Regionlarda erkən evliliklər və qohum nikahlarının fəsadları mövzusunda görüşlər keçirilib

7 fevral 2025 16:54

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 3-7 fevral 2025-ci il tarixlərində təhsil müəssisələrində erkən evliliklərin və qohum nikahlarının qarşısının alınması məqsədilə qanunvericiliyə edilən dəyişikliklər, bu kimi halların insanların fiziki və psixi sağlamlığına vurduğu zərərlər barədə maarifləndirici görüşlər keçirilib.

Tədbirlərdə Rayon İcra Hakimiyyətləri, rayon polis şöbələri, mediasiya təşkilatı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsinin nümayəndələri, təhsil və tibb işçiləri, məktəblərin müəllim və şagird kollektivi, tələbələr, valideynlər, icma sakinləri iştirak ediblər.

Çıxış edən ekspertlər qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması barədə müzakirələr aparıblar.

Tədbirlərdə həmçinin erkən evlilik və qohum nikahlarının fəsadlarından danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirmə materialları paylanılıb.