Media
Xəbərlər

Bahar Muradova Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri ilə görüşüb
4 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu ilə görüşüb. Bahar Muradova, ölkələr arasındakı münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib. Komitə sədri, ölkəmizdə həyata keçirilən ailə siyasəti, qadınların sosial və iqtisadi baxımdan gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, erkən nikah və qohum evlilikləri ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklər barədə məlumat verib, gender bərabərliyinin təmin olunması, qızların təhsilinə dəstək məqsədilə ilə reallaşdırılan layihələrdən danışıb. Sədr, Azərbaycanın bu sahədə formalaşmış müsbət təcrübəsini bölüşməyə hazır olduğunu bildirib. Nazir Oğuzhan Hasipoğlu səmimi qəbula görə təşəkkür edərək, Şimali Kiprdə sosial müdafiə sahəsində görülən işlərdən danışıb. Qadınların məşğulluğunun artırılması, onların əmək bazarında iştirak imkanlarının genişləndirilməsi, peşə və sahibkarlıq bacarıqlarının gücləndirilməsi üzrə keçirilən layihələri diqqətə çatdırıb. O, gələcəkdə birgə layihələrin reallaşdırılması, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı təkliflərini bölüşüb. Görüş zamanı qarşıdakı dövr üçün nəzərdə tutulan əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar regionlarda tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Qəbələ, İsmayıllı, Sabirabad, Saatlı, Hacıqabul, Göygöl, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar silsilə maarifləndirici görüşlər keçirilib. Bölgələrdə əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılması, məşğulluq imkanlarının artırılmasına və cəmiyyətə inteqrasiyasının həyata keçirilməsinə dəstək göstərmək məqsədi ilə keçirilən görüşlər zamanı əlilliyi olan şəxslərin qayğıları ilə maraqlanılıb, ehtiyacı olan şəxslərə əlil arabaları təqdim edilib. Mərkəzlərin, müvafiq qurumların əməkdaşlarının, icma sakinlərinin və ailə könüllülərinin iştirakı ilə əlilliyi olan şəxslərin evlərinə ailə səfərləri etməklə yanaşı, uşaqlar üçün əyləncəli tədbirlər, idman yarışları və maraqlı ekskursiyalar da təşkil edilib. Tədbirlərin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına, onların problemlərinin həllinə yönəltməkdir.
Komitə əməkdaşlarına təlim keçirildi
03 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün növbəti təlim keçirilib. Təlim zamanı Dövlət İmtahan Mərkəzinin əməkdaşı Miranə Rüstəmlinin iştirakı ilə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları və onların tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, həmin imkanlardan səmərəli istifadə edilməsi, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi üçün xidməti fəaliyyətin qiymətləndirilməsinin önəmi vurğulanıb.

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüş keçirilib
3 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşüb. Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan ilə qardaş ölkə Türkiyə arasında əsrlərə söykənən münasibətlərdən danışıb və strateji tərəfdaşlıq, dostluq münasibətlərinin digər dövlətlər üçün örnək olduğunu söyləyib. O, xalqlarımızın tarixən daşıdıqları sülh və ədalət missiyasına bu gün də sadiq qaldıqlarını, bu münasibətlərin gələcək minilliklər boyunca da davam edəcəyini deyib. Səfir Birol Akgün Azərbaycan–Türkiyə arasında mehriban dostluq və qardaşlıq prinsiplərinə əsaslan münasibətlərin, eləcə də strateji əməkdaşlığın bu gün ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Tarix boyu ölkə liderləri arasında formalaşan səmimi münasibətlərin xalqlar arasında əlaqələrin dərinləşməsinə də öz təsirini göstərdiyini bildirib. Tərəflər ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb, bu sahədə həyata keçirilən birgə layihə və təşəbbüslərin əhəmiyyətinə toxunublar. Görüş zamanı iki qurum arasında imzalanmış “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu”nun 2023–2025-ci illər üzrə Fəaliyyət Planı çərçivəsində görülən işlərdən danışılıb. Növbəti 3 il üçün imzalanacaq yeni Fəaliyyət Planının gələcək fəaliyyətlər üçün yeni imkanlar açacağı vurğulanıb.

