Media
Xəbərlər
Bahar Muradova Samuxda vətəndaşları qəbul edib
26 iyul 2024-cü il tarixində keçirilən qəbul zamanı Gəncə şəhər, Samux və Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənilib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında ailədaxili münasibətlər, uşaqla ünsiyyət, işlə təmin olunma, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, uşaq hüquqları və digər məsələlər yer alıb. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.
Növbəti “açıq qapı” günü keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 25 iyul 2024-cü il tarixində növbəti “açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Buzovna, Ağdam rayonunun İkinci Dördyol, Saatlı rayonunun Əlisoltanlı, Sabirabad rayonunun Qəzli, Hacıqabul rayonunun Atbulaq, Goranboy rayonunun Gürzalılar, Göygöl rayonunun Köşkü, Zərdab rayonunun Alıbəyli, İsmayıllı rayonunun Talıstan, Zaqatala rayonunun Mazıx kənd və qəsəbələrində səyyar şəkildə keçirilib. “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma, qohum nikahları ilə bağlı müraciətlər yer alıb, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. “Açıq qapı” günündə ümumilikdə 87 nəfər vətəndaşınmüraciəti dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.
“Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildi
Təcrübə göstərirdi ki, məişət zorakılığı qurbanlarının böyük əksəriyyəti maliyyə baxımından asılı olan və ya şəxsi gəlirləri olmayan şəxslər idi. Qanunvericilikdə aztəminatlı şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin olunması nəzərdə tutulmuş olsa da, vahid mexanizmin olmaması zərər çəkmiş şəxsin hüquqi müdafiəsini zəiflədirdi. Azərbaycan Respublikasının Milli Məclisinin 23 fevral 2024-cü il tarixli iclasında qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən məişət zorakılığından zərər çəkmiş şəxsə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur. Sözügedən Qanunla dövlət hesabına pulsuz hüquqi yardım göstərilməsi qaydasının Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi müəyyən edilmişdir. “Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı 23 iyul 2024-cü ildə təsdiqlənmişdir. Qaydaya əsasən dövlət vəsaiti hesabına hüquqi yardım dedikdə məişət zorakılığından zərər çəkmiş şəxsə onun tərəfindən əvəzi ödənilmədən göstərilən hüquqi xidmət nəzərdə tutulur. Qaydaya hüquqi yardımın növləri və formaları, göstərilməsi şərtləri, bununla bağlı məlumatlandırma və maliyyələşdirilməsi mənbələri ilə bağlı müddəlar daxil edilmişdir. Qaydada dövlət yardım mərkəzləri və müvafiq ərazi üzrə yerləşən vəkil qurumlarında və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər dövlət vəsaiti hesabına hüquqi yardım göstərən subyektlər kimi müəyyən edilmişdir. Qaydaya əsasən hüquqi yardımın aşağıdakı növləri nəzərdə tutulmuşdur: 1.sənədlərin əldə edilməsinə kömək göstərilməsi; 2. zərər çəkmiş şəxsə hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün şifahi və ya yazılı hüquqi məsləhətlərin verilməsi; 3. zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi; 4. ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi. Qaydada hüquqi yardımın aşağıdakı formaları nəzərdə tutulmuşdur: 1. Dövlət yardım mərkəzləri tərəfindən göstərilən sosial hüquqi xidmət 2. Dövlət vəsaiti hesabına vəkil tərəfindən göstərilən hüquqi xidmət. Hüquqi yardım göstərilməsi üçün müraciət olunması: -cinayət işləri üzrə icraat zamanı cinayət prosesini həyata keçirən orqana; -mülki, inzibati mübahisələrə dair və ya inzibati xətalara dair işlər üzrə vəkilə və ya məhkəməyə -zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi istisna olmaqla, digər yardım növləri üzrə sosial hüquqi xidmət göstərilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumuna, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin müvafiq “DOST” mərkəzinə və ya Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət edilə bilər.Məhz bu halda hüquqi yardımın vəkil tərəfindən göstərilməsi Vəkillər Kollegiyasının qərarı əsasında həyata keçiriləcək. Hüquqi yardım göstərilməsi üçün aşağıdakı sənədlərdən ən azı biri əsasdır: 1.məişət zorakılığına məruz qalmış şəxsə verilən qısamüddətli və yaxud uzunmüddətli mühafizə orderi; 2. cinayət prosesini həyata keçirən orqanın şəxsin məişət zorakılığı ilə bağlı cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması barədə qərarı; 3. məişət zorakılığı ilə bağlı şikayət üzrə zərər çəkmiş şəxslə bağlı yerli icra hakimiyyəti orqanının qərarı; 4. məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin arayışı; 5. məişət zorakılığı ilə bağlı məlumat bankının məlumatı Məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda nəzərdə tutulmuş sənədlər təqdim edilmədən, zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin müraciəti əsasında hüquqi yardım göstərən subyektlər tərəfindən həyata keçirilir. Hüquqi yardım göstərilməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılması hüquqi yardım göstərən subyektlər, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək. “Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildi
Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masa keçirilib
24 iyul 2024-cü il tarixində Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masa keçirilib. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar təşkil edilən dəyirmi masada dövlət qurumlarının nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyəti institutları və ictimai birliklərin nümayəndələri iştirak edib. İştirakçıları salamlayan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərdə qadınların rolunun böyük olduğunu və ölkəmizdə seçicilərin əksəriyyətini qadınların təşkil etdiyini qeyd edib. O, ölkənin tanıdılmasında qadınların rolunun daha yüksək olduğunu vurğulayaraq bildirib ki, səsvermə günü qadın seçicilərin aktivliyinə önəm veririk. Seçkilərdə, xüsusilə təbliğat-təşviqat proseslərində qadınlardan daha çox müsahibə almaq, onların fikrini öyrənmək, media vasitəsilə onların fəaliyyətini daha geniş işıqlandırmaq arzuolunandır. M. Pənahov 40 minə yaxın Komissiya üzvünün əksəriyyətinin qadınlardan ibarət olduğunu da diqqətə çatdırıb. “Biz artıq yeni Azərbaycanda yaşayırıq. 44 Günlük Vətən müharibəsindən sonra Azərbaycan necə xalq olduğunu dünyaya nümayiş etdirdi. Güclü olduqca kənardan təzyiqlər daha çox olur. Böyük dövlətlər kiçik dövlətlərə təzyiq etməyə çalışır. Azərbaycana olan təzyiqlərin necə artdığını biz müharibədən sonra gördük” - deyən MSK sədri əlavə edib ki, hər kəs öz sahəsində vətəndaş borcunu yerinə yetirməyə çalışmalıdır. Zəfər seçkilərindən sonra parlament seçkilərinin də qalib ölkə olaraq Azərbaycanda bütün dünya tərəfindən tanınan torpaqlarda keçirilməsinin əhəmiyyətini vurğulayan M. Pənahov bildirib ki, Azərbaycanın yüz illərdir arzu etdiyi, həsrətində olduğu halların reallaşdığını görürük və biz də özümüzə aid sahələrdə həmin standartlar üzərində işlərimizi qurmalıyıq. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, hər bir vətəndaşın Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün səviyyələrində bərabər iştirak hüququ var. Tarixən qurucu babalarımızdan bizə miras qalan ideyaları həyata keçirən və müstəqil dövlət quran Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu hüquq tam mənası ilə reallaşdırılmağa başlayıb. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən vətəndaş hüquqları içərisində seçki hüququ əsas fundamental hüquqdur. Məhz bu hüquq əsasında biz hamılıqla bütün seçki proseslərində bərabər, azad və demokratik qaydada iştirak edirik və bu iştiraka özümüzü hazırlayırıq. Seçki Məcəlləsində hər bir vətəndaşın səsinin eyni hüquqi qüvvəyə malik olduğunu nəzərdə tutan seçki hüququnun bərabərliyi prinsipi özündə cinsi mənsubiyyətə görə bərabərliyi də ehtiva edir. Odur ki, biz dövlətin bu sahədə öhdəliklərinə məsuliyyətlə yanaşaraq, cinsi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın bu hüquqdan maksimum yararlanmaqla dövlətin idarə edilməsi prosesində iştirakı üçün effektiv mexanizmlərdən istifadə imkanlarının artırılmasına çalışırıq. O, həm milli qanunvericilik, həm də beynəlxalq konvensiyaların vətəndaşların hüquqlarının həyata keçirilməsi üçün dövlətlərin üzərinə öhdəliklər qoyduğunu diqqətə çatdıraraq, əlavə edib ki, seçki hüququnun həyata keçirilməsi üçün onun konvensiya ilə əlaqəsi məsələsinə də diqqət etmək mütləqdir. BMT-nin CEDAW Komitəsinin Azərbaycan Respublikasının son dövri hesabatına dair verdiyi tövsiyə və qeydlərə görə iştirakçı dövlətdə siyasi sabitliyin və dayanıqlı inkişafın əldə olunması üçün tələb kimi siyasi və ictimai həyatda qadınların kişilərlə bərabər əsaslarla tam müstəqil və demokratik iştirakının vacibliyi barədə maarifləndirmə və dəstək kampaniyaları aparmaq, potensialın gücləndirilməsi və təlim tədbirləri və s. təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həm regionda, həm də post sovet məkanında yeganə ölkə kimi Azərbaycanda “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun mövcud olduğunu vurğulayan B. Muradova Dövlət Komitəsinin Milli Məclisə bu qanunun icra vəziyyəti ilə bağlı təqdim etdiyi məlumatın hər il dinlənildiyini də qeyd edib. Həm milli, həm də beynəlxalq öhdəliklərimiz çərçivəsində görülən işlər barədə danışaraq, qadınların dövlət idarəçiliyi və qərarqəbuletmə prosesində artan təmsilçiliyi haqqında məlumatları diqqətə çatdıran Komitə sədri çıxışının sonunda bir daha qadınlara çağırış edərək, onları parlament seçkilərində aktiv iştiraka dəvət edib. Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov “Seçki hüququnun konstitusion əsasları, onun təmin edilməsi və həyata keçirilməsi formaları”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Qadınların seçkilərdə fəallıqlarını daha da artırması üçün imkanlar” mövzusu üzrə çıxış edib. Seçki kampaniyalarında qadınların aktiv iştirakı, məntəqə və dairə seçki komissiyalarında balanslaşdırılmış iştirakın, eləcə də müşahidəçi, həm də seçici kimi qadınların fəallığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Dünya üzrə parlament seçkilərində qadınların təmsilçiliyi ilə bağlı statistik göstəricilər diqqətə çatdırılıb, həmçinin seçkiqabağı, seçki zamanı, eləcə də seçkidən sonrakı proseslərdə bərabər iştirakın önəmi vurğulanıb. Daha sonra “Bərabər İnkişaf Naminə” Koalisiyanın nümayəndələri - Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova, Gənc Demokratlar İnsitutunun sədri, politoloq Yeganə Hacıyeva, “Ekoloji Maarifçilik və Monitorinq” İB-nin sədri Qəmzə Yusubova müzakirələrdə iştirak edərək, hər kəsin, xüsusilə də qadınların vətəndaşlıq borclarını yerinə yetirməklə seçkilərdə aktiv iştirakının cəmiyyət və dövlət üçün önəmini qeyd ediblər.
“Çətin həyat şəraitində, eyni zamanda məişət zorakılığı baş vermiş ailələrdə olan uşaqların hüquqlarının müdafiəsi” mövzusunda onlayn formada görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutmuş görüşün məqsədi çətin həyat şəraitində olan, eyni zamanda məişət zorakılığı baş vermiş ailələrdə olan uşaqların hüquqlarının müdafiəsi, valideynləri barəsində hüquqi qiymətin verilməsi, uşaqların müəssisələrə yerləşdirilməsi, onların qanunvericilikdə nəzərdə tutulmuş yardım və xidmətlərlə təmin edilməsi, bu sahədə qurumlararası işin icra mexanizminin təkmilləşdirilməsidir. Görüşdə Səhiyyə Nazirliyininin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları və Şəhər/Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının sədrləri iştirak edib.
Regionlarda qanunvericiliyə edilən son dəyişikliklərlə bağlı maarifləndirmə işləri aparılıb
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsinin regionlarda təbliği məqsədilə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maarifləndirici görüşlər keçirilib. Görüşlərdə mərkəzlərin, idarə və müəssisələrin, yerli icra hakimiyyətləri və bələdiyyələrin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, din xadimləri, mətbuat nümayəndələri, təhsil və səhiyyə işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər layihə əsasında qanunvericiliyə ediləcək dəyişikliklərdə “erkən evlilik” anlayışının daxil edilməsi, nikaha və erkən evliliyə məcbur edilmə, 16 yaşa çatmayan şəxsin erkən evliliyinin təşkili, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə görə məsuliyyətin müəyyən edilməsi nəzərdə tutulduğunu qeyd ediblər. Bildirilib ki, Ailə Məcəlləsində edilən dəyişikliklərə görə, üzürlü səbəblərdən nikaha daxil olma yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməsi ləğv edilib. Həmçinin nikahın bağlanmasına mane olan hallar siyahısına olunan əlavəyə görə, ümumi bioloji baba və (və ya) nənəsi olan şəxslər, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyəcək. İştirakçıların nəzərinə çatdırılıb ki, qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir və qanun pozuntusuna görə cərimələr, azadlığın məhdudlaşdırılması və inzibati həbs cəzaları nəzərdə tutulub. Görüşlərdə aparılan müzakirələr zamanı erkən evlilik hallarının insan hüquq və azadlıqlarını məhdudlaşdırması, yetkinlik yaşına çatmayanların təhsil almaqdan məhrum olması, onların fiziki və psixi sağlamlığına ciddi zərər vurulması məsələləri, həmçinin qohum nikahlarının nəticəsində doğulan uşaqlarda genetik və qan xəstəliklərinin, anomaliyaların yaranma riskinin yüksək olduğu bildirilib. Bu cür halların aradan qaldırılması, milli genofondun sağlamlaşdırılması üçün əhali arasında geniş təbliğat işinin aparılmasının əhəmiyyəti vurğulanıb. Qeyd edək ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifləri əsasında hazırlanıb. Layihənin hazırlanmasında məqsəd erkən evlilik və qohum nikahları nəticəsində yaranan problemlərin aradan qaldırılması, insan hüquq və azadlıqlarının təmin olunması, milli genofondun sağlamlaşdırılmasıdır.
Göygöldə “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib
Göygöl şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 19 iyul 2024-cü il tarixində Uşaq Səfirlər Məclisinin Göygöl, Daşkəsən, Goranboy, Samux, Xocalı, Kəlbəcər rayonları, Gəncə və Naftalan şəhərləri üzrə regional nümayəndələri və fəalları üçün “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib. İştirakçıları salamlayan Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət uşaq siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların birbaşa iştirakçılıq prosesinə dəstəyi və şəbəkələşməsini təmin etməyi əsas məqsəd kimi müəyyən edib. Günümüzün aktual məsələlərinin uşaqlara aşılanması, onların bu proseslərdə iştirakçılığının təmin edilməsi diqqət edilməsi vacib məqamlardandır: “Bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bizləri qeyd edilən məsələ ətrafında daha təəssübkeş olmağa vadar edir. Bunun üçün bizlər ilk olaraq gələcəyimiz olan uşaqlarımızın maarifləndirilməsindən başlamalı, onların ekoloji tərbiyəsi prosesinə öz töhfəmizi verməliyik. Şəhər və rayonlarımızda keçirilən tədbir və təlimlərimizin bu məqsədə xidmət edir”. Çıxış edən “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov yeni yaranan təşkilat haqqında iştirakçılara məlumat verib. Uşaqların cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməsini təmin etməyi əsas məqsədi kimi müəyyən edən Platformanın günün tələblərinə cavab verən və uşaqların fərdi inkişafına töhfə verən müasir mühiti formalaşdıracağını deyib: “Hazırda bizlər dünyamiqyaslı tədbir olan COP29-a ev sahibliyi edən ölkənin vətəndaşları və sizlər gələcəyi olan uşaqlar olaraq bu prosesə birgə öz töhfəmizi verməli, hər birimiz üzərimizə düşən öhdəliyi yerinə yetirməliyik. Bizlər sizlərin inkişafını, siz uşaqlar isə ölkəmizin yaşıl gələcəyinin inkişafını təmin etməlisiniz” – deyə bildirib. Uşaq Səfirlər Məclisinin koordinatoru, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin sədr müavini Əsmər İsmayılova Platformanın fəaliyyət istiqamətləri və vəzifələri barədə təlim iştirakçılarına məlumat verib. Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri İnci Hüseynli və Əliəkbər Babayev yaşıl dünya naminə həmrəyliyin və bütöv bir ilin bu istiqamətdə tədbirlərə və maarifləndirməyə həsr edilməsinin vacib olduğunu qeyd ediblər. Müasirləşən dünyada müsbət dəyişikliklərin mənfi fəsadları da bərabərində gətirdiyini, bunun yalnız birgə səylərin nəticəsində həll oluna biləcəyini deyiblər. Uşaq səfirlər həmçinin dövrün ekoloji problemlərinə toxunaraq qlobal istiləşmə, onun insanlarla bərabər flora və faunaya təsirindən söz açıblar. Su, od, torpaq və hava – təbiətin dörd ünsüründən yola çıxaraq çirklənmənin formaları və onların bu ünsürlərə təsiri nəticəsində baş verən fövqəladə hadisələri ətraflı şəkildə izah ediblər. İnteraktiv şəkildə davam edən təlimin gedişində iştirakçılar üçün ekoloji problemlər və uşaqlıq dövründə maairfləndirmənin formalarına dair intellektual oyun keçirilib. Yekunda uşaqlara fəal iştiraklarına görə sertifikatlar təqdim edilib. Qeyd edək ki, təlim proqramı “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təşkil edilib.
Regionlarda növbəti “Açıq qapı” günü keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur. “Açıq qapı” günü 25 iyul 2024-cü il tarixində, saat 09:00-dan 13:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar
“İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransın iştirakçıları şəhərin tarixi-mədəni məkanlarını ziyarət ediblər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşada keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransın iştirakçıları şəhərin tarixi-mədəni məkanlarını ziyarət ediblər, eləcə də hazırda aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olublar. Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı İslam düyasının mədəniyyət paytaxtı Şuşada ermənilərin memarlıq, mədəni və dini abidələrini dağıtması barədə ətraflı məlumat verib, işğaldan azad edildikdən sonra görülən abadlıq işləri haqqında danışıb. Səfər çərçivəsində qonaqlar tarixi İsa bulağını, Azərbaycanın görkəmli şairi, ictimai-siyasi xadim M. P. Vaqifin məqbərəsini, Cıdır düzünü və Şuşa qalasını ziyarət ediblər. Səfər iştirakçıları Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ruhlarını ehtiramla yad edib, qazilərimizə və hazırda xidmətdə olan hərbçilərimizə cansağlığı arzulayıblar.