Media
Xəbərlər
“İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusu üzrə panel müzakirələr baş tutub
Şuşada keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusu üzrə panel müzakirələr baş tutub. Qurani-Kərimdə qadın və kişinin bərabər hüquqlu olmasına dəlalət edən nümunələri səsləndirən G. İsmayılov klassik islam intibahı dövrü ilə müasir islam coğrafiyasında yaşayan qadınların həyatını müqayisəli təhlil edərək, mühüm məlumatları diqqətə çatdırıb. O, VIII-XIII əsrlərdə müsəlman qadınların əldə etdikləri üstünlüklərdən danışıb. Müasir müsəlman qadınlarının təhsil, səhiyyə və iqtisadi cəhətdən vəziyyətini dəyərləndirərək, Azərbaycan qadınlarının xüsusilə təhsildəki uğurlarından bəhs edib. Sədr müavini İslam coğrafiyasında təhsil səviyyəsi yüksək olan 19 islam ölkəsi arasında Azərbaycanın 99% göstərici ilə yer aldığını qeyd edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva “Qarabağın quruculuğunda və dayanıqlı inkişafında qadınların rolu” mövzusu üzrə çıxış edib. O qeyd edib ki, dövlət rəhbərliyi işğaldan azad olunmuş ərazilərin bərpasına xüsusi önəm verir. Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar, qəbul edilmiş fərmanlar işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi, sosial həyatın inkişafına böyük dəstək verir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadınların cəmiyyətdəki rolunun artırılmasına olduqca böyük müsbət təsir göstərir. N. Qaracayeva işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, ekoloji təşəbbüslər və yaşıl enerjinin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Milli Məclisin deputatı Ceyhun Məmmədov “Milli etnik kontekstdə qadın hüquqları və gender bərabərliyi" mövzusunda təqdimatla çıxış edərək, İslamın qadına qazandırdığı hüquq və azadlıqlar, müsəlman ölkələrində qadına münasibət, Azərbaycanda qadına münasibət, gender bərabərliyi kimi məqamlara toxunub. Cəmiyyətin formalaşması və inkişafında qadının əhəmiyyətli roluna diqqət çəkən deputat digər müsəlman ölkələrində qadınlara olan münasibətdən bəhs edərək, Azərbaycanı müsbət nümunə kimi təqdim edib. Azərbaycanda ailə institutunun önəmindən bəhs edən C. Məmmədov qeyd edib ki, Ailə Məcəlləsinə edilən son dəyişikliklər ölkəmizdə ailə modelinin inkişafına, sağlam nəslin yetişməsinə, düzgün ailə münasibətlərinin qurulmasına öz töhfəsini verəcək. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “Şuşanın tarixində qadınların rolu" mövzusunda çıxış edərək qeyd edib ki, Şuşa Azərbaycan xalqının tarixinə adları yazılmış dövlət xadimlərinin, sərkərdələrin, şairlərin, xanəndələrin, bəstəkarların vətənidir. XIX əsrdən başlayaraq cəmiyyətin inkişafı qadınların da təhsil almasına siyasi və ictimai həyatda iştirak etməsinə, yaradıcılıqla məşğul olmasına şərait yaratmışdır. O, təqdimat vasitəsilə Şuşada unikal mədəniyyət mərkəzinin formalaşmasında bir sıra görkəmli qadınların rolu haqqında məlumatları diqqətə çatdırıb. “İnsan və ətraf mühit münasibətlərinə islami baxış” mövzusunda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı bildirib ki, İslamın ekologiyaya və ətraf mühit problemlərinə münasibətinin bir neçə konkret aspekti mövcudur. Bu müddəaların da hər biri özünün nəzəri mənbəyi “Qurani-Kərim”də, təcrübi xassələri isə Peyğəmbərin (s) hədislərində özünü büruzə verir. Hər şeydən əvvəl, bütün bizi əhatə edən aləm və ekosistem Allahın yaratdığı və kainatın əşrəfi adlandırdığı insan üçündür. İnsan isə bu kainatı açıq bir kitab kimi oxumağı, onu kəşf etməyi, qorumağı və şükür etməyi bacarmalıdır. “Əhməd Ağaoğlu” İctimai Birliyinin sədri Nigar Axundova isə, öz növbəsində, Əhməd bəy Ağaoğlunun müsəlman cəmiyyətində qadınlara olan münasibətindən söz açıb. Əhməd bəy Ağaoğlunun zəngin irsi, geniş ictimai fəaliyyəti barədə məlumatların daha geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə yaradılan "Əhməd Ağaoğlu Araşdırmalar Mərkəzi" İctimai Birliyinin fəaliyyəti barədə məlumatı diqqətə çatdıran Nigar Axundova Birliyin qarşısına böyük məqsədlər qoyduğunu deyib. Azərbaycan əsilli Ağaoğlular nəslinin Türkiyə ictimai və siyasi həyatında böyük xidmətləri olduğunu qeyd edən N.Axundova, Əhməd bəyin Şuşada dünyaya gələn böyük qızı Sürəyya xanımın Türk dünyasının ilk qadın vəkili olaraq Türkiyəni bütün dünyada, bir sıra beynəlxalq qurumlarda layiqincə təmsil etdiyini vurğulayıb. Qeyd olunub ki, Sürəyya xanım Kimsəsiz Çocuqlar Evi yaradıb, həmçinin uşaqlara təqaüdlərin verilməsi ilə bağlı Fondun yaradılması təşəbbüsü ilə çıxış edib. Konfrans müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.
Şuşada “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirilib
18 iyul 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfrans Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı “Tədbirlər Planı” çərçivəsində baş tutub. Konfrans, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, şəhid əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Konfransı açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq bildirib ki, bütün dünya azərbaycanlıları və türk dünyasının milli-mənəviyyatının alınmaz qalası olan Şuşa həm hər birimizin qırılmaz tellərlə sıx bağlı olduğumuz bir şəhər olmaqla yanaşı, həm də cəsarətimizin rəmzidir. Şuşanın Azərbaycanın tarixi və mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayan Komitə sədri bu müqəddəs şəhərin həm də İslam mədəniyyətinə tarixi abidələri, memarlıq, ədəbiyyat və sənətkarlıq nümunələri ilə böyük töhfələr verdiyini qeyd edib. Konfransın məqsədinə diqqət çəkən Komitə sədri İslam dininin qadınlara böyük dəyər verdiyini, onların hüquqları və inkişafına dair tənzimləyici qaydaları müəyyən etdiyini deyib. O, islam tarixində alim, mütəfəkkir və lider qadınların rolunu qeyd edərək, belə qadınların öz xeyriyyəçilik fəaliyyəti ilə seçildiyini, həmçinin mütəfəkkir ziyalılardan başlanan maarifçilik ruhu ilə proseslərin önündə gedərək insanları, xüsusilə qadınları maarifpərvərlik ideyalarını yaymaqla inkişafa və tərəqqiyə səslədiyini bildirib. Azərbaycan qadınlarının uğurlarına diqqət çəkən Komitə sədri bu gün də onların dünyada sülh, təhlükəsizlik, rifah və inkişaf naminə mübarizəyə böyük töhfələr verdiyini, həm ölkə daxilində, həm beynəlxalq arenada geniş təmsil olunduğunu qeyd edib. O, ölkəmizin son illərdə çox mühüm və güclü regional aktora çevrildiyini vurğulayaraq, Azərbaycanın nüfuzunun ildən-ilə artdığını, beynəlxalq arenada yerinin daha da möhkəmləndiyini qeyd edib: Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, ICESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və digər təşkilatlarla sıx əməkdaşlıq edir” deyə o əlavə edib. B. Muradova müvafiq təşkilatlarla Azərbaycan arasında əlaqələrin güclənməsində və faydalı olmasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə xüsusilə diqqət çəkib. Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilməsinin təsadüfi olmadığını vurğulayan Komitə sədri Türk Dövlətləri Təşkilatının imzaladığı “Qarabağ Bəyannaməsi”nin bu təşkilatın beynəlxalq nüfuzunu daha da gücləndirməklə yanaşı, İslam dünyasının da inkişafına və tərəqqisinə mühüm töhfə verəcəyinə inamını ifadə edib. Komitə sədri “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkünün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıtdığını diqqətə çatdırıb: “Onlar həm bu torpağın sakinləri, həm dövlət, özəl və ictimaiqurumların rəhbərləri, siyasi partiyaların üzvləri, mütəxəssis, ekspert, media mənsubu, nəhayət, ana, həyat yoldaşı, qadın olaraq bu ərazilərinictimai, siyasi, mədəni həyatının bərabərhüquqlusubyekti kimi qayıdır. İslam mədəniyyətininpaytaxtı Şuşadan bütün dünyaya sülh, ədalət vətəhlükəsizlik naminə çağırış üçün qayıdır” - deyə o çıxışını sonlandırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında bildirib ki, Azərbaycan tarixdə qazandığı nailiyyətləri ilə bir çox ilklərə imza atıb. Azərbaycan qadınının İslam dünyasında mütərəqqi ənənələrin inkişafına nə qədər önəmli töhfələr verdiyini təsdiqləyən faktlar Xalqımızın böyüklüyünü, müdrikliyini, ümumbəşəri dəyərlərə bağlılığını göstərir. Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərində ən həssas istiqamətlərdən birinin tarixi, dini və mədəniyyət abidələrinin bərpası olduğunu qeyd edən sədr əlavə edib ki, Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında birləşərək öz torpaqlarını işğaldan azad etdi. Bu, həm də 30 il ərzində dağıdılmış, yerlə yeksan edilmiş, təhqir olunmuş 67 məscidin azad edilməsi idi. Ona görə də Vətən müharibəsində qazandığımız zəfər nəinki Azərbaycan xalqı, həm də bütün İslam dünyası qarşısında ən böyük tarixi xidmətlərdən biridir. R. Məmmədov diqqətə çatdırıb ki, işğaldan azad olunmuş torpaqlarda dini abidələrimizin, məscidlərimizin bərpası missiyasını başladan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü isə Azərbaycan qadının İslam dünyasındakı rolunu ən mükəmməl şəkildə ifadə edən nümunlərdən biri kimi tarixin yaddaşına yazılacaq. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağçı ailə və cəmiyyətin rifahının artırılması üçün qadınların sosial-iqtisadi həyatın hər mərhələsində yer almasının önəmini vurğulayıb. O qeyd edib ki, müsəlman ölkələri kimi Türkiyə və Azərbaycan tarix boyu atdığı addımlarla qadınlara verilən önəm və onların cəmiyyətdəki yeri və inkişafı sahəsində bir çox ölkələrdən öndədir. Səfir hər iki ölkənin müvafiq nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə qurulması, qadın hüquqlarının inkişaf etdirilməsi sahəsində işbirliyinin əhəmiyyətini diqqətə çatdırıb. Türkiyə və Azərbaycanda bir çox dövlətdən öncə qadınlara seçmək və seçilmək hüququ verildiyini bildirən səfir, qadınların bərabərhüquqlu vətəndaş olaraq, cəmiyyətin və siyasi həyatın vacib aktoruna çevrildiyini qeyd edib. Çıxış edən Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, qadının sağlamlığı və rifahı hər bir cəmiyyətin firavanlığının əsasıdır, dinin mahiyyətini dərk etmək isə sülhün və qarşılıqlı anlaşmanın açarıdır. O bildirib ki, müsəlman inancının əsas müddəalarını gender prizmasından obyektiv qiymətləndirməyə çalışmaq, həmçinin islamda və Quranda qadınlarla bağlı fikirləri təhlil etmək lazımdır. H. Hüseynova İslam dininin qadınların vəziyyətinin yaxşılaşdırılması və onlara daha etibarlı hüquqi statusun verilməsi baxımından müsbət təsir göstərdiyini bildirərək, qadının müstəqil şəxsiyyətinə təminat verdiyini və onu layiqli mövqeyə yüksəltdiyini vurğulayıb. Millət vəkili insan haqlarının vacib amillərindən sayılan seçki hüququnu bir sıra Avropa ölkələrindən daha əvvəl əldə edən Azərbaycan qadınlarının bu gün təhsildə, səhiyyədə, mədəniyyətdə və elmdə böyük uğurlar qazanaraq dövlət quruculuğu proseslərinin əsas qüvvələrindən birinə çevrildiyini qeyd edib. Ümumiyyətlə, ötən tarixi dövr ərzində müsəlman qadınlarının sosial statusu daha da yüksəlmiş, onların cəmiyyət həyatında müxtəlif sahələrdə tamhüquqlu iştirakı təmin olunmuşdur. Azərbaycan cəmiyyətində qadının rolunun tarixən önəmli olduğunu vurğulayan mədəniyyət nazirinin müavini Səadət Yusifova qadınların ailə institutunun əsas qoruyucusu kimi kişilərlə çiyin - çiyinə dayanaraq, daha böyük ailə olan xalqın, dövlətin, onun əsas dayaq sütunlarından olan milli-mənəvi dəyərlərin, ənənələrin, sülhün qorucusu olduğunu qeyd edib. VII əsrin əvvəllərində bəşəriyyətin tarixini köklü şəkildə dəyişdirməyə başlayan İslam qadını, əbədi olaraq ən yüksək səviyyəyə qaldırır, qadının ailədə və cəmiyyətdə rolunu nəzərə alaraq, onunla hesablaşmağa, hüquqlarını tanımağa və qorumağa çağırır” - deyən nazir müavini əlavə edib ki, transmədəni coğrafiyada yerləşən Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həllinə öz töhfələrini vermiş, Şərq intibahının mərkəzi fiqurlarından olmuşlar. O qeyd edib ki, Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini daşıyır. Azərbaycan qadınının dünyaya gətirib, vətənpərvər ruhda tərbiyə etdiyi övladlar 44 günlük Vətən müharibəsində vətəninə, torpağına və bayrağına nə qədər bağlı olduğunu bir daha sübut etdilər, qəhrəmancasına vuruşaraq, Vətən uğrunda canlarından keçərək ölkəmizin ərazi bütövlüyü bərpa etdilər. S. Yusifova qadınlarımızın tarixin yeni dönəmində güclü, özgüvənli Azərbaycan quruculuğunda yenə də öndə olduğunu, doğma yurda qayıdışın xoş təfərrüatlarını yaşadığını və Böyük Qayıdışın əsas aparıcı qüvvəsi kimi, öz əməkləri ilə sülh quruculuğuna, yaçıl dünya naminə həmrəyliyə töhfə verdiklərini vurğulayıb. Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusu üzrə panel iclası formatında davam edib.
Erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində növbəti görüş Naxçıvan şəhərində keçirilib
17 iyul 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində növbəti görüş keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova salamlama nitqi ilə çıxış edib. Daha sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov və klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov uşaqların mədəni-estetik tərbiyəsi, onların inkişaf hüququnun təmin edilməsi, ailələrdə müsbət psixoloji iqlimin qorunub saxlanılması, valideyn məsuliyyətinin artırılması, məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi mövzularında çıxışlar edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Sonda “Ailə bir ağacdır” və “Övladlarımız həyatımızın ən böyük layihəsidir” adlı sosial çarxlar nümayiş olunub, iştirakçılara nəşrlər paylanılıb.
VI Ümumrespublika Forumu çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri ilə birinci təşkilati iclas keçirilib
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri ilə birinci təşkilati iclas keçirilib. Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova forum çərçivəsində görüləcək işlər, ümumi proqram və yeniliklər barədə məlumat verib. Bildirib ki, bu ilin ölkəmizdə"Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar olaraq uşaqların da qeyd edilən mövzu ətrafında fikir mübadiləsinin aparılması və təşəbbüslərinin irəli sürülməsi, onların bu məsələyə təşviqi əsas məqsədlərdəndir. Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi də bu istiqamətdə işlərini intensivləşdirməli və maarifləndirmə işini artırmalıdır. Yekunda Uşaq Səfirlər məsələ ilə bağlı fikirlərini səsləndiriblər və öz təşəbbüslərini irəli sürüblər. Qeyd edək ki, Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun təşkili ilə bağlı keçirilən iclaslar uşaqların bu prosesdə yaxından iştirakına töhfə verəcək.
22 İyul – Milli Mətbuat Günü ərəfəsində “Media və uşaq hüquqları” dərs vəsaiti təqdim olunub
16 iyul 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün hazırlanan “Media və uşaq hüquqları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayıb. O, 22 İyul – Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbirə diqqət çəkərək əlavə edib ki, müsəlman Şərqində ilk müstəqil Cümhuriyyət quran bir ölkənin qabaqcıl ideyaları, demokratik ənənələri, insanların hüquqlarını, gender bərabərliyini, həm qanunlarda, həm də yaşam tərzində minillərlə formalaşdıran bir xalq kimi milli mətbuatını yaradaraq örnək ola bilərdi. Azərbaycançılıq və müstəqillik ideyasını siyasi konsepsiyaya çevirən Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edən sədr, Prezident İlham Əliyevin Azərbaycanı, nəinki region və regiondan uzaqda yerləşən, köməyə ehtiyacı olan toplumlar üçün dəstəyini əsirgəməyən dövlətə çevirməyi bacardığını və bir nümunə ortaya qoyduğunu vurğulayıb. Media inkişaf edən cəmiyyətin tərkib hissəsi və əsas subyektlərindən biri kimi daim inkişaf edir. Dövlət Komitəsi ilə medianın getdikcə intensivləşən əlaqələrinə diqqət çəkən B.Muradova, qarşılıqlı münasibətlərin daha ahəngdar olması üçün səylərimizi birləşdirməyin önəmini vurğulayıb. Medianın ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, cəmiyyətimizdə stereotiplərin aradan qaldırılması və məlumat mübadiləsinin aparılmasında mühüm rolundan bəhs edən B.Muradova, həmçinin maarifləndirmə, informasiyanın yayımlanması sahəsində böyük imkanlara və geniş təsir imkanına malik olduğunu vurğulayıb. Dərs vəsaiti ilə bağlı fikirlərini bölüşən Bahar Muradova bildirib ki, Komitə insan hüquqları ilə bağlı savadlılığın artırılması üçün Bakı Dövlət Universiteti ilə sıx əlaqədə işləyir: "Bu gün təqdim olunan "Media və uşaq hüquqları" adlı dərs vəsaiti artıq birlikdə hazırladığımız növbəti layihəmizdir. Bu dərslik ən vacib məsələlərdən birinin - insan hüquqları haqqında maarifləndirmə üzrə növbəti vasitədir". Hər bir jurnalist, media nümayəndəsi və bloger ailə məsələlərinə, uşaq hüquqlarına və bu məsələlərlə bağlı qanunvericiliyə xüsusi önəm verməlidir. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasətini bu gün cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyini və uşaq hüquqları ilə bağlı qəbul edilən qanunvericilik aktlarının dövlətin bu sahəyə diqqət və qayğısının təzahürü olduğunu qeyd edib. O, peşəkar medianın uşaq hüquqlarının müdafiə olunmasında mühüm rol oynadığını vurğulayıb, mediada yetkinlik yaşına çatmayanlarla bağlı məlumatların yayılması zamanı diqqət edilməli məqamlardan danışıb. Rektor eyni zamanda texnologiyaların sürətlə inkişaf etdiyi zamanda uşaqların internetdən təhlükəsiz istifadəsinin önəmindən qeyd edərək, Universitetdə Süni intellekt etikası kafedrasının yaradıldığını bildirib. Çıxışının sonunda media nümayəndələrinin uşaq hüquqları ilə bağlı mütəmadi təlimlərə cəlb olunmasınln vacibliyini qeyd edib və dərs vəsaitinin jurnalistlərin uşaqlarla bağlı mövzulara həssas yanaşmasına töhfə verəcəyinə inamını ifadə edib. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev tədbirdə iştirakdan məmnunluğunu bildirib. O, universitetlərin səriştə əsaslı kadr hazırlığı ilə məşğul olan struktur kimi cəmiyyətin inkişafı və qorunmasında mühüm rolu olduğunu qeyd edib. Cəmiyyətdə müxtəlif informasiyaların yayılmasının insan həyatına nə dərəcədə təsir etməsinin və bəzi hallarda mənfi təzahürünün şahidi oluruq. Bakı Slavyan Universitetində son 20 il ərzində jurnalistika ixtisaslı tələbələrin yetişdirildiyini qeyd edən rektor A.Nağıyev, jurnalistlərin peşə fəaliyyəti dövründə həm milli, həm də beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsinin vacibliyini qeyd edib. “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov hazırlanan dərs vəsaitinin Azərbaycan jurnalistikası üçün bir yenilik, media nümayəndələri üçün vacib bir vəsait adlandırıb. Uşaqlara diqqən və qayğının önəmindən danışan baş redaktor, mətbuatda da bu həssaslığın vacibliyini vurğulayıb. Sonda o, “Xalq” qəzetində tələbələr üçün təlim otaqlarının ayrıldığını diqqətə çatdırıb və bütün mətbuat işçilərini qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edib. Kitabın müəllifi fəlsəfə üzrə fəlsəfə doktoru Cabir Məmmədli “Media və uşaq hüquqları” kitabının məzmunu, hansı zərurətdən yaranması barədə məlumat verib, həmçinin uşaq hüquqları barədə vacib məlumatların media nümayəndələrinə çatdırmaq məqsədi daşıdığını qeyd edib. Milli qanunvericiliyə və beynəlxalq təcrübəyə əsaslanan təqdimatla çıxış edən müəllif BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov isə çıxışında dünyada uşaqların üzləşdiyi çətinliklər, problemlər, onların hüquqlarının pozulması fonunda Azərbaycanda medianın bu sahədə həssaslığından danışıb: “Təəssüf ki, ölkəmizdə də sosial şəbəkələrdə uşaq hüquqları ciddi şəkildə pozulur. Hər hansı şəxs istənilən axtarış sistemlərində "uşağın döyülməsi" yazaraq axtarış versə, onlarla məlumat, görüntü, uşaqların üzü görünən fotoşəkillər, hətta videogörüntülər çıxa bilər. Bu cür məlumatların paylaşılması bir çox hallarda həmin uşaqlara qarşı şantaj vasitəsi kimi də istifadə oluna bilir və təəssüf ki, onun mənfi nəticələri bununla kifayətlənmir", - deyə şöbə müdiri vurğulayıb. O əlavə edib ki, uşaq hüquqlarını pozan, şiddət, döyülmə kimi görüntüləri yayan media obyektlərinin əksəriyyəti internet televiziyaları, bir neçəsi isə hər kəsin tanıdığı, izlədiyi ənənəvi telekanallardır. Müzakirələrdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva, Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Komitə yanında İctimai Şuranın nümayəndələri Fariz Əkbərov, Mətanət Əsgərzadə və digərləri vəsaitin mediamız üçün önəmli olduğunu, uşaqlarla bağlı yayımlanacaq materiallara daha həssas yanaşma üçün töhfə olacağını bildiriblər. Qeyd edək ki, uşaq hüquqları üzrə mövzuların mediada işıqlandırılmasında həssaslığın artırılması baxımından bələdçi rolunu oynayan dərslikdə müvafiq istiqamətdə mövcud qanunvericilik, beynəlxalq təcrübənin tətbiqi, jurnalist etikası, media məhsullarının hazırlanmasında uşaqların iştirakı qaydaları, uşaqlarla müsahibələrin aparılması, foto və video materialların yayımlanması və aidiyyəti digər məsələlər üzrə təlimatlar yer alıb. Sonda 22 İyul – Milli Mətbuat Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edən media nümayəndələri təltif edilib.
Samuxda vətəndaş qəbulu keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 26 iyul 2024-cü il tarixində, saat 10:00-da Samux rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.Qəbulda Gəncə şəhər, Samux və Kəlbəcər rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.
“Çempion ailələr” layihəsi uğurla başa çatıb
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə, yerli icra hakimiyyətlərinin dəstəyi ilə bölgələrdə həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində 27 iyun tarixində Qəbələ, 2 iyul tarixində Zərdab, 5 iyul tarixində Goranboy, 9 iyul tarixində Göygöl və 12 iyul tarixində Ağdam rayonlarında ailələrlə həvəskar idman yarışları keçirilib. Tədbirlərdə Dövlət Komitəsinin Qəbələ, Zərdab, Goranboy, Göygöl və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin və yerli icra hakimiyyətlərinin əməkdaşları, “Regional İnkişaf” İctimai Birliyinin və Birliyin regional bölmələrinin nümayəndələri iştirak ediblər. Növbəti 5 rayonda keçirilən tədbirlərdə 61 ailə iştirak edib. Hər bölgədə ailələrin iştirakı ilə şahmat və dama, ip dartma, kisədə yaxın məsafəyə qaçış, futbol və s. idman yarışları, ikinci hissədə isə intellektual müsabiqə keçirilib. Sonda ilk 3 yer üzrə qalib olan ailələrə və digər bütün iştirakçı ailələrə diplom və hədiyyələr, ailə məsələləri ilə bağlı şüarlar yazılmış eco qolbaqlar təqdim olunub.
Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən 55 il ötür
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən 55 il ötür. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Bununla da Ulu Öndərin Azərbaycana rəhbərliyi dövrü başlamışdır. Azərbaycanın hərtərəfli tərəqqisi və milli dövlətçiliyimizin dayanıqlı inkişafı onun hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Öz müdrikliyi, qətiyyəti və zəkası, zəngin dövlətçilik təcrübəsi ilə ölkəmizi intibaha, iqtisadi yüksəlişə aparan Ümummilli Liderimizin ideyaları və strategiyası sayəsində ölkəmiz inqilabi dəyişikliklər yaşamışdır. Azərbaycan tarixinin son 55 ilinə nəzər salsaq, gələcəyə istiqamətlənmiş və cəmiyyətin rifahına hesablanan uzaqgörən siyasətin müsbət nəticələrini görərik. Bütün bunlar Ulu öndər Heydər Əliyevin Vətən üçün əvəzolunmaz xidmətləri və xalqına bəslədiyi sonsuz sevgi sayəsində olub. Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edirik.
Regionlarda sağlamlıq və ailə planlaması mövzusunda maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən reproduktiv sağlamlıq və ailə planlaması mövzusunda məlumatlılıq səviyyəsinin artırılması məqsədilə müxtəlif yaş qrupundan olan icma sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlərin keçirilməsinin məqsədi maarifləndirmə vasitəsilə körpələrin sağlam doğulmasına, ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdır. Mütəxəssislərin iştirakı ilə baş tutan görüşlərdə mövzu ilə bağlı geniş məlumat verilib və qeyd olunub ki, reproduktiv sağlamlığın əsası uşaq və yeniyetməlik dövründə qoyulmalıdır. Reproduktiv sağlamlıq səviyyəsi insanın həyat tərzinə, ailədaxili münasibətlərinə, eləcə də əhval-ruhiyyəsinə ciddi təsir göstərir. Həmçinin sağlam həyat tərzinin erkən yaşdan təşviq edilməsinin, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinin, müntəzəm surətdə tibbi müayinədən keçməyin əhəmiyyəti də vurğulanıb. Görüşlərdə iştirakçılara mövzuya dair maarifləndirici materiallar da paylanılıb.