CRC və CEDAW Komitəsinin tövsiyələrinin icra vəziyyəti müzakirə edilib
BMT-nin Uşaq Hüquqları Komitəsi (CRC) və Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) tövsiyələrinin icrası məqsədilə yaradılan işçi qrupun növbəti iclası keçirilib. 2 dekabr 2025-ci il tarixində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Birləşmiş Millətlər Təşkilatının CRC və CEDAW Komitələrinin Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələrinin icra vəziyyəti müzakirə edilib. Çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, son beş ildə həm Uşaq Hüquqları Konvensiyası, həm də Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə Konvensiyanın icrası ilə bağlı Azərbaycanın dövri hesabatlarının yüksək səviyyədə təqdim olunduğunu deyib. O, bu hesabatlarda ölkənin müvafiq sahələrdə fəaliyyətinin bütün istiqamətlərinin konkret rəqəmlər, yeni mexanizmlər və qanunvericilikdə aparılan islahatlarla əhatəli şəkildə əks etdirildiyini qeyd edib. Komitə sədri CRC və CEDAW tövsiyələri üzrə görülən işlərin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini bildirib. O, Dövlət Komitəsi yanında aidiyyəti dövlət qurumlarının rəhbər və mütəxəssislərinin təmsil olunduğu iki İşçi Qrupun yaradıldığını və mütəmadi iclasların keçirildiyini diqqətə çatdırıb. Sədr qeyd edib ki, qarşıda duran çətinlikləri aradan qaldırmaq və ölkənin qoyduğu strateji hədəflərə uyğun fəaliyyət istiqamətlərini formalaşdırmaq üçün birgə müzakirələrin aparılması və səylərin birləşdirilməsi vacibdir. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva CRC tövsiyələrindən irəli gələn məsələlərin icra vəziyyətinə dair təqdimatla çıxış edib. O, Komitə tövsiyələrini 13 kateqoriya üzrə təqdim edərək, ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən tədbirləri və bir sıra prioritet istiqamətləri vurğulayıb. Dövlət Komitəsinin Qadın və Gender məsələləri şöbəsinin əməkdaşı Sədaqət Rəhimova CEDAW tövsiyələri ilə bağlı təqdimatla çıxış edərək, son 3 il ərzində müxtəlif istiqamət üzrə görülmüş işlər və qanunvericilkdə edilmiş müsbət dəyişiklikləri diqqətə çatdırıb. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ədliyyə nazirinin müavini Mübariz Əhmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri çıxış edərək, qanunvericilik, strategiya, əlaqələndirmə, uşaq ədliyyəsi, təhsil, sağlamlıq və səhiyyə xidmətləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi, uşaqların ekoloji sağlamlığı və digər məsələlərlə bağlı fikirlərini səsləndiriblər. İclas zamanı hər iki komitənin tövsiyələrində əksini tapmış prioritet istiqamətlər, aparılmış islahatlar, müvafiq dövlət qurumları tərəfindən görülmüş işlər, həmçinin mövcud çətinliklər və gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb, uşaq və qadın hüquqlarının müdafiəsi istiqamətində milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müzakirələr edilib.

“Sülh və reinteqrasiya prosesində qadınların iştirakı: milli və beynəlxalq mexanizmlər” mövzusunda konfrans keçirilib
1 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qərbi Azərbaycan İcması və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə gənc nəslin maarifləndirilməsi məqsədilə “Sülh və reinteqrasiya prosesində qadınların iştirakı: milli və beynəlxalq mexanizmlər” mövzusunda konfrans keçirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov salamlama nitqi ilə çıxış edərək, bugünkü tədbirin mövzu baxımından strateji əhəmiyyətli olduğunu, həm də qadınların sülh quruculuğu proseslərində rolunun qlobal və milli səviyyədə gündəmdə olmasına görə xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Müasir dünyada sülhün qorunması və reinteqrasiya proseslərinin ardıcıl şəkildə həyata keçirilməsinin yalnız hərbi-siyasi qərarların deyil, eyni zamanda geniş ictimai konsensusun, sosial inteqrasiyanın və humanitar siyasətin kompleks şəkildə icrasının nəticəsi olduğunu bildirən rektor, bu məsələlərdə qadınların fəal iştirakının dünya təcrübəsində təsdiq olunmuş ən effektiv yanaşmalardan biri olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, qadınların cəmiyyətdə rolu yalnız hüquqi təminatlarla məhdudlaşmır, həm də sosial-mədəni inkişafı şərtləndirən fundamental amillərdən biri kimi çıxış edir. Bu mənada, qadının təhsil səviyyəsi bütövlükdə ölkənin intellektual potensialının formalaşmasına təsir edən strateji faktordur. Rektor əlavə edib ki, ADPU-da təhsil alan gənc xanımlar yalnız bilik qazanmır, həm də yüksək mənəvi dəyərlər, vətənə xidmət ideyası və sosial məsuliyyət hissi ilə formalaşırlar. “Gələcəyin qadın müəllimləri məktəblərdə milli-mənəvi dəyərlərin təbliğində, tolerantlıq və humanizm prinsiplərinin aşılanmasında, reinteqrasiya proseslərində sosial münasibətlərin sağlamlaşdırılmasında mühüm rol oynayacaqlar” - deyən C. Cəfərov xüsusilə, müharibə və postmünaqişə dövrünün reallıqları fonunda qadın müəllimlərin maarifləndirici missiyasının daha da dəyərli və vacib olduğunu vurğulayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mövzunun həm tarixi yaddaşın qorunması, həm də strateji hədəflər baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana qayıdışının dövlətçiliyin xilasında və milli iradənin dirçəlişində oynadığı misilsiz rolu vurğulayıb və qeyd edib ki, məhz Ulu Öndərin rəhbərliyi ilə dünya azərbaycanlılarına qarşı soyqırımı faktları və Qərbi Azərbaycan əhalisinin deportasiyası ilk dəfə dövlət səviyyəsində tanınıb və tarixə yazılıb. Komitə sədri bildirib ki, bu tarixi xətt Prezident İlham Əliyevin siyasəti ilə yeni mərhələyə keçib və Qərbi Azərbaycana qayıdış ideyası real siyasi gündəliyə daxil edilib. O, dövlət başçısının bu istiqamətdə hərbi-siyasi, hüquqi-diplomatik və sosial-iqtisadi tərəfləri ilə vacib olan konseptual çərçivə yaratdığını qeyd edib. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının qəbulu, diplomatik fəaliyyət, beynəlxalq platformalarda qayıdış hüququnun vurğulanması və Qərbi Azərbaycan İcmasına davamlı dəstək bunun bariz nümunəsi kimi göstərilib. Qərbi Azərbaycan İcmasının yarandığı gündən etibarən bu məramın daşıyıcısı və təşəbbüskarı kimi çoxşaxəli fəaliyyət göstərdiyini diqqətə çatdıran B. Muradova İcmanın Qadınlar Şurasının deportasiya olunmuş qadınların hekayələrinin toplanması, mədəni irsin, ənənəvi sənətlərin, – xüsusilə xalçaçılığın– qorunması, qadınların sosial fəallığının artırılması istiqamətində mühüm təşəbbüslərə imza atdığını qeyd edib. Bu fəaliyyətin həm ictimai həmrəyliyin güclənməsinə, həm də qayıdışla bağlı humanitar və mədəni əsasların möhkəmlənməsinə xidmət etdiyini əlavə edib. Konfransın proqramında yer alan mövzulara toxunan Komitə sədri bildirib ki, Qərbi Azərbaycan Andının təqdimatı, hüquqi qiymətləndirmələr, mədəni irs məsələləri, tarixi yaddaş, maarifçilik hərəkatı və qadınların bu proseslərdə aparıcı rolu – bütün bunlar qayıdış ideyasının yalnız siyasi deyil, həm də mənəvi, tarixi və humanitar təməllərə söykəndiyini əsaslandıran vacib istiqamətlərdir. Komitə sədri, həmçinin, ölkədə keçirilən “16 günlük zorakılığa qarşı fəallıq kampaniyası” ilə əlaqədar qadın və uşaqların təhlükəsizliyinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Bu kampaniya qlobal təşəbbüsün tərkib hissəsi olmaqla yanaşı həm də milli siyasətimizin humanist və modern ruhunun təqdimatı üçün də yararlı bir platformadır. O, BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə uyğun olaraq qadınların sülh və reinteqrasiya proseslərində iştirakının vacibliyini xüsusi qeyd edib. Dekabrın 2-nin deportasiya olunmuş soydaşların günü kimi qeyd edilməsinə toxunan Komitə sədri bildirib ki, məqsəd yalnız tarixi xatırlamaq deyil, həm də Cənubi Qafqazda sülhün, rifahın və təhlükəsiz qayıdışın təmin olunmasına yönəlmiş dövlət siyasətini gücləndirməkdir. Sonda Bahar Muradova konfrans iştirakçılarına uğurlu müzakirələr arzulayıb və tədbirin dövlət siyasətinə və ictimai fəaliyyətə mühüm töhfə verəcəyinə əminliyini bildirib. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, tarixi yaddaşı və milli kimliyi qorumaqla, sülh yolu ilə qayıdış konsepsiyası çərçivəsində əhalinin öz doğma torpaqlarına dönməsi əsas hədəf kimi müəyyən olunub. O qeyd edib ki, cəmiyyətin müxtəlif institutlarının, vətəndaş cəmiyyətinin və dövlət qurumlarının bu prosesdə fəal iştirakı vacibdir, bu istiqamətdə ictimai maarifləndirmə fəaliyyətlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Hüquqi və tarixi aspektlərini mənimsəməklə biz bu tarixi reinteqrasiya mərhələsini həyata keçirə bilərik. Daha sonra “Qərbi Azərbaycan Andı” adlı video çarxın təqdimatı olub. Tədbir Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızının moderatorluğu ilə panel müzakirələr şəklində davam edib. O, tələbələrin iştirakı ilə auditoriyada müzakirə olunan bugünkü aktual mövzunun gənclər üçün vacib olduğunu vurğulayaraq, Qərbi Azərbaycana qayıdış prosesində də ən öndə gənclərin gedəcəyini qeyd edib. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova Qərbi Azərbaycanda yaşayan həmyerlilərimizin çətinliklərə baxmayaraq, həmin dövrdə milli kimliyi, dilimizi və dini dəyərləri qoruyub saxlaya bildiklərini qeyd edib. O, qadınların mədəni maarifimizə mühüm töhfələr verdiklərini deyib və bu sahədə seçilən qadınlardan söz açıb. Çıxışının sonunda tarixi torpaqlara qayıdışa inamını ifadə edib. Qərbi Azərbaycanda böyük mədəni irsin olduğuna diqqət çəkən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, bu irsin böyük hissəsinin dağıdıldığını deyib. İrəvanda yerləşən memarlıq irsi nümunələri haqqında məlumatları diqqətə çatdırıb, bu istiqamətdə xüsusi tədqiqatların aparılmasına ehtiyac olduğunu, bu abidələrin dünya mədəni irs siyahısına salınacaq abidələr olduğunu bildirib. Millət vəkili Mehriban Vəliyeva çıxışında vurğulayıb ki, qadınlar əsrlər boyu milli kimliyin qorunub saxlanmasında və nəsillərə ötürülməsində mühüm rol oynayıblar. Vətən müharibəsinin qəhrəman oğullarını da vətən sevgisi, milli ruh və tarixi yaddaşla yetişdirən məhz analar olub. Onun sözlərinə görə, bu fakt bir daha göstərir ki, tarixi yaddaşını yaşadan xalq milli kimliyini itirməz və öz torpaqlarından heç vaxt vaz keçməz. Bakı Dövlət Universitetinin hüquq elmləri üzrə elmlər doktoru, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov beynəlxalq təcrübədə sülh və inteqrasiya prosesinin əsas prinsiplərindən danışıb. O, həmçinin vurğulayıb ki, sülh dialoqlarında qadınların iştirakı dünya praktikasında mühüm amil kimi qəbul olunur. Tədbirin davamında Kanadadan ictimai fəal Lalin Həsənova və Türkiyədən vəkil Eda Günday video formatında çıxış ediblər. Bildirilib ki, qadınların iştirakı münaqişələrin həllində dialoqun səmərəliliyini artırır və qəbul edilən qərarların uzunmüddətli şəkildə icrasına, ictimai iştirakçılığa mühüm töhfə verir. Konfrans müzakirələrlə davam edib.

Təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə, gənclər və valideynlər üçün keçirilən maarifləndirici tədbirlərin davamı olaraq, 24 oktyabr 2025-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri 11 nömrəli tam orta ümümtəhsil məktəbində, Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseyində, 5 nömrəli tam orta ümumtəhsil məktəbində, 14 noyabr 2025-ci il tarixində Sumqayıt şəhəri, 4 nömrəli tam orta məktəbində, V.İbrahim adına 35 nömrəli tam orta məktəbində, 28 noyabr 2025-ci il tarixində Xızı rayonu Yeni Yaşma kənd tam orta ümümtəhsil məktəbində, Cabir Novruz adına Stalçay kənd 1 nömrəli tam ümumtəhsil məktəbində, N.Allahverdiyev adına Stalçay kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Ailə. Dəyərlər və ənənələr”, “Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi” və “Valideyn-övlad münasibətləri. Milli-mənəvi dəyərlər” mövzularına dair görüşlər keçirilib. Tədbirlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşları Rafiq Mahmudov, Ləman Mahmudova və Nərgiz Sədrəddinbəyli çıxış edərək qeyd ediblər ki, ailə dəyərlərinin qorunması, valideyn-övlad münasibətlərinin sağlam qurulması həm ailə, həm də cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Həmçinin uşaqların internetdən təhlükəsiz istifadəsi üçün valideyn nəzarətinin vacibliyini, onların sosial şəbəkələrdə davranış qaydaları barədə maarifləndirilməsini və rəqəmsal savadlılığın artırılmasının əhəmiyyətini bildiriblər. Tədbir iştirakçılarına mövzularla bağlı müxtəlif sosial çarxlar nümayiş etdirilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Görüşlərdə maarifləndirici materiallar informativ resurs kimi məktəblərin kitabxanalarına təqdim olunub.

Bakı şəhərində və regionlarda növbəti “Açıq qapı” günü keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 26 noyabr 2025-ci il tarixində növbəti səyyar “Açıq qapı” günü keçirilib. Vətəndaşlarla görüş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Ağdam rayonunun Quzanlı, Goranboy rayonunun Səmədabad, Hacıqabul rayonunun Rəncbər, Qəbələ rayonunun Soltannuxa, Saatlı rayonunun Sarıcalar, Sabirabad rayonunun Həşimxanlı, Zaqatala rayonunun Car, Zərdab rayonunun Dəli Quşçu, Göygöl rayonunun Pənahlılar və İsmayıllı rayonunun Lahıc kənd və qəsəbələrini əhatə edib. Psixoloq və sosial işçilərin iştirakı ilə keçirilən görüşdə Mərkəzlərin xidmətlərindən istifadə, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, müalicə, sosial müavinətlər, işlə təmin olunma, təhsil, aliment, yaşayış şəraitinin yaxşılaşdırılması kimi müraciətlər yer alıb. “Açıq qapı” günündə ümumilikdə 85 nəfər vətəndaşın müraciəti dinlənilib və onların həlli istiqamətində müvafiq dəstək göstərilib.

“Gender əsaslı zorakılıqla mübarizə”mövzusunda seminar keçirilib
28 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda ali məktəb tələbələri üçün maarifləndirici seminar keçirilib. 100-ə yaxın tələbənin iştirak etdiyi seminarda ekspert Abil Bayramov tərəfindən gənclər arasında gender bərabərliyi mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın (erkən nikah, məişət zorakılığı, selektiv abort və.s) fəsadları və onunla mübarizə, gender bərabərliyi sahəsində aparılan dövlət siyasəti və mövcud qanunvericilik aktları haqqında maarifləndirici məlumatlar verilib. Təhsil sisteminin bütün səviyyələrində ayrı-seçkiliyə yol verən gender stereotiplərini aradan qaldırılması istiqamətində keçirilən tədbir Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrini əhatə edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi