Axtar

Tarixdən
Tarixədək

Xəbərlər

“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı şəhid mayor Sübhi Mürsəliyevin ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq, müsbət ailə nümunələrini geniş ictimaiyyətə çatdırmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir. Layihənin növbəti qonağı İsmayıllı rayonunun tanınmış ailələrindən biri, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan mayor Sübhi Mürsəliyevin ailəsidir. Ailənin başçısı Balamirzə Mürsəliyev 1954-cü ildə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Coğrafiya-geologiya fakültəsini bitirib. Təyinatla bir müddət Leninqradda (indiki Sankt-Peterburq) işlədikdən sonra vətənə qayıdaraq əvvəlcə ixtisası üzrə Bakı şəhərində fəaliyyət göstərib, sonra Qurbanəfəndi kənd məktəbində ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub, həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edib. B.Mürsəliyev 2020-ci ildə vəfat edib. Həyat yoldaşı Cəmilə Əkbərova-Mürsəliyeva 1954-cü ildə Tərtər rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini bitirib. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan SSR Dövlət Plan Komitəsində mühəndis-proqramçı kimi əmək fəaliyyətinə başlayıb. Sonra Qurbanəfəndi kənd məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirib. Hazırda təqaüddədir. Cəmilə xanım həyat yoldaşı B.Mürsəliyevlə tələbəlik illərində tanış olub, 1977-ci ildə ailə həyatı qurublar. Onlar yalnız savadlı pedaqoqlar deyil, eyni zamanda nümunəvi ailə başçıları kimi tanınıblar. Vətənə və dövlətə layiq övladlar böyüdərək cəmiyyətə faydalı insanlar yetişdiriblər. Mürsəliyevlər ailəsinin 5 övladı, 14 nəvəsi var var. Şəhidlik zirvəsinə ucalan mayor Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də dünyaya göz açıb. Kiçik yaşlarından hərb sənətinə böyük maraq göstərən Sübhi rayon üzrə keçirilən atıcılıq yarışlarında dəfələrlə uğur qazanaraq mükafatlara layiq görülüb. Məktəb illərindən onun Vətənə bağlılığı, vətənpərvərliyi ailəsinin, müəllimlərinin və onu tanıyan hər kəsin diqqətini çəkib. Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev Vətən müharibəsində Suqovuşan uğrunda gedən ağır döyüşlərdə böyük qəhrəmanlıqla iştirak edib, Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalaraq adını Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yazdırıb. Sübhi Mürsəliyev yalnız döyüş meydanındakı şücaəti ilə deyil, ailəsinə bağlılığı və yüksək insani keyfiyyətləri ilə də yadda qalıb. Həyat yoldaşı İlahə Mürsəliyeva hazırda Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbəsidir, 3 övladları var. Cəmilə Əkbərova-Mürsəliyeva: “Xoşbəxt ailənin sirri var-dövlətdə deyil, yalnız sevgidədir. Hətta ən ağır işi belə yüngülləşdirən məhz sevgidir. Ailədə valideyn-övlad münasibətləri qarşılıqlı hörmət və anlayış əsasında qurulmalıdır. Mən hesab edirəm ki, ailədə valideynlər əsas qərarverici rolunda olsalar da, uşaqların da fikirlərinə hörmətlə yanaşılmalıdır və onların düşüncələri dinlənilməlidir. Hər bir uşaq ailədə bir şəxsiyyət kimi qəbul olunmalı, onun yaşı və mövqeyi nəzərə alınmalıdır. Böyüklərə hörmət, kiçiklərə qayğı prinsipi qorunmaqla yanaşı, ailə daxilində səmimi dialoq və anlaşma mütləqdir. Vətənə, dövlətə layiqli övladların yetişməsində valideynlərin rolu və ailə mühiti çox önəmlidir. Uşaqlara kiçik yaşlarından vətən sevgisi və vətənpərvərlik hissi aşılanmalıdır. Həyat yoldaşımla birlikdə övladlarımıza hər zaman vətənpərvərlik ruhunu aşılamağı, haqsızlığa qarşı susmamağı öyrətməyə çalışmışıq”.

Ətraflı
"Ailələrimizi tanıyaq” layihəsi davam edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır.    Layihənin bugünkü qonağı İsmayıllı rayonunun Xanagah kəndinin tanınan ailələrindən olan Fətəliyevlər ailəsidir.   Vəzirxan Fətəliyev 1951-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini bitirib. Müəllim kimi əmək fəaliyyətinə başlayıb, sonra İsmayıllı Dövlət Qoruğunda elmi işlər üzrə direktor müavini, direktor vəzifəsində və Rayon İcra Hakimiyyəti başçısının Xanagah kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi kimi  fəaliyyətini davam etdirib. Bu illər ərzində kəndin ictimai həyatında fəal iştirak edib, sakinlərə daim dəstək göstərib, nümunəvi davranışı ilə icmada hörmət qazanıb. Həyat yoldaşı Məsmə Fətəliyeva 1951-ci ildə ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsini bitirib. 35 illik pedaqoji təcrubəsi olan Məsmə xanım ömrünü gənc nəslin təlim, tərbiyəsinə həsr edib. 50 ildən artıq evli olan Fətəliyevlər ailəsinin 4 övladı (1 qız, 3 oğlan), 9 nəvəsi  var.   Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik.   - Xoşbəxt evliliyin sirri nədədir?   V.Fətəliyev: “Xoşbəxt evliliyin əsas şərti düzgün seçim etməkdir. İnsan həyat yoldaşını seçərkən diqqətli olmalı və  seçdiyini yaxşı tanımalıdır. Əsasən öz seçimini özü etməli və bu qərarı məsuliyyətlə verməlidir. Ailə qurarkən qarşı tərəfin ailəsini də yaxşı tanımaq vacibdir. Qohumluq və ailə mühiti gələcək münasibətlərə birbaşa təsir edir. Buna görə də insan yalnız seçdiyi şəxsi deyil, onun ailəsini də yaxından tanımalıdır”. M.Fətəliyeva: “Xoşbəxt evliliyin əsas sirri düzgün seçim üzərində qurulan ailə və qarşılıqlı anlaşmadır. Tərəflərin bir-birini dinləməsi və hörmət etməsi ailədə sağlam münasibətlərin formalaşmasına şərait  yaradır.    - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?   V.Fətəliyev: “Belə vəziyyətlərdə münasibəti qorumaq üçün bir-birinə anlayışla yanaşmaq və bağışlamağı bacarmaq vacibdir”. M.Fətəliyeva: “Ailədə hər zaman mehriban münasibəti qorumağa çalışmışam, bir-birimizə hörmət və diqqətlə yanaşmışıq. Daim aramızda səmimiyyət olub, can deyib, can eşitmişik”.              - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?   V.Fətəliyev: “İlk növbədə valideyn özü nümunə olmalıdır. Mənim fikrimcə valideynin davranışı və həyat tərzi uşağın tərbiyəsində əsas rol oynayır və uşaq gördüyünü mənimsəyir.Uşaqlar daim nəzarətdə saxlanılmalı və diqqətdən kənar qalmamalıdır. Övladlarımız evləndikdən sonra da valideynləri olaraq öz təcrübəmizi onlarla bölüşməli, dəstəyimizi, qayğımızı davam etdirməliyik. M.Fətəliyeva: “Vətənə layiqli övlad yetişdirmək üçün uşaqlara düzgün tərbiyə vermək əsas şərtdir. Uşağın tərbiyəsində həm ana-ata qayğısı, həm də müəllim yanaşması mühüm rol oynayır. Mən övladlarıma hər zaman həm bir müəllim kimi düzgün yol göstərməyə, həm də bir ana kimi sevgi, qayğı göstərməyə çalışmışam”.    - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?            V.Fətəliyev: “Bizim ailədə valideyn-övlad münasibətləri qarşılıqlı hörmət və açıq ünsiyyət üzərində qurulub. Mən övladlarımla daim söhbət etmişəm, problemləri birlikdə müzakirə edərək həll etmişik”.    - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.   V.Fətəliyev: “Geriyə baxdıqda təəsüflənirəm, kaş ki, övladlarmın təhsilinə daha çox diqqət ayırardım. Mən qoruqda işlədiyim üçün uşaqlara kifayət qədər vaxt ayıra bilməmişəm. Bu səbəbdən də müəyyən peşmanlıq hissi keçirirəm. Kaş daha çox yanlarında ola bilərdim”. M.Fətəliyeva: “Mən də müəllim işlədiyim üçün həm iş, həm də ev məsuliyyəti məni çox məşğul edib. Bəzən övladlarımın təhsilinə və gündəlik qayğılarına istədiyim qədər vaxt ayıra bilməmişəm. Ən çox bunun peşmançılığını yaşayıram”.             - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?   - Birinci növbədə gənclər zərərli vərdişlərdən uzaq durmalıdırlar. Ailə qurmaq məsuliyyətdir. Sevgi ilə yanaşı, qarşılıqlı hörmət və məsuliyyət də olmalıdır. Gənclər bir-birinə sevgi və səbir göstərməli, çətinliklərin öhdəsindən birlikdə gəlməyi öyrənməlidirlər. Sağlam ailənin əsası elə buradan başlayır.   Hörmətli Fətəliyevlər ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.

Ətraflı
"Ailələrimizi tanıyaq” layihəsi davam edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq, müsbət ailə nümunələrini ictimaiyyətə çatdırmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir. Növbəti qonağımız Hacıqabul rayonunun Rəncbər kəndindən olan Salmanovlar ailəsidir. 41 ildir birgə ömür sürən Salmanovlar ailəsinin 4 övladı və 7 nəvəsi var. Övladlarının hər biri ali təhsil alaraq müxtəlif sahələrdə çalışır və ölkəmizin inkişafına öz töhfələrini verir. Ailənin başçısı Sübhəli Salmanov uzun illər riyaziyyat müəllimi kimi fəaliyyət göstərib və hazırda təqaüddədir. Həyat yoldaşı Qızqayıt Salmanova isə ömrünü övladlarının təlim-tərbiyəsinə həsr edib. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik: - Xoşbəxt evliliyin sirri nədədir? S.Salmanov: “Keçmişlə müqayisədə bu gün ailə münasibətlərində ciddi dəyişikliklər müşahidə olunur. Əvvəllər böyüklərin məsləhəti və həyat təcrübəsi ailələrin möhkəmlənməsində əsas rol oynayırdı. Müasir dövrdə isə gənclər daha çox sərbəstliyə üstünlük verirlər və bu təbii haldır. Lakin sərbəstlik təkbaşına möhkəm ailə üçün kifayət etmir, ailənin dayanıqlılığı sevgi, hörmət, sayğı və qarşılıqlı anlaşma kimi dəyərlər üzərində qurulur."   Q.Salmanova: “Ailədə qarşılıqlı anlayış, səbir və güzəşt çox vacibdir. Çətinliklərlə birlikdə mübarizə apardıqda ailə daha da möhkəmlənir”.   “Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?”   Ailə daxilində fikir ayrılıqları olduqda çalışırıq ki, heç birimiz öz mövqeyimizi qarşı tərəfə məcburi şəkildə qəbul etdirməyək. Hər kəs öz fikrini sərbəst ifadə edir, daha sonra isə ailənin mənafeyinə uyğun, daha məntiqli və səmərəli qərar birgə qəbul olunur. Fikrimizcə sağlam ailə münasibətlərinin əsasında qarşılıqlı dinləmək, hörmətlə yanaşmaq və ortaq məxrəcə gələ bilmək dayanır.   - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?   Q.Salmanova: “Məncə, hər şey ailədən başlayır. Uşağa kiçik yaşlardan düzgün tərbiyə,Vətən sevgisi, zəhmətsevərlik, böyüyə hörmət, kiçiyə qayğı aşılanmalıdır. Valideyn öz davranışı ilə övladına nümunə olmalıdır. Evdə sevgi, qarşılıqlı hörmət və sağlam ailə mühiti varsa, belə bir mühitdə böyüyən övlad da gələcəkdə Vətəninə, dövlətinə və cəmiyyətinə faydalı insan olur”.   - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?   S.Salmanov: “Biz həmişə çalışmışıq ki, övladlarımızla münasibətlərimiz qarşılıqlı hörmət və etimad üzərində qurulsun. Onlara fikirlərini sərbəst ifadə etmək imkanı yaratmış, eyni zamanda məsuliyyət hissini də aşılamışıq. Hesab edirəm ki, valideyn övladına təkcə nəsihət verməklə deyil, öz davranışı ilə də nümunə olmalıdır. Səmimi ünsiyyət və qarşılıqlı anlayış valideyn-övlad münasibətlərinin sağlam inkişafı üçün ən vacib amillərdəndir”.   Q.Salmanova: “Valideyn-övlad münasibətləri ailənin ən həssas və ən dəyərli tərəfidir. Mən həmişə çalışmışam ki, övladlarımı sevgi ilə böyüdüm, eyni zamanda onlara düzgün yolu göstərim. Hesab edirəm ki, uşağı təkcə tərbiyə etmək yox, onu dinləmək və fikrinə hörmətlə yanaşmaq da çox vacibdir. Valideyn övladına qayğı göstərdikcə, övlad da ailənin dəyərlərini mənimsəyərək böyüyür”.   “Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz?”   S.Salmanov: “Hər bir valideyn zaman keçdikcə öz həyatına dönüb baxır və düşünür ki, bəzi məqamlarda fərqli davrana bilərdi. Mən də bu gün baxanda düşünürəm ki, övladlarımla daha çox vaxt keçirmək, onlarla daha çox söhbət etmək olardı. Lakin övladlarımızı vicdanlı, zəhmətsevər və cəmiyyətə faydalı insanlar kimi yetişdirməyə çalışmışıq. Hesab edirəm ki, ən vacib məsələ onlara düzgün tərbiyə və sağlam mənəvi dəyərlər aşılamaqdır. Bu istiqamətdə əlimizdən gələni etdiyimiz üçün rahatlıq hissi keçirirəm”.   “Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?”   Ailə qurmaq istəyən gənclərə tövsiyəmiz odur ki, ailəyə təkcə sevgi ilə deyil, həm də böyük məsuliyyət hissi ilə yanaşsınlar. Bir-birlərini dinləməyi, hörmət etməyi və güzəştə getməyi bacarsınlar. Unutmasınlar ki, möhkəm ailə bir gündə yaranmır, qarşılıqlı etimad, səbir və anlayış sayəsində illər ərzində formalaşır.   “Ailənin qorunması və uzunömürlü olması üçün gənc ailələrə hansı məsləhətləri verərdiniz?”   Gənc ailələr ailə həyatını qarşılıqlı hörmət, etimad və anlayış üzərində qurmalıdırlar. Fikir ayrılıqları sakit və düşünülmüş şəkildə həll olunmalı, səbirli olmalı və bir-birinə güzəştə getməyi bacarmalıdırlar. Ailənin uzunömürlü olması gündəlik diqqət, qayğı və qarşılıqlı dəyər verməkdən asılıdır. Hörmətli Salmanovlar ailəsinə səmimi söhbətə və dəyərli fikirlərini bizimlə bölüşdüklərinə görə təşəkkür edir, onlara möhkəm cansağlığı, ailə səadəti və uzun ömür arzulayırıq.

Ətraflı
Ailələrimizi tanıyaq” layihəsi davam edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq, müsbət ailə nümunələrini geniş ictimaiyyətə çatdırmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir. Bu layihə çərçivəsində müxtəlif bölgələrdə yaşayan, uzunömürlü və möhkəm ailə münasibətləri ilə seçilən ailələrin həyat təcrübələri, ailə dəyərlərinə baxışları və gənc nəslə tövsiyələri ictimaiyyətlə bölüşülür. Növbəti qonağımız Hacıqabul rayonundan olan Gözəlovlar ailəsidir. 49 ildir birgə ömür sürən Gözəlovlar ailəsinin 3 övladı və 7 nəvəsi var. Övladları ali təhsil alaraq müxtəlif sahələrdə fəaliyyət göstərir və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ailənin başçısı Əlisafa Gözəlov uzun illər Dəmiryol İdarəsində və “Azərpoçt” müəssisəsində çalışıb, hazırda təqaüddədir. Həyat yoldaşı Gülüstan Almazova isə uzun illər təhsil sahəsində müəllim, direktor müavini və direktor kimi fəaliyyət göstərib. Gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülən G.Almazova hazırda təqaüddədir. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik: - Xoşbəxt və uzunömürlü evliliyin sirri nədədir? G.Almazova: “Uzunömürlü və xoşbəxt ailə həyatımızın əsas sirri qarşılıqlı anlaşma, hörmət və güzəştə getməyi bacarmağımızdadır”. Ə.Gözəlov: “Biz hər zaman bir-birimizi dinləmiş, fikir və qərarlarımıza anlayışla yanaşmışıq. Yəni sözün əsl mənasında, birimizin sözü digərimiz tərəfindən qəbul olunub və dəyərləndirilib”. Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Əlbəttə, hər bir ailədə olduğu kimi, bizim ailədə də zaman-zaman fikir ayrılıqları və anlaşılmazlıqlar baş verir. Lakin biz bu hallarda emosiyalara qapılmadan, sakit və qarşılıqlı hörmət çərçivəsində məsələləri müzakirə etməyə üstünlük veririk.  Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır ? G.Almazova: “Övladların vətənə, dövlətə layiqli insan kimi yetişməsi ilk növbədə ailədən başlayır. Mən həmişə çalışmışam ki, uşaqlarıma nəzarət edim. Onların tərbiyəsi, davranışı, kimlərlə ünsiyyətdə olmaları daim diqqətimdə olub. Eyni zamanda, uşaqlara düzgün dəyərlər aşılamaq, onlara zəhmətkeşliyi, böyüyə hörməti, kiçiyə qayğını öyrətmək çox vacibdir. Hesab edirəm ki, sevgi, nəzarət və düzgün tərbiyə birlikdə olduqda, övladlar cəmiyyət üçün faydalı və layiqli vətəndaş kimi yetişirlər”. Valideyn-övlad münasibətlərini ailənizdə necə tənzimləmisiniz? Ə.Gözəlov: “Övladlarımı sərtliklə yox, daha çox söhbət və nəsihətlə tərbiyə etməyə üstünlük vermişəm. Onların fikrinə də dəyər vermişik, amma düzgün yol göstərməyi də unutmamışıq. Hesab edirəm ki, valideyn-övlad arasında hörmət, etibar və səmimi münasibət olduqda ailə daha möhkəm olur”. G.Almazova: “Valideyn-övlad münasibətləri ailənin ən həssas və ən vacib tərəfidir. Mən bu məsələyə hər zaman ciddi yanaşmışam. Həm evdə, həm də işimdə qazandığım təcrübə mənə göstərib ki, uşaqlarla münasibət təkcə nəzarət deyil, eyni zamanda düzgün istiqamət vermək və onları dinləmək deməkdir”. Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki bugünə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz? Düzünü desək, bu gün geriyə baxdıqda övladlarımızın tərbiyəsi ilə bağlı xüsusi bir təəssüf hissi keçirmirik. O dövrün imkanları və şəraiti daxilində bacardığımız qədər düzgün tərbiyə verməyə, onlara yol göstərməyə çalışmışıq. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Ailə qurmaq istəyən gənclərə ən əsas məsləhətimız odur ki, tələsik qərar verməsinlər və bir-birini yaxşı tanımağa vaxt ayırsınlar. Ailə təkcə sevgi üzərində yox, həm də qarşılıqlı hörmət, səbir və anlayış üzərində qurulmalıdır. Ailənin qorunması və uzunömürlü olması üçün gənc ailələrə hansı məsləhətləri verərdiniz?   Gənc ailələrə ən böyük məsləhətimiz odur ki, ailəni qorumağın əsasını qarşılıqlı hörmət, səbir və anlayış təşkil edir.  Ailə qurmaq təkcə birlikdə yaşamaq deyil, həm də bir-birinə dayaq olmaq, çətin gündə də, xoş gündə də bir komanda kimi hərəkət etmək deməkdir. Sevgi ilə yanaşı, hörmət və etibar da daim qorunmalıdır. Hörmətli Gözəlovlar ailəsinə fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə  təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsi davam edir

Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə böyük önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihəmizin növbəti qonağı Göygöl rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Həsənovlar ailəsidir. Nazim Həsənov 1950-ci ildə Goranboy rayonunda anadan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunda baytar feldşeri ixtisası üzrə təhsil alıb, uzun illər Pənahlılar kəndində baytar həkimi kimi çalışıb. Eyni zamanda atçılıqla da məşğul olub. Həyat yoldaşı Raya Məmmədova 1952-ci ildə Göygöl rayonunda anadan olub. Ali təhsillidir. Kirovabad (Gəncə) Pedaqoji Məktəbində rəsmxət və rəsm müəllimliyi ixtisası üzrə təhsil alıb. Uzun illər Pənahlılar kənd orta məktəbində rəsmxət müəllimi kimi fəaliyyət göstərib. Bununla yanaşı, xalçaçılıq sənəti ilə də məşğul olub. 50 ildən artıqdır birgə ömür sürən Həsənovlar ailəsinin 6 qız övladı, 16 nəvəsi və 4 nəticəsi var. Övladlarının hər biri ailə həyatı qurub və hazırda böyük, mehriban bir ailə olaraq həyatlarını davam etdirirlər. Nəvələrinin əksəriyyəti ali təhsil alıb, bir qismi isə artıq müxtəlif sahələrdə əmək fəaliyyətinə başlayıb. - Xoşbəxt ailənin sirri nədədir? Nazim Həsənov: “Xoşbəxt ailənin əsas sirri qarşılıqlı anlayış, hörmət və bir-birini dinləməkdir. Ailədə mehribanlıq və səbir olduqda bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür. Eləcə də ailədə anlaşılmazlıqların həlli üçün sakit şəkildə müzakirə aparmaq, düzgün ünsiyyət çox vacibdir. Hər kəs bir-birini dinləməli və ortaq qərara gəlməlidir”. - Ailədə valideyn-övlad münasibətləri necə qurulmalıdır? Raya Məmmədova: “Övladlarımıza düzgün tərbiyə vermək, onların təhsilinə diqqət yetirmək və daim valideyn nəzarətində saxlamaq vacibdir. Ailədə valideyn-övlad münasibətləri hərzaman qarşılıqlı hörmət və qayğı üzərində qurulmalıdır. Uşaqların fikrinə hörmət edilməli,eyni zamanda onlara məsuliyyətli olmaq aşılanmalıdır”.

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində sağlam və möhkəm təməllər üzərində qurulan, milli-mənəvi dəyərləri yaşadan nümunəvi ailələr ictimaiyyətə təqdim olunur. Layihənin əsas məqsədi ailə dəyərlərinin təbliği və gənc nəslin bu dəyərlər ruhunda formalaşmasına töhfə vermək, nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu  istiqamətdə təşviqat işini aparmaqdır.  Layihənin növbəti qonağı Bakı şəhərinin Xəzər rayonunda yaşayan Məmmədovlar ailəsidir. Şamil Məmmədov 1951-ci ildə anadan olub. Aviasiya Texniki Kolleci və Azərbaycan Texniki Universitetini bitirib. 58 il “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində çalışıb, "Mülki aviasiya sahəsində xidmətlərə görə" medal ilə təltif olunub, hazırda təqaüddədir. Həyat yoldaşı Zümrüd Hüseynova 1944-cü ildə anadan olub. Rusiya Dövlət Aqrar Universiteti - Moskva Timiryazev Kənd Təsərrüfatı Akademiyasının "Torpaqşünaslıq və aqrokimya" fakültəsində təhsil alıb, Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunda elmi işçi kimi çalışıb. Hazırda təqaüddədir. 55 ildir evli olan Məmmədovlar ailəsinin 3 övladı, 5 nəvəsi, 3 nəticəsi var. Övladları müxtəlif peşələrdə çalışaraq ölkəmizin rifahına öz töhfələrini verirlər. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik: - Xoşbəxt evliliyin sirri nədədir? Ş.Məmmədov: “Məncə, xoşbəxt ailənin əsasını qarşılıqlı anlayış və güzəşt təşkil edir. Ən vacibi isə həyat yoldaşı ilə dost ola bilməkdir. Sevgi və hörmət zamanla qorunub saxlanarsa, ailə daha da möhkəmlənir. Biz də həyat boyu qarşılaşdığımız çətinlikləri səbir və anlayışla aşmağa çalışmışıq. Hər zaman övladlarımıza nümunə olmağa və sağlam ailə mühiti yaratmağa çalışırıq”.   - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Z.Hüseynova: “Təbii ki, hər bir ailədə müəyyən anlaşılmazlıqlar olur. Əsas məsələ bu hallarda bir-birini dinləməyi bacarmaqdır. Biz ailədə hər kəsin fikrinə hörmətlə yanaşırıq və problemləri qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışırıq. Eyni zamanda, ailə üzvləri arasında etimadın olması bütün çətinliklərin daha asan aradan qalxmasına kömək edir”. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? Əvvəlcə valideyn özü övladına düzgün nümunə olmalıdır. Vətən sevgisi ailədən başlayır və bu hiss uşaqlara doğru şəkildə aşılanmalıdır. İnsan üçün ən dəyərli anlayışlardan biri vətəndir. Əgər insan vətənini sevirsə, onun inkişafı üçün çalışar. Vətənsiz insan küləklə sovrulan yarpaq kimidir, hara gedəcəyini özü belə bilməz. Vətən insanın həyatında əvəzolunmaz dəyərə malikdir. İnsan harada yaşamasından asılı olmayaraq, vətəninə bağlılığı ilə güclü olur. Bizi biz edən, kimliyimizi formalaşdıran ən vacib amillərdən biri məhz vətənimizdir. Buna görə də əsas məqsədimiz bu sevgini övladlarımıza  təbliğ etmək və onların da bu dəyərlərlə böyüməsinə nail olmaqdır. - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? Övladlarımızla münasibətimizin əsasını qarşılıqlı hörmət və səmimi ünsiyyət təşkil edir. Biz çalışırıq ki, onlara təkcə valideyn kimi deyil, həm də dost kimi yanaşaq. Hesab edirik ki, valideyn səbirli və anlayışlı olmalı, övladının fikirlərinə dəyər verməlidir, çünki onlarda öz müstəqil ailələrinin idarəçisidirlər. Məhz bu yanaşma ailə daxilində sağlam münasibətlərin formalaşmasına şərait yaradır. - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz. Geriyə baxdıqda düşünürük ki, bəlkə də övladlarımızın duyğularını daha rahat ifadə etmələri üçün daha çox imkan yarada bilərdik. Uşaq üçün ən vacib şeylərdən biri özünü təhlükəsiz və rahat hiss etməsidir və bu hissi ilk növbədə ailəsindən almalıdır. Ev onun üçün güvən və rahatlıq məkanı olmalıdır. Eyni zamanda, düşünürük ki, uşaqlara daha çox sərbəstlik vermək, onların öz təcrübələrini qazanmasına imkan yaratmaq vacibdir. Bəzən səhv edərək öyrənmək də inkişafın bir hissəsidir. Valideyn olaraq əsas məqsəd uşağa hörmətlə yanaşmaq, onu incitməmək, fikirlərini dinləmək və onunla keyfiyyətli vaxt keçirməkdir. Gənc valideynlərə də məhz bu məqamlara diqqət etməyi tövsiyə edərdik. - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Ailə qurmağa hazırlaşan gənclərə tövsiyəmiz odur ki, münasibətlərində hər zaman anlayışlı və səbirli olsunlar. Sevgi və hörmət ailənin ən möhkəm dayaqlarıdır. Sağlam ailə dərin köklərə malik bir ağac kimidir, kökləri nə qədər möhkəm olsa, o qədər uzunömürlü olar. Əgər tərəflər bir-birinə qarşı dürüst və sadiq olarsa, belə ailə uzunömürlü və möhkəm olar. Sevginin olduğu yerdə gözəllik və harmoniya da olur. Qəlbində sevgi olan ailə hər zaman işıq saçan bir nümunəyə çevrilir.  Fikir və təcrübələrini bizimlə paylaşdığına görə Məmmədovlar ailəsinə təşəkkürümüzü  bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt ömür arzu edirik.        

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir

Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir.  Layihəmizin növbəti qonağı Ağdam rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Qarayevlər ailəsidir.          Cəlil Qarayev 1953-cü ildə Ağdam rayonunun Güllücə kəndində müəllim ailəsində anadan olub. Bakı İncəsənət İnstitutunu və Moskva Dövlət Mədəniyyət və İncəsənət  İnstitutunu  bitirib. 1994-cü ilə qədər Güllücə kənd Mədəniyyət Evində rəssam kimi fəaliyyət göstərib, kəndin mədəni həyatında fəal iştirak edib. Həyat yoldaşı Şəfiqə Qarayeva 1960-cı ildə Ağam rayonunun Güllücə kəndində anadan olub, orta təhsillidir, 2025-ci ilədək Güllücə kənd Mədəniyyət evində texniki işçi kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir. 48 ildir evli olan Qarayevlərin bu evlilikdən 6 övladı, 12 nəvəsi var. Övladları müxtəlif peşələrdə çalışaraq ölkəmizin  rifahına öz töhfələrini verirlər. Qarayevlər ailəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi zamanı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur olaraq 1994-cü ildə Bərdə rayonu ərazisində yerləşən çadır şəhərciyində məskunlaşıblar. Bütün çətinliklərə baxmayaraq, C.Qarayev sənətindən uzaq düşməyib, rəsm əsərləri yaratmağa davam edib. Əsərləri bu gün də mütəmadi olaraq müxtəlif sərgilərdə nümayiş olunur. Rəssamlıqla məşğul olmaq, tar alətində ifa etmək onun üçün daxili dünyasını ifadə etməyin, insanların qəlbinə yol tapmağın bir yoludur. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yaşatmaq məqsədilə onların portretlərini kətan üzərində işləyərək təmənnasız şəkildə ailələrinə təqdim edən C.Qarayev qeyd edib ki, “Bu işi mən özüm üçün sadəcə bir sənət nümunəsi deyil, vətəndaşlıq borcu, mənəvi məsuliyyət hesab edirəm. Düşünürəm ki, bu yolla şəhidlərimizin əziz xatirəsinə kiçik də olsa töhfə verirəm və bu, mənə dərin mənəvi rahatlıq, qürur hissi bəxş edir”. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik. - Xoşbəxt evliliyin sirri nədədir? - Xoşbəxt evliliyin sirri qarşılıqlı hörmət, etibar və anlayışdadır. Sevgi ailənin təməlidir, amma uzunömürlü olması üçün səbirli olmaq, bir-birini dinləmək və anlayış göstərmək vacibdir. Biz ailədə ‘”mən” yox, “biz” anlayışını ön planda tuturuq.Ailə həyatında müxtəlif mərhələlər olur və hər mərhələdə insanın səbirli olması, qarşı tərəfi başa düşməsi çox önəmlidir. Həmçinin ailədə “mən haqlıyam” düşüncəsindən daha çox “biz necə razılaşa bilərik” yanaşması üstün olmalıdır. Bir-birini dinləmək, incitməməyə çalışmaq və ən əsası, münasibəti qorumaq istəyi ailəni uzunömürlü edir.   - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? - Hər ailədə olduğu kimi bizim ailəmizdə də bəzən fikir ayrılıqları olur. Bu, həyatın təbii bir hissəsidir. Əsas məsələ bu vəziyyəti necə idarə etməkdir. Biz çalışırıq ki, əsəbi halda qərar verməyək. Sakitləşdikdən sonra məsələni müzakirə edirik. Hər kəs öz fikrini açıq şəkildə bildirir və qarşı tərəfi dinləyir. Çox vaxt ortaq bir məxrəcə gəlmək mümkün olur. Ona görə də ailədə açıq və səmimi ünsiyyət çox vacibdir.    - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? - Biz uşaqlara yalnız sözlə deyil, öz davranışımızla da tərbiyə veririk. Onlara diqqət, qayğı və sevgi göstərərək onların özünəinamını artırmışıq. Hər uşaq fərqlidir, buna görə fərdi yanaşma da çox önəmlidir. Uşaq ilk tərbiyəni ailədə alır və valideynin davranışı onun üçün ən böyük nümunə olur. Uşaqlara kiçik yaşlarından vətən sevgisi, dövlətə bağlılıq, milli dəyərlərə hörmət aşılanmalıdır. Bunun üçün valideyn özü də bu dəyərləri yaşatmalıdır. Eyni zamanda, uşağın təhsili, dünyagörüşü və ətraf mühitlə düzgün münasibəti də çox vacibdir. Yalnız savadlı deyil, həm də vətəninə faydalı, məsuliyyətli və vicdanlı vətəndaş yetişdirmək əsas məqsəd olmalıdır. - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? - Münasibətlər qarşılıqlı hörmət və etibar üzərində qurulub. Biz uşaqlara sərt nəzarət etmək əvəzinə, düzgün istiqamət göstəririk. Biz çalışmışıq ki, uşaqlarla münasibətlərimiz qorxu üzərində deyil, etibar üzərində qurulsun. Uşaqlar bilməlidir ki, istənilən məsələdə gəlib valideyni ilə danışa bilərlər. Onların fikirlərinə hörmətlə yanaşırıq, eyni zamanda düzgün istiqamət verməyə çalışırıq. Nəzarət var, amma bu nəzarət sərt qadağalar şəklində deyil, daha çox izah və yönləndirmə formasındadır. - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? - Gənclərə tövsiyəmiz odur ki, ailə qurmaq qərarını düşünülmüş şəkildə versinlər. Sevgi kifayət deyil, hörmət, uyğunluq və məsuliyyət hissi vacibdir. Həyat yoldaşını yaxşı tanımaq, məqsədləri və gözləntiləri bölüşmək önəmlidir. Ailə qurmaq bir ömürlük qərardır və tələskənlik olmamalıdır. Qarşılıqlı hörmət, səbir və anlayış olmadan sağlam ailə qurmaq çətin olur. Ona görə də bu dəyərləri əvvəlcədən formalaşdırmaq vacibdir. Hörmətli Qarayevlər ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Adıgözəlovlar ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı İsmayıllı rayonunun tanınan ailələrindən olan və bu il evliliklərinin 50-ci ildönümünü qeyd edən Adıgözəlovlar ailəsidir. Qəhrəman Adıgözəlov 1956-cı ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olub. Orta təhsillidir. O, ata-baba ənənəsini davam etdirərək oyma ustası kimi fəaliyyət göstərir və bu sənəti layiqincə yaşadır. Onun yaratdığı sənət əsərləri bir sıra muzeylərdə qorunur və nümayiş etdirilir. Buna nümunə olaraq “Cavanşir portreti”ni göstərmək olar ki, həmin əsər hazırda Milli Azərbaycan Tarixi Muzeyinin qiymətli eksponatları sırasında nümayiş etdirilir. Q.Adıgözəlov eyni zamanda həvəskar şair və saz ustasıdır. O, 4 kitabın müəllifidir. Yaradıcılığında vətənpərvərlik, ailə dəyərləri, milli-mənəvi irs və mənəvi zənginlik kimi mövzulara geniş yer verir. Həyat yoldaşı Şəfiqə Adıgözəlova 1956-cı ildə İsmayıllı rayonunun Zərnava kəndində  anadan olub. Orta təhsillidir. Uzun illər xalçaçılıqla məşğul olub. 25 may 1976-ci ildə ailə həyatı quran Adıgözəlovların 4 övladı (2 oğlan, 2 qız), 8 nəvəsi  var. Adıgözəlovların övladları, həmçinin 8 nəvəsindən 3-ü yüksək nəticələr göstərərək ali məktəbə qəbul olublar və hazırda  təhsillərini davam etdirirlər.  Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik.   - Xoşbəxt evliliyin sirri nədədir? Q.Adıgözəlov: “Xoşbəxt ailənin sirri yalnız  qarşılıqlı hörmət, məhəbbət və sevgidədir. Əgər sən o adama hörmət qoyursansa, onu həqiqətən bir insan kimi sevirsənsə ondan başqa heç nəyə ehtiyac yoxdur”. Ş.Adıgözəlova: “Xoşbəxt evliliyin sirri qarşılıqlı hörmət və səbirdədir. Ailə qurmaq asandır, onu qoruyub saxlamaq isə zəhmət istəyir. Hər iki tərəf bir-birini anlamağa çalışmalıdır”.   - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Q.Adıgözəlov: “Bilirsiniz, hər şeyi səbir həll edir. Qarşı tərəfə haqsızlıq etmək olmaz. Bəzi məsələlərdə güzəştə getmək mütləqdir. Əks halda insan xoşagəlməz nəticələrlə qarşılaşmalı olar”. Ş.Adıgözəlova: “Ailədə fərqli fikirlərin olması normaldır. Əsas məsələ onu necə həll etmək, ortaq məxrəcə gəlməkdir. Biz çalışmışıq ki, əsəbi halda qərar verməyək. Əvvəlcə sakitləşirik, sonra oturub danışırıq. Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Bəzən güzəştə getmək də lazımdır. Çünki ailədə qalib gəlmək yox, birlikdə qalmaq vacibdir”.   - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? - Bu məsələdə valideynlər birbaşa məsuliyyət daşıyırlar. Hər bir valideyn övladının tərbiyəsi ilə ciddi şəkildə maraqlanmalıdır. Uşağın hər bir davranışına, o cümlədən təhsilinə valideyn cavabdehdir. Əgər laqeyd münasibət olarsa və ya tərbiyədə boşluqlara yer verilərsə gələcəkdə ciddi problemlər yarana bilər.   - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? - Biz ailədə hər zaman hörmət və anlayışı əsas götürmüşük. Uşaqlarımızı həm sevgi ilə böyütmüşük, həm də məsuliyyət hissini aşılamışıq. Çalışmışıq ki, onları dinləyək, fikirlərinə dəyər verək. Evdə qərarlar məsləhətləşmə yolu ilə verilib. Böyük-kiçik yeri bilinib, amma eyni zamanda uşaqlar özlərini sərbəst ifadə edə biliblər.  - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.  - Geri dönüb baxanda düşünürük ki, bəlkə də uşaqlarımıza daha çox vaxt ayıra bilərdik. O vaxtlar həyat çətin idi, əsas məqsədimiz onları dolandırmaq, yaxşı yaşatmaq idi. Amma indi anlayırıq ki, uşağa ən çox lazım olan diqqət və söhbətdir. Ancaq bunlara baxmayaraq, biz uşaqlarımızdan çox razıyıq, onlar istədiyi peşəyə yiyələniblər. Gözəl ailə həyatı qurublar, gözəl övladlar tərbiyə edirlər.  - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Q.Adıgözəlov: “Gənclərin özündən çox şey asılıdır. Ailə qurmaq məsuliyyət tələb edir. İlk olaraq həyatını bölüşəcəyin insanı seçərkən onunla aralarında olan uyğunluğa fikir verilməlidir. Bundan başqa, ailənin möhkəm, uzunömürlü olması üçün sevgi, hörmət, qayğı hissinin olması vacib məsələdir. Gənclər ailə həyatı qurarkən tələsməməli, yüz ölçüb bir biçməlidirlər”. Ş.Adıgözəlova: “Gənclərə məsləhətimiz odur ki, ailə qurmağa tələsməsinlər. Bir-birini yaxşı tanısınlar, xarakterlərini, düşüncələrini anlasınlar. Ailə yalnız sevgi ilə yox, həm də məsuliyyətlə qurulur. Həyat həmişə asan olmur. Çətin günlərdə səbirli olmaq, bir-birinə dayaq durmaq vacibdir. Hörmət və etibar olmadan ailə uzunömürlü olmaz. Mən bugünkü gənclərə də elə övladlarımın ailəsi kimi ailə sahibi olmağı, onlar kimi ailəcanlı olmağı arzu edirəm”. Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə nümayəndələri Nazlı Mirzəliyeva və Ruhəngiz Qasımovanın da iştirakı ilə Adıgözəlovlar ailəsinə etdiyimiz ziyarətdən xoş təəssüratlarla ayrılırıq. Hörmətli Adıgözəlovlar ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.    

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir

Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir.  Layihəmizin növbəti qonağı Sabirabad rayonundan olan, ziyalı və nümunəvi həyat tərzi ilə seçilən Məhərrəmovlar ailəsidir. Sevil Məhərrəmova 25 mart 1951-ci ildə Sabirabad rayonunda doğulub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rus dili və ədəbiyyatı ixtisasını bitirib. 1974-cü ildən Sabirabad rayonu Qalağayın kənd tam orta məktəbində rus dili müəllimi kimi çalışıb. Hazırda təqaüddədir. Həyat yoldaşı Səmid Məhərrəmov 1946-ci ildə Sabirabad rayonunda anadan olub. Bakı Neft-Energetika Texnikumunu bitirib və energetika müfəttişi olaraq çalışıb. 1991-ci ildə vəfat edib. Məhərrəmovlar ailəsinin 4 övladı (3 qız və 1 oğlan) və 7 nəvəsi var. Övladlarının hər biri ali təhsillidir və bu gün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, qazandıqları bilik və təcrübələrlə cəmiyyətin inkişafına töhfə verirlər. Həyatını gənc nəslin təlim və tərbiyəsinə həsr etmiş, nümunəvi ömür yolu olan Sevil Məhərrəmovanın dəyərli fikirlərini sizlərə təqdim edirik. Sevil xanım xoşbəxt evliliyin sirrinin qarşılıqlı hörmət, səbir və anlayış olduğunu bildirib: “Hər iki tərəf bir-birini dinləməyi və dəstəkləməyi bacarmalıdır. Çətin anlarda birlikdə qərar vermək münasibətləri daha da möhkəmləndirir. Sevgi və səmimiyyət isə bu bağın əsasını təşkil edir. Ailə daxilində anlaşılmazlıq olduqda sakit şəkildə danışmağa üstünlük veririk. Hər kəs öz fikrini sərbəst ifadə edir və qarşı tərəfi dinləməyə çalışır. Əsas məqsəd problemi böyütmək yox, həll etməkdir”.Uşaqların tərbiyəsi ilə bağlı: “Vətənə layiqli övlad yetişdirmək üçün ilk növbədə düzgün tərbiyə və mənəvi dəyərlər vacibdir. Uşaqlara vətənpərvərlik, dürüstlük və zəhmətkeşlik aşılanmalıdır. Onların təhsilinə və inkişafına daim diqqət yetirilməlidir. Valideyn nümunəsi isə bu yolda ən güclü təsirdir. Ailəmizdə valideyn-övlad münasibətləri qarşılıqlı hörmət üzərində qurulub. Uşaqların fikirləri nəzərə alınır və onlarla açıq ünsiyyət saxlanılır. Eyni zamanda, qaydalar və məsuliyyət hissi də aşılanır. Sevgi ilə yanaşı, intizam da qorunur”. Ailə qurmaq istəyən gənclərə tövsiyəsi: “Gənclərə bir-birini yaxşı tanımağı tövsiyə edərdim. Qərar vermədən əvvəl ortaq dəyərlərin uyğunluğunu nəzərə almaq vacibdir. Maddi deyil, mənəvi uyğunluq daha önəmlidir. Qarşılıqlı hörmət və səbir ailənin təməlidir. Birlikdə vaxt keçirmək və ortaq məqsədlər müəyyənləşdirmək ailəni möhkəmləndirir. Hər iki tərəf ailənin davamlılığı üçün məsuliyyət hiss etməlidir”. Hörmətli Məhərrəmovlar ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.    

Ətraflı
Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı şəhid Elvin Abdurahmanovun ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Qəbələ rayonunun sayılıb-seçilən, nümunəvi ailələrindən olan, şəhid Elvin Abdurahmanovun ailəsidir. Ailənin başçısı Əbülfəz Abdurahmanov 1964-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. Həmin qəsəbənin orta məktəbində təhsil alıb, Ağdaş Kənd Təsərrüfatı Texnikumunun aqronomluq ixtisasını bitirib. Əvvəllər Əmirvan kənd bələdiyyəsinin sədri olub, hazırda fərdi təsərrüfatla məşğuldur. Həyat yoldaşı Elmira Abdurahmanova 1973-cü ildə Əmirvan kəndində anadan olub. Həmin kəndin tam orta məktəbində təhsil alıb, Əmirvan kənd Mədəniyyət klubunda mədəni təşkilatçı kimi çalışır. 34 ildir birgə ömür sürən bu ailənin 3 övladı (oğlu), 1 nəvəsi var. Ailənin böyük oğlu Məcnun Abdurahmanov Əmirvan kəndində anadan olub. Bakı Mühəndislik Universitetinin kompüter mühəndisliyi ixtisasının bakalavr pilləsini, Estoniyanın Tartu Universitetinin eyni ixtisas üzrə magistratura pilləsini bitirib. Kiçik oğlu Elçin Abdurahmanov Azərbaycan Dövlət İqtisad Universitetinin kompüter mühəndisliyi ixtisasını bitirib. Ailəlidir bir övladı var. Ortancıl oğlu, şəhid Elvin Abdurahmanov 1 oktyabr 1996-cı ildə Əmirvan kəndində anadan olub. Əmirvan kənd tam orta məktəbində təhsil alıb. O, uşaqlıqdan  idmana xüsusi maraq göstərib. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində  müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin oktyabrın 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Azərbaycan bayrağı”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunması” və “Füzulinin azad olunması” medalları ilə təltif edilib. Əbülfəz Abdurahmanov: “Elvin kiçik yaşlarından vətən sevgisi ilə böyüb, hər zaman torpağa, bayrağa və dövlətə sədaqət göstərib. O nümunəvi övlad olmaqla yanaşı, həm də vətənpərvər gənc idi. Əziz gənclər! Bilin ki, vətəni sevən ailələrdən doğulan övladlar heç vaxt əyilməz. Uşağa vətəni sevməyi demək kifayət deyil, bunu yaşatmaq lazımdır. Bayrağa hörmət, torpağa bağlılıq, dövlətə sədaqət gündəlik davranışdan başlayır”. Elmira Abdurahmanova: “Ailədə milli-mənəvi dəyərlərin  qorunması vacibdir. Biz evdə həm böyüyə hörməti, həm də kiçiyə qayğını əsas prinsip seçmişik. Bu dəyərlər uşaqların xarakterini formalaşdırır. Ailədə birlik və qarşılıqlı dəstək həyatın çətin anlarında ən böyük dayaqdır. Əgər bir-birinizi dəstəkləyirsinizsə, həyatın bütün  sınaqları asanlaşır. Hər iki tərəf bir-birini başa düşməli və ailəni qorumağı əsas məqsəd bilməlidir. Ailənizi qoruyun, dəyərlərinizi yaşadın”.   Hörmətli Abdurahmanovlar ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.

Ətraflı
“Ailələrimizi tanıyaq”

  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı İsmayıllı rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən və ömürlərini elmə, təhsilə, gənc nəslin təlim-tərbiyəsinə həsr edən Əsədovlar ailəsidir. Hümbət Əsədov 1950-ci ildə İsmayıllı rayonunun Tağlabiyan kəndində ziyalı ailəsində dünyaya göz açıb. H. Əsədov Tağlabiyan kənd orta məktəbi və Şamaxı Pedaqoji Texnikumunu bitirib. O, uzun illər rayonun Mingə və Tağlabiyan kənd məktəblərində müəllim kimi çalışıb, sonralar rayon Təhsil şöbəsində fəaliyyətini davam etdirib. Lətifə Əsədova 1954-cü ildə İsmayıllı rayonunun Tağlabiyan kəndində anadan olub. O,Tircan kənd tam orta məktəbini vəAzərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. L.Əsədova uzun illər məktəbdə coğrafiya müəllimi işləyib, hal-hazırda təqaüddədir. 50 ildir evli olan Əsədovların bu evlilikdən 6 övladı (qız), 13 nəvəsi (3 qız, 10 oğlan) var. Bütün qızları ali təhsillidir, onlardan biri həkim, digərləri müəllimdirlər. Lətifə Əsədova:“Biz həmişə çalışmışıq ki, həyatda daim xalqımıza xidmət edək. Bu gün də çalışırıq ki, dostlarımıza, qonşularımıza, doğmalarımıza xoş niyyətimiz və rəftarımızla yadda qalaq. Bir ziyalı kimi həmişə nümunə olaq”. Hümbət Əsədov: “Xoşbəxt evlilik üçün ilk növbədə düzgün seçim etmək lazımdır. Elə insanla ailə qurmalısan ki, səninlə həmdəm olsun, səni başa düşsün.

Ətraflı
Ailələrimizi tanıyaq layihəsinin növbəti qonağı Paşayevlər ailəsidir

Ailələrimizi tanıyaq” layihəsinin bugünkü qonağı Saatlı rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Paşayevlər ailəsidir. 54 ildir birgə ömür sürən Adil Paşayev və Sədaqət Zeynalovanın 4 övladı, 9 nəvəsi və 2 nəticəsi var.Hər ikisi də artıq təqaüddədir. Ailənin başçısı Adil Paşayev  və həyat yoldaşı Sədaqət Zeynalova Saatlı rayonunda doğulublar. A.Paşayev Bakı Dövlət Universitetinin Kitabxanaçılıq ixtisasını bitirib. Saatlı rayon Mərkəzi Kitabxanasının və rayon Mədəniyyət Mərkəzinin direktoru, Saatlı Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində çalışıb. S. Zeynalova isə  Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib və uzun illər Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıb. Adil Paşayev: “Ailə qurmaq sadəcə iki gəncin bir-birini fiziki olaraq bəyənməsi deyil, eyni zamanda sevmək, baş verə biləcək bütün çətinliklərə sinə gərmək, kənar müdaxilələrə yol verməməkdir. Məhz bunların sayəsində ailə uzunömürlü olur. Həyat varsa orada çətinliklər, enişli-yoxuşlu yollar, söz-söhbətlər də olacaq. Bu çətinlikləri məğrurluqla dəf edəndə, qocalıb geriyə baxanda görürsən ki, sən qalibsən, həyatın qalibi”. Sədaqət Zeynalova: “Biz çox böyük sevgi ilə ailə qurmuşuq və övladlarımızı bu sevgi ilə böyüdüb tərbiyə etmişik. Birlikdə keçirdiyimiz 54 ildə çox çətinliklərlə qarşılaşmışıq, amma danışaraq, güzəştə gedərək,bir-birimizi başa düşüb, həyatın hər bir çətinliyində əl-ələ verib xoşbəxt yuva qurmağı bacarmışıq”.

Ətraflı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir

Növbəti qonağımız Hacıqabul rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Quliyevlər ailəsidir.   Vahid Quliyev və həyat yoldaşı Şamama Rəhmanova 44 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 3 qız övladı və 4 nəvələri var. Onlar öz uğurlu ailələri ilə Azərbaycan ailə modelini bir daha layiqli şəkildə nümayiş etdirirlər. Milli-mənəvi dəyərlərimizi qoruyub saxlayan, ailə dəyərlərinə sadiq yaşam tərzi ilə seçilən Quliyevlər ailəsinin gənclərə ünvanladığı dəyərli tövsiyələr hər birimiz üçün örnək və ilham mənbəyidir. Vahid Quliyev Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Metallurgiya fakültəsini bitirdikdən sonra təyinat üzrə Şirvan şəhərində zavodda mühəndis, sahə rəisi, sex rəisi vəzifələrində çalışıb. Müharibə iştirakçısıdır, 4 medalla təltif olunub. Şamama Rəhmanova 36 il Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbində kimya müəllimi kimi fəaliyyət göstərib. Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ş.Rəhmanova 04.10.2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Vahid Quliyev: “Ailədə birlik olarsa o ailə hər zaman xoşbəxt olar, hər iki tərəf bağışlamağı bacarmalıdır. Səhvsiz insan yoxdur, kin saxlamaq əvəzinə bir-birini anlamaq, bağışlamağı bacarmaq lazımdır”. Şamama  Rəhmanova: “Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün uşaqlarda elmə, biliyə maraq yaradılmalı, onların potensialı düzgün istiqamətləndirilməlidir”.

Ətraflı
"Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı Əhmədovlar ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin bugünki qonağı Zaqatala rayonundan olan, ziyalı və nümunəvi həyat tərzi ilə seçilən Əhmədovlar ailəsidir. Təhsil sahəsindəki zəngin fəaliyyəti, ailə dəyərlərinə sadiqliyi və övladlarının uğurlu gələcəyi naminə göstərdikləri səyləri ilə nümunəvi ailələr sırasında xüsusi yer tutan Əhmədovlar ailəsi, illərdir birlikdə qurduqları sağlam və möhkəm, inkişafa və təhsilə daim önəm verən ailə modeli ilə gənc nəsillərə örnəkdir. 42 ildir birgə ömür sürən Cərullah Əhmədov və Fatma Əhmədovanın nikahlarından 4 övladı və 9 nəvəsi var. Təxminən 40 illik pedaqoji fəaliyyəti olan Cərullah Əhmədov 24 il müəllim, 15 il isə məktəb direktoru kimi çalışıb. Fatma Əhmədova isə uzun illər mədəniyyət sahəsində fəaliyyət göstərib. Övladlarının savadlı, məsuliyyətli və cəmiyyətə faydalı fərdlər kimi formalaşmasına xüsusi diqqət yetirən Əhmədovlar ailəsinin övladları bu gün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir və qazandıqları bilik və təcrübə ilə cəmiyyətin inkişafına töhfə verirlər. Ailə dəyərlərinə sadiq yaşam tərzi ilə seçilən Əhmədovlar ailəsinin gənclərə ünvanladığı dəyərli tövsiyələr hər birimiz üçün həyat dərsi, örnək və ilham mənbəyidir. Cərullah Əhmədov: “Gənclərə məsləhətimiz budur ki, ailə həyatını sevgi, anlayış və qarşılıqlı hörmət üzərində qursunlar. Çətinliklər qarşısında bir-birilərinə dəstək olsunlar və problemləri sakit, anlaşma yolu ilə həll etməyə çalışsınlar. Ehtiyac olduqda isə böyüklərin və mütəxəssislərin məsləhətlərindən faydalanmaqdan çəkinməsinlər.” Fatma Əhmədova: “Vətənə və dövlətə sevgi ilk növbədə ailədən başlayır. Əgər insan ailəsində hörmət və dəyər görürsə, o, öz vətəninə və dövlətinə də sevgi ilə yanaşacaq.”  

Ətraflı
"Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı Məmmədovlar ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Layihənin bu dəfəki qonağı Hacıqabul rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Məmmədovlar ailəsidir. 39 ildir birgə ömür sürən İntiqam bəy və Leyla xanım 3 oğul böyüdüblər. Onların 5 nəvəsi  var. İntiqam Məmmədov 1957-ci ildə Hacıqabul rayonunda anadan olub. 8 illik məktəbi bitiriərək, 1972-ci ildə Bədən Tərbiyəsi Texnikumuna daxil olub. 1975-1988-ci illərdə Hacıqabul şəhər 5 nömrəli orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib, eyni zamanda 1980-1985-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda qiyabi  təhsil alıb. 1996-cı ildən isə Uşaq İdman Məktəbində məşqçi-müəllim kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir. Leyla Nəcəfova 1960-cı ildə Hacıqabul rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra 1987-ci ildən  Hacıqabul rayon 5 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. Böyük oğlu İqbal Azərbaycan İdman Akademiyasının III kurs tələbəsidir. Ailəlidir, 3 övladı var. Ortancıl və kiçik oğulları Emin və Elçin də atalarının  yolunun davamçısı kimi Azərbaycan İdman Akademiyasını bitiriblər. Vətən müharibəsi iştirakçısı olan Emin ailəlidir və 2 övladı var.   Bu zəhmətkeş ailə ilə müsahibəmizi Sizə təqdim edirik. -       Hörmətli İntiqam bəy və Leyla xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 39 ildir ki, davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Leyla xanım, əvvəlcə Sizdən başlayaq. - Leyla Nəcəfova: Belə deyək ki, xoşbəxt ailənin sirri ondadır ki, ailədə ər-arvad arasında hər zaman həmrəylik olmalıdır. Bəzən olur ki, ailədə kiçik mübahisələr düşür, bu mübahisələr çox vaxt uşaqlarla bağlı olur və qadın bu zaman elə davranmalıdır ki, atanın fikri səhv olsa belə övladlarının yanında ona irad bildirməsin. Çünki bu irad zaman keçdikcə atanın övladlarının gözündə kiçilməsinə səbəb ola bilər ki, bu da nəticədə ailənin təməlinin çökməsinə gətirib çıxarır.  - İntiqam Məmmədov:Xoşbəxtliyin sirrini, zəhmətdə və sadəlikdə görürəm. - Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?  - Leyla Nəcəfova: İlk növbədə bir-birimizi dinləməyə, anlamağa çalışmışıq və hər zaman bir-birimizin fikirlərinə  hörmətlə yanaşmışıq. Elə ev yoxdur ki, orada problem  olmasın. Biz o problemlərin böyüməsinə imkan yaratmamışıq. -       İntiqam bəy sizcə vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? -       Mən düşünürəm ki, vətənə, dövlətə sevgi sonradan qazanılmır. Bu sevgi kiçik yaşlarından başlanır. Onu deyim ki, mənim övladlarımın üçü də Vətənə olan borclarını layiqli şəkildə yerinə yetiriblər. 44 günlük müharibə başlayanda böyük oğlum müharibədə iştirak etmək üçün könüllü muraciət etmişdir. Lakin, yaşını nəzərə alaraq ehtiyatda saxlanılıb. Ortancıl oğlum Emin isə Vətən müharibəsi iştirakçısıdır. Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.  -       Leyla xanım, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz?  -       Övladlarımın səhvləri və  doğruları ilə çalışmışam ki, hər zaman yanlarında olum. İşimin gərgin olmasına baxmayaraq bir ana kimi daima onların gündəlik qayğıları mənim prioritetim olub.  Onların hər zaman dostu olmuşam. Eyni zamanda ailədə valideyn və övlad sərhədlərini daim xatırlatmışam.  -       Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Yaxud bugünə kimi nəyisə etmədiyinizə görə təəssüf hissi keçirmisiniz?   -       İntiqam Məmmədov və Leyla Nəcəfova: Fikrimizcə təməldə düzgün təlim-tərbiyə olduqda insan geriyə dönüb baxanda heyifslənməz. Bu günə kimi övladlarımızın tərbiyəsi ilə bağlı “kaş ki” ifadəsini işlətməmişik.  -       Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? -       İntiqam Məmmədov və Leyla Nəcəfova: Ailə kiçik dövlətdir. Ailəni qurmaq, qoruyub saxlamaq, möhkəm təməl yaratmağın da çətinlikləri var. Bunun üçün fədakar və bir-birinə qarşı anlayışlı olmaq, qarşılıqlı hörməti gözləmək lazımdır. Hörmətli Məmmədovlar ailəsinə fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə  təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Ətraflı
"Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı İsmayıllı rayonundan olan Hüseynovlar ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Ailələrimizi tanıyaq" layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə  dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu  istiqamətdə təşviqat işini aparmaqdır.  "Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı İsmayıllı rayonundan olan Hüseynovlar ailəsidir Ailənin başçısı Cəbrayıl Hüseynov 1958-ci ildə İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində sadə zəhmətkeş ailəsində anadan olub. 1965-ci ildə Yuxarı Cülyan kənd 8 illik məktəbini,1975-ci ildə İsmayıllı şəhər 3 saylı orta məktəbini bitirib. 1976-1978-ci illərdə ordu sıralarında olub. 1978-ci ildə Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən 19 saylı Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində sıravi yanğınsöndürən kimi işə başlayıb. 1983-cü ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Xarkov şəhərində yerləşən Ali Hərbi Yanğınsöndürmə Mühəndisləri İnstitutuna qəbul olunub. 1987-ci ildə daxili xidmət xüsusi rütbəsi ilə oranı bitirib Şəki şəhərinə Dövlət Yanğın Nəzarəti inspektoru vəzifəsinə təyin edilib. 1992-ci ildə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinə rəis müavini vəzifəsinə təyin edilib. Hərbi xidmət mayorudur. 2008-ci ildə 30 illik hərbi stajla təqaüdə göndərilib. 1988-ci ildən Qarabağ müharibəsi başlayandan mütəmadi olaraq vətənimizin bütövlüyü uğrunda döyüşlərdə iştirak edib, Birinci Qarabağ müharibəsi veteranıdır. Cəbrayıl Hüseynov gənc yaşlarından yaradıcılıqla məşğul olur. Poeziyaya 1981-cii ildə gəlib. Daima yerli və mərkəzi mətbuat orqanlarında şer və məqalələrlə çıxış edib. "Bu da dünya işığı" şeirlər kitabının müəllifidir. Bir neçə almanaxda şeirlərindən nümunələr verilib. Şeirlərindən özbək dilinə tərcümələr edilib. İkinci kitabı çapa hazırlanır. 2018-ci ildən "Qızıl qələm" media mükafatçısı,  2020-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Həyat yoldaşı Rəhilə Hüseynova 1960-cı ildə Aşağı Cülyan kəndində anadan olub, orta təhsilidir, uzun illər  mağazada satıcı  işləyib. 40 ildir birgə ömür sürən bu ailənin 2 övladı, 2 nəvəsi var. Oğlu - Azər Hüseynov Gəncə Dövlət Universitetinin psixologiya fakültəsinin bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində eyni ixtisas üzrə magistr pilləsi üzrə təhsil alıb. 2013- cü ilin fevral ayında  müsabiqə yolu ilə polis sıralarına qəbul olunub və təyinatla Qəbələ Rayon Polis şöbəsində xidmətə başlayıb. 2021-ci ilin yanvar ayından  Polis Akademiyasında şəxsi heyətlə iş  üzrə şöbədə  psixoloq  vəzifəsində işləyir, polis mayorudur. Doktoranturada təhsilini davam etdirir. Ailəlidir, bir övladı var. Həyat yoldaşı  Şəbnəm Hüseynova Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki 230 nömrəli məktəbdə psixoloq işləyir. Qızı - Könül Hüseynova-Əşrəfova  İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin kompüter mühəndisliyi fakültəsini fərqlənmə ilə bitirib, hazırda Sumqayıt Dövlət Universitetinin kompyuter mühəndisliyi fakultəsində  qiyabi təhsil alır, IV kurs tələbəsidir.  İsmayıllı Uşaq Gənclər İnkişaf Mərkəzində  dərnək rəhbəridir.  Ailəlidir, bir övladı var. Bu dəyərli, uzun və nümunəvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi sizə təqdim edirik: -       Xoşbəxt evliliyin sirri nədir?  Cəbrayıl Hüseynov: “Xoşbəxt evliliyin də, möhkəm ailənin də sirri səbrdir. Dözüm demirəm, səbr deyirəm. Şair necə gözəl deyib: Səbr elə halva bişər, ey qora, səndən, bəsləsən atlas olar tut yarpağından. -       Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Rəhilə Hüseynova: Səbrlə, təmkinlə, problemi öz aramızda müzakirə etməklə. 40 ildir evliyik indiyədək bir sözümüzü anama, bacıma deməmişəm, yaxşımızı da özümüz bilmişik, pisimizi də.     -       Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? Cəbrayıl Hüseynov: “Özümüz nümunə olmaqla. Birinci Qarabağ müharibəsinin iştirakçısıyam, müharibə veteranıyam. O illərdə uşaqlar balaca idilər, hər dəfə cəbhədən gələndə hökmən uşaqlara gördüklərimdən, Vətən torpağının müqəddəsliyindən, onu canımızla qorumağa borclu olduğumuzdan danışardım. Birdə ki, Vətən sevgisi doğulduğun evdən, yaşadığın kənddən başlayır. Əgər uşaq balaca  vaxtından görsə, duysa ki, sən öz evini, kəndini sevirsən o zaman o da yurd, Vətən sevgisi ilə böyüyəcək”.  - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? Cəbrayıl Hüseynov və Rəhilə Hüseynova: “Uşaq valideynlərini böyük kimi görməli, bilməlidir, yeri gələndə isə valideyn uşaqla dost, yoldaş olmağı bacarmalıdır. - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz. Cəbrayıl Hüseynov: “Nə mənim, nə Rəhilə xanımın lüğətində “kaş” sözü yoxdur, Allaha şükür, uşaqlarımızı necə görmək istəmişiksə, necə tərbiyə vermək istəmişiksə, ona da nail olmuşuq”. -       Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Rəhilə Hüseynova: “Sevməyə tələsməsinlər, seçsinlər, bir-birlərini tanısınlar. Mahnıda deyildiyi kimi, öz yarılarını tapsınlar ki, tam, bütöv, iki canda bir ola bilsinlər, bir ömür birgə olub, yanaşı addımlaya bilsinlər. Cəbrayıl Hüseynov: “Evlilik məsələsində valideynlər tövsiyə etsinlər, amma yaxşı olar ki,  təkid etməsinlər, son söz gənclərin olsun. Allah bütün valideynlərə övlad toyu, nəvə sevinci qismət etsin. Nəvə çox şirin olur: Keçdim baharımdan, ötdüm yazımdan, İndi gövdəm üstə pöhrələrim var. Biri oğlumdandır, biri qızımdan, Çiçəyə oxşayan nəvələrim var.               Fikir və təcrübələrini bizimlə paylaşdığına görə Hüseynovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm can sağlığı və birlikdə xoşbəxt ömür arzu edirik. 

Ətraflı