“Təhlükəsiz və şəffaf rəqəmsal mühit: həssas qrupların müdafiəsi” mövzusunda təlim keçirilib
Paylaş:
9 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Təhlükəsiz və şəffaf rəqəmsal mühit: həssas qrupların müdafiəsi” mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov Azərbaycanda rəqəmsal təhlükəsizlik və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, mövcud qanunvericilik bazası və bu sahədə qarşıya çıxan çağırışlar barədə məlumat verib. O, xüsusilə qadınlar, uşaqlar və digər həssas qrupların rəqəmsal mühitdə üzləşə biləcəyi risklərə diqqət çəkərək, onların hüquqlarının müdafiəsində dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti institutlarının da mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda, Dövlət Komitəsi tərəfindən görülən işlər barədə məlumat verilib, təhlükəsiz, inklüziv və insan hüquqlarına əsaslanan rəqəmsal mühitin formalaşdırılmasının əhəmiyyəti qeyd olunub, süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda onların etik və məsuliyyətli istifadəsi məsələsinə də toxunulub.
Təlim çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Emin İsmayılzadə, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin baş məsləhətçisi Nicat Zahirov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Dövlət xidmətlərinin dizaynı innovasiya şöbəsinin böyük məsləhətçisi Zəhra Həşimova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə edilməsi üzrə meneceri Günay Vəliyeva, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Tahir Qurbanov mövzu üzrə təqdimatla çıxış ediblər.
Çıxışlarda kibercinayətkarlığa qarşı mübarizə sahəsində milli qanunvericilik, hüquq-mühafizə orqanlarının mübarizə strategiyaları, kibercinayətlərin spesifik xüsusiyyətləri, rəqəmsal savadlılığın artırılması və şəffaflığın təmin olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, rəqəmsal mühitdə mövcud risklər, onların qarşısının alınması mexanizmləri və həssas qrupların kibertəhlükələrdən qorunması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlim Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nının müvafiq bəndinə əsasən keçirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi