Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“İnternet resurslarından istifadənin faydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Qəbələ, İsmayıllı, Sabirabad, Saatlı, Hacıqabul, Göygöl, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 15-19 dekabr 2025-ci il tarixlərində təhsil müəssisələrində “İnternet resurslarından istifadənin faydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Mərkəz əməkdaşları, informatika müəllimləri, valideyn və məktəblilərin iştirak etdiyi tədbirlərdə informasiya təhlükəsizliyi barədə məlumat verilib, cəmiyyətdə bu istiqamətdə zəruri bilik və bacarıqların artırılması istiqamətində görülən işlərdən bəhs edilib. İnternetdən istifadə zamanı diqqət edilməli vacib məqamlar, şəxsi məlumatların qorunması barədə zəruri tövsiyələr verilib, sosial mediadan düzgün istifadə qaydaları izah edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici material paylanılıb, mövzu ilə əlaqəli sosial çarx nümayiş etdirilib.

Ətraflı
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil edilib.

19 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) mediatur təşkil edilib. Tədbirdə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşları Sevil Rəsulzadə və Pərvanə Əsgərzadə çıxış ediblər. Bildirilib ki, mediaturun məqsədi mərkəzin fəaliyyəti ilə yaxından tanışlıq yaratmaq, həyata keçirilən sosial layihələr, uşaqlara və ailələrə göstərilən psixoloji, sosial və hüquqi dəstək mexanizmləri barədə ictimaiyyəti dolğun məlumatlandırmaqdır. Qeyd olunub ki, mediatur “2024–2026-cı illər üzrə Kommunikasiya Strategiyası”na uyğun olaraq təşkil edilib. Daha sonra iştirakçılar mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva çıxış edərək, əhali ilə aparılan sosial işlərin səmərəliliyinin artırılmasında regionlarda fəaliyyət göstərən Mərkəzlərin mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Dövlət Komitəsinin nəzdində ölkənin 11 rayonunda belə mərkəz fəaliyyət göstərir. Direktor mərkəzdə təşkil olunan inkişafetdirici məşğələlər, aktiv terapiya otağı, Denver II qiymətləndirmə proqramı, eləcə də psixoloq otaqlarının fəaliyyəti barədə ətraflı məlumat verib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov da iştirak edib. O, rayonda qadınların, uşaqların və ailələrin sosial rifahının yaxşılaşdırılması, onların hüquqlarının qorunması və psixoloji-sosial dəstəklə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra psixoloq Rəsul Rəhimli tərəfindən mərkəzin fəaliyyəti və statistik göstəriciləri əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Ətraflı
Bahar Muradova Serbiyanın gender bərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların gücləndirilməsi naziri Tatjana Matsura ilə görüşüb

“Birgə fəaliyyətlər bizi hədəfə doğru daha sürətlə aparacaq” Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiyanın gender bərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların gücləndirilməsi naziri Tatjana Matsura ilə görüşü zamanı deyib. Görüşdə iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub. Dövlət Komitəsinin sədri Bahar Muradova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Serbiya və Azərbaycan xalqları arasında mövcud olan dostluq münasibətlərinə diqqət çəkən Komitə sədri bildirib ki, iki ölkənin prezidentləri və hökumətləri arasında formalaşmış yüksək səviyyəli əlaqələr xalqlar arasındakı münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir. Bahar Muradova vurğulayıb ki, müasir dünyada baş verən mürəkkəb proseslər və mövcud geosiyasi vəziyyət bütün ölkələri və onların siyasi rəhbərlərini müharibələrə son qoymağa, qlobal sülhün bərqərar olunmasına yönəlmiş addımlar atmağa sövq etməlidir. Bildirib ki, bu çağırışların mərkəzində xüsusilə qadınların, uşaqların və ailələrin rifahına xidmət edən mesajlar dayanmalıdır. Komitə sədri qeyd edib ki, bu istiqamətdə görülən işlər hər iki ölkənin insan kapitalına qoyulan mühüm investisiyalardır və səylərin birləşdirilməsi daha sürətli və daha səmərəli nəticələrin əldə olunmasına imkan yaradır. B.Muradova Serbiya nümayəndələrini Azərbaycana səfərə dəvət edərək, qarşıdakı dövrdə əməkdaşlığın daha da dərinləşəcəyinə inamını ifadə edib. Serbiyanın gender bərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların gücləndirilməsi naziri Tatjana Matsura diqqətə çatdırıb ki, Serbiyada qadınların reproduktiv sağlamlığı mövzusunda həyata keçirilən milli kampaniya çərçivəsində Dövlət Komitəsi ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Tatjana Matsura qeyd edib ki, kampaniyaya müxtəlif dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və özəl sektorun cəlb edilməsi planlaşdırılır və əsas məqsəd qadınların reproduktiv sağlamlıq sahəsində maarifləndirilməsinin gücləndirilməsidir. Nazir qadın hüquqlarına həsr olunacaq növbəti qlobal təşəbbüs çərçivəsində də qarşı tərəfi partnyor qismində iştiraka edib və bu əməkdaşlığın gələcəkdə daha geniş miqyasda davam etdiriləcəyinə əminliyini bildirib. Görüş tərəflərin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.

Ətraflı
Bahar Muradova Belqradda “Lojionitsa” Mərkəzində olub

Serbiyada işgüzar səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Belqradda yerləşən kreativ sənayelər və innovasiya mərkəzi “Lojionitsa”nın fəaliyyəti ilə tanış olub. Ziyarət zamanı B.Muradovaya, “İdeyalar və ilham gələcəyə çevrilir” şüarı ilə fəaliyyət göstərən Mərkəzin sənət, texnologiya, elmi inkişaf və biznes sahələrini birləşdirən yeni tipli yaradıcılıq məkanı haqqında məlumat verilib. Həmçinin Mərkəzdə təşkil olunan kreativ və innovativ proqramlar, təhsil, yaradıcılıq və innovasiya üçün əməkdaşlıq imkanları, həmçinin musiqi, kino və incəsənət sahələrində təşkil olunan tədbirlər barədə də danışılıb. Sonda B.Muradova yerli medianın suallarını cavablandırıb.  

Ətraflı
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı brifinq keçirilib

18 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda brifinq keçirilib. Brifinq zamanı uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, zərərli informasiya riskləri və profilaktik tədbirlər barədə aktual məsələlər media nümayəndələrinin diqqətinə çatdırılıb. Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov rəqəmsal mühitdə uşaq hüquqlarının və üstün mənafelərinin qorunmasının əhəmiyyətini qeyd edib. Yeni texnologiyaların, o cümlədən süni intellektin inkişafı ilə meydana çıxan təhlükələrdən danışıb. Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov, Uşaqların zərərli informasiyadan qorunması haqqındaAzərbaycan Respublikasının Qanununda nəzərdə tutulan məqamları vurğulayıb, gələcəkdə ediləcək dəyişikliklərdən söz açıb. Bu sahədə dünya təcrübəsinin öyrənildiyini və gələcəkdə tətbiq ediləcəyini deyib. Ekspert Şurasının fəaliyyətindən danışan Komitənin Uşaq məsələləri şöbəsinin əməkdaşı Könül Tağıyeva, Şuranın fəaliyyətinin əsasında beynəlxalq təcrübənin öyrənilməsinin dayandığını bildirib. O, 2025-ci il ərzində Dövlət Komitəsi, Daxili İşlər Nazirliyini, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə paytaxtda fəaliyyət göstərən bir sıra əyləncə mərkəzi, oyun zalına baxış keçirildiyini, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələbləri barədə sahibkarlara tövsiyələr verildiyini diqqətə çatdırıb.   Brifinqdə iştirak edən İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının üzvləri müvafiq sahədə görülən işlər barədə məlumat veriblər. Audiovizual Şuranın nümayəndəsi Ayxan Sadıqlı çıxışında vurğulayıb ki, uşaqların zərərli informasiyadan qorunması yalnız nəzarət və cəza mexanizmləri ilə məhdudlaşmamalı, eyni zamanda media subyektlərinin məsuliyyətli davranışı və cəmiyyətdə ictimai şüurun formalaşdırılması ilə daha effektiv şəkildə təmin olunmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Fatimə Eyyub uşaqların zərərli informasiyadan qorunması sahəsində milli qanunvericiliyə əsasən yayımlanması məhdudlaşdırılan məlumatlarla bağlı rəqəmsal xidmətə cavabdeh olan təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini bildirib.   Brifinqin sonunda baş tutan sual-cavab sessiyasında uşaqların sosial mediada və internet məkanında təhlükəsizliyinin təmin edilməsi sahəsində görüləcək tədbirlərlə bağlı suallar cavablandırılıb.

Ətraflı
Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət edib

“Ailə siyasətlərinin gücləndirilməsi və Serbiyanın demoqrafik inkişafı” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Serbiyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Ziyarət zamanı abidə önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. Xüsusilə vurğulanıb ki, Taşmaydan parkında Heydər Əliyevin abidəsinin ucaldılması Azərbaycan–Serbiya dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisi olmaqla yanaşı, serb xalqının görkəmli dövlət xadiminə göstərdiyi hörmətin bariz nümunəsidir. Eyni zamanda Azərbaycan nümayəndə heyəti görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini də ziyarət edib. Abidə önünə gül dəstələri qoyularaq, yazıçının xatirəsinə ehtiram ifadə olunub. Bu ziyarət Azərbaycan nümayəndə heyətinin Serbiya xalqının tarixi və mədəni irsinə olan hörmətinin təzahürü kimi dəyərləndirilib.

Ətraflı
Jurnalistlər üçün “Uşaq hüquqları: Mediada həssas yanaşma” mövzusunda təlim keçirilib

17 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə jurnalistlər üçün “Uşaq hüquqları: Mediada həssas yanaşma” mövzusunda təlim keçirilib. Təlimin məqsədi mediada uşaqlarla bağlı mövzulara məsuliyyətli, etik və həssas yanaşmanı təşviq etmək, jurnalistlərin bu istiqamətdə peşəkar bilik və bacarıqlarını artırmaqdır. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov iştirakçıları salamlayaraq, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən, milli və beynəlxalq hüquqi çərçivələrdən bəhs edib. O, Dövlət Komitəsi tərəfindən bu sahədə həyata keçirilən tədbir və layihələr, eləcə də Komitənin Kommunikasiya Strategiyası haqqında iştirakçılara ətraflı məlumat verib.  E.Səfərov uşaq mövzularının işıqlandırılmasında etik normalara riayət olunmasının, uşaqların mənafeyinin hər zaman üstün tutulmasının vacibliyini vurğulayaraq, medianın bu sahədə daşıdığı mühüm ictimai məsuliyyətə diqqət çəkib. Təlimçi “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova təqdimatla çıxış edərək, məlumatların hazırlanmasında uşaqyönümlü yanaşmanın mahiyyəti, uşaqların zərərli informasiyadan qorunması mexanizmləri barədə danışıb. O, medianın uşaq hüquqlarının qorunmasında və ictimai məlumatlılığın artırılmasında mühüm rol oynadığını vurğulayaraq, jurnalistlərin bu mövzulara həssas yanaşmasının vacibliyini qeyd edib. Daha sonra Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri Almaz Mahmud medianın ictimai fikrə təsir gücü, eləcə də uşaqlarla bağlı kontentlərin təqdimatında medianın məsuliyyətinə diqqət çəkib. Həmçinin etik davranış kodeksi, azyaşlılarla bağlı məlumatların yayımlanmasının hüquqi və etik çərçivəsi barədə məlumat verib, mediada uşaqlarla bağlı məlumatların yayılması zamanı etik davranış qaydalarına riayət olunmasının zəruriliyini vurğulayıb. İnteraktiv formatda keçən təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Ətraflı
Qızların təhsildən yayınması hallarının qarşısının alınması istiqamətində təlim keçirilib

16 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Bakı şəhər 295 nömrəli tam orta məktəbdə təhsil alan qızların, o cümlədən onların valideynlərinin iştirakı ilə qızların təhsildən yayınması hallarının qarşısının alınması istiqamətində təlim keçirib. Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva çıxış edərək, uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib, təhsildən yayındırma və erkən evlilik hallarının yaratdığı hüquqi məsuliyyətdən bəhs edib. Tədbir zamanı Uşaq Səfirlər Məclisinin nümayəndələri Əsmər Əliyeva və Mələk Niftəliyeva “Qızlara kitab verək, həyat yükü yox!” adlı təqdimatla çıxış edib, iştirakçı qızların suallarını cavablandırıblar. Sonda Dövlət Komitəsi tərəfindən məktəbdə uşaqların və valideynlərin görə biləcəyi məkanlarda yerləşdirilməsi məqsədilə hazırlanmış xüsusi maarifləndirici yapışqanlar məktəb rəhbərliyinə təqdim edilib.

Ətraflı
Bahar Muradova Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaceviçin ilə görüşüb

Serbiyada işgüzar səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaceviçin ilə görüşüb. Azərbaycan nümayəndə heyətinin “Serbiya – Bizim Ailəmiz” “Ailə siyasətlərinin gücləndirilməsi və Serbiyanın demoqrafik inkişafı” adlı beynəlxalq konfransda iştirakının iki ölkə arasında ailə məsələləri üzrə güclü əməkdaşlıq qurmaq üçün real imkanlar yaratdığını qeyd edən Yelena Zariç Kovaceviç vurğulayıb ki, tədbir indiyədək aparılan müzakirələrin praktiki addımlara çevrilməsi, konkret hədəflərin müəyyənləşdirilməsi üçün mühüm platformadır. Nazir bildirib ki, Serbiyada yerli əhaliyə dəstəyin gücləndirilməsi, iqtisadi yardım mexanizmlərinin formalaşdırılması və uşaqlara yönəlmiş sosial proqramların icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yelena Zariç Kovaceviç növbəti il üçün qurumlar arasında nəzərdə tutulan əməkdaşlıq istiqamətləri barədə də məlumat verərək, ilk növbədə institusional çərçivənin formalaşdırılmasını, bu məqsədlə Anlaşma Memorandumunun imzalanmasını və birgə işçi qrupunun yaradılmasını təklif edib. Beynəlxalq konfransın yüksək şəkildə təşkil olunduğunu vurğulayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan və Serbiya arasında əməkdaşlıq istiqamətlərini özündə əks etdirən anlaşma memorandumunun imzalanmasının, bu məqsədlə də işçi qrupunun formalaşdırılmasının növbəti illərdə mühüm nəticələr verə biləcəyinə əminliyini ifadə edib. B. Muradova qeyd edib ki, xalqları bir-birinə yaxın və doğma edən əsas amillərdən biri məhz ailə dəyərləridir. Siyasi maraqlar zamanla dəyişə bilər, lakin milli maraqlar cəmiyyətləri düzgün istiqamətə yönəldən ən vacib amil olaraq qalır. Komitə rəsmisi vurğulayıb ki, ailə institutunun gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirilir. Komitə sədri, həmçinin Azərbaycan və Serbiya dövlət başçılarının işçi və şəxsi səviyyədə əməkdaşlıq və dostluq münasibətlərinin, eləcə də insan amilinin, milli kimliyin və ailə dəyərlərinin dünyanın harasında olmasından asılı olmayaraq qorunmasının vacibliyini vurğulayan mövqelərinə görə təşəkkür edib. Görüş ikitərəfli əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə davam edib.

Ətraflı