“Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda məktəb psixoloqları üçün seminarlar başa çatıb

3 iyun 2026 16:50

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəb psixoloqları üçünMəişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsimövzusunda seminarlar başa çatıb.

Son seminar 3 iyun 2026-cı il tarixdə Bərdə rayonunda keçirilib.

Seminar məişət zorakılığından zərər çəkmiş uşaqların vaxtında müəyyən edilməsi və psixoloji yardım göstərilməsi, məktəb psixoloqlarının bu sahədə rolunun artırılması və gələcəkdə bu kimi halların qarşısının alınması sahəsində maarifləndirilməsi məqsədi ilə təşkil edilib.

Bərdə Rayon İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əlzamin İsayev tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətini diqqətə çatdırıb, mövzunun aktuallığını vurğulayıb.

Daha sonra Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin psixoloqu Nərmin Abbasova “Məişət zorakılığının diaqnostikası və fəsadları”, Bərdə Loqos psixoloji və nitq mərkəzinin psixoloqu Əşrəf Quliyev “Məişət zorakılığı fonunda böyüyən uşaqlara məktəbdə psixoloji dəstək” mövzusunda təqdimatla çıxış ediblər.

Seminar sual-cavab sessiyası ilə davam edib.

Ümumilikdə ölkə üzrə 6 rayonu əhatə edən təlim proqramı çərçivəsində seminarlar daha öncə Gəncə, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron və Quba rayonlarında  da keçirilib.