Media
Xəbərlər

Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb
Bahar Muradova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Qadınlar üzrə Agentliyinin Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb. Görüş zamanı gender bərabərliyinin təmin edilməsi, qadınların iqtisadi səlahiyyətləndirilməsi istiqamətində mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əhəmiyyətindən danışıb, forumun rəngarəng və müxtəlif mövzuları əhatə edən tədbirlərlə yadda qaldığını bildirib. O qeyd edib ki, forum çərçivəsində insan yönümlü şəhərlərin yaradılması, şəhərsalma prosesində insan mərkəzli yanaşmanın təşviqi əsas istiqamətlərdən biri kimi ön plana çıxarılıb. Sessiyanı qadınların və həssas qrupların şəhər həyatında iştirak imkanlarının genişləndirilməsi, mövcud problemlərin müzakirəsi və həlli istiqamətində beynəlxalq dialoq üçün mühüm fürsət kimi qiymətləndirib. Bahar Muradova, həmçinin təhlükəsiz və insan yönümlü şəhərlərin formalaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, yeni şəhərsalma və bərpa proseslərində müasir çağırışlar, inklüziv yanaşmalar və yeni imkanlar nəzərə alınır, insanların təhlükəsiz, əlçatan və rahat yaşayış mühitində yaşamaları əsas məqsədlərdən biri kimi müəyyən edilir. Ailənin cəmiyyətin əsas nüvəsi olduğunu deyən Bahar Muradova, ailənin qorunmasına, rifahının gücləndirilməsinə yönələn layihələrin vacibliyindən danışıb. O qeyd edib ki, qadınların gücləndirilməsi, onların ictimai iştirakçılığının təmin olunması, iqtisadi və sosial müdafiəsinin möhkəmləndirilməsi bütövlükdə ailə institutunun dayanıqlılığına xidmət edir. Səmimi qəbula görə təşəkkür edən Kaori İşikava Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, tədbirin dayanıqlı şəhərsalma, inklüziv inkişaf və beynəlxalq əməkdaşlıq baxımından mühüm platforma olduğunu vurğulayıb. Kaori İşikava qayğı iqtisadiyyatının əhəmiyyətindən danışaraq bildirib ki, bu sahənin inkişafı qadınların iqtisadi və sosial səlahiyyətlərinin artırılması baxımından mühüm rol oynayır. BMT rəsmisi qeyd edib ki, Azərbaycan Hökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” əsasında qadınların səlahiyyətləndirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi və bu sahədə yeni təşəbbüslərin irəli aparılması vacibdir. Tərəflər gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib, gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi, qayğı iqtisadiyyatı və inklüziv şəhərsalma sahələrində birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar. Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

Bahar Muradova ƏL Valid Xeyriyyə Təşkilatının Baş katibi ilə görüşüb
XIII Ümumdünya Şəhərsalma Forumu çərçivəsində 18 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan Əl Valid Xeyriyyə Təşkilatının Baş katibi, UN-Habitatın xoşməramlı səfiri Şəhzadə Lamia bint Məcid bin Səud bin Əbdüləziz Al Səud ilə görüş keçirib. Bahar Muradova qonaqları salamlayaraq bildirib ki, Azərbaycan beynəlxalq əhəmiyyətli və mötəbər tədbirlərə uğurla ev sahibliyi edən ölkələrdən biridir. WUF kimi platformalar dövlətlər arasında fikir mübadiləsinin aparılması, qarşılıqlı təcrübə paylaşımı və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Komitə sədri Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, əməkdaşlığın hər iki ölkəni məmnun edən istiqamətdə davam etdiyini vurğulayıb. O qeyd edib ki, xüsusilə İslam və ərəb ölkələrində, eləcə də türk dövlətlərində fəal və təşəbbüskar qadınların olması qürurvericidir. Bahar Muradova təşkilatın fəaliyyəti ilə yaxından tanış olduğunu, həyata keçirdiyi layihələri yüksək qiymətləndirdiyini də diqqətə çatdırıb. Bildirib ki, qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı və sosial layihələrdə ön sıralarda yer alması mühüm əhəmiyyət daşıyır. Komitə sədri, həmçinin ailə, qadın və uşaq məsələləri, insan kapitalının inkişafı, gender bərabərliyi kimi istiqamətlərdə həyata keçirilən tədbirlərin miqyasının son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini qeyd edib və Azərbaycanda ailə, qadın və uşaq siyasəti istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, cəmiyyətdə zorakılıq halları baş verdikdə onların qarşısının alınması, zərərçəkənlərin müdafiəsi və preventiv tədbirlərin həyata keçirilməsi üçün müvafiq mexanizmlər tətbiq olunur. Bahar Muradova qadın sahibkarlığının dəstəklənməsi istiqamətində görülən işlər, eləcə də şəhid şəhid xanımlarına dövlət tərəfindən göstərilən sosial və təhsilə dəstək layihələri barədə məlumat verib. Lamia bint Majid bin Saud bin Abdulaziz Al Saud görüş təşəbbüsünü dəstəklədiyinə görə Bahar Muradovaya təşəkkürünü bildirib və rəhbərlik etdiyi fondun fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, “Gələcəyə Baxış 2030” proqramı çərçivəsində Səudiyyə Ərəbistanında mühüm və köklü islahatlar həyata keçirilib. Xüsusilə qadın hüquqlarının müdafiəsi, onların səlahiyyətlərinin artırılması və cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin olunması istiqamətində mühüm addımlar atılıb. Fond rəhbəri qadınların rəqəmsal bacarıqlarının artırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, gender inklüzivliyi layihələri istiqamətində də müxtəlif təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, təşkilat tərəfindən yalnız sosial layihələr deyil, eyni zamanda qadınlara psixoloji və tibbi dəstək tədbirləri də həyata keçirilir, onların iqtisadi cəhətdən gücləndirilməsi məqsədilə maliyyə dəstəyi və müxtəlif qrant proqramları təqdim olunur. Lamia bint Majid bin Saud bin Abdulaziz Al Saud rəqəmsal təşəbbüslərin dəstəkləndiyini, süni intellekt əsaslı layihələrin icrası istiqamətində araşdırmalar aparıldığını bildirib. Onun sözlərinə görə, tanınmış universitetlərin dəstəyi ilə həyata keçirilən tədqiqatlarda gələcəkdə süni intellektin daha çox tətbiq olunacağı peşə sahələri və əmək bazarına təsiri araşdırılır. Fond rəhbəri əlavə edib ki, həyata keçirilən tədqiqat layihələri çərçivəsində müxtəlif ölkələrin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıqda maraqlıdırlar. Sonda tərəflər qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, sosial rifahın yüksəldilməsi və davamlı inkişaf sahəsində birgə təşəbbüslərin və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva WUF13 çərçivəsində yan tədbirdə çıxış edib
Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “İqlim və Mənzil Dayanıqlığı: Gender Perspektivindən Baxış” mövzusunda yan tədbirdə çıxış edib. Çıxışında forumun dayanıqlı şəhər inkişafı, inklüziv urbanizasiya və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayan C. Rəhmətullayeva bildirib ki, iqlim dəyişiklikləri və sürətli şəhərləşmə sosial rifah, yaşayış mühiti və gender bərabərliyi sahəsində yeni çağırışlar yaradır. O qeyd edib ki, qadınlar, xüsusilə həssas sosial qruplara aid olan qadınlar iqlim dəyişikliklərinin təsirlərinə daha çox məruz qalırlar. Mənzil təhlükəsizliyi, enerji əlçatanlığı və sosial xidmətlərə çıxış məsələlərində genderə həssas yanaşmanın vacibliyini diqqətə çatdıran aparat rəhbəri dayanıqlı şəhər və mənzil siyasətlərində qadınların iştirakının artırılmasının əhəmiyyətini vurğulayıb. C. Rəhmətullayeva bildirib ki, Azərbaycanda sosial rifahın gücləndirilməsi, təhlükəsiz və dayanıqlı yaşayış mühitinin təşviqi, həmçinin qadınların qərarvermə proseslərində iştirakının artırılması dövlət siyasətinin əsas prioritetlərindəndir. Bildirib ki, ölkəmiz Qoşulmama Hərəkatı və İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə qadın platformalarının, eləcə də AQEM-in Azərbaycan sədirliyində Qadınlar Şurasının yaradılması təşəbbüskarı kimi çıxış edib, Türk Dövlətləri Təşkilatı, COP29 və digər beynəlxalq platformalar çərçivəsində keçirilən tədbirlərdə iqlim dəyişikliklərinin sosial təsirləri və qadınların bütün sahələrdə iştirakçılığının artırılması məsələləri xüsusi diqqət mərkəzində saxlanılıb. Sonda Ceyran Rəhmətullayeva iqlim siyasəti və şəhərsalma strategiyalarında gender yanaşmasının tətbiqinin daha inklüziv və dayanıqlı nəticələrin əldə olunmasına töhfə verdiyini bildirib. Tədbir zamanı iqlim dəyişikliklərinin mənzil təminatı və şəhər dayanıqlılığına təsiri, xüsusilə qadınlar və həssas qruplar üçün yaratdığı çağırışlar, eləcə də genderə həssas urban siyasətlərin əhəmiyyəti müzakirə olunub.

Bahar Muradova WUF13 çərçivəsində təşkil olunan Qadınlar Assambleyasında çıxış edib
17 may 2026-cı il tarixində Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Bütün qadınlar və qızlar üçün adekvat mənzil təminatı üzrə gender-transformativ strategiyaların birgə hazırlanması” mövzusunda Qadınlar Assambleyası təşkil olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Assambleyada açılış nitqi ilə çıxış edib. Dövlət Komitəsinin sədri çıxışında şəhərsalma, sosial rifah, dayanıqlı inkişaf və gender bərabərliyi arasında güclü əlaqənin mövcud olduğunu vurğulayıb. O, dünyanın bir çox bölgəsində qadın və qızların hələ də adekvat mənzil, təhlükəsiz yaşayış şəraitinə çıxışda ciddi problemlərlə üzləşdiyini, silahlı münaqişələr, humanitar böhran və iqlim dəyişikliklərinin mövcud bərabərsizlikləri daha da dərinləşdirdiyini qeyd edib. Gender-həssas yanaşmaların şəhərlərin gələcəyini formalaşdıran strateji gündəliyin vacib hissəsinə çevrildiyini diqqətə çatdırıb. B.Muradova, Azərbaycanın post-münaqişə dövründə dayanıqlı bərpa və insan yönümlü şəhər inkişafı modelini təşviq etdiyini bildirib. O, azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesində müasir şəhərsalma prinsipləri, ağıllı həllər, yaşıl inkişaf və sosial inteqrasiya yanaşmalarının tətbiq olunduğunu, qadınlar və qızlar üçün bərabər imkanların təmin edilməsinin əsas prioritet kimi müəyyənləşdirildiyini vurğulayıb. Sədr, bir sıra beynəlxalq konfranslara ev sahibliyi edən Bakının təhlükəsizlik, əlçatanlıq və dayanıqlı həlləri təşviq edən müasir şəhər modeli kimi inkişaf etdiyini deyib. Qadınların qərarqəbuletmə və strateji planlaşdırma proseslərində iştirakının şəhərləri daha təhlükəsiz və inklüziv etdiyini bildirən B.Muradova, əkavə edib ki, beynəlxalq əməkdaşlığın, hüquqi və institusional mexanizmlərin gücləndirilməsi dayanıqlı və insan yönümlü şəhərlərin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxış edən digər natiqlər qadınların torpaq və mülkiyyət hüquqlarının təmin edilməsi, iqlim dəyişikliklərinin yaratdığı risklər fonunda həssas qrupların müdafiəsi və genderə həssas şəhərsalma yanaşmasının tətbiqinin vacibliyini vurğulayıblar. Bununla yanaşı, genderə həssas mənzil siyasətlərinin təşviqi, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovativ yanaşmaların paylaşılması məqsədilə yeni tərəfdaşlıq mexanizmlərinin yaradılmasının əhəmiyyəti qeyd edilib. Açılış nitqləri dinlənildikdən sonra iştirakçı formatda sessiya təşkil olunub, plenar çıxışlar və tematik müzakirələr çərçivəsində müxtəlif ölkələrin təcrübələri təqdim edilib, gender statistikası və uğurlu tətbiq nümunələri əsasında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Assambleya çərçivəsində hazırlanan təklif və tövsiyələrin WUF13-ün yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” sənədinə daxil edilməsi nəzərdə tutulub.

15 may- Beynəlxalq Ailə Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 15 May – Beynəlxalq Ailə Günü münasibətilə “Ailəmizin psixoloji iqlimi” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. İnteraktiv formatda keçirilən tədbirlərdə mərkəzlərin əməkdaşları, rayon idarə və müəssisələrinin nümayəndələri, müəllimlər, məktəb psixoloqları, valideynlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirlərdə çıxış edən ekspertlər ailədaxili münasibətlərdə sağlam psixoloji mühitin formalaşdırılmasının əhəmiyyətindən danışıb, ailə üzvləri arasında qarşılıqlı hörmət, anlayış və effektiv ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, ailə cəmiyyətin əsas sütunlarından biridir və sağlam ailə münasibətləri insanın psixoloji inkişafında mühüm rol oynayır. Eyni zamanda, ailə dəyərlərinin gələcək nəsillərə düzgün şəkildə ötürülməsi, valideyn-övlad münasibətlərində qarşılıqlı dəstək və ünsiyyətin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. “Çinartək sığındığımız ailəmiz” və “Ailəmiz–ən dəyərli xəzinəmizdir” adlı videoçarxlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bununla yanaşı tədbirlər çərçivəsində nümunəvi ailələrə səfərlər həyata keçirilib, iştirakçılara “Gənc ailələrə tövsiyələr” adlı maarifləndirici bukletlər paylanılıb.

15 may – Beynəlxalq Ailə Günü münasibətilə “Ənənəvi dəyərlər, müasir çağırışlar” mövzusunda görüş keçirilib
15 may – Beynəlxalq Ailə Günü ərəfəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar kollecdə “Ənənəvi dəyərlər, müasir çağırışlar” mövzusunda görüş təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilla Əliyeva çıxış edərək, ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ailə dəyərlərinin gənc nəslə aşılanmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyib. K. Əliyeva çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət ailə siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıdışından bəhs edib. Həmçinin iştirakçılara Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə şəhid və qazi ailələrinə dəstək, uşaq hüquqlarının müdafiəsi və həssas qrupların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. Görüşdə ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, qloballaşma proseslərinin ailə institutuna təsiri, erkən nikahlar, qohum evlilikləri, doğulanadək cins seçimi və gender stereotipləri kimi mövzular müzakirə olunub.

15 May “Beynəlxalq Ailə Günü” ərəfəsində maarifləndirici görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Xətai rayonu Ə.Əliyev adına 204 nömrəli tam orta məktəblərdə “Həyatının memarı- Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüş keçirilib. Yeniyetmələr arasında maarifləndirmə işinin gücləndirməsi və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunan görüşdə psixoloqlar, müəllim heyəti, və şagirdlər iştirak edib. Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova çıxış edərək, sağlam həyat tərzinin insanın fiziki və psixoloji inkişafına müsbət təsirini xüsusi vurğulayıb, narkomaniyanın insan sağlamlığına zərəri, cəmiyyət üçün yaratdığı problemlər və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Müzakirə formatında davam edən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Ailəmiz - ən güclü dəyərimiz” adlı konfrans keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Pirallahı Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 15 may 2026-cı il tarixində “Beynəlxalq Ailə Günü”nə həsr olunan “Ailəmiz - ən güclü dəyərimiz” adlı konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsinə xidmət edəcək tədbirlərin davam etdirilməsidir. Konfransdan öncə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Çempion ailələr” layihəsinin ilk tədbiri baş tutub. Layihə çərçivəsində Pirallahı rayonunu təmsil edən 10 ailənin iştirakı ilə "Fibonaççi" intellektual yarışı təşkil olunub. Daha sonra Ümummilli lider Heydər Əliyevin rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyulub. Tədbir iştirakçıları Pirallahı rayon rəssamlarının əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Kofransın rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu öndər Heydər Əliyevin, eləcə də ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ailənin cəmiyyətin əsas dayağı və milli-mənəvi dəyərlərin qoruyucusu olduğunu vurğulayaraq, Azərbaycanda sağlam ailə modelinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanıldığını bildirib. O qeyd edib ki, müasir dövrdə qloballaşma, sosial dəyişikliklər və rəqəmsallaşma fonunda ailə institutunun üzləşdiyi çağırışlar şəraitində ənənəvi dəyərlərin qorunması ilə müasir tələblər arasında balansın saxlanılması mühüm əhəmiyyət daşıyır. Bildirib ki, dövlətin həyata keçirdiyi məqsədyönlü ailə siyasəti nəticəsində Azərbaycan ailə modeli sağlam təməllər üzərində inkişaf edir. Vasif İmanov çıxışında Pirallahı rayonunda yaşayan nümunəvi və uzunömürlü ailələrin gənc nəsil üçün örnək olduğunu diqqətə çatdıraraq, ailə institutunun qorunmasının sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynadığını bildirib. O, xüsusilə gənclərə milli ailə dəyərlərinə sadiq qalmağı, Azərbaycan ailə modelini yaşatmağı tövsiyə edib. Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq, Beynəlxalq Ailə Gününün BMT tərəfindən ailə institutunu təhdid edən qlobal çağırışlar nəzərə alınaraq təsis olunduğunu diqqətə çatdırıb. Azərbaycan isə dünya birliyinin məsuliyyətli üzvü kimi ailə siyasətinə xüsusi həssaslıqla yanaşır və bu günü geniş şəkildə qeyd edir. Dövlət Komitəsinin fəaliyyət istiqamətinə uyğun olaraq ölkənin regionlarında, rayon icra hakimiyyətləri, bələdiyyələr və aidiyyəti qurumlarla birgə ailənin inkişafı, icmaların maarifləndirilməsi və dövlət siyasətinin icrası istiqamətində çoxsaylı layihələrin həyata keçirildiyi qeyd olunub. Çıxışı zamanı sədr ailə və uşaq hüquqlarının qorunması sahəsində formalaşdırılmış qanunvericilik bazasından, həssas ailələrin sosial müdafiəsinə yönəlmiş dövlət tədbirlərindən danışıb. O, Uşaq Hüquqları haqqında Qanunun Ulu Öndərin təşəbbüsü ilə qəbul edildiyini, sonradan isə Dövlət Komitəsinin təşəbbüsü əsasında təkmilləşdirilərək yeni redaksiyada qəbul olunduğunu bildirib. Bahar Muradova Azərbaycanı ailə dəyərlərinə xüsusi önəm verən ölkələrdən biri kimi xarakterizə edərək, Dövlət Komitəsinin dövlət ailə siyasətini əlaqədar qurumlarla birgə icra edən mərkəzi icra hakimiyyəti orqanı kimi reallaşdırıdığı layihələrdən söz açıb, “Ailəmiz – ən güclü dəyərimizdir” şüarı ilə reallaşdırılan təşəbbüsləri vurğulayıb. O, həmçinin könüllülük fəaliyyətinin, xüsusilə “Könüllü ailələr” təşəbbüsünün əhəmiyyətinə toxunaraq, yaşlı nəslin təcrübəsinin öyrənilməsi və cəmiyyətimizin sosial nüvəsi sayılan ailə institutunun qorunmasının cəmiyyətin bütün üzvlərinin ortaq məsuliyyəti olduğunu diqqətə çatdırıb. Çıxışının sonunda Bahar Muradova bütün iştirakçıları Beynəlxalq Ailə Günü münasibətilə təbrik edərək ailələrə xoşbəxtlik, rifah və sağlam münasibətlər, ölkəmizə isə əmin-amanlıq və davamlı inkişaf arzulayıb. Çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva ailənin milli-mənəvi dəyərlərin qorunmasında və sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, ailə institutunun möhkəmləndirilməsi, sağlam sosial münasibətlərin təşviqi və gənc nəslin milli dəyərlərə bağlı ruhda formalaşdırılması istiqamətində həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Adilə Əliyeva qeyd edib ki, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində ailə institutunun möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif layihələr həyata keçirilir və “Çempion ailələr” layihəsi də bu istiqamətdə reallaşdırılan növbəti mühüm təşəbbüslərdən biridir. O, layihənin ailələrin asudə vaxtının səmərəli təşkili, ailədaxili münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini və ailələr arasında müsbət ünsiyyətin formalaşmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb. YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abbasov qeyd edib ki, hər bir azərbaycanlı üçün ailə ən vacib institutdur və kollektiv yaşamın ən mükəmməl formasıdır. E.Abbasov vurğulayıb ki, Azərbaycan ailə modeli tarixin bütün sınaqlarından uğurla çıxaraq milli-mənəvi dəyərlərin, ana dilinin və milli kimliyin qorunub saxlanılmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ailə institutunun möhkəmləndirilməsi, milli ailə dəyərlərinin qorunması və gənc nəslin bu dəyərlər əsasında formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilirdiyini diqqətə çatdıran natiq bildirib ki, həyata keçirilən tədbirlər Azərbaycan ailəsinin qorunmasına və sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Rayonun nümunəvi ailələrindən olan Bağırovlar ailəsinin nümayəndəsi Rəhilə Bağırova çıxışında sağlam və milli-mənəvi dəyərlərə bağlı nəslin yetişdirilməsində ailənin rolunu vurğulayıb. O bildirib ki, valideyn qayğısı və ailə birliyi gənclərin şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət daşıyır. Rəhilə Bağırova həmçinin dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğının onların gələcək inkişafına mühüm töhfə verdiyini qeyd edərək, əldə etdiyi uğurlarda ailəsinin, müəllimlərinin və dövlətin xüsusi rolunu vurğulayıb. Daha sonra Pirallahı rayonunda yaşayan nümunəvi və uzunömürlü ailələr tədbir iştirakçılarına təqdim olunub. Ailələr uzun illərə söykənən ailə dəyərləri, qarşılıqlı hörmət, anlayış və birliyin önəmi barədə fikirlərini bölüşərək gənclərə öz tövsiyələrini veriblər. Sonda “Çempion ailələr” layihəsi çərçivəsində keçirilən “Fibonaççi” intellektual yarışının qalibləri mükafatlandırılıb. Yekun nəticələrə əsasən, Əzimovlar ailəsi yarışın qalibi olub.

15 May - Beynəlxalq Ailə Günü münasibətilə paytaxtda və regionlarda psixoloji təlimlər keçirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin birgə təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Günü münasibətilə "Ailə həyatına hazırlıq" mövzusunda təlim proqramı keçirilir. Ailə institutunun möhkəmləndirilməsi və gənclərin bu məsuliyyətli mərhələyə mənəvi-psixoloji hazırlanması məqsədilə təşkil edilən təlimlərdə paytaxt və regionlardan 220 ailənin iştirakı nəzərdə tutulur. Təlimlər ailədaxili münasibətlərin sağlam təməllər üzərində qurulması, qarşılıqlı anlaşma və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, həmçinin müasir dövrdə ailələrin qarşılaşdığı çətinliklərin effektiv idarə olunması mövzularını əhatə edir. Psixoloq-təlimçilər Əsli Zeynalabdinova və Aygün İsmayılova cütlüklərin emosional hazırlığı, effektiv ünsiyyət və empatiya bacarıqları, rol bölgüsü və gözləntilər barədə məlumat verilib, ailə həyatının müxtəlif mərhələlərində yarana biləcək stress amilləri ilə mübarizə üsullarından danışıblar. Vurğulanıb ki, ailənin davamlılığı təkcə maddi və hüquqi amillərdən deyil, hər iki tərəfin psixoloji yetkinliyindən və münasibətləri inkişaf etdirmə iradəsindən asılıdır. İştirakçılar təlim zamanı müxtəlif psixoloji testlər, situasiya oyunları və keyslər vasitəsilə fərdi münasibət formasını təhlil etmək imkanı əldə ediblər. Sonda iştirakçılara ailə daxilində emosional bağların gücləndirilməsi və konfliktlərin həllinə dair praktik tövsiyələrdən ibarət maarifləndirici materiallar, həmçinin hədiyyələr təqdim olunub. Qeyd edək ki, ailələrin maraqla qarşıladığı təlimlər Bakının Xəzər rayonu, eləcə də Hacıqabul, Sabirabad və Saatlıda keçirilib. Mayın 22-nə kimi daha 7 rayonda təşkili nəzərdə tutulur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi