“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı şəhid mayor Sübhi Mürsəliyevin ailəsidir

16 iyul 2026 11:03

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq, müsbət ailə nümunələrini geniş ictimaiyyətə çatdırmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir.

Layihənin növbəti qonağı İsmayıllı rayonunun tanınmış ailələrindən biri, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan mayor Sübhi Mürsəliyevin ailəsidir.

Ailənin başçısı Balamirzə Mürsəliyev 1954-cü ildə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Coğrafiya-geologiya fakültəsini bitirib. Təyinatla bir müddət Leninqradda (indiki Sankt-Peterburq) işlədikdən sonra vətənə qayıdaraq əvvəlcə ixtisası üzrə Bakı şəhərində fəaliyyət göstərib, sonra Qurbanəfəndi kənd məktəbində ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub, həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edib. B.Mürsəliyev 2020-ci ildə vəfat edib.

Həyat yoldaşı Cəmilə Əkbərova-Mürsəliyeva 1954-cü ildə Tərtər rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini bitirib. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan SSR Dövlət Plan Komitəsində mühəndis-proqramçı kimi əmək fəaliyyətinə başlayıb. Sonra Qurbanəfəndi kənd məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirib. Hazırda təqaüddədir.

Cəmilə xanım həyat yoldaşı B.Mürsəliyevlə tələbəlik illərində tanış olub, 1977-ci ildə ailə həyatı qurublar. Onlar yalnız savadlı pedaqoqlar deyil, eyni zamanda nümunəvi ailə başçıları kimi tanınıblar. Vətənə və dövlətə layiq övladlar böyüdərək cəmiyyətə faydalı insanlar yetişdiriblər. Mürsəliyevlər ailəsinin 5 övladı, 14 nəvəsi var var.

Şəhidlik zirvəsinə ucalan mayor Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də dünyaya göz açıb. Kiçik yaşlarından hərb sənətinə böyük maraq göstərən Sübhi rayon üzrə keçirilən atıcılıq yarışlarında dəfələrlə uğur qazanaraq mükafatlara layiq görülüb. Məktəb illərindən onun Vətənə bağlılığı, vətənpərvərliyi ailəsinin, müəllimlərinin və onu tanıyan hər kəsin diqqətini çəkib. Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev Vətən müharibəsində Suqovuşan uğrunda gedən ağır döyüşlərdə böyük qəhrəmanlıqla iştirak edib, Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalaraq adını Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yazdırıb. Sübhi Mürsəliyev yalnız döyüş meydanındakı şücaəti ilə deyil, ailəsinə bağlılığı və yüksək insani keyfiyyətləri ilə də yadda qalıb. Həyat yoldaşı İlahə Mürsəliyeva hazırda Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbəsidir, 3 övladları var.

Cəmilə Əkbərova-Mürsəliyeva: “Xoşbəxt ailənin sirri var-dövlətdə deyil, yalnız sevgidədir. Hətta ən ağır işi belə yüngülləşdirən məhz sevgidir.

Ailədə valideyn-övlad münasibətləri qarşılıqlı hörmət və anlayış əsasında qurulmalıdır. Mən hesab edirəm ki, ailədə valideynlər əsas qərarverici rolunda olsalar da, uşaqların da fikirlərinə hörmətlə yanaşılmalıdır və onların düşüncələri dinlənilməlidir. Hər bir uşaq ailədə bir şəxsiyyət kimi qəbul olunmalı, onun yaşı və mövqeyi nəzərə alınmalıdır. Böyüklərə hörmət, kiçiklərə qayğı prinsipi qorunmaqla yanaşı, ailə daxilində səmimi dialoq və anlaşma mütləqdir.

Vətənə, dövlətə layiqli övladların yetişməsində valideynlərin rolu və ailə mühiti çox önəmlidir. Uşaqlara kiçik yaşlarından vətən sevgisi və vətənpərvərlik hissi aşılanmalıdır. Həyat yoldaşımla birlikdə övladlarımıza hər zaman vətənpərvərlik ruhunu aşılamağı, haqsızlığa qarşı susmamağı öyrətməyə çalışmışıq”.