Onlar öz qərarlarında sərbəstdirlər. 3 övladdan böyüyü qızımızdır, 18 yaxşı var, yaxın gələcəkdə təhsilini alıb peşəkar bir mütəxəssis kimi özünü göstərə biləcək. Digər övladlarımız isə oğlanlardır. Onlar da müasir dövrün tələbələrinə uyğun bir peşə seçərlər, yaxud yenə də onları istiqamətləri və arzuları üst-üstə gəlsə bizim biznesimizi ola bilər ki, davam etdirsinlər. Bu işlərdə bizə də dəstək, kömək etmiş olarlar. Biz ümumiyyətlə, uşaqlarımıza hansı peşəni seçməkdən asılı olmayaraq, xeyirlisi olmasının və həmin sahədə yaxşısı olmalarının əhəmiyyətini deyirik.  

“Çox zaman çalışırdım ki, gecələr uşaqlar yatandan sonra işləyim, uşaqlarım mənim əksikliyimi heç bir zaman hiss etməsinlər” – deyən Aytən xanım uşaqlara kifayət qədər zaman ayırmağın vacibliyini vurğuladı.

Dövlət Neft Akademiyasını bitirməyimə baxmayaraq, uzun müddət işləmirdim və uşaqlarıma hər zaman vaxt ayırmaq imkanım olurdu.  İndiyə kimi də övladlarımız iki növ idman növüylə məşğuldular. Dərslərə onları özüm aparıb gətirirdim, nəzarət edirdim. Hər üç uşağa kifayət qədər diqqət yetirirdim. Hətta 8-ci sinifə qədər hazırlığa yazdırmamışam, çünki biz birlikdə tapşırıqları edirdik. Uşaqlarımı öyrədirdim ki, dərslərinizi özünüz etməlisiniz. Ən kiçik 5-ci sinifdə oxuyan oğlumun da dərsləriylə hazırda özüm məşğulam, həm ana, həm də müəllim kimi. Onların hər bir işində həmişə çalışmışam ki, iştirak edim. Sahibkarlıq sahəsini seçməyimin də elə səbəbi bu idi ki, boş vaxtım çox olsun, qrafikimi özüm qura bilim, işimdə özümdən asılı olum. Elə bir iş seçmişdim ki, bu, həm də mənim hobbim olsun.

Düzdür böyük qızım hazırda Türkiyədə təhsil aldığı üçün tam beşlik olaraq birlikdə vaxt keçirə bilmirik. Amma tətildə gəldiyi zaman birlikdə vaxt keçirməyə çalışırıq. Hamının vaxtının üst-üstə düşməsi, ortaq vaxtın seçilməsi təbii ki, çətindir. Amma hər bir halda biz çalışırıq ki, birlikdə olduğumuz zamanları düzgün qiymətləndirək.

Məlumdur ki, müasir dövrdə canlı ünsiyyəti daha çox virtual ünsiyyət, onlayn görüşlər əvəz edir. Siz öz valideynlərinizlə, canlı ünsiyyəti necə təmin edirsiniz? Uşaqlar nənə-babaları ilə necə vaxt keçirirlər?

Bizim “Ailə günü” adlandırdığımız gün var ki, mütləq şəkildə həftəsonunu nənə-babalara ayırırıq. Bir gün yoldaşımın, növbəti gün mənim valideynlərimin evinə gedirik. Övladlarımıza uşaqlıqdan öyrədirik ki, nənə-babaya hörmət və onlarla zaman keçirmək vacibdir. Gözümüzü açdığımız gündən bizə də bunu öyrədiblər. Balacaları böyüklərə hörmət ruhunda böyütməyə çalışırıq. Bir də onu vurğulamaq istəyirəm ki, bizim ailədə nənə-babaların dəstəyi hər zaman mühüm rol oynayıb.

Aytən xanım, bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bugünə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.

Şükürlər olsun ki, bəlkə də yeganə mövzudur ki, geriyə dönüb nəyisə əlavə etmək istəmirəm. Uşaqlar mənim fərəh nöqtəmdir, hər şeyimdilər. Sağlam və tərbiyəli övladlar böyütmüşük. Fikrimcə çox sərt və tələbkar ana olmuşam. Çalışmışam maksimal dərəcədə uşaqları elə tərbiyə edim ki, nə ilə məşğul olursan ol, onun ən yaxşısı ol. Məktəbdə olimpiadalara gedirsizsə çalışın yer tutun, yəni elə-belə gedib boş qayıtmayın. Geriyə dönmə imkanım olsaydı, bəlkə də daha yumşaq ana olardım.

Sonda ailə qurmaq istəyən gənclərə məsləhətləri diqqətə çatdıran Məhərrəmovlar ailəsi qeyd etdilər:

Yeni ailə qurmaq istəyən cavanlar unutmasınlar ki, ailədə hörmət həqiqətən də böyük rol oynayır. İndiki dövrdə həyat o qədər çətindir ki, ailə də bu çətinliklərə sinə gərən qala kimi olmalıdır. Ailədə olan məsələlər qırağa çıxarılmamalıdır. Ailənin dəyərini bilmək və ondan çox bərk yapışmaq lazımdır